Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-466/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, əlavə icra, qətnamənin icra üsulu, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan mübahisə, icraata xitam verilməsi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. İddiaçı Mənzil-Tikinti Kooperativi (“sifarişçi”) ilə Cavabdeh (“podratçı”) arasında bağlanmış ##.##.2019-cu il tarixli podrat müqaviləsinə əsasən, podratçı sifarişçi tərəfindən inşası planlaşdırılan hündürmərtəbəli yaşayış binalarında dam örtüyü vurulması ilə bağlı işlərin görülməsini, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.
2. 2021-ci ilin fevral-aprel aylarında tərtib edilmiş qüsur aktlarına əsasən, yaşayış binasının dam örtüklərində podratçı Cavabdeh tərəfindən görülmüş işlərdə müxtəlif nöqsanlar aşkar edilmiş, həmin nöqsanların müəyyən edilmiş müddətlərdə aradan qaldırılması öhdəliyi podratçının üzərinə qoyulsa da, sonrakı aktla bu öhdəliklərin tam yerinə yetirilmədiyi təsbit edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, ##.##.2019-cu il tarixli podrat müqaviləsi üzrə ünvan 1 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla MTK-ya təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*- *(***)-**/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır.
5. Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin İddiaçı Mənzil-Tikinti Kooperativinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda Cavabdeh tərəfindən yaşayış binasının dam örtüyünün quraşdırılması işləri ilə bağlı yaranmış qüsurların aradan qaldırıldığına dair verdiyi izahat nəzərə alınaraq, həmin qüsurların faktiki olaraq aradan qaldırılıb-qaldırılmaması barədə rəsmi məlumatın təqdim edilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının dam örtüyünün normativ tələblərə uyğun quraşdırılmaması nəticəsində dəymiş maddi ziyanın əvəzi qismində 212 700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələbi təmin edilərək yaşayış binasının dam örtüyündə mövcud olan qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq təhvil-təslim aktı ilə iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh məhkəmə qətnaməsindən irəli gələn həmin öhdəlikləri icra etməmişdir. Dam örtüyünün normativ tələblərə uyğun quraşdırılmaması səbəbindən intensiv yağışlar zamanı yaşayış binasının mənzilləri su altında qalmışdır. Dam örtüyünün qismən təmiri nəticə vermədiyindən onun tam sökülərək standartlara uyğun yenidən quraşdırılması zərurəti yaranmışdır. Mütəxəssislərin hesablamalarına əsasən dəymiş ziyanın məbləği 212 700 manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki və hazırkı iddialar eyni tərəflər arasında olsa da, predmetləri fərqlidir. Əvvəlki işdə iddiaçı qüsurların cavabdeh tərəfindən aradan qaldırılmasını (əlavə icranı), hazırkı işdə isə qüsurların aradan qaldırılması üçün tələb olunan 212 700 manat məbləğində xərclərin ödənilməsini tələb etmişdir. Buna görə də MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, podrat müqaviləsi üzrə sifarişçinin qüsurların aradan qaldırılması xərclərini tələb etmək hüququ yalnız əlavə icra tələbi nəticəsiz qaldıqda yaranır. Hazırkı halda isə ##.##.2024-cü il tarixli qətnamə ilə əlavə icra öhdəliyi müəyyən edilmiş və həmin qətnamənin icrası üzrə icraat davam etdiyindən subsidiar hüquqların həyata keçirilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməmişdir.
10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəlki qətnamənin hələ icra olunmamasını əsas götürərək iddia tələbini tam araşdırmamışdır. Halbuki ekspert rəyinə görə, dam örtüyü və quraşdırılmış konstruksiyalar normativ tələblərə uyğun olmadığından binanın istismara qəbul edilməsi mümkün deyil və bu hal iddiaçıya dəyən ziyanın daha da artmasına səbəb olur. Bundan əlavə, yaranmış vəziyyət binada mənzil sahibi olan şəxslərin cavabdehə qarşı yeni iddialar qaldırmasına və əlavə məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxara bilər. Şikayətçi qeyd etmişdir ki, hazırkı iddia dam örtüyünün ayrı-ayrı qüsurlarının deyil, bütövlükdə dam örtüyünün qüsurlu quraşdırılması nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Buna görə də məhkəmənin Mülki Məcəllənin 762-ci maddəsinə istinad etməsi yanlış hesab edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh apellyasiya şikayətinə etirazında bildirmişdir ki, iddiaçının istinad etdiyi ekspert rəyi yalnız texniki xarakter daşıyır və dam örtüyündə qüsurların mövcudluğunu müəyyən edir, lakin həmin qüsurların cavabdehin təqsiri nəticəsində yarandığını, tələb edilən zərərlə səbəbli əlaqəni və zərərin hesablanma qaydasını təsdiq etmir. Iddiaçı tərəfindən zərərin real məbləği, faktiki çəkilməsi və ya çəkilməsinin zəruriliyi, habelə cavabdehin hərəkətləri ilə zərər arasında səbəbli əlaqə sübut olunmamışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, tərəflər arasında eyni podrat müqaviləsindən irəli gələn mübahisə artıq məhkəmə tərəfindən həll edilmiş və qanuni qüvvəyə minmişdir. Əvvəlki qətnamənin icra olunmaması yeni zərər tələbi irəli sürülməsi üçün əsas deyil və yalnız icra icraatı çərçivəsində həll edilməlidir. Birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirdiyini və qanuni nəticəyə gəldiyini göstərərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, iddianın predmeti dam örtüyünün düzgün vurulmaması nəticəsində binaya dəymiş zərərin əvəzi deyil, məhz qüsurlu dam örtüyünün sökülərək yenidən qurulması üçün tələb olunan vəsaitdən ibarətdir.
14. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. ... Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 223. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. ... Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. … Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; … Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. Iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ...
Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: ... 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; ... Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının həddi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasından ibarətdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
21. Iş üzrə müəyyən edilmiş hallara əsasən, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdeh tərəfindən görülmüş işlərdə qüsurlar aşkar edilmiş, həmin qüsurların mövcudluğu tərəflərin iştirakı ilə tərtib olunmuş aktlarla təsdiq edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə həmin qüsurların aradan qaldırılması öhdəliyi qoyulmuşdur. Hazırda həmin qətnamə icra mərhələsindədir.
22. Hazırkı iş üzrə iddia ərizəsində cavabdehdən 212 700 manat məbləğində pul vəsaitinin tutulması xahiş edilmişdir. Iddia tələbinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından görünür ki, tələb olunan məbləğ qüsurlu dam örtüyünün yenidən quraşdırılması üçün zəruri hesab edilən xərclərlə bağlıdır.
23. Tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu, sifarişin qüsurlu icrası və cavabdehin həmin qüsurları aradan qaldırmaq öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
24. Mülki Məcəllənin 763-cü və 764-cü maddələrinə uyğun olaraq, qüsurlu icra zamanı sifarişçinin podratçıdan əlavə icra tələb etmək, bu nəticəsiz qaldıqda isə qüsuru özü aradan qaldırıb çəkdiyi xərcləri tələb etmək hüquqları vardır. Eyni zamanda qüsurlar aradan qaldırılanadək çəkiləcək xərclər üçün avans tələb edilməsinə də yol verilir.
25. Iddiaçı Mülki Məcəllənin 763.1-ci maddəsində nəzərdə tutulmuş müdafiə üsulundan istifadə edərək cavabdehdən əlavə icra tələb etmiş, həmin tələb könüllü qaydada yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş qətnamə əldə etmişdir. Bu andan etibarən tərəflər arasında qüsurların aradan qaldırılması ilə bağlı maddihüquqi mübahisə həll edilmiş, həmin tələb məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyə çevrilmişdir.
26. Iş materiallarından görünür ki, qüsurların aradan qaldırılması barədə məhkəmə qətnaməsi üzrə icraat davam edir və icra işi üzrə icraata xitam verilməmişdir.
27. Belə olan halda, hazırkı mərhələdə qüsurların aradan qaldırılması üçün tələb olunan xərcin cavabdehdən tutulması barədə tələb podrat müqaviləsindən irəli gələn yeni maddi-hüquqi tələb kimi deyil, mövcud məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələ kimi qiymətləndirilməlidir. Başqa sözlə, tərəflər arasında həmin qüsurların aradan qaldırılması ilə bağlı yeni hüquq mübahisəsi mövcud deyildir və iddiaçının tələbi mahiyyət etibarilə məhkəmə qətnaməsinin icra üsulu ilə bağlı məsələdir.
28. MPM-in 223.2-ci maddəsinə əsasən, məhkəmə müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, cavabdeh müəyyən edilmiş müddətdə qətnaməni icra etmədiyi halda məhkəmə zəruri hesab etdikdə iddiaçının həmin hərəkətləri cavabdehin hesabına yerinə yetirməyə və bunun üçün çəkilmiş zəruri xərcləri cavabdehdən almağa haqlı olmasını qətnamədə göstərə bilər.
29. MPM-in bu norması məhkəməyə cavabdehin qətnamə ilə məcbur edildiyi hərəkətləri icra etməməsi halı üçün əvəzedici (substitutiv) icra üsulunu qabaqcadan müəyyənləşdirmək imkanı verir. Qətnamədə belə bir üsul nəzərdə tutulmadıqda isə MPM-in 231-ci maddəsinə əsasən maraqlı şəxsin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət etmək hüququ vardır.
30. Qüsurların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi məhz cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamədir. Həmin qətnamədə əvəzedici icra üsulu nəzərdə tutulmamışdır. Bununla belə, həmin hal özlüyündə iddiaçının eyni öhdəliyin pul formasında icrasına nail olmaq məqsədilə ayrıca iddia qaydasında məhkəməyə müraciət etməsinə əsas vermir. Məhkəmə aktının müəyyən edilmiş üsulla icrasının mümkün olmaması və ya həmin üsulla icranın nəticə verməməsi ilə bağlı məsələlər müstəqil iddia icraatının predmetini təşkil etmir və icra mərhələsində qiymətləndirilməlidir.
31. Apellyasiya şikayətində göstərilən qüsurların aradan qaldırılmaması, əvvəlki qətnamənin faktiki icra edilməməsi və ekspertiza rəyi ilə müəyyən edilmiş hallarla bağlı dəlillər kollegiya tərəfindən nəzərə alınmışdır. Lakin həmin hallar da hazırkı tələbə ayrıca mülki məhkəmə icraatı qaydasında baxılması üçün hüquqi əsas yaratmır. Bu halların qiymətləndirilməsi və zərurət yarandıqda qətnamənin icra üsulunun dəyişdirilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş icra prosedurları çərçivəsində həll edilməlidir.
32. Birinci instansiya məhkəməsi mübahisənin eyni tərəflər arasında, eyni əsaslar və eyni predmet barəsində olub-olmamasını araşdıraraq MPM-in 261.0.2-ci maddəsinin tətbiqi üçün əsasın olmadığını düzgün müəyyən etsə də, hazırkı tələbin ayrıca mülki məhkəmə icraatı qaydasında baxıla bilən mübahisə olub-olmaması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə hazırkı tələbi podrat müqaviləsindən irəli gələn yeni maddihüquqi tələb kimi qiymətləndirərək ona maddi hüquq normaları tətbiq etmiş və iddianı rədd etmişdir. Halbuki MM-in 764.2-ci maddəsində nəzərdə tutulmuş hüququn mövcudluğu həmin hüququn hökmən ayrıca iddia formasında həyata keçirilməsini nəzərdə tutmur. Hazırkı halda iddiaçının irəli sürdüyü tələb mahiyyət etibarilə mövcud məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələ olduğundan ona ayrıca mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
33. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələb üzrə ayrıca iddia qaydasında müdafiə vasitəsindən istifadə edə bilməyəcəyi barədə nəticədə mahiyyət etibarilə düzgün qənaətə gəlsə də, həmin halın prosessual nəticəsini düzgün müəyyən etməmişdir. Belə ki, iddianın rədd edilməsi mübahisəyə mahiyyəti üzrə baxılmasını və tələbin əsaslı olmaması barədə nəticəyə gəlinməsini nəzərdə tutur. Hazırkı halda isə müəyyən edilmiş hallar tələbin əsaslı və ya əsassız olmasını deyil, ümumiyyətlə həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığını göstərir.
34. Odur ki, qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Iddiaçıya izah edilməlidir ki, məhkəmə qətnaməsinin müəyyən edilmiş üsulla icrasının mümkün olmadığını və ya həmin üsulla icranın nəticə vermədiyini hesab etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə aktının icra üsulunun dəyişdirilməsi barədə müraciət etmək hüququna malikdir.
35. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2 və 402.2.4-cü maddələrinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilə bilər.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Iddiaçıya məhkəmə qətnaməsinin naturada icrasının mümkün olmadığını hesab etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə aktının icra üsulunun dəyişdirilməsi barədə müraciət etmək hüququ izah edilsin. Iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.