Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-485/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndələri, vəkilləri Həsənov İlyas Hüseyn oğlunun və nümayəndə1 iştirakları ilə, İddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Abşeron rayonu, Masazır kəndində yerləşən icarəyə verənə məxsus 144 kv.m qeyri-yaşayış sahəni müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür.
2. Müqavilənin: 1.2-ci bəndinə əsasən icarəçi icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir. 3.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 1744.19 (min yeddi yüz qırx dörd manat on doqquz qəpik) manat müəyyən edilmişdir. 4.3-cü bəndinə əsasən müqaviləyə xitam verildikdən sonra icarəçi icarə obyektinin istifadəsi nəticəsində təbii aşınma nəzərə alınaraq icarəyə verənə təhviltəslim aktı əsasında geri qaytarır. 8.1-ci bəndinə əsasən hazırki müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər: - Bu müqavilənin 2-ci maddəsində müəyyən edilmiş icarə müddətin başa çatmasında sonra tərəflərin razılığı ilə və ya icarəçi icarəyə verəni öncədən yazılı xəbədar edərək; - Müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) pulun, əldən çıxmış faydaya görə 95.930,45 (doxsan beş min doqquz yüz otuz manat qırx beş qəpik) pulun və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun, mütəxəssisə ödənilmiş 400 manat və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 415.97 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 144 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh MMC-nin direktoru X1 ilə aramızda bağlanmış ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nə icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 10 (on) il müddətinə müyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 1744.19 (min yeddi yüz qırx dörd manat on doqquz qəpik) müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti tam təmirli vəziyyətdə təhvil verilməsi icarəyə verənin olaraq iddiaçının üzərinə öhdəlik qoyulmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqaviləyə xitam verildikdən sonra icarəçi icarə obyektinin istifadəsi nəticəsində təbi aşınma nəzərə alınaraq icarəyə verənə təhvil-təslim aktı əsasında geri qaytarılması nəzərədə tutulmuşdur. Müqavilənin 8.1-ci bəndində aramızda bağlanmış müqaviləyə xitam verilməsindən bəhs olunur. Belə ki, müqaqvilənin 8.2-ci bəndində əsasən müqaviləyə xitam verilməsi tərəflərin razılığı ilə və ya icarəçi, icarəyə verəni öncədən yazılı xəbərdarlıq edərək xitam verilməsi qeyd olunmuşdur. ##.##.2025-ci il tarixdə obyektin qarşısından keçərkən obyektin boş vəziyyətdə olduğunu görmüş, obyektə daxil olarkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilmədən obyekt boşaldılmışdır. Halbuki, cavabdehlə aramızda imzalanmış müqavilənin 8.2-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tərəflərin razılığı ilə və ya icarəçi, icarəyə verəni öncədən yazılı xəbərdarlıq edərək xitam verilməsi qeyd olunmuşdur. Cavabdeh aramızda bağlanmış müqavilənin 8-ci maddəsinin tələblərini kobud şəkldə pozaraq əmlakın sahibi olaraq iddiaçıya heç bir məlumat vermədən obyekti xəbərsiz boşaldıb tərk etmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verildikdə icarəçi əmlakı təhviltəslim aktı əsasında iddiaçıya təhvil verməsi qeyd olunmuş olsa da, əmlakı tamamilə yarasız vəziyyətə salaraq iddiaçıya heç bir məlumat vermədən boşaldıb tərk etmişdir. İddiaçı bu barədə Cavabdeh MMCnin məsul şəxsinə zəng edərək niyə müqavilə şərtələrini pozub əvvəlcədən iddiaçıya məlumat verilmədiyini, obyekti təhvil-təsdlim aktı ilə iddiaçıya təhvil verilmədiyini və obyekti boşaldarkən divarları və ümumi obyekti yarasız vəziyyətə qoyaraq iddiaçıya xeyli miqdarda maddi ziyan vurduqlarını soruşduqda onlar iddiaçıya narahat olmamağı, yaxın müddət ərzində obyekti təmir edib təhvil-təslim aktı əsasında təhvil verəcəkləri vədini verdilər Cavabdeh tərəfindən obyek tamamilə yarasız vəziyyətə salındığından mən ##.##.2025-ci il tarixdən, yəni cavabdeh obyekti özbaşına tərk edib getdiyi gündən hal-hazıradək obyekti başqa şəxslərə icarəyə verə bilmirəm. ##.##.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək müqavilə öhdəliklərini qanunsuz və əsassız olaraq pozduqları üçün iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Amma buna baxmayaraq bu günədək onun müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh birtrəfli qaydada müqavilə tələbi üzrə öhdəliklərini pozub qanunsuz hərəkətləri nəticəsində mülkiyyətimdə olan əmlakıma vurulmuş zərərin dəyərini müəyyən edib tələb etmək üçün mütəxəsisə müraciət etmək qərarına gəlmişdir. “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən obyektə keçirilən yerli baxı zamanı cavabdeh tərəfindən əmlaka vurulmuş zərərin həcmi rəydə göstərilən foto şəkillərdə öz təsdiqini tapmış və nəticədə ##.##.2025-ci il tarixdə mütəxəsis rəyi ilə vurulmuş zərərin əvəzi 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) müəyyən olunmuşdur. Hal-hazırda cavabdehin təqsirli hərəkətləri nəticəsində obyektin təmirini aparmağa maddi imkanı yoxdur. Bu səbəbdən cavabdeh ##.##.2025-ci il tarixdən obyekti yararsız vəziyyətə salıb boşaltdığı gündən hal-hazıradək obyekti başqa sahibkarlara icarəyə verə bilmir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya hər hansı xəbər verilmədən icarə sahəsi boşaldılmış, iddiaçı tərəfindən sahəyə dəymiş zərərlə bağlı qiymətləndirmə aparılmış, dəymiş zərərin məbləğinin 20035,30 manat təşkil etməsi müəyyən edilmişdir. Belə ki, sahənin dam örtüyü, içəri hissədə tavanda olan lambir, döşəmədə olan metlax, sahənin çöl hissəsində olan pilləkanların üzərində olan aqlay və sairə tamamilə yenilənməlidir. Bundan əlavə, sahə iddiaçı tərəfindən cavabdehin təqsiri üzündən icarəyə verilə bilməmişdir, bununla bağlı da iddiaçıya əldən çıxmış fayda ödənilməlidir. 4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 iddia tələbini qismən qəbul etdiklərini, dəymiş zərərin aradan qaldırılması ilə bağlı xərci 938,74 manat hissədə qəbul etdiklərini, qalan hissədə iddia ərizəsi ilə razı olmadıqlarını bildirdi. İzahatında göstərdi ki, icarə sahəsi onlara təmirli vəziyyətdə verilmiş, lakin icarə müddəti ərzində bəzi hissələrə zərər dəymişdir. Mağaza daxilində dəymiş zərərin aradan qaldırılması üçün yalnız zərər görmüş hissələr yenisi ilə əvəz edilməlidir, bütün divarların boyanması, bütün döşəmənin dəyişdirilməsi və sairə tələb edilmir. Bundan əlavə, dam örtüyünə cavabdeh tərəfindən hər hansı zərər vurulmamışdır. Cavabdeh sahənin yalnız içəri hissəsindən istifadə etmiş, onun nümayəndələri, işçiləri dam hissəyə ümumiyyətlə qalxmamış, kənar müdaxilə etməmişlər. Mağazanın daxilində olan lambir ehtimal ki, sonradan yararsız hala salınmışdır. Onlar mağazadan çıxanda lambirə hər hansı zərər dəyməmişdi. Mağazanın siqnalizasiya sisteminə hər hansı zərər vurmamışlar, vursa idilər, tərəflərindən tərtib edilmiş qüsur aktında həmin fakt öz əksini tapardı. Bundan əlavə, cavabdehin icarə müqaviləsinə xitam verildiyi günə qədər (##.##.2025ci il) iddiaçıya hər hansı icarə haqqı borcu olmamış, müqaviləyə birtərəfli qaydada xitam verilmiş, sahənin təhvil alınması ilə bağlı cavabdehin çağırışlarına iddiaçı ümumiyyətlə hər hansı reaksiya verməmişdir. Bu səbəbdən rəsmi təhvil mümkün olmamışdır.
6. “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, M **-***/** nömrəli hesabat əsasən vurulmuş zərərin əvəzi 20035,30 (iyirmi min otuz beş manat otuz qəpik) müəyyən olunmuşdur.
7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CVN/N **-***/** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 144 kv.m olan qeyri-yaşayış sahəsinə ##.##.2021-ci il tarixdən 2025-ci ilin iyun ayına qədər olan icarə müddəti ərzində dəymiş zərərin məbləği və zərərin aradan qaldırılması üçün çəkilməli olan təmir-bərpa işlərinin xərci ##.##.2025-ci il tarixinə 18257,73 manat təşkil edir.
8. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş “xxxx” MMCnin nümayəndəsi X2 öz izahatında göstərdi ki, baxışın keçirilməsində şəxsən iştirak etməsə də, qiymətləndirmə kollegial qaydada aparılmışdır, cavabdehə dəfələrlə baxışın təşkili üçün müraciət olunsa da, nümayəndə2 mobil telefon zənglərinə cavab verməmişdir. Obyektin dam örtüyünə və ətrafına baxış keçirilmiş, iddiaçı tərəfindən müvafiq şərait yaradılmışdır. Dam örtüyünün bir hissəsinin ayrıca çıxarılması mümkün deyil, örtük nazik olmuş, üzərində bir neçə nəfər hərəkət etmiş, bəzi hissələrdə batıqlar yaranmış, su axma halları müşahidə edilmiş və bu səbəbdən damın tam dəyişdirilməsi zəruri hesab olunmuşdur. Obyektin sahəsi 144 kv.m-dir, bazar qiymətlərinə əsasən 1 kv.m üzrə usta haqqı 110–120 manat, materiallarla birlikdə 400–450 manat təşkil edir və müəyyən edilmiş 18.000 manat məbləğ həcm baxımından böyük deyil. Obyekt 2021–2025-ci illərdə istismarda olmuş, 4 il ərzində təmir aparılmamış, lambir, kafel və metlax örtüklərinin hissəvi dəyişdirilməsi texniki cəhətdən mümkün olmadığından tam yenilənməli, 8 ədəd kafelin ayrıca dəyişdirilməsi ağlabatan sayılmır və demontaj olunmalıdır. Marketə gün ərzində çoxsaylı şəxslərin daxil olub-çıxması və arabaların istifadəsi nəticəsində normal aşınmadan artıq aşınma baş vermişdir; giriş qapılarında deformasiya var, şüşədə çat olmasa da, tutacaq çərçivəsi zədələnmiş, bir qapının daxili “ruçka”sı yoxdur və qapının bütövlükdə dəyişdirilməsi məqsədəuyğundur, sanitar qovşağın qapısı yararsız vəziyyətdədir və yenisi ilə əvəz edilməlidir. Elektrik rozetkaları yanmış, kabellərin ucları yararsız olduğundan dəyişdirilməsi mümkün deyil və elektrik işlərinin minimum dəyəri 400 manatdır; aqlay demək olar mövcud deyil və tam dəyişdirilməlidir. Siqnalizasiya sistemi mövcud olsa da işlək deyil və həm mühafizə, həm də yanğın detektor funksiyası daşıyır; bütün qiymətlər bazar dəyərinə uyğun müəyyən edilmiş və fotoşəkillər disk şəklində məhkəməyə təqdim olunmuşdur.
9. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025ci il tarixli, X-**/**-****-*** nömrəli “icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi haqqında” bildirişdən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli icarə müqaviləsinin 8.2-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdən Cavabdeh MMC tərəfindən həmin müqaviləyə xitam veriləcəyi və əmlakı iddiaçıya təhvil verəcəyini bəyan etmiş, müqavilənin 4.3-cü bəndinə əsasən əmlakın təhvil alınmasını xahiş etmiş, ##.##.2025-ci il tarixindən sonra tərəflərin birinin digərinə münasibətdə olmaqla müqavilə üzrə heç bir hüquq və öhdəlik daşımadığını bildirmişdir.
10. Cavabdehin ##.##.2025-ci il tarixli, X-**/**-****-*** nömrəli “icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi haqqında” bildirişi ##.##.2025-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.2025-ci il tarixli, X-25/07-3709- *** nömrəli xəbardarlıq məktubundan görünür ki, cavabdeh iddiaçıya icarə münasibətlərinə ##.##.2025-ci il tarixində xitam verilməsi ilə bağlı təhvil təslim edilməsinə dair məslələdən boyun qaçırdığı halda, təhvil təslim aktından müqaviləyə münasibətdə əsassız şəkildə imtina edilməsi ilə bağlı akt tərtib ediləcəyi, həmin aktın təhvil-təslim aktının qəbul etməyəcəyi halda belə hüquq münasibətlərinin bitəcəyinə və həmin tarixdən Cavabdeh MMC-nin obyektə dair hər hansı öhdəlik daşımayacağına dəlalət etdiyini bildirmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə xəbərdarlıq məktubunu almaqdan imtina etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi qismində 5099,94 manat məbləğində pul, 71 manat dövlət rüsumu, ümumilikdə 5170,94 (beş min bir yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, çəkilmiş qalan məhkəmə xərclərinin (iddia ərizəsi verilərkən ödənilmiş 345 manat dövlət rüsumu və 400 manat mütəxəssisə ödənilmiş vəsait) iddiaçı iddiaçı1 özünə aid edilməsi, cavabdeh Cavabdeh MMC-dən 400 (dörd yüz) manat ekspertiza xərcinin tutularaq “xxxx” MMCnin hesabına (VÖEN: 1401981051 Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi:9900001881M.h.:AZ03NABZ01350100000000002944H.h:AZ471BAZ3509001944 4176788205 Kod: 805711 SWIFT: IBAZAZ2X) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı icarə sahəsinin dam hissəsinə cavabdeh tərəfindən müdaxilə edilməsi nəticəsində dam örtüyünün zədələndiyini, bununla əlaqədar olaraq dam örtüyünün bütünlüklə (150 kv.metr) dəyişilməli olduğunu bildirsədə, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünə cavabdeh tərəfindən müdaxilə edildiyini, yararsız hala salındığını, habelə dam örtüyündən su axma halının olması və sairə barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, icarəyə verilmiş qeyriyaşayış sahəsinin dam örtüyünün dəyişdirilməli olması barədə iddiaçının dəlili əsassızdır. İddiaçı həmçinin qeyri-yaşayış sahəsinin daxilində (tavanda) olan 130 kv.metrlik lambir örtüyünün cavabdeh tərəfindən yararsız hala salındığını bildirir. Cavabdeh icarə sahəsinin geri təhvil verildiyi zaman tavanda olan lambir örtüyünün normal vəziyyətdə olduğunu, hər hansı zədə olmadığını göstərir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli rəydə olan fotoşəkillərdən, habelə çəkilmiş videogörüntülərdən görünür ki, cavabdeh tərəfindən sahənin geri təhvil verildiyi ##.##.2025-ci il tarixə qədər olan dövrdə artıq tavanda olan lambir örtüyü zədələnmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, həmin qüsurların aradan qaldırılması xərci ümumilikdə 2500 manat təşkil edir. İddiaçı sahənin metlax örtüyünün, divar səthinin, habelə pilləkənlərdə olan aqlay örtüyünün bütünlüklə dəyişdirilməli olmasını iddia etsə də, materiallardakı rəylərdə olan fotoşəkillərdən, habelə çəkilmiş videogörüntülərdən görünür ki, həmin adıçəkilən hissələrə bütünlüklə deyil, hissəvi şəkildə zərər dəymişdir. Materiallarda olan ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatı nəzərə alınmaqla dəyişilməli olan həmin hissələrin dəyəri daha az xərc tələb etsə də, cavabdeh məhkəməyə təqdim etdiyi özünün hesabatında həmin zərərin aradan qaldırılması xərclərini daha yüksək müəyyən etmişdir. Cavabdeh bu hissədə iddianı qismən qəbul etdiyi üçün məhkəmə hesab edir ki, cavabdehin həmin təklifi nəzərə alınmaqla faktiki zərərin aradan qaldırılması xərci tələb edilən material və işçilik xərci daxil olmaqla metlaxa münasibətdə - 470,86 manat, divar səthinin boyalanması (emulsiya) – 349,90 manat, aqlay – 579,64 manat, elektrik işləri ilə bağlı 784,54 manat, sanitar qovşaqda olan su tapançasının (çiləyici) dəyişilməsi ilə bağlı – 15 manat müəyyən edilməlidir. Belə ki, iddiaçı mağaza daxilində olan bütün qapıların (giriş qapıları və sanitar qovşaq qapısı) dəyişilməli olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin qapıların icarə müddəti ərzində normadan artıq aşınmaya məruz qalması, sınması, tam yararsız hala salınması öz təsdiqini tapmamışdır. İddiaçı icarə müqaviləsi bağlanan zaman siqnalizasiya sisteminin işlək vəziyyətdə cavabdehə verildiyini, lakin sahə boşaldıqdan sonra sistemin işləmədiyinin müəyyən edildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi siqnalizasiya sistemində hər hansı problem olmadığını bildirsə də, məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, siqnalizasiya sistemi yararsız vəziyyətdədir, demontajı və yenidən quraşdırma xərci 400 manat təşkil edir. İddianı ikinci hissədə əsassız hesab hesab edərək qeyd etmişdir ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, icarə sahəsi cavabdeh tərəfindən boşaldılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, ##.##.2025-ci il tarixə qədər olan bütün icarə haqqı ödənişləri iddiaçıya ödənilmiş, həmin tarixə cavabdehin icarə haqqı üzrə borcu qalmamışdır. İddiaçı iddia ərizəsində cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona 95930,45 manat əldən çıxmış fayda qismində zərər dəydiyini bildirsə də, dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. 10000 manat mənəvi ziyanın tutulması hissəsində də iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, mənəvi zərər barədə iddia tələbi də təmin edilməməlidir.
14. İddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cıil tarixli, *-*(***)-****/**** saylı qətnaməsinin iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia ərizəsinin tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apelyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən obyektə keçirilən yerli baxı zamanı cavabdeh tərəfindən əmlaka vurulmuş zərərin həcmi rəydə göstərilən foto şəkillərdə öz təsdiqini tapmış və nəticədə ##.##.2025-ci il tarixdə mütəxəsis rəyi ilə vurulmuş zərərin əvəzi 20035,30 müəyyən olunmuşdur. Hal-hazırda cavabdehin təqsirli hərəkətləri nəticəsində obyektin təmirini aparmağa maddi imkanı yoxdur. Bu səbəbdən cavabdeh ##.##.2025-ci il tarixdən obyekti yararsız vəziyyətə salıb boşaltdığı gündən hal-hazıradək obyekti başqa sahibkarlara icarəyə verə bilmir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinin tələblərini pozmaqla əmlakına xeyli miqdarda ziyan vurmaqla ona heç bir məlumat vermədən əmlakı boşaltmaları iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən əmlaka vurulmuş zərər iddia ərizəsi ilə məhkəməyə müraciətindən əvvəl aldığı mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Vurulmuş zərərin müəyyən olunması üçün cavabdehin nümayəndəsi tərəfindən yenidən mütəxəssis rəyinin alınması barədə vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Vurulmuş zərərlə bağlı iddia tələbində göstərilən hallar məhkəmədə sübuta yetirilməsinə baxmayaraq işə baxan məhkəmə bu hissədə iddia tələbini qismən təmin edərək vurulmuş zərərin əvəzi qismində cavabdehdən 5099,94 manat (2500 manat + 470,86 manat + 349,90 manat + 15 manat + 784,54 manat + 579,64 manat + 400 manat) məbləğində pul tutularaq mənə ödənilməsini qət etmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddəti 10 il müəyyən olunmuş və cavabdeh, lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş müddətin 5 il 3 ay hissəsindən istifadə edib fayda götürsədə, müqavilə müddətinin qalıq 4 il 7 ay hissəsini qanunsuz istifadə etmədən müqavilə tələbini əhəmiyyətli dərəcədə pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 1744.19 (min yeddi yüz qırx dörd manat on doqquz qəpik) müəyyən edilmişdir. Hal-hazırda kimi əmlak cavabdehin təqsirli hərəkətləri nəticəsində təmir edilib istifadəyə verilmədiyindən əmlakı müqavilədə nəzərədə tutulmuş məbləğdəndə artıq yüksək məbləğə başqa şəxslərə icarəyə verə bilmir. Bunun nəticəsində iddia tələbində göstərilən məbləğdə əldən çıxmış fayda olaraq ona maddi ziyan vurulmuşdur. Amma buna bxmayaraq işə baxan məhkəmə qeyd olunan hallara qiymət verməmişdir. Mənəvi ziyanla bağlı qeyd edir ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh obyektin təmiri və obyetki vaxtından əvvəl boşaladaraq ona hər hansı bir məlumat vermədən tərk etməsi nəticəsində o olduqca ağır mənzəvi sarsıntılar keçirmişdir. Qeyd olunan qanunsuzluqlar barədə cavabdeh quruma dəfələrlə müraciət edib mübahisəni öz aralaırnda həll etməyi onlara təklif etmiş olsada, onlar hər dəfə yalan vədlər verərək obyekti təmir etməkdən və əlavə olaraq ona vurmuş olduqları ziyanı ödəməkdən boyun qaçırdıqları üçün ciddi mənəvi sarsıntılar keçirmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, vəkilləri Həsənov İlyas Hüseyn oğlunun və nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin ediməsini xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
AR Mülki Məcəlləsi
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
22. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
24. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELYASİYA BAXIŞININ HƏDLƏRİ
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə iddianın təmin olunmayan hissədə yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2021-
33. ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi (mağaza) təmirli vəziyyətdə cavabdehin sahiblik və istifadəsinə verilmiş, cavabdeh müqavilənin birtərəfli qaydada ləğvinə dair müqavilənin 8-ci bəndinə əsasən iddiaçıya ##.##.2025-ci il tarixdə bildiriş göndərmiş, müqaviləyə ##.##.2025-ci il tarixdən xitam veriləcəyi və sahənin boşaldılacağı barədə məlumat verilmiş, icarə sahəsi cavabdeh tərəfindən boşaldılmışdır.
34. Apellyator şikayətin dəlillərində cavabdeh tərəfindən icarə obyektinə daha çox məbləğdə zərər vurulduğunu bildirir.
35. Məhkəmə kollegiyası zərərlə bağlı bağlı qeyd etmək istəyir ki, zərər fotoşəkillər, tərəflərin izahatları və digər sübutlarla təsdiq olunur. Həmçinin iddiaçının müraciəti əsasında “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC tərəfindən verilmiş mütəxəssis rəyində obyektə müəyyən həcmdə zərərin vurulduğu öz əksini tapmışdır.
36. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mütəxəssis rəyi məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş üstün sübut qüvvəsinə malik deyildir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki, Müqavilənin 4.3-cü bəndinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəçi icarə obyektini istifadəsi nəticəsində yaranmış təbii aşınma nəzərə alınmaqla icarəyə verənə geri qaytarmalıdır. Bu baxımdan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia olunan zərərin bir hissəsi təbii aşınmadan ibarət olmuş, yalnız sübuta yetirilmiş hissə faktiki zərər kimi qiymətləndirilmişdir. Buna görə də cavabdehdən yalnız əsaslandırılmış və təsdiq edilmiş 5099,94 manat məbləğində zərərin tutulması qanuni və əsaslı hesab edilmişdir.
37. Apellyasiya şikayətində göstərilən daha artıq məbləğin tutulmalı olması barədə dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən tələb olunan 20035,30 manat məbləğində zərərin tam həcmdə məhz cavabdehin hərəkətləri nəticəsində yarandığını təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Təqdim edilmiş hesablamaların bir hissəsi ehtimal və mülahizələrə əsaslanmış, obyektin əvvəlki vəziyyəti, təbii aşınma halları və digər amillər tam nəzərə alınmamışdır. Eyni zamanda cavabdehin fəaliyyəti obyektin daxili hissəsində olduğundan, iddiaçının obyektin dam örtüyünə cavabdeh tərəfindən bütövlükdə zərər vurulması ilə bağlı dəlili də əsassızdır.
38. Kollegiya hesab edir ki, iddiaçının obyekti digər şəxslərə icarəyə verə bilməməsi nəticəsində əldən çıxmış faydanın yaranması ilə bağlı arqumentləri iş materialları ilə təsdiq olunmur. Mülki qanunvericiliyin tələblərinə əsasən, əldən çıxmış faydanın ödənilməsi üçün həmin gəlirin real, qaçılmaz və əldə olunacağı yüksək ehtimalla sübuta yetirilməlidir. Halbuki iş materiallarında iddiaçının konkret olaraq hansı şəxslərlə icarə danışıqları aparması, həmin şəxslərlə razılaşmanın mövcudluğu və ya obyektin dərhal yenidən icarəyə veriləcəyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia edilən gəlir yalnız ehtimal xarakterli hesab olunur.
39. İş materillarından müəyyən olunur ki, icarəçi tərərflər arasındakı müqavilənin 8.2-ci bəndinə əsasən “önəcədən yazılı xəbərdarlıq etməklə” müqaviləyə xitam vermək hüququ olmuş və icarəçi hüququndan istifadə edərək iddiaçıya ##.##.2025-ci il tarixdə bildiriş göndərmiş, müqaviləyə ##.##.2025-ci il tarixdən xitam veriləcəyi və sahənin boşaldılacağı barədə məlumat verilmiş, əlavə olaraq ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, icarə münasibətlərinə ##.##.2025-ci il tarixində xitam verilməsi ilə bağlı təhvil təslim edilməsinə dair məsələdən boyun qaçıracaqları halda, təhvil təslim aktından müqaviləyə münasibətdə əsassız şəkildə imtina edilməsi ilə bağlı akt tərtib ediləcəyi, həmin akt təhvil təslim aktının qəbul edilməməsi halında belə hüquq münasibətlərinin bitəcəyinə və həmin tarixdən Cavabdeh MMC-nin obyektə dair hər hansı öhdəlik daşımayacağı (ödəniş, digər obyektə dəyə biləcək zərərlər və s).qeyd olunmuşdur. İddiaçı tərəfindən xərəbdarlığın alınmasıdan imtina edilmişdir.
40. ##.##.2026-cı il tarixli akta əsasən obyekt sahibi iddiaçı1 Ferman oglu ile önceden telefon vasitəsi ile danışılaraq Cavabdeh MMC ile aralarındakı muqavilenin 8.2-ci maddəsinə əsasən muqaviləyə ##.##.2025 tarixində xitam verilmişdir. Təhvil-təslim ucun ##.##.2025 tarixində Cavabdeh MMC-nin nümayəndələri ilə görüsüb mağazada təhvil işlərini yekunlasdirmağa çağırılsada obyekt sahibi təhvil-təslim üçün mağazaya yaxınlaşmayıb ve təhvil-təslimdən imtina edir. İcarəçi ilə telefon əlaqəsi saxlamağa çalışılsa da şəxs telefona cavab verməmişdir. Baxmayaraq ki, 1 gün əvvəl şəxsə telefonla məlumat verilmişdir.
41. Göründüyü kimi müqavilə münasibətlərinin başa çatmasından sonra obyektin faktiki olaraq istifadəyə qəbul edilməməsi və sonrakı dövrdə yenidən icarəyə verilməməsi cavabdehin hərəkətlərindən deyil, iddiaçının öz davranışından irəli gəlmişdir. Belə olan halda, iddiaçının əldən çıxmış fayda tələbi hüquqi və faktiki əsaslarla sübuta yetirilmədiyindən təmin edilə bilməz.
42. Mənəvi ziyanla bağlı tələbə münasibətdə isə qeyd edilməlidir ki, mənəvi ziyanın ödənilməsi üçün şəxsin keçirdiyi mənəvi iztirablar, psixoloji sarsıntılar və bunların cavabdehin qanunsuz hərəkətləri ilə səbəbli əlaqəsi konkret sübutlarla təsdiq olunmalıdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı tibbi sənəd, psixoloji yardım alınmasını təsdiq edən sənəd və ya digər obyektiv sübut təqdim edilməmişdir. Təkcə ümumi xarakterli narahatlıq və narazılıq halları mənəvi ziyanın ödənilməsi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddaaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Iddaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.