Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-494/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: borcun ödənilməsi, iddia müddəti) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı Iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Iddiaçı Iddiaçı cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Bakı şəhəri Sabunçu RPI tərəfindən Iddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, müraciətin icrası prosesində göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edildiyi üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
2. “xxxx” KB ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, cavabdeh1 məxsus (leobank) AZ**UBAZ**************AZN*** nömrəli hesabından, ##.##.2025-ci il tarixdə 524375******** nömrəli hesaba 100 manat məbləğində vəsait köçürülmüşdür.
3. “xxxx” KB ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, cavabdeh1 məxsus (leobank) AZ**UBAZ**************AZN*** nömrəli hesabından, ##.##.2025-ci il tarixdə 409858******** nömrəli hesaba 80 manat məbləğində vəsait köçürülmüşdür.
4. “xxxx” MMC-yə məxsus elektron ödəmə qəbzindən gpörünür ki, Iddiaçı məxsus ******** nömrəli karta ##.##.2025-ci il tarixdə 100 manat məbləğində vəsait köçürülmüşdür.
5. “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +*** ** *** ** ** əlaqə nömrəsi cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh cavabdeh1 məxsus +*** ** *** ** ** əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı söhbətləri olmuşdur.
6. CD diskdə olan (məhkəmə araşdırılması zamanı baxış keçirilmiş) səs yazılarına əsasən, cavabdeh1 - ## ##### 2025-ci il tarixli səs yazısında “mənim pulum yoxdur, mən hər ay 100 manat məbləğində pul verə bilərəm”. Daha sonra qeyd edir ki, “iş təklifi var gələn ay bir cavab olacaq, düzəlsə hər ay 600-700 manat alacaq oradan, əgər düzəlsə ordan da, hər ay 300- 400 manat verəcəkdir”. Sonra o, “verdiyi 100 manatların hansı hesabdan çıxıldığını” soruşur və sual verir ki, “bu aydan 20000 manatdan çıxacaq 100 manatları?”. Həmin tarixli ikinci səs yazısında isə, cavabdeh1 yenə sual verir ki, “indi 20000 manatdan hesablayırsan verəcəyim 100 manatları?”.
7. ## ###### 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən 3 gün müddətində 20.000 manat pulun ödənilməsini tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Iddiaçı Iddiaçı cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, sonradan isə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 26720 manat pulun və ödədiyi 171 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 26891 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh cavabdeh1 xırda-xırda 20000 (iyirmi min) manat pul vermiş, cavabdeh maşın alıb taksi fəaliyyəti ilə məşğul olmalı idi və hər gün qazanc ikisi arasında bölünməli idi. Lakin cavabdeh cavabdeh1 pulu aldıqdan sonra öz verdiyi vədə əməl etməmişdir. Bundan sonra o, cavabdehi tapa bilməmişdir. Pulu cavabdeh cavabdeh1 ünvan 1 ünvanında işlədiyi qadın salonunda vermişdir. O, cavabdeh cavabdeh1 dəfələrlə zəng edib pul tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh cavabdeh1 pul verdiyini şahidlər təsdiq edə bilər. Bir sözlə cavabdeh onu aldatmağı qabaqcadan planlaşdırmış və ustalıqla həyata keçirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirirək onu aldadırdı. Bundan sonra o, dəfələrlə cavabdehdən 20000 (iyirmi min) manat pulunu tələb etməyinə və o pulun alınmasını etiraf etməsinə baxmayaraq həmin pulu ondan indiyənədək ala bilməmişdir. Bu barədə votsap səs yazışmaları var və məhkəmə iclasında təqdim olunacaq. O, bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayon Polis Idarəsinin 13-cü Polis Bölməsində iş araşdırılmış və ona mülki qaydada məhkəməyə müraciyət edilməsi tövsiyyə olunmuşdur.
10. Iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 2019-cu il tarixdən 2022-ci ilədək hissə-hissə cəmi 20.000 manat pul almış, buna dair cavabdehin səs yazıları və şahidlər vardır. Həmin səs yazılarını məhkəməyə təqdim etmişdir. Bundan başqa bildirir ki, cavabdeh ondan aldığı 20.000 manat puldan ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə isə 100 manat pulu, cəmi 280 manat pulu qaytarmış, qalan 19.720 manat pulu ona qaytarmamışdır. Qaytarılan 280 manat pulun qəbzləri məhkəməyə təqdim edilmişdir. Ona görə də iddia tələbində dəqiqləşdirmə apararaq cavabdehdən qalan 19.720 manat məbləğində pulunu tələb edir. Bundan başqa cavabdeh gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik 5 faizini ona (20000 x illik 5% = 1000 manat, 1000 x 7 ilə = 7000 manat, 19270 + 7000 = 26720 manat) ödəməlidir. Bunu qanunla ondan tələb etmək hüququ vardır.
11. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsi ilə etiraz göndərərək göstərmişdir ki, iddia tələbi və ona verilən dəqiqləşmə ilə tanış olmuşdur. Hesab edir ki, iddia tam əsassızdır və şər-böhtan xarakterlidir. Həmçinin pul tələbinə dair iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
12. Iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia müddətinin keçməsi ilə əlaqədar cavabdehin nümayəndəsi (vəkil) tərəfindən verilmiş ərizəyə etiraz edərək göstərmişdir ki, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək bildirir ki, guya ki, o, iddia müddətini ötürmüşdür. Halbuki, bu belə deyildir. Belə ki, cavabdeh ondan aldığı 20.000 manat pulun onunla telefonda votsap yazışmaları ilə, ona göndərdiyi səslə təsdiq olunur. Bundan başqa cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, ondan 5000 manat pul götürmüş, lakin sonradan qaytarmışdır. Lakin pulu ona qaytarmasını təsdiq edən hər hansı bir sübutu, qəbzi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlə 20.000 manat məbləğində pulun geri qaytarılması ildə bağlı aralarında razılıq əldə edilmişdir. Cavabdeh öhdəlik götürmüş ki, borcdan hər ay ona imkanı çatdığı qədər, hər ay 100 manat məbləğində pul ödəyəcəkdir. Beləliklə də cavabdeh götürdüyü öhdəliyə əsasən ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə isə 100 manat pulu, cəmi 280 manat borc pulu ona ödəmişdir. Lakin sonradan götürdüyü öhdəliyi pozmuş və ona borcunu qaytarmaqdan imtina etmişdir. Belə olan halda o, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Bildirir ki, cavabdeh öz borcunu tam olaraq telefon yazışmalarında, həm də məhkəmədə qismən etiraf etmiş, cavabdehlə aralarında borcla bağlı icra müddəti, hər ay ödəniləcək məbləğ təyin edilmiş, cavabdeh öz borcunu könüllü olaraq icra etməyə başlamaqla bunu nümayiş etdirmiş, aldığı 20.000 manat borcdan cəmi 280 manat hisə-hissə onun kartına pul göndərmiş, cavabdehə güzəştli müddət təyin edilmiş, sonradan cavabdeh götürdüyü öhdəlikdən imtina etmişdir. Beləliklə də, hesab edir ki, Azərbaycan Respublikası MM-nin 553, 377, 380-cı maddələrinə əsasən cavabdeh 20.000 manat məbləğində borcunu ona ##.##.2025-ci il tarixdən başlayaraq hissə-hissə ödəməyə başladığı üçün iddia müddəti ötürülməmiş hesab olunur və belə olan halda müddətin axımı kəsilir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bundan başqa iddia müddətinin başlanması, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 19720 (on doqquz min yeddi yüz iyirmi) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149,16 (bir yüz qırx doqquz manat 16 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 19869,16 (on doqquz min səkkiz yüz altmış doqquz manat 16 qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, hazırda iddia ərizəsində tələb olunan borcun qaytarılması ilə bağlı tərəflər arasında (cavabdehin mülkiyyətində olan +*** ** *** ** ** nömrə vasitəsi ilə) “Whatsapp” yazışmaları olmuşdur. Həmin yazışmalarda cavabdeh cavabdeh1 borcunu etiraf etməsi barədə səs yazıları mövcuddur. Məhkəmə araşdırması zamanı CD diskdə olan səs yazılarına baxış keçirilərkən (dinlənilərkən) cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə səs yazısının hüquqlarını müdafiə etdiyi cavabdeh1 aid olmasını qeyd etsə də, həmin səs yazılarında cavabdeh1 borcu etiraf etmədiyini bildirmişdir.
15. Göründüyü kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Bu səs yazılarından isə belə məlum olur ki, cavabdeh cavabdeh1 iddiaçıya 20000 manat məbləğində borcu olduğunu, həmin borcundan isə ödənişlər etdiyini və ödənişlər edəcəyini açıq şəkildə ifadə etmişdir.
16. Hazırki işdən görünür ki, tərəflər arasında borcun qaytarılmasına dair konkret müddət müəyyən edilməmişdir. Digər tərəfdən, işdən görünür ki, cavabdeh iddiaçıya olan borcunu hissəhissə qaytarmağa söz verərək bu istiqamətdə hərəkətlər nümayiş etdirmiş, iddiaçı isə qeyd edilən qaydada icranı qəbul edərək buna dair iradlar bilməmişdir.
17. Məhkəmə həmçinin cavabdeh cavabdeh1 iddiaçıya 5000 manat məbləğində borcu olduğunu və həmin məbləği iddiaçıya qaytarması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi həmin faktiki hallara dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun həmin dəlili əsaslı hesab oluna bilməz.
18. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin (vəkilinin) “iddia müddətinin ötürülməsi” dəlilini əsassız hesab edərək bununla bağlı qeyd etmişdir ki, cavabdeh ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə isə 100 manat olmaqla, ümumilikdə 280 manat məbləğində pul ödəmişdir.
19. Göründüyü kimi cavabdeh cavabdeh1 öz borcundan ##.##.2025 - ##.##.2025-ci il tarixlərində ödənişlər etməklə, o cümlədən “Whatsapp” yazışmalarında pulun hissə-hissə qaytarılacağı ilə vədlər verməklə borcun etiraf etməsini göstərən hərəkətlər nümayiş etdirmişdir.
20. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz.
21. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilinin) “tərəflərin faktiki nikahda olmaları, pulların da məhz bu səbəbdən iddiaçıya göndərilməsi” dəlilini də əsassız hesab etmişdir; belə ki, cavabdehin nümayəndəsinin (vəkilinin) istinad etdiyi həmin (pulun ailə münasibətləri zəminində göndərilmiş olması ilə bağlı) arqumentlər “Whatsapp” yazışmaları ilə də təkzib olunur.
22. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3, 14.1, 21.1, 21.2, 21.3, 377.1, 380.1, 425.1, 445.7-ci maddələrinə istinad etmişdir.
23. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
25. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.KMQ31
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
42. Hazırkı iş üzrə tərəflər arasında pul vəsaitinin qaytarılması üçün konkret müddətin müəyyən edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iş materiallarında pul vəsaitinin tam olaraq hansı tarixlərdə və hansı şərtlərlə verilməsinə dair dəqiq və birmənalı məlumatlar mövcud deyildir. Bununla yanaşı, pul vəsaitinin qaytarılması üçün konkret müddətin razılaşdırılması da öz təsdiqini tapmamışdır.
43. Eyni zamanda iş materiallarında iddiaçının borcun qaytarılmasını ilk dəfə hansı tarixdə tələb etməsi, eləcə də cavabdehin həmin tələbi hansı tarixdə rədd etməsi barədə mötəbər sübut mövcud deyildir. Əksinə, iş üzrə toplanmış sübutlardan görünür ki, tərəflər arasında borcun qaytarılması ilə bağlı münasibətlər sonrakı dövrdə də davam etmiş, cavabdeh borcun mövcudluğunu inkar etməmişdir.
44. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş “WhatsApp” yazışmaları və səs yazılarından görünür ki, cavabdeh iddiaçı qarşısında borcunun mövcudluğunu inkar etməmiş, əksinə, həmin borcu hissə-hissə qaytaracağını bildirmiş, aylıq ödənişlər etməyə hazır olduğunu ifadə etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli yazışmada ödənişin ayın sonunda həyata keçiriləcəyini qeyd etməsi, eyni zamanda ## ##### 2025-ci il tarixli səs yazılarında 20.000 manat məbləğində borc üzrə aylıq ödənişlərdən bəhs etməsi və ödənilmiş məbləğlərin həmin borcdan çıxılıb-çıxılmamasını soruşması onun borcu etiraf etməsini təsdiq edir.
45. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 100 manat və ##.##.2025-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 280 manat məbləğində ödəniş etmişdir. Borcun qismən ödənilməsi, habelə onun qaytarılacağına dair vədlərin verilməsi öhdəliyin mövcudluğunu qəbul edən hərəkətlər olmaqla borcun etirafı kimi qiymətləndirilməlidir.
46. Eyni zamanda kollegiya qeyd edir ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər iddia müddətinin axımını kəsir və belə hallarda iddia müddəti yenidən hesablanır.
47. Göstərilən hallar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında borcun qaytarılması ilə bağlı münasibətlər uzun müddət davam etmiş, cavabdeh borcu inkar etməmiş, əksinə onun qaytarılacağına dair vədlər vermiş, qismən ödənişlər etmiş və öhdəliyin mövcudluğunu təsdiq edən davranışlar nümayiş etdirmişdir. Belə şəraitdə iş üzrə iddia müddətinin başa çatdığı və iddiaçının tələb irəli sürmək hüququnu itirdiyi barədə nəticəyə gəlmək mümkün deyildir.
48. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.