Məhkəmə qərarları › İş №e-2-2(3-6)-439/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-439/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-439/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə X2 Tərlanov İsmayıl Xasay oğluna “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ X2 (iddiaçı) Tərlanov İsmayıl Xasay oğluna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdеhdən # ###### 2021-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməmiş 300 000 (üç yüz min) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 590 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməməsi qərara alınmışdır. Qərardaddan X2 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 191.4-cü maddəsinin mənasına görə, qanunvericilik barışıq sazişinin təsdiq olunmasından imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, barışıq sazişinin təsdiqindən imtinaya dair qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bu səbəblə kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qərardadından X2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar