Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-518/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” şirkətinin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: göndərmə müqaviləsi, pul öhdəliyinin icra edilməməsi, iddia müddətinin tətbiqi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. “xxxx” şirkəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış ##.##.2018-ci il tarixli, AZ/** nömrəli satış müqaviləsinə əsasən, satıcı Antalya şəhərində keçirilmiş sərgidə nümayiş olunan mallardan alıcının seçdiyi sifarişləri alıcıya çatdırmağı, alıcı isə malların dəyərini ABŞ dolları ilə, müqaviləyə əlavədə göstərilən üç hissəli ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, ödəniş gecikdikdə hər gecikdirilən gün üçün borc məbləğinin 0,2%-i həcmində cərimə borcunun ödənilməsi razılaşdırılmışdır.
2. ##.##.2018-ci il tarixli, AZ/** nömrəli satış müqaviləsinə əlavəyə əsasən, sifariş edilmiş malların cəmi dəyəri 20 898 ABŞ dolları, avans ödənişi 30% (6 200 ABŞ dolları) müəyyən edilmiş, Cavabdeh tərəfindən 2 500 ABŞ dolları avans ödənilmiş, qalan avansın ##.##.2018-ci ilədək, malların dəyərinin isə hissə-hissə – ##.##.2018, ##.##.2018 və ##.##.2018 tarixlərində müvafiq olaraq 4 800, 4 800 və 5 098 ABŞ dolları ödənilməsi razılaşdırılmışdır.
3. Tərəflər arasında imzalanmış, çap variantında tarixi “##.##.2018-ci il” göstərilmiş, sonradan isə əl ilə “##.##.2021-ci il” olaraq düzəliş edilmiş D/D/AZ-**/** nömrəli üzləşdirmə aktından müəyyən olunur ki, ##.##.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən ümumilikdə 14 632 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş, qalıq borc isə 4 030 ABŞ dolları təşkil edir.
4. “xxxx” şirkətinin nümayəndəsi tərəfindən birtərəfli qaydada tərtib edilmiş, Cavabdeh aid olduğu qeyd olunan hesab ekstersindən müəyyən olunur ki, Cavabdeh qalıq borcu 4 030 ABŞ dolları təşkil edir.
5. Tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, D/AZ-**/** nömrəli üzləşdirmə aktına əsasən, Cavabdeh tərəfindən həmin tarixdə qalıq borcdan 295 ABŞ dolları məbləğində vəsait nağd qaydada ödənilmişdir. Qeyd olunan ödəniş nəzərə alındıqdan sonra Cavabdeh “xxxx” şirkəti qarşısında qalıq borcu 3 735 ABŞ dolları təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı “xxxx” şirkəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3 735 ABŞ dolları əsas borc və 265 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4 000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 109 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 18 662 ABŞ dolları olan mallar göndərilmiş, lakin cavabdeh tərəfindən ümumilikdə 14 532 ABŞ dolları ödənilmişdir. Müqavilə və onun əlavəsinə əsasən bütün ödənişlər ##.##.2018-ci il tarixədək həyata keçirilməli olsa da, cavabdeh malları qəbul etməsinə baxmayaraq borcunu tam ödəməmişdir. Cavabdehin iddiaçıya olan borcu tərəflər arasında imzalanmış ##.##.2021-ci il tarixli üzləşdirmə aktı ilə təsdiq edilmişdir. Sonradan cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə 295 ABŞ dolları məbləğində qismən ödəniş edilmiş və nəticədə qalıq əsas borc 3 735 ABŞ dolları təşkil etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3 735 ABŞ dolları əsas borc və 120 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3 855 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı “xxxx” şirkətinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ##.##.2024-cü il tarixli üzləşdirmə aktını imzalamaqla iddiaçıya 3 735 ABŞ dolları məbləğində borcunun mövcudluğunu etiraf etmişdir. Iş materiallarındakı hesab ekstersi də borcun mövcudluğunu təsdiq edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə ödəniş öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimə tələbi ilə bağlı isə məhkəmə tərəflərin əmlak və digər diqqətəlayiq mənafelərini nəzərə alaraq cavabdehdən 120 ABŞ dolları məbləğində cərimənin tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.
10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və iddia müddətinin tətbiqinə dair ərizə verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia müddətinin tətbiq edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş üzləşdirmə aktının tarixi sonradan qanunsuz olaraq dəyişdirilmiş, 2018-ci il əvəzinə 2021-ci il göstərilmişdir. Iddiaçı iddia müddətinin keçdiyini bildiyindən bu yolla məhkəməni yanıltmağa çalışmışdır. Müqavilədən və öhdəliklərin icra müddətindən göründüyü kimi, mübahisə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilərək iddia rədd edilməli idi. Bundan əlavə, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığından proseslərdə iştirak edə bilməmiş, hüquqlarını müdafiə etmək, iddia müddətinin tətbiqi barədə ərizə vermək, habelə təqdim olunmuş sübut və sənədlərə münasibət bildirmək imkanından məhrum olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdehin üzləşdirmə aktının tarixinin sonradan dəyişdirilməsi və iddia müddətinin ötürülməsi barədə iddiaları əsassızdır. Müqavilənin əlavəsinə əsasən ödənişlərin ##.##.2018, ##.##.2018 və ##.##.2018-ci il tarixlərdə həyata keçirilməsi nəzərdə tutulduğundan, son ödəniş müddəti başa çatmadan ##.##.2018-ci il tarixli üzləşdirmə aktının tərtib edilməsi mümkünsüzdür. Bundan əlavə, hesab ekstersindən görünür ki, cavabdeh tərəfindən 2019-cu ildə də bir sıra ödənişlər edilmişdir. Bu səbəbdən ##.##.2021-ci il tarixli üzləşdirmə aktında göstərilən tarix real tərtib edilmə vaxtına uyğundur. Həmçinin cavabdeh ##.##.2024-cü il tarixdə 295 ABŞ dolları məbləğində ödəniş etmiş, ##.##.2024-cü il tarixli mədaxil qəbzini və üzləşdirmə aktını şəxsən imzalayaraq həmin ödənişi və 3 735 ABŞ dolları məbləğində qalıq borcunun olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən borcun etiraf edilməsi iddia müddətinin axımını kəsdiyindən, iddia müddətinin keçməsi barədə dəlillər əsassızdır. Etirazda, həmçinin, cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılmaması və iştirakının təmin edilməməsi barədə iddiaların həqiqətə uyğun olmadığı, işə ümumi icraat qaydasında baxıldığı, təqdim edilmiş sübutların hərtərəfli araşdırıldığı və məhkəmənin bütün qeyri-müəyyənliklərə qiymət verdiyi göstərilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində aparılmış icraatdan məlumatlı olmamışdır. Məhkəmənin SMS bildiriş və telefonoqram göndərdiyi mobil telefon nömrələri cavabdehin istifadəsində olmamışdır. Cavabdehə hazırkı məhkəmə qətnaməsi barədə məlumat icra məmuru tərəfindən verilmişdir. Cavabdeh məhkəmə qətnaməsindən xəbər tutduqdan dərhal sonra qətnaməni rəsmi qaydada əldə etmiş və apellyasiya şikayəti vermişdir.
14. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ... Maddə 375. Iddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Maddə 377. Iddia müddətinin başlanması ... 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. ... Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Maddə 383. Iddia müddəti bitdikdən sonra vəzifənin icrası Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. ...
17. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarı: ... Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. ...
18. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi ... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. ... Maddə 24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. ...
19. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarı: ... 5.8. Mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. ...
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. ... 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 138. Məhkəmə bildirişləri 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti
443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; ...
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını və qanuniliyini iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi – “cavabdeh Cavabdeh 3 735 ABŞ dolları əsas borc və 120 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3 855 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı “xxxx” şirkətinə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
25. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, mübahisəyə baxılarkən ilkin həll edilməli olan məsələ Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması, eləcə də mübahisəyə tətbiq edilməli maddi hüququn müəyyən edilməsi məsələsidir.
26. Iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli satış müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilədən irəli gələn mübahisələrin Türk hüququ tətbiq edilməklə Türkiyə məhkəmələri tərəfindən həll edilməsi barədə yurisdiksiya və hüquq seçimi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, D/Az- ** nömrəli sazişlə isə hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılacağı razılaşdırılmışdır.
27. Göründüyü kimi tərəflər ilkin olaraq Türkiyə Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyəti barədə razılığa gəlsələr də, sonrakı sazişlə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasını razılaşdırmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.1-ci maddəsinə uyğun olaraq Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmağa səlahiyyətli olduğundan müqavilə aidiyyəti üzrə MPM-in 450.1ci maddəsinin tətbiqinə zərurət yoxdur.
28. Tətbiq edilməli maddi hüquq normalarına münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 24.1-ci maddələrinə əsasən, xarici elementli müqavilə münasibətlərinə tətbiq ediləcək hüquq ilk növbədə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 1.3 və 24.3-cü maddələrinə əsasən isə hüququn seçilməsi müqavilənin bağlanması zamanı və ya sonradan həyata keçirilə və dəyişdirilə bilər.
29. Ali Məhkəmə Plenumunun **/**** nömrəli Qərarının 5.9-cu bəndinə görə, tərəflər tətbiq edilməli hüququ müqavilədən sonra da müəyyən edə və ya dəyişdirə bilərlər. Eyni zamanda həmin Qərarın 5.10-cu bəndində vurğulanır ki, xarici hüququn tətbiqi barədə müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini məhkəmədən xahiş edir və qarşı tərəf buna etiraz etmirsə, mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
30. Iş materiallarından görünür ki, ##.##.2018-ci il tarixli satış müqaviləsində mübahisələrin Türk hüququnun tətbiqi ilə həll edilməsi barədə ilkin razılaşma mövcud olsa da, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etməklə mübahisəyə həmin normaların tətbiqini xahiş etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Beləliklə, tərəflərin prosessual davranışı onların mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinə dair sonrakı iradə uzlaşmasını ifadə edir.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməli və mübahisə həmin hüquq normalarının tələbləri əsasında həll olunmalıdır.
32. Iş üzrə müəyyən edilmiş hallara əsasən, sərgidə nümayiş etdirilən mallar arasından cavabdeh tərəfindən seçilmiş məhsulların ona satılması barədə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn qarşılıqlı öhdəliklər yaranmışdır. Iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Tərəflərin hər ikisinin sahibkarlıq subyekti olması, habelə müqavilə predmeti olan əşyaların cavabdehə onun sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə satılması nəzərə alındıqda, tərəflər arasında Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsinin bağlandığı müəyyən edilir. Hazırkı iş üzrə tərəflər müqavilənin bağlanması faktını, eləcə də müqavilədən irəli gələn pul öhdəliyinin mövcudluğunu mübahisələndirmirlər.
33. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin keçdiyini, iddiaçının təqdim etdiyi üzləşdirmə aktında göstərilən tarixin sonradan dəyişdirildiyini, lakin həmin hala birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyini göstərmişdir.
34. Cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi irəli sürüldüyündən, kollegiya ilk növbədə iddia müddətinin tətbiqinə dair məsələnin apellyasiya mərhələsində irəli sürülməsinin mümkünlüyü məsələsinə, habelə göstərilən dəlillərin əsaslı olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.
35. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə tərəfindən qətnamə qəbul edilənədək verdiyi ərizə əsasında tətbiq edilir və iddia müddətinin keçməsi məhkəmənin iddianın rədd edilməsi barədə qərar qəbul etməsi üçün əsasdır.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iddia tələbinə münasibət bildirmək və etirazlarını təqdim etmək imkanı qanunvericiliyin tələblərinə uyğun qaydada təmin edilməmişdir. Bu səbəbdən cavabdeh iddia tələbinə qarşı etirazlarını və onları əsaslandıran dəlillərini məhkəməyə təqdim etmək hüququndan məhrum olmuşdur.
37. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddia ərizəsində göstərilən və cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş bütün məhkəmə bildirişləri poçt zərflərinin üzərində “köçüb” qeydi aparılmaqla məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə, cavabdehin istifadəsində olduğu ehtimal edilən mobil telefon nömrələrinə (050/070- 366-25-23) SMS bildirişlər göndərilmişdir. Həmin nömrələr məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi mobil telefon nömrələridir.
38. MPM-in 135.7-ci maddəsinin mənasına görə, SMS bildiriş yalnız şəxsin özü tərəfindən məhkəməyə təqdim edilmiş mobil telefon nömrəsinə göndərildiyi halda şəxs rəsmi qaydada məlumatlandırılmış hesab edilir.
39. Bundan əlavə, iş materiallarında cavabdehin istifadəsində olduğu ehtimal edilən digər mobil telefon nömrəsinə (051-691-29-36) telefonoqram göndərilməsi barədə qeyd mövcuddur. Lakin həmin telefon nömrəsinin cavabdehin istifadəsində olması iş üzrə mövcud olan hər hansı sübutla təsdiq edilmir. Belə ki, nə iddiaçı, nə də cavabdeh tərəfindən həmin telefon nömrəsi məhkəməyə təqdim edilməmiş, özünün bildirdiyinə görə cavabdehin belə bir telefon nömrəsinin olması iddiaçının nümayəndəsinə də məlum olmamışdır.
40. Qeyd edilənləri nəzərə almaqla kollegiya belə nəticəyə gəlir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı lazımi qaydada təmin edilməmiş, o, məhkəmə baxışında iştirak etmək, etirazlarını bildirmək, sübutlar təqdim etmək və o cümlədən iddia müddətinin tətbiqinə dair ərizə vermək imkanından məhrum olmuşdur. Buna görə də cavabdehin apellyasiya instansiyası məhkəməsində verdiyi iddia müddətinin tətbiqinə dair ərizə qəbul edilməli və mahiyyəti üzrə qiymətləndirilməlidir.
41. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin keçməsinə dair dəlillərini əsaslı hesab edir. Belə ki, tərəflər arasında imzalanmış ##.##.2018-ci il tarixli müqaviləyə əlavədən görünür ki, müqavilə üzrə son ödənişin ##.##.2018-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır. Mülki Məcəllənin 373.2-ci və 377.2-ci maddələrinə uyğun olaraq hazırkı mübahisə üzrə üç illik iddia müddətinin axımı ##.##.2018-ci il tarixdən başlamış və ##.##.2021-ci il tarixdə başa çatmışdır. Bununla belə, iddiaçı iddia müddətinin ##.##.2021-ci il tarixdə cavabdeh tərəfindən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişdir.
42. Iddiaçı iddia müddətinin keçmədiyini əsaslandırmaq üçün sübut qismində ##.##.2021-ci il tarixli üzləşdirmə aktına istinad etmişdir. Iddiaçının mövqeyinə görə, həmin akt cavabdehin borc öhdəliyini etiraf etməsini təsdiq edir və buna görə də Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımını kəsmişdir. Bu halda iddia müddətinin kəsilməsinə səbəb olan hüquqi faktın – yəni cavabdehin 2021-ci ildə borcunu etiraf etməsinin sübut edilməsi yükü iddiaçının üzərinə düşür.
43. Kollegiya tərəfindən həmin sənəd tədqiq edilərkən müəyyən edilmişdir ki, aktın tarix hissəsində ilkin olaraq “##.##.2018-ci il” qeydi göstərilmiş, sonradan həmin tarix üzərində əl ilə düzəliş aparılaraq “##.##.2021-ci il” qeyd edilmişdir. Sənədin özündə bu düzəlişin tərəflər tərəfindən təsdiq edildiyini göstərən hər hansı qeyd və imza mövcud deyildir.
44. Iddiaçı sənədin həqiqətən ##.##.2021-ci il tarixdə tərtib edildiyini əsaslandırmaq üçün hesab ekstersinə istinad etmişdir. Lakin həmin sənəd iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş daxili uçot sənədi olmaqla, onda əks olunmuş məlumatlar ilkin maliyyə sənədləri, bank çıxarışları, kassa mədaxil orderləri və ya digər obyektiv sübutlarla təsdiq edilməmişdir. Buna görə də həmin sənəd təkbaşına üzləşdirmə aktının məhz 2021-ci ildə tərtib olunduğunu və cavabdehin həmin tarixdə borcu etiraf etdiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
45. Beləliklə, iş materiallarında olan sübutlar cavabdehin 2021-ci ildə borc öhdəliyini etiraf etməsini və bununla da Mülki Məcəllənin 380.1-ci maddəsinin mənasında iddia müddətinin axımını kəsən hüquqi faktın baş verdiyini etibarlı şəkildə təsdiq etmir. Sübutetmə yükünü daşıyan iddiaçı tərəfindən həmin hal sübuta yetirilmədiyindən, kollegiya sözügedən üzləşdirmə aktını iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qəbul etmir.
46. Iddiaçı həmçinin ##.##.2024-cü il tarixli üzləşdirmə aktına istinad etmişdir. Cavabdeh həmin sənəddə əks olunmuş imzanı və 295 ABŞ dolları məbləğində ödənişin həyata keçirildiyini mübahisələndirmir. Bununla belə, iş materiallarından müəyyən edilir ki, sözügedən sənəd iddia ərizəsinin artıq məhkəməyə təqdim edilməsindən sonra tərtib olunmuşdur.
47. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcun etiraf edilməsini təsdiq edən hərəkətlər etdiyi halda iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş müddət yeni müddətə daxil edilmir.
48. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin kəsilməsi institutu yalnız davam edən iddia müddətinə münasibətdə tətbiq edilə bilər. Qanun həmin normada iddia müddətinin “axımının kəsilməsi” anlayışından istifadə edir. Iddia müddəti artıq başa çatdıqdan sonra onun axımı mövcud olmadığından, belə müddətin sonradan borcun etiraf edilməsi yolu ilə yenidən kəsilməsi mümkün deyildir.
49. Bu yanaşma Mülki Məcəllənin 383-cü maddəsinin məqsədinə də uyğundur. Qanunverici iddia müddəti keçdikdən sonra öhdəliyin natural öhdəlik kimi mövcudluğunu qəbul edərək müddətin keçməsindən sonra borclunun könüllü icrasının hüquqi nəticələrini ayrıca tənzimləyib və belə icranın geri tələb edilə bilməyəcəyini müəyyən edib. Əgər iddia müddəti bitdikdən sonra edilən hər bir ödəniş və ya borcun etirafı avtomatik olaraq yeni iddia müddəti yaratsaydı, MM-in 383-cü maddəsində nəzərdə tutulmuş ayrıca tənzimləməyə ehtiyac qalmazdı.
50. Hazırkı iş üzrə iddia müddəti ən geci ##.##.2021-ci il tarixdə başa çatmışdır. Cavabdehin 295 ABŞ dolları məbləğində qismən ödəniş etməsi və ##.##.2024-cü il tarixli üzləşdirmə aktını imzalaması isə bundan təxminən üç il sonra baş vermişdir. Həmin hərəkətlər iddia müddəti başa çatdıqdan sonra həyata keçirildiyindən, onlar Mülki Məcəllənin 380.1-ci maddəsinin tətbiqi üçün əsas yarada bilməz.
51. Kollegiya həmçinin nəzərə alır ki, ##.##.2024-cü il tarixli üzləşdirmə aktı tərəflər arasında yeni öhdəliyin yaranmasına, əvvəlki öhdəliyin novasiya qaydasında əvəz edilməsinə və ya yeni müqavilə münasibətinin formalaşmasına dəlalət etmir. Həmin sənəd yalnız əvvəlki öhdəlik üzrə mövcud hesab edilən borcun məbləğini əks etdirir. Buna görə də həmin sənəd yalnız iddia müddəti keçdikdən sonra öhdəliyin qismən könüllü icrası kimi qiymətləndirilə bilər.
52. Kollegiya qeyd edir ki, hazırkı iddianın verilməsi zamanı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə üç illik iddia müddəti ötürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən bu hal iddianın rədd edilməsi üçün əsasdır.
53. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakının lazımi qaydada təmin edilməməsi şəraitində iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, iddia müddətinin tətbiqi üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət vermədən iddianı qismən təmin etmişdir. Nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaradır.
54. Beləliklə kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2-2(113)-6865/2024 nömrəli qətnaməsi – “cavabdeh Cavabdeh 3 735 ABŞ dolları əsas borc və 120 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3 855 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı “xxxx” şirkətinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
55. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53 manat pul isə iddiaçıdan alınıb cavabdehə ödənilməlidir.
56. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi – “ cavabdeh Cavabdeh 3 735 ABŞ dolları əsas borc və 120 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3 855 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı “xxxx” şirkətinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Iddiaçı “xxxx” şirkətinin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53 (əlli üç) manat pul iddiaçı “xxxx” şirkətindən alınıb cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.