Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-465/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, iddiaçı iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən “KARAT” yanacaqdoldurma məntəqəsinin mülkiyyətiçisidir.
2. Iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehin elektron poçt ünvanına göndərilmiş məktubdan görünür ki, iddiaçı mütəmadi olaraq elektrik xəttində kəsilmələr olduğunu bildirmiş və aradan qaldırılmasını xahiş etmişdir.
3. “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş hesab barədə məlumatdan görünür ki, iddiaçının ##.##.2025-##.##.2025-ci il üzrə dövriyyəsi 1287177,97 manat olmuşdur..
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Iddiaçı elektrik xəttlərinin cavabdehin Sabunçu rayon Işıq Idarəsinin apardığı qazıntılar nəticəsində zədələnməsi ilə ona məxsus “KARAT” yanacaq doldurma məntəqəsinin ##.##.2025-##.##.2025-ci il tarixində işlərin dayanması nəticəsində dəymiş 10000 manat məbləğində ziyanın, ödənilmiş 120 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 1000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Sabunçu rayonu üzrə Işıq idarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 2024-cü ilin noyabrdekabr aylarının əvvəllərində aparılan qazıntı işləri zamanı elektrik xəttlərinin zədələnməsi nəticəsində ##.##.2025-##.##.2025-ci il tarixində sahibkar ona məxsus olan “KARAT” yanacaqdoldurma məntəqəsinin fəaliyyətində 15 gün ərzində dayanma nəticəsində 10000 manat məbləğində zərər vurulmuşdur. 2024-cü ilin noyabr-dekabr aylarında aparılmış qazıntıların düzgün aparılmaması və elektrik xəttlərinin zədələnməsi nəticəsi olaraq iddiaçı və bir neçə abonentin mütəmadi olaraq elektrik xəttində kəsilmələr olur və hər dəfəsində iddiaçı da daxil olmaqla abonentlər şəxsi imkanları hesabına elektrik xəttlərini bərpa etdirirlər. 2024cü ilin sonlarında elektrik enerjisinin bərpa etdirilməsi ilə bağlı iddiaçı ilə birgə Natiq Rzayev, Elman Əzimov və Mahir Abbasov adlı şəxslər ümumilikdə 1200 manat məbləğində pul ödəyərək elektrik enerjisinin verilməsini bərpa etdirmişlər. ##.##.2025-##.##.2025-ci il tarixlərində isə yerin altında yerləşən elektrik xəttlərinin bərpa olunması mümkün olmadığından, elektrik xətlərini iddiaçı öz şəxsi imkanları hesabına, yəni 600 manat ödəməklə, elektrik xəttinin yerin üstünə keçirilməsi nəticəsində elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Təəsüf ki,”xxxx” ASC-nin Sabunçu ərazisi üzrə işıq idarəsi Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “KARAT” yanacaqdoldurma məntəqəsinin sahibinə əvvəlcədən aparacağı qazıntı və təmir işləri barədə məlumat verməməklə ona məxsus olan YDM-də bir sıra avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Buna baxmayaraq, cavbabdehin heç bir nümayəndəsi hadisə ilə bağlı maraqlanmamışlar və bu günə qədər onlar tərəfindən vurulmuş ziyanla bağlı köməklik göstərməklə bağlı heç bir təklif verməmişlər. Buna baxmayaraq, zədələnmiş elektrik xətti iddiaçının imkanları hesabına bərpa edilmişdir. Yanacaqdoldurma məntəqəsinin gündəlik gəliri 550 manat civarındadır. Həmçinin, hadisə barədə iddiaçı və bir neçə şəxs AR PA-na və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə məktub ünvanlamışlar. ##.##.2025-ci il tarixdə “Azərenerji”yə, elektron poçt vasitəsilə iddiaçı tərəfindən baş verən dayanmalarla bağlı narazılığını bildirsə də heç bir tədbir görülməmiş, həmin elektrik xəttlərindəki nasazlıqlar iddiaçı tərəfindən öz hesabına aradan qaldırılmış və yeni xətt çəkilmişdir. Beləliklə, cavabdehin ərazi üzrə Sabunçu rayonu Işıq idarəsi tərəfindən 2024-cü ilin sonlarında aparılan qazıntı işləri zamanı elektrik xəttlərinin zədələnməsi və cavabdeh tərəfindən əsaslı təmir olunmaması nəticəsində, sonradan iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsində elektrik enerjisinin kəsilməsinə ##.##.2025- ##.##.2025-ci il tarixində “KARAT” yanacaqdoldurma məntəqəsində 15 gün dayanmaya səbəb olmuş və ona 10 000 manat məbləğində ziyana düşməsinə, həmçinin elektrik enerjisinin verilməsinin bərpa edilməməsi ücbatından iddiaçıya məxsus işıq transformatorlarının da sıradan çıxmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən ona dəymiş ziyanı ümumilikdə 10 000 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır.
6. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, cavabdeh tərəfindən qazıntı işləri aparılması səbəbindən elektrik təchizatında dayanmalar olmuş və ona məxsus yanacaqdoldurma məntəqəsi 15 gün müddətində fəaliyyət göstərə bilməmişdir. Buna görə də öz hesabına bir neçə dəfə elektrik təchizatını bərpa etmiş, əlavə generator quraşdırmış, daha sonra generatorda das nasazlıq yaranmış, ümumilikdə ona xeyli miqdarda ziyan dəymişdir.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi əvvəlki (##.##.2025-ci il tarixli) məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, onlar tərəfindən qeyd edilən ərazidə hər hansı qazıntı işləri aparılmamışdır. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
8. X2 öz izahatında bildirdi ki, həmin dövrdə Zabrat ərazisində tikinti mağazasında fəhlə işləmişdir. Işıq təchizatı həmin ərazidə təxminən 15 gün müddətində olmamışdır. Səbəbini yeraltı kabelin partalaması olduğunu deyirdilər.
9. X3 öz izahatında bildirmişdir ki, dənli bitkilərin satışı ilə məşğul olan sahibkardır, iddiaçı ilə qonşu ərazidə fəaliyyət göstərir. Həmin ərazidə 2025-ci ilin iyul ayının 9-dan 25-nə qədər işıq təchizatı olmamış, yalnız 25-dən sonra bərpa edilmişdir. Bu müddət ərzində iddiaçıya məxsus obyektdə generator olmuş, işıq təchizatı bərpa olunanadək generatordan istifadə edilmişdir.
10. X4 öz izahatında bildirmişdir ki, həmin dövrdə 15 gün ərzində işıq təchizatı olmamış, bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edilmiş, lakin hər hansı nəticəsi olmamışdır.
11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamaışdır.
12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
- Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyan tələbi barədədir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur. - Iddiaçı cavabdehin hüquqa zidd əməli, yəni sonucuya məxsus yeraltı elektrik kabel xəttində baş vermiş nasazlıq səbəbindən elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya məxsus “KARAT” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin 15 gün müddətində dayanması və ona maddi ziyan dəydiyini iddia edir. Məhkəmə iddia tələbinin xarakterini nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün ilk növbədə birincisi, iddiaçıya məxsus “KARAT” yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazidə (Bakı şəhəri, Zabrat qəsəbəsi) həqiqətən də elektrik enerjisinin kəsilməsi, ikincisi elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya maddi ziyan vurulması ilə bağlı hallar araşdırılmalıdır. - Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus “KARAT” yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazidə (Bakı şəhəri, Zabrat qəsəbəsi) həqiqətən də elektrik enerjisinin kəsilməsi məhkəmə araşdırması zamanı, xüsusilə şahid ifadələri ilə sübuta yetirilmişdir. Bu faktın mövcudluğu, eyni zamanda hüquqa zidd hərəkətin olması və onun baş verməsində cavabdehin təqsirinin olması ehtimalını da yaratmış olur. - Elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulmasına gəldikdə isə, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Iddiaçı ona maddi ziyan dəyməsini yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin 15 gün müddətində dayanması ilə əlaqələndirsə də, iş üzrə dindirilmiş şahidər qeyd edilən müddətdə (##.##.2025-##.##.2025) iddiaçıya məxsus yanacaqdoldirma məntəqəsində generator işlədiyini bildirmişdir. Hətta, iddiaçı yanacaqdoldirma məntəqəsində işləyən generatorun bir neçə dəfə sıradan çıxmasını, buna görə onun təmir etdirməsini bildirsə də, bununla bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. - Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər Mülki Məcəllənin 21-ci maddəsində, istərsə də, 1096-cı maddəsində birbaşa göstərilməsə də, qanun maddi iddia edən tərəfin üzərinə ona maddi ziyan dəydiyini sübut etmək vəzifəsini qoymuşdur. Iddiaçı isə ona maddi ziyan dəydiyini iddia etsə də, iddiasının əsaslılığına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia rədd edilməlidir. - Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
35. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
36. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
37. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
38. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 21, 22) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
39. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
40. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 25, 26).
41. Iddia tələbini sübuta yetirmək üçün iddiaçı sübuta yetirməlidir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur; iddiaçı həmin halları təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir.
42. Iddiaçı zərərin ##.##.2025-##.##.2025-ci il tarixləri arasında yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin tam dayanması nəticəsində yarandığını bildirsə də, məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələrindən həmin dövrdə obyektdə generator vasitəsilə fəaliyyətin davam etdirildiyi müəyyən olunmuşdur. Iddiaçı generatorun bir neçə dəfə sıradan çıxdığını və təmir etdirildiyini bildirsə də, bununla bağlı hər hansı təmir sənədi, xərc qəbzi, texniki baxış aktı və ya digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
43. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş “xxxx” ASC-nin hesab dövriyyəsi barədə məlumatı və vergi orqanından təqdim olunmuş dövriyyə göstəriciləri iddiaçının sahibkarlıq fəaliyyətinin ümumi maliyyə göstəricilərini əks etdirsə də, həmin sənədlər birbaşa olaraq məhz qeyd edilən tarixlərdə cavabdehin hərəkətləri nəticəsində 10.000 manat məbləğində real zərərin yarandığını təsdiq etmir. Belə ki, həmin sənədlərdən zərərin konkret hesablanma mexanizmi, əldə edilmədiyi iddia olunan gəlirin məbləği, gündəlik gəlir göstəriciləri, habelə fəaliyyətin tam dayanmasının maliyyə nəticələri müəyyən edilmir.
44. Əksinə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış və vergi orqanından təqdim olunmuş dövriyyə göstəricilərinin müqayisəsindən görünür ki, iddiaçının fəaliyyətinin dayanması nəticəsində zərərə məruz qalması barədə dəlili iş materialları ilə uzlaşmır.
45. Belə ki, vergi orqanının təqdim etdiyi məlumata əsasən iddiaçının ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə dövriyyəsi 822.597,98 manat olmuşdur ki, bu da aylıq orta hesabla 137.099,66 manat dövriyyəyə uyğun gəlir. Bununla yanaşı, “xxxx” ASC tərəfindən təqdim olunmuş hesab dövriyyəsi barədə məlumatdan görünür ki, ##.##.2025-##.##.2025-ci il üzrə dövriyyəsi 1287177,97 manat təşkil edir. Belə olan halda iddiaçının ##.##.2025–##.##.2025-ci il tarixləri arasındakı dövriyyəsi isə 464.579,99 manat təşkil etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən göstəricilər iddiaçının mübahisələndirilən dövrdə sahibkarlıq fəaliyyətini davam etdirdiyini və gəlir əldə etdiyini göstərir. Bu baxımdan iddiaçının fəaliyyətinin tam dayanması nəticəsində 10.000 manat məbləğində zərərin yarandığı barədə dəlili mötəbər maliyyə sənədləri ilə təsdiq olunmur.
47. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki mübahisələr üzrə zərərin əvəzinin tutulması üçün yalnız ehtimal xarakterli mülahizələr deyil, zərərin həcmi və onun cavabdehin davranışı ilə səbəbli əlaqəsi dəqiq və mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar iddia edilən məbləğdə zərərin mövcudluğunu və həmin zərərin bilavasitə cavabdehin davranışından irəli gəlməsini kifayət qədər təsdiq etmir.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər..