Məhkəmə qərarları › İş №e-2-2(3-6)-511/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-511/2026

09.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-511/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: istehsal müəssisələri üçün elektrik enerjisinin tarifi, enerji sərfiyyatına görə artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş vəsaitin gələcəkdə yaranacaq borcla əvəzləşdirilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh ASC arasında ##.##.2020-ci il tarixdə bağlanmış “Elektrik enerjisinin alqı-satqısı” müqaviləsində 1 kvts aktiv elektrik enerjisi üçün ƏDV daxil 0,09 manat; ##.##.2024-cü il tarixdə bağlanmış “Elektrik enerjisinin alqı-satqısı” müqaviləsində 1 kvts aktiv elektrik enerjisi üçün 0,11 manat; ##.##.2025-ci il tarixdə bağlanmış “Elektrik enerjisinin alqısatqısı” müqaviləsində 1 kvts aktiv elektrik enerjisi üçün 0,106 manat məbləğində tarif müəyyən edilmişdir.

2. İddiaçı MMC-nə 2021-ci ilin dekabr ayından elektrik enerjisinin sərfiyyatına görə borc 11,0 qəpikdən hesablanmışdır (abonent saldosu).

3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-nə ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə məktublar ünvanlanaraq, MMC-nin istehsal müəssisəsi olduğu bildirilmiş, buna görə də elektrik enerjisinin tarifinin 0,10 manatdan hesablanması, əvvəlki illər üçün ödənilmiş artıq vəsaitin geri qaytarılması, yaxud gələcəkdə istehlak olunacaq enerjinin dəyəri ilə əvəzləşdirilməsi xahiş edilmişdir.

4. “xxxx" ASC tərəfindən “xxxx" MMC-yə ünvanlanmış ## ####### 2024-cü il tarixli **- **/*-*/**-*****/**** saylı cavab məktubunda qeyd edilmişdir ki, “tarif təsnifatına yenidən baxılması üçün fəaliyyət istiqamətinin aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmasına dair arayışın Cavabdeh ASC-yə təqdim edilməsi zəruridir. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı müəssisənizə ünvanlanmış elektron qaimələr tərəfinizdən təsdiqlənmiş və ödəmələr həyata keçirilmişdir”.

5. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli **-**/*-*/**-****/**** saylı cavab məktubunda qeyd edilmişdir ki, “**/*a saylı abonent kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsi ilə hesablaşmalarda müvafiq tarif təsnifatının tətbiqi aidiyyəti dövlət orqanı tərəfindən fəaliyyət istiqamətinin təsdiq edilməsi barədə verilmiş arayışın enerjitəchizatı müəssisəsinə təqdim edidiyi tarixdən etibarən nəzərə alınmışdır”.

6. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinin İddiaçı MMCnə ünvanladığı ##.##.2024-cü il tarixli və ## #### 2025-ci il tarixli məktublarda (məktubların qoşmasında) göstərilmişdir ki, MMC-nin fəaliyyət növü aşağıdakılardır: “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması”, “sənaye və tikinti üçün qum və çınqıl hasilatı”, “yanğından mühafizə sistemlərinə texniki xidmət və təmiri”, “binaların əsasən metaldan yaymatikinti konstruksiyalarının istehsalı”, “kompüterlərin pərakəndə satışı”, “geniş çeşidli malların pərakəndə satışı (burada ərzaq məhsulları, içkilər və tütün məmulatı üstünlük təşkil etmir)”.

7. “xxxx” ASC tərəfindən İddiaçı MMC-nə 2022-ci ildə cəmi 269 065,800 kvts enerji istehlakına dair 12 ədəd, 2023-cü ildə cəmi 252 152,255 kvts enerji istehlakına dair 11 ədəd, 2024cü ildə cəmi 670 954,300 kvts enerji istehlakına dair 12 ədəd e-qaimə göndərilmişdir.

8. İddiaçı MMC tərəfindən 2022-2024-cü illər ərzində istehlak olunmuş 1 192 172,355 kvts enerji üçün 0,11 manat hesabı ilə ümumilikdə 128 044,99 manat ödəniş həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) “xxxx" Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal fəaliyyəti ilə məşğul olduğundan, son üç illik dövrdə Tarif Şurasının istehsal müəssisələrindən elektrik enerjisindən istifadəyə görə müəyyən etdiyi tarif məbləğindən Cavabdeh ASC-yə artıq ödənilmiş 8827,76 manat pul vəsaiti iddiaçının gələcək fəaliyyəti dövründə istifadə ediləcək elektrik enerjisi xidmət haqqı məbləğləri ilə əvəzləşdirilməsi öhdəliyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2005-ci ildə hüquqi şəxs olaraq ilkin dövlət qeydiyyatından keçmişdir və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal fəaliyyəti ilə məşğul olur. MMC-nin istehsal fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hüquqmüəyyənedici sənədi əldə etmək məqsədilə Vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı tərəfindən MMC-nin istehsal fəaliyyəti növü barədə məlumat onlayn kargüzarlıq qaydasında ##.##.2024-cü il tarixdə *-**-*-*/*-******/**** saylı məktubla cavablandırılmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh ASC arasında illərdir ki, xidmət müqavilələri əsasında elektrik enerjidən abonent olaraq istifadə edilir. Tərəflər arasında ##.##.2020-ci il tarixdə ****** saylı, ##.##.2024-cü il tarixdə 407237 və ##.##.2025- ci il tarixdə ****** saylı xidmət müqavilələri əsasında fəaliyyət davam etdirilir. “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, tərəflər arasında ##.##.2020-ci il tarixdə bağlanmış müqavilədə 1 kvts aktiv elektrik enerjisi üçün ƏDV daxil 0,09 manat həcmində tarif, ##.##.2024cü il tarixli müqavilədə 1 kvts aktiv elektrik enerjisi üçün 0,11 manat və ##.##.2025- ci il tarixli müqavilə üzrə 1 kvts aktiv elektrik enerji üçün 0,106 manat tarif müəyyən edilmişdir. Beləliklə cavabdeh qaydalar ilə müəyyən olunmuş tarif şərtlərinə əməl etmədən istehsal müəssisəsinə münasibətdə tarifi düzgün tətbiq etməmişdir. Nəticədə istehsal müəssisəsindən artıq pul almışdır. Cavabdeh tərəfindən 2022-ci il dövrü üçün iddiaçıya 12 ədəd e-qaimə göndərilmişdir. Bu eqaimələr üzrə 2022-ci ildə 269065,800 kvts enerjidən istifadə edilmişdir; Cavabdeh tərəfindən 2023-cü il dövrü üçün iddiaçıya cəmi 11 ədəd e-qaimə göndərilmişdir. Bu e-qaimələr üzrə 2023cü ildə 252152,255 kvts enerjidən istifadə edilmişdir. Cavabdeh tərəfdən 2024-cü il dövrü üçün iddiaçıya cəmi 12 ədəd e-qaimə göndərilmişdir. Bu qaimələr üzrə 2024-cü ildə 670954,300 kvts enerjidən istifadə edildiyi qeyd olunur. Son üç il müddətində xidmət müqavilələri əsasında istehsal müəssisəsi tərəfindən 1192172,355 kvts enerjidən istifadə olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli ** nömrəli qərarına əsasən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kvts-dən az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinin istehlak etdikləri elektrik enerjisinin təchizatı (satışı) “Energetika haqqında” AR qanununun 22-ci maddəsinə uyğun olaraq müəyyən edilən qiymətlə həyata keçirilir. Qeyd olunan qərar əsasında “xxxx” əsasında istehsal müəssisələri üçün tarif 0,10 qəpik müəyyən olunmuşdur. Son üç il dövründə istifadə olunmuş 1192172,355 kvts enerjidən istifadəyə görə 119217,23 manat (0,10 qəpik) xidmət haqqı ödənilməli olduğu halda, istehsal müəssisəsi tərəfindən texniki səhv nəticəsində cəmi 128044,99 manat ödənilmiş, nəticədə 8827,76 manat artıq ödəniş icra edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, “Azəriqaz” İB-nin nümayəndəsi iddianın əsassız olduğunu, tarifin düzgün tətbiq edildiyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin **/*a nömrəli abonent kodu üzrə 2022, 2023 və 2024-cü illər ərzində 1 kub metrinin dəyəri 10 qəpik hesablanmaqla elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləği 119 217,34 manat, 1 kub metrinin dəyəri 11 qəpik hesablanmaqla hesablanmış borc məbləği isə 131 139,07 manat məbləğində təşkil edir.

14. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfin fəaliyyət növlərindən biri olan istahsal fəaliyyətini xxxxnin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ##.##.2021-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş xxxxnin 4.2-ci bəndində nəzərdə tutulmuş kVts dəyərini “digərləri üçün 10,0 qəpik” bəndinə aid etmək olsa da, iddiaçının digər xidmət, satış və s. kimi fəaliyyəti də vardır. Bu isə qeyd edilmiş qərarın 4.2-ci bəndində nəzərdə tutulmuş kVts dəyərini ticarət və xidmət sahələri üçün nəzərədə tutulmuş 11,0 qəpik aiddir.

16. Məhkəmə qeyd etmişdir ki, ticarət və xidmət, istehsal fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-yə elektrik enerji sərfiyyatı Cavabdeh ASC tərəfindən Tarif Şurasının qərarlarına uyğun olaraq düzgün şəkildə hesablama aparılmışdır.

17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci, 1.3-cü bəndlərinə, xxxxnin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ##.##.2021-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş xxxxnin 4.2-ci bəndinə, xxxxnin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş xxxxnin 3.2-ci bəndinə istinad etmişdir.

18. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

23. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

24. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

25. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

26. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

27. Maddı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

30. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

31. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

“Elektrik enerjisindən istifadə Qaydaları”

32. Bənd 1.1. Abonent (əsas istehlakçı) elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.

33. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

34. Bənd 8.6. İstehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”

35. Bənd 4.2. Qeyri-əhali qrupu üçün elektrik enerjisinin kVts dəyəri ticarət və xidmət sahələri üzrə 11 qəpik, digərləri üzrə 10,0 qəpik təşkil edir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”

36. Bənd 3.2. Qeyri-əhali qrupu üçün elektrik enerjisinin kVts dəyəri sənaye və kənd təsərrüfatı sahələri üzrə 10,6 qəpik, digərləri (o cümlədən, avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələri) üzrə 12,5 qəpik təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.

44. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

46. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

47. İddiaçı MMC-nin iddiasına görə, istehsal fəaliyyəti ilə məşğul olduğundan ona münasibətdə elektrik enerjisi üzrə istehsal müəssisələri üçün müəyyən edilmiş tarif tətbiq edilməlidir, lakin cavabdeh tərəfindən daha yüksək tarif tətbiq edildiyi üçün son 3 ildə 8827,76 manat artıq ödəniş həyata keçirmişdir.

48. İddiaçı MMC-nin istehsal müəssisəsi olduğu, 2022-2024-cü illər ərzində 1 192 172,355 kvts enerji istehlak etdiyi, həmin istehlak üçün 0,11 manat hesabı ilə ümumilikdə 128 044,99 manat ödəniş həyata keçirdiyi, 2025-ci ildən etibarən ona satılan enerjinin 1 kvts-nın 0,106 manatdan hesablandığı, göstərilən dövrdə onun ümumilikdə 128 044,99 manat ödəniş həyata keçirdiyi işin mübahisələndirilməyən hallarıdır.

49. 2022-2024-cü illər ərzində istehsal müəssisələri üçün elektrik enerjisinin kVts dəyəri 10,0 qəpik müəyyənləşdirildiyindən (Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli qərarı) kollegiya hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas vardır və iddiaçının həmin dövrdə cavabdehə artıq ödədiyi 8827,76 manat onun gələcəkdə istehlak edəcəyi enerjinin dəyəri ilə müvafiq həcmdə əvəzləşdirilməlidir.

50. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, artıq cavabdeh özü də iddiaçıya 2022-2024-cü illər ərzində tətbiq olunan tarifin yanlış olduğunu qəbul etmiş, ona elektrik enerjisini istehsal müəssisələri üçün nəzərdə tutulan tariflə satmağa başlamışdır.

51. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınıb müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş vəsaitin gələcəkdə yaranacaq borcla əvəzləşdirilməsi” tələbi təmin olunsun. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-2024-cü illər ərzində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə artıq ödədiyi 8827,76 manat onun gələcəkdə istehlak edəcəyi enerjinin dəyəri ilə müvafiq həcmdə əvəzləşdirilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləği iddiaçının özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar