Məhkəmə qərarları › İş №e-2-2(3-6)-523/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-523/2026

05.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-523/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASCnin cavabdehlər cavabdeh2 MMC və Mirzoyev Tariyel Seyran oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, borcalan cavabdeh2 MMC arasında bağlanan kredit məhsuları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər üzrə kredit verilməsinə dair əsas şərtlər - ## ###### 2024-cü il tarixli RB/KM-****-REST nömrəli razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 15% dərəcəsi ilə, 6 aylıq güzəşt müddəti olmaqla, 1.197.514,13 manat məbləğində kredit ayrılmışdır, kreditin təyinatını restrukturizasiya təşkil edir.

2. İddiaçı ASC, borcalan cavabdeh2 MMC və zamin cavabdeh1 arasında bağlanan ## ###### 2024-cü il tarixli RB/KM-****-REST nömrəli zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmeti ****** nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər (sonra - Ümumi Şərtlər), Ümumi Şərtlər üzrə ##.##.2024 tarixli Kredit verilməsinə dair Əsas şərtlər”- Razılaşma RB/KM-1603- REST, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş cavabdeh2 MMC, cavabdeh1 (VÖEN: **********) (bundan sonra “Borcalan” adlanacaq) tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. 2.1-ci bəndinə əsasən bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 2.1.1-ci bəndinə əsasən 1 197 514,13 manat təşkil edən kredit məbləği; 2.1.2-ci bəndinə əsasən 24 ay təşkil edən kreditin qaytarılma müddəti. Kredit üzrə güzəşt müddəti (möhlət) 6 ay təşkil edir. Borc alan kredit üzrə hesablanmış faizləri hər ay olmaqla, əsas borc ödənişi isə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq ödəyir; 2.1.3-cü bəndinə əsasən kredit üzrə illik 15 (on beş) faizlə hesablanacaq məbləğ; 2.1.4-cü bəndinə əsasən Bu Müqavilənin 2.1.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişlərin gecikməsi halında ödənilməmiş məbləğin gecikmə faizi bu Müqavilənin 2.1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi əlavə edilərək hesablanır. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, gecikmə faizləri borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 4.3-cü bəndinə əsasən zamin borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında bu Müqavilənin 4.2- ci maddəsi nəzərə alınmaqla ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır. 4.4-cü bəndinə əsasən zamin bəyan edir və öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixə olan bütün əmlakı (daşmar və daşınmaz əmlak, banklarda əmanətlər və s., lakin bununla məhdudlaşmamaqla) ilə, habelə həmin tarixdən sonra əldə etmiş və əldə edəcək bütün əmlakı ilə (vərəsəlik hüququ üzrə əldə etdiyi əmlak da daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla), bundan əlavə ümumi birgə mülkiyyətdə və paylı mülkiyyətdə olan əmlakın, hüquqi şəxslərin nizamnamə kapitalında olan payların Zaminə aid hissəsi ilə də Borclunun Kreditor qarşısındakı öhdəliklərinin vaxtında, tam və lazımi qaydada icrasına və öhdəliklərin icrası üçün Kreditor qarşısında Borclu ilə bərabər məsuliyyət daşıyacaqdır. 4.5-ci bəndinə əsasən zamin Kreditor tərəfindən Kredit Müqaviləsinə əsasən əsas kredit borcunun, faizlərin, gecikmə faizlərinin və digər ödəmələrin vaxtından əvvəl həm Zamindən, həm də Borc alandan tutulmasına razılığını bildirir.

3. İddiaçı ASC, Borcalan cavabdeh2 və girov qoyan cavabdeh1 arasında bağlanan ## #### 2024-cü il tarixli RB/KM-****-REST nömrəli girov müqaviləsinin: 1.1-ci bəndinə əsasən, girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1.1-ci bəndində göstərilən əmlakı RB/KM-1603 REST saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova verir. 1.3-cü bəndinə əsasən, girov qoyan bu müqaviləni imzalamaqla qanuna uyğun olaraq bu müqavilə əsasında yaranan yüklülük haqqında bildirişin reyestrda qeydiyyata alınmasına öz razılığını bildirir. 3.1-ci bəndinə əsasən, girov verilən əmlaklar aşağıdakılardır:

1. Buxarlandırıcı və kondensatorlu soyuducu Evaporato;

2. SS Gigiyenik konveyer kəməri 10MTR, S (Jenerings.Com);

3. SS Gigiyenik konveyer kəməri 5MTR, S (Jenerings.Com);

4. Qablaşdırma və ya bükmə avadanlığı (FAM);

5. Meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings);

6. Paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün;

7. Qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla;

8. Xurma əzən aparat 4kw 2800 d/dəq (Zeyem);)

9. Doypak avadanlığı DPM-8BT (Argicultura ALFA PACK);

10. -25C rejimli soyuducu anbarlı tikinti quraşdırma;

11. Soyuducu anbarda metal konstruksiyalı yığılma rəflər;

12. SUS nəmləndirici qurutma maşını 4000*1500*2700;

13. Uzaqdan idarə paneli M/T;

14. Generator seti 825 KVA 750 və 1250 KVA Servo regulator;

15. Pilinq maşını (soyma maşını);

16. Uretan qurutma dayağı 4200*12500*2700;

17. Nəmişlik ölçü cihazı;

18. Transpalet tərəzili “Hochkraft” 2000kq universal avadanlıqlar) 3.2-ci bəndinə əsasən, girov ilə yüklü edilmiş əmlak kredit müqaviləsi üzrə girov saxlayanın tələblərini öhdəliklər tam yerinə yetirilənə qədər təmin etməlidir. 6.1-ci bəndinə əsasən, aşağıdakı hallarda girov saxlayan girov ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir: 6.1.1. Kredit müqaviləsində nəzərdə tutulmuş əsaslar olduqda 6.1.2. Bu müqavilənin 5.1.1-5.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədikdə və bu müqavilədə nəzərdə tutulmuş digər hallar baş verdikdə 6.1.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 6.3-cü bəndinə əsasən, girov saxlayan girov predmetini hərracda və ya istənilən üsulla sata bilər.

4. ## #### 2025-ci il tarixli Rb-**/PK-**** nömrəli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixinə yaranan tələb əsas borc üzrə 1171313,73 manat, hesablanmış faiz borcu üzrə 49266,12 manat olmaqla, yaranmış ümumi borc 1220579,85 manat təşkil edir.

5. İddiaçı ASC tərəfindən cavabdeh2 MMC və cavabdeh1 ##.##.2025- ci il tarixdə pretenziya məktubu göndərilərək 3 iş günü müddətində əsas və faiz borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borcun tutulması üçün məhkməyə müraciət olunacağı bildirilmişdir.

6. İddiaçı ASC tərəfindən iş materiallarına girov predmeti olan avadanlıqlara dair Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən Çıxarış əlavə olunmuşdur.

7. “xxxx” MMC tərəfindən məhkəməyə daxil olan ##.##.2025-ci il tarixli LP***/**** saylı mütəxəssis rəyindən görünür ki, cavabdeh2 MMC-yə məxsus avadanlıqların (18 adda) hazırkı nazar dəyəri 1.768.000 manat, likvid qiyməti isə 1.502.000 manat təşkil etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə əsasən ##.##.2025-ci il tarixə cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 1 171 313.73 manat, faiz borcu üzrə 49267.3 manat təşkil edir. Rəyin nəticə hissəsində həmçinin qeyd olunmuşdur ki, borc məbləği ##.##.2025-ci il tarixə hesablandığından hesabdan çıxarış məlumatlarında qeyd olunan ##.##.2025-ci il tarixdə aparılan 20254.25 manat ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır.

9. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə 20254.25 manat, ##.##.2025-cu il tarixdə isə 254.25 manat ödəniş olunmuşdur, cari borc 1 150 805.23 manat təşkil edir.

10. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.

11. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 1401 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsi üzrə kreditə görə 1171313,73 manat, kreditdən istifadəyə görə faiz borcuna görə 49266,12 manat, cərimə borcuna görə 0 manat, cəmi borcuna görə 1220579,85 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 1401 manat pulun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsi üzrə tələbin ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş cavabdeh2 MMC-yə məxsus olan 1. Buxarlandırıcı və kondensatorlu soyuducu Evaporato; 2. SS Gigiyenik konveyer kəməri 10MTR, S (Jenerings.Com); 3. SS Gigiyenik konveyer kəməri 5MTR, S (Jenerings.Com); 4. Qablaşdırma və ya bükmə avadanlığı (FAM); 5. Meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings); 6. Paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün; 7. Qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla; Xurma əzən aparat 4kw 2800 d/dəq (Zeyem); 9. Doypak avadanlığı DPM-8BT (Argicultura ALFA PACK); 10. -25C rejimlisoyuducu anbarlı tikinti quraşdırma; 11. Soyuducu anbarda metal konstruksiyalı yığılma rəflər; 12. SUS nəmləndirici qurutma maşını 4000*1500*2700; 13. Uzaqdan idarə paneli M/T; 14. Generator seti 825 KVA 750 və 1250 KVA Servo regulator; 15. Pilinq maşını (soyma maşını); 16. Uretan qurutma dayağı 4200*12500*2700; 17. Nəmişlik ölçü cihazı; 18. Transpalet tərəzili “Hochkraft” 2000kq universal avadanlıqlara yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsi üzrə cəmi 1220579,85 manat borcunun və dövlət rüsumu ödənilmiş cəmi 1401 manat məbləğində pulun ödənilməsi, girov predmetləri satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdeh2 MMC-dən və cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15% faiz dərəcəsi olmaqla 24 ay müddətinə restruktrizasiya məqsədilə 1197514,13 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq ## ###### 2024-cü tarixdə İddiaçı ASC ilə digər cavabdeh cavabdeh1 arasında RB/KM-****-REST saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.13-cü maddəsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh2 MMC-yə və cavabdeh1n dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. ##.##.2025-ci il tarixli Pretenziya bildirişlərinə əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi təklif edilmişdir. Lakin cavabdehlər yenə də öhdəliklərini icra etməmişlər.Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin ##.##.2025-ci il tarixinə kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1171313,73 manat, kreditdən istifadəyə görə faiz borcu 49266,12 manat, cərimə borcu 0 (sıfır) manat, cəmi borcu 1220579,85 manat təşkil edir. ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı Daşınar əmlakların Girov müqaviləsinə əsasə ## ###### 2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh2 MMCyə məxsus olan 1530500 manat likvid dəyəri olan daşınar əmlaklar (adlaarı tələbdə sadalanmışdır) iddiaçı İddiaçı ASC qarşısında girov hüququ ilə yüklü edilmiş və bu barədə AR Mərkəzi Bankı tərəfindən Dövlət reyestrindən çıxarış verilmişdir. Girov müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən, Qanunla və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, daşınar əmlakın yüklülüyü yüklülük predmetində istifadə nəticəsində əldə edilmiş faydaya (gəlir, artım, bəhər, törəmə və başqa formalarına) da şamil olunur.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada ##.##.2024-cü il tarixli, RB/KM-****-REST saylı kredit müqaviləsi üzrə 1 150805.23 manat əsas borc, 49266,12 manat faiz borcu olmaqla cəmi 1 200071.35 (bir milyon iki yüz min yetmiş bir manat otuz beş qəpik) manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 1390.04 manat pulun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ##.##.2024-cü il tarixli, RB/KM-****-REST saylı daşınar əmlakların girov müqaviləsinə əsasən girov qoyulmuş cavabdeh2 MMC-yə məxsus olan aşağıdakı əmlaklara yönəldilməsi:

1. Buxarlandırıcı və kondensatorlu soyuducu Evaporato; 2. SS Gigiyenik konveyer kəməri 10MTR, S (Jenerings.Com); 3. SS Gigiyenik konveyer kəməri 5MTR, S (Jenerings.Com); 4. Qablaşdırma və ya bükmə avadanlığı (FAM); 5. Meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings); 6. Paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün; 7. Qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla; 8. Xurma əzən aparat 4kw 2800 d/dəq (Zeyem); 9. Doypak avadanlığı DPM-8BT (Argicultura ALFA PACK); 10.-25C rejimlisoyuducu anbarlı tikinti quraşdırma; 11. Soyuducu anbarda metal konstruksiyalı yığılma rəflər; 12. SUS nəmləndirici qurutma maşını 4000*1500*2700; 13. Uzaqdan idarə paneli M/T; 14. Generator seti 825 KVA 750 və 1250 KVA Servo regulator;

15. Pilinq maşını (soyma maşını); 16. Uretan qurutma dayağı 4200*12500*2700; 17. Nəmişlik ölçü cihazı; 18. Transpalet tərəzili “Hochkraft” 2000kq, həmin əmlakların ilkin satış qiymətinin 1 502 000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına iddiaçı İddiaçı ASC-nin tələbinin ödənilməsi, girov predmetlərinin satışından əldə olunan vəsaitin qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi təqdirdə qalan borc məbləğinin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pul məbləğinin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X1 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilkin olaraq qeyd edib ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilib ki, İddiaçı ASC və cavabdeh2 MMC (borcalan) arasında bağlanan ##.##.2024-cü il tarixli RB/KM-****-REST nömrəli kredit müqaviləsinə (razılaşmaya) əsasən borcalana restrukturizasiya məqsədi ilə illik 15% dərəcəsi ilə, 24 ay müddətinə, 1.197.514,13 manat məbləğində kredit ayrılmışdır. Həmin müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank və digər cavabdeh cavabdeh1 arasında ##.##.2024-cü il tarixli RB/KM-****- REST nömrəli zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalanın müqavilə üzrə borcları, həmçinin yaranan faizlər üçün borcalanla birgə məsuliyyət daşıdığını üzərinə öhdəlik götürmüşdür. Digər tərəfdən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank və cavabdeh1 arasında ##.##.2024-cü il tarixli RB/KM-1603- REST nömrəli girov müqaviləsi bağlanmış və cavabdeh1 məxsus olan və müqavilənin 3.1-ci bəndində sadalanan 18 adda daşınar əmlak girov qoyulmuşdur. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, cavabdeh isə borcun bir qismini ödəməsinə baxmayaraq bütün ödənişləri həyata keçirməmiş, beləliklə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək tərəfindən edilmiş bütün ödənişlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə ilkin olaraq kredit müqavilələrininin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edib və bununla bağlı aşağıdakıları qeyd edib: AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023cü il tarixli Qərar). İş materiallarından görünüb ki, tərəflər arasında bağlanan ##.##.2024-cü il tarixli RB/KM-****-REST nömrəli kredit razılaşmasının müddətinin 24 ay müəyyən edilməsinə baxmayaraq iddiaçı ##.##.2025-ci il tarixdə borcalana və zaminə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə əsas və faiz borcunun qaytarılmasını tələb etmişdir (məktub həmin tarixdə cavabdehlərə elektron qaydada çatdırılmışdır). Məhkəmə qeyd edib ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən iddiaçı həmin tarixədəkgecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edib: Məhkəmə kredit razılaşması üzrə bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə əsasən ##.##.2025-ci il tarixə cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 1 171 313.73 manat, faiz borcu üzrə 49267.3 manat təşkil edir. Lakin ekspert rəyinin nəticə hissəsində həmçinin qeyd olunmuşdur ki, borc məbləği ##.##.2025-ci il tarixə hesablandığından hesabdan çıxarış məlumatlarında qeyd olunan ##.##.2025-ci il tarixdə aparılan 20254.25 manat ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Qeyd edilən fakt iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış ilə də öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə ləğv olunduqdan sonra ##.##.2025-ci il tarixdə 20254.25 manat, ##.##.2025-cu il tarixdə isə 254.25 manat ödəniş olunmuşdur, həmin ödənişlər əsas borcdan silindikdən sonra əsas borc 1 150 805.23 manat təşkil edir. Əsas və faiz borcunun məbləğinə münasibətdə məhkəmə iş üzrə tərəflərin mənafeyini nəzərə alaraq və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi (iddia tələbindən kənara çıxmamaq şərti ilə), o cümlədən iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışları təhlil edərək və cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq hesab edib ki, əsas borc 1150805.23 manat, faiz borcu isə 49266,12 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxs borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı tələbində həmçinin tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsini xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edib: Məhkəmə tərəfindən girov predmeti olan 18 adda əşyanın ilkin satış (likvid) və real bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC tərəfindən məhkəməyə daxil olan ##.##.2025-ci il tarixli LP-***/**** saylı mütəxəssis rəyindən görünür ki, cavabdeh2 MMC-yə məxsus avadanlıqların hazırkı nazar dəyəri 1.768.000 manat, likvid qiyməti isə 1.502.000 manat təşkil etmişdir. Məhkəmə hesab edib ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyindən tutma girov müqaviləsi üzrə girov qoyulmuş əmlaka yönəldilməlidir. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, cavabdehlərdən müştərək qaydada cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada 1.150.805.23 manat əsas borc, 49.266,12 manat faiz borcu olmaqla cəmi 1.200.071,35 manat borc iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma daşınar əmlakların girov müqaviləsinə əsasən girov qoyulmuş cavabdeh2 MMC-yə məxsus olan əmlaklara - 1. Buxarlandırıcı və kondensatorlu soyuducu Evaporato; 2. SS Gigiyenik konveyer kəməri 10MTR, S (Jenerings.Com); 3. SS Gigiyenik konveyer kəməri 5MTR, S (Jenerings.Com); 4. Qablaşdırma və ya bükmə avadanlığı (FAM); 5. Meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings); 6. Paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün; 7. Qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla; 8. Xurma əzən aparat 4kw 2800 d/dəq(Zeyem); 9. Doypak avadanlığı DPM-8BT (Argicultura ALFA PACK); 10.-25C rejimlisoyuducu anbarlı tikinti quraşdırma; 11. Soyuducu anbarda metal konstruksiyalı yığılma rəflər; 12. SUS nəmləndirici qurutma maşını 4000*1500*2700; 13. Uzaqdan idarə paneli M/T; 14. Generator seti 825 KVA 750 və 1250 KVA Servo regulator; 15. Pilinq maşını (soyma maşını); 16. Uretan qurutma dayağı 4200*12500*2700; 17. Nəmişlik ölçü cihazı; 18. Transpalet tərəzili“Hochkraft” 2000kq yönəldilməli, həmin əmlaklar ilkin satış qiyməti 1 502 000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışından əldə olunan vəsait hesabına iddiaçı İddiaçı ASCnin tələbi ödənilməli, girov predmetlərinin satışından əldə olunan vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi təqdirdə qalan borc məbləği cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin ödənilmiş 1401 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir. Bundan əlavə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanin dəyəri 50 manat təşkil etmişdir. Dövlət rüsumu ilə bağlı məhkəmə iddia tələbinin təmin edildiyi hissəyə dair sadə riyazi hesablama aparmaqla, cavabdehlərdən tutulmalı olan dövlət rüsumunun məbləğinin 1390.04 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edib. Eyni zamanda məhkəmə hesab edib ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəlləsinin 269.1, 269.3, 270.1, 276.1, 279, 280.3, 295, 297, 298.1, 298.3, 385.1, 386, 399.1, 425.1, 425.2.1, 442, 443.1, 447.1, 448.1, 448.2, 448.4, 460.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743, 462.1, 295, 296.1-ci maddələrinə, məhkəmə xərcləri hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115, 119.1-ci maddəsinə istinad etmişdir.

17. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər.

18. Cavabdeh cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin 1.150.805,23 manat əsas borc məbləğində pulun cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması hissəsində dəyişdirilməsi, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qismən razı deyil (kredit müqaviləsi üzrə əsas borca münasibətdə), müəyyən etdiyi bəzi halları qəbul etmir və məhkəmə qətnaməsini bu hissələrdə mübahisələndirir, məhkəmə qətnaməsi bu hissədə qanuni və əsaslı olmadığından və bu qətnamənin qəbul edilməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları pozulmaqla qəbul edildiyindən, qətnamə həmin hissədə ləğv olunmalı və iddia həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin materillarına əlavə edilmiş Rabitə Bank ASC-nin Bank hesabından ## ###### 2026-cı il tarixli çıxarışdan görünür ki, cavabdeh2 MMC-nin Rabitə BankASC-yə 954.044,99 manat borcu vardır. Məhkəmə bu hissəni lazımi qaydada araşdırmamış və yalnız ekspert rəyinə istinad etməklə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Ona görə hesab edir ki, əsas borcun məbləği qətnamədə qeyd edildiyi kimi deyil, rəsmi Bank hesabından verilmiş çıxarışa əsasən əsas borc 954044,99 manat təşkil edir. Qətnamə iş üzrə müəyyən edilən həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». İşin materiallarında da göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. -742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -742.5-ci maddəsinə görə qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: -742.5.2-ci maddəsinə görə borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla);

23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh cavabdeh2 MMC qətnaməni qət edilmiş 1.150.805,23 manat məbləğində əsas borcdan 196.760,24 manat hissəsini mübahisələndirmiş, yəni apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız 196.760,24 manat məbləğində əsas borcun tutulması hissəsində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslılığı 196760,24 manat məbləğində əsas borcun tutulması hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 MMC arasında ## ###### 2024-cü il tarixli RB/KM-****-REST nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə illik 15 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə (6 aylıq güzəşt müddəti olmaqla) 1.197.514,13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə digər cavabdeh cavabdeh1 arasında zaminlik müqaviləsi, borcalan cavabdeh2 MMC ilə girov müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı İddiaçı ASC cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilə üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcunun əsas borclu və zamindən tutulmasını və tələb üzrə tutmanın girov predmetlərinə yönəldilməsini tələb edir.

30. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisələndirilən hissədə, yəni kredit müqaviləsi üzrəəsas borcun tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743.1 və 742.5-ci maddələri təşkil edir.

31. Həmin tələblərlə bağlı kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarının ödənilməsini 90 gün və ya daha çox müddətə gecikdirdiyindən bank Mülki Məcəllənin 742.5-ci maddəsinə əsasən borcun vaxtından əvvəl geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

32. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə, yəni pretenziyanın göndərildiyi tarixə banka olan əsas borcunun 1.171.313,73 manat, faiz borcunun 49.267,3 manat məbləğində olması, həmçinin hesabdan çıxarış məlumatlarında qeyd olunan ##.##.2025-ci il tarixdə aparılan 20254.25 manat ödənişin edildiyi və müqavilə ləğv edildikdən sonra cavabdeh tərəfindən ödənilmiş cəmi 20.508,5 manat məbləğində pul vəsaiti çıxılmaqla, qalıq əsas borc 1.150.805,23 manat məbləğində olması müəyyən edilmişdir.

33. Apellyasiya şikayətində mübahisələndirilən hallar (əsas borcun məbləği) üzrə işə baxan məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

34. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb etdiyindən daha az məbləğdə, təxmini 954.044,99 manat məbləğində borcunun olduğunu bildirsə də, ödənilməsi tələb edilən 196.760,24 manat məbləğində kredit bocunun ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin apellyatorun şikayətində istinad etdiyi 954.044,99 manat borcunun olması barədə ##.##.2026-cı il tarixli elektron sistemdən çıxarışa gəldikdə kollegiya qeyd edir ki, həmin çıxarışda əks olunan əsas borc və faiz borclarının müqavilə üzrə ümumi borcu deyil, ##.##.2026-cı il tarixə ödəniş cədvəli üzrə cari borclar olması aydın şəkildə göstərilmişdir.. O da vurğulanmalıdır ki, cavabdehin mübahisəli müqavilə üzrə cəmi iki dəfə -##.##.2025-ci il tarixdə 26.200,4 manat məbləğində və ##.##.2025-ci il tarixdə 20254,25 manat məbləğində ödəniş etdiyi nəzərə alınarsa, müqavilə üzrə əsas borcun 954.044,99 manat olması ehtimalı istisna olunur.

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh2 MMC Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar