Məhkəmə qərarları › İş №e-2-2(3-6)-528/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-528/2026

04.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-528/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Qədirli Vasif Vaqif oğlunun, Cavabdehin nümayəndəsi (vəkili) Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı “X4” MMC-nin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. Sifarişçi Cavabdeh MMC ilə icraçı “X4” MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, ****-**** nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən malların/işlərin satın alınması müqavilənin predmetini təşkil edir.

2. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərini öhdəsinə götürür.

3. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib mallar (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirimliş qaydada təhvil verməlidir.

4. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikasının ərazisindən kənarda satın alınan malların göndərilməsinə dair tələblərini Parisdə Beynalxalq Ticarət Palatası tərəfində nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms”in şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.

5. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən Müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin Əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 30 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.

6. Həmin müqavilənin 10.4-cü bəndinə əsasən Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 30 bank günü müddətində ödənilir.

7. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin Əlavəsində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün müəyyən olunmuş məbləğdə faiz hesablanır.

8. Sifarişçi Cavabdeh MMC ilə icraçı “X4” MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, ****-**** nömrəli müqavilə əsasında ## ###### 2023-cü il tarixli * saylı razılaşdırma protokolun 1-ci bəndinə əsasən, icraçı razılaşdırma protokolu imzalandığı tarixdən 20 həftə ərzində malları (xüsusiyyətləri sifarişçi ilə razılaşdırılmış ingilis dilində cədvələ uyğun olaraq) təmin etməyi və quraşdırmağı sifarişçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

9. Sifarişçi Cavabdeh MMC ilə icraçı “X4” MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, ****-**** nömrəli müqavilə əsasında ## ###### 2024-cü il tarixli * saylı razılaşdırma protokolun 1-ci bəndinə əsasən, tərəflər arasında mövcud olan ****-**** nömrəli ## #### 2023-cü il tarixli müqavilə əsasında bağlanmış * saylı ## ###### 2023-cü il tarixli razılaşdırma protokolunun 1-ci bəndinin birinci cümləsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

10. İcraçı (aşağıdakı cədvələ uyğun olaraq) razılaşma protokolu imzalandığı tarixdən ## #### 2024-cü il tarixinədək aşağıda göstərilən malları (xüsusiyyətlə sifarişçi ilə razılaşdırılmış) (ingilis dilində verilir) təmin etməyi və quraşdırmağı (xüsusiyyətləri * saylı qoşmada əks olunub) və sifarişçinin əvvəlcədən razılaşdırılmış Radiobaza stansiyasına çatdıraraq və müvafiq təhviltəslim sənədlərini imzalayaraq sifarişçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

11. “X4” MMC ilə Şahid arasında imzalanmış ##.##.2023-cü il tarixli, **/** nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı, sifarişçiyə həmin müqavilənin şərtləri daxilində texniki istiqamətdə xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüşdür.

12. Işlərin görülməsinə dair ##.##.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2023- cü ilin sentyabr ayı ərzində xidmət müqaviləsinə əsasən 15000 manat məbləğində texniki istiqamətdə xidmətlər həyata keçirilmişdir.

13. Seriya EBDP, ****** nömrəli, ##.##.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, “Şahid tərəfindən ümumilikdə 15000 manat dəyərində “X4” MMC-yə texniki istiqamətdə xidmətlər həyata keçirilmişdir.

14. Seriya EBDR, ****** nömrəli, ##.##.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Şahid tərəfindən ümumilikdə 15000 manat dəyərində “X4” MMC-yə texniki istiqamətdə xidmətlər həyata keçirilmişdir.

15. “X4” MMC şirkətinin idxal əməliyyatları haqqında cədvəlindən görünür ki, ##.##.2024-##.##.2024-cü illər ərzində Türkiyədən Azərbaycana müxtəlif növ mallar idxal edilmişdir.

16. “X4” MMC şirkətinin idxal əməliyyatları haqqında cədvəlindən görünür ki, ##.##.2023-##.##.2023-cü illər ərzində Çindən Azərbaycana müxtəlif növ mallar idxal edilmişdir.

17. “X4” MMC şirkətinin idxal əməliyyatları haqqında cədvəlindən görünür ki, ##.##.2024-##.##.2024-cü illər ərzində Türkiyədən Azərbaycana müxtəlif növ mallar idxal edilmişdir.

18. Gömrük rüsumları üzrə elektron (EXCEL proqramı vasitəsi ilə yığılmış və heç bir qurum tərəfindən təsdiq edilməmiş) hesabatlardan görünür ki, VÖEN: **********, bəyannamə nömrəsi 01241000172223 olan “X4” MMC tərəfindən müxtəlif vaxtlarda gömrük və idxal ödənişləri edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

19. İddiaçı “X4” MMC cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSCdən 459.889,38 manat pulun, 750 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh QSC ilə iddiaçı “X3” MMC arasında ## #### 2023-cü il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin ayrılmaz hissəsi olaraq ## ###### 2023-cü il tarixli * saylı razılaşma protokolu, ## ###### 2024-cü il tarixli * saylı razılaşma protokolu rəsmləşdirilmişdir. Həmin müqavilə və protokollar üzrə iddiaçı öz öhdəliklərini tam yerinə yetirmişdir. ## ###### 2023-cü il tarixli * saylı razılaşma protokolunun 1.19-cu bəndinə əsasən yükdaşımaları “DAP Bakı” qaydalarına uyğun həyata keçrilmişdir. “X1 –(DAP) İncoterms 2020” qaydalarına əsasən isə vergilər və digər gəlirlər kommersiya işi üzrə cavabdeh tərəfindən ödənilməli olsa da, məcbur şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Bununla da icraçıya, yəni iddiaçıya 459.889,38 manat maddi zərər dəymişdir. Qeyd olunan məbləğin iddiaçıya ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Bundan sonra iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hesab edir ki, bu halda iddia tələbi əsaslıdır, cavabdehdən 459.889, 38 manat pulun, 750 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

21. Cavabdeh Cavabdeh MMC-nin direktoru Ceyhun Ağayev elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz göndərək qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilə üzrə gömrük xərci olaraq 459889,38 manat ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sənədi əlavə etməmişdir. Bildirir ki, cavabdeh sifarişçi qismində müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri 2024-cü il ərzində tam, vaxtında və düzgün şəkildə icra etmişdir. Müqavilənin icrası nəticəsində işlər qəbul edilmiş, nəticələrdən istifadə edilmiş və tərəflər arasında faktiki olaraq müqavilə münasibətləri başa çatmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən heç bir yazılı və ya şifahi pretenziya irəli sürülməmiş, hər hansı narazılıq, etiraz və ya əlavə tələb bildirilməmişdir. Uzun müddət keçdikdən sonra, müqavilə icra edilib faktiki nəticələr əldə edildikdən sonra iddiaçı tərəfindən tələblə çıxış edilməsi vicdanlılıq və hüquqi sabitlik prinsiplərinə ziddir. Aydındır ki, mülki hüququn ümumi prinsiplərinə görə tərəf müqavilənin icrası zamanı və ya dərhal sonrasında pretenziyairəli sürmədikdə, bu onun icra nəticələrini qəbul etdiyini göstərir. Beləliklə, iddiaçı nə icra dövründə, nə də icradan dərhal sonra heç bir irad bildirməmişdir. Bu isə sonradan ortaya atılan tələblərin sonradan formalaşdırılmış və süni xarakter daşıdığını göstərir. Digər tərəfdən müqavilənin ayrılmaz hissəsi olan əlavənin 1.18-ci bəndində icra olunmalı işlərin həcmi, məzmunu, ardıcıllığı aydın və konkret şəkildə müəyyən edilmişdir. Həmin bənddə cavabdehin gömrük xərclərini ödəməsi və ya iddiaçı tərəfindən ödənilmiş gömrük xərclərinin sonradan cavabdehdən tələb olunması barədə heç bir öhdəlik nəzərdə tutulmamışdır. Habelə, iddiaçı iddia edir ki, guya işlər DAP Baku şərti ilə icra edildiyinə görə, onun öhdəliyi gömrük xərcləri cavabdeh tərəfindən ödənilməlidir. Bu iddia tamamilə əsassızıdr. Belə ki, DAP Baku faktiki olaraq tətbiq edilməmişdir. DAP (X2) şərtinin əsas və dəyişməz tələbi malların müqavilədə göstərilən konkret yerdə təhvil verilməsidir. Lakin bu iş üzrə mallar Bakıda vahid təhvil nöqtəsində təqdim edilməmişdir, müxtəlif ərazilərə daşınmış və hər bir obyektə mal kimi deyil, quraşdırıldıqdan sonra təhvil verilmişdir. Bu isə DAP anlayışının mahiyyətinə ziddir. Mallar “deliver of goods” kimi deyil, “İnstalled system” kimi təhvil verilmişdir. Mallar alıcıya ayrıayrı məhsul kimi təhvil verilməmiş, birbaşa quraşdırma, montaj, test və istismara buraxma prosesinə cəlb olunmuşdur. Belə olan halda hüquqi baxımdan “malın çatdırılması” yox, xidmət və işlərin nəticəsinin təhvili baş vermişdir. İnkoterms qaydaları isə xidmət və montaj işlərinə deyil, yalnız malların satışı və çatdırılmasına tətbiq olunur. Digər tərəfdən DAP-a görə boşaltma alıcının öhdəliyidir – lakin bunu iddiaçı özü edib. DAP şərtlərinə əsasən əsasən satıcı malları göstərilən yerə çatdırır, boşaltma isə alıcının öhdəliyidir. Bu işdə isə iddiaçı malları özü boşaltmış, özü quraşdırmış, özü montaj və istismara buraxma işlərini icra etmişdir. Bu faktın özü belə göstərir ki, tərəflər arasında faktiki münasibətlər DAP mexanizmi üzrə qurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin iş üzrə müqavilə predmeti olan müqavilənin 1.18 və 1.19-cu bəndlərində istifadə olunmuş termin və ifadələrin dil, məna və konteks baxımından düzgün anlaşılması ilə birbaşa bağlıdır. Mübahisəli məsələlərin həlli xüsusi linqvistik bilik tələb etdiyindən, məhkəmənin bu məsələləri müstəqil şəkildə qiymətləndirilməsi mümkün deyildir. Hazırki iş üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı ödənişin edilməsinə dair tapşırıq verilməmiş, iddiaçı müqavilənin 15-ci bəmndinə əsaslanaraq gömrük xərclərini ödəmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, “X4” MMC-nin qrup rəhbəri olub. 2023-cü ilin mart ayında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanıb,eləcə də həmin müqaviləyə 1 və * saylı əlavə protokollar imzalanmışdır. Sonra tərəflər arasında bank təminatı ilə bağlı razılaşma olmadı. O demişdir ki, bank ödənişi 3 faiz təşkil edir. Sonradan razılıq olundu ki, qeyd edilən bank xərci yarı-yarı ödəniləcəkdir. Bu səbəbdən də bənd əlavə edildi ki, gətirmə, çatdırılma və s. Cavabdeh MMC tərəfindən razılaşdırılmış məbləğin 70% hissəsi ilkin ödəniş olaraq ödənildi, həmin vaxtı qarşı tərəfə pulu hissə-hissə ödəmələrini xahiş etsələr də, onlar razılaşmamışlar. ƏDV müddəti 30 gün olduğu üçün pul batmışdır. Lakin buna baxmayaraq 33 sahə üzrə mal hissə-hissə gəlməyə başlamış və onlar çatdırılma və quraşdırma işlərini həyata keçirmişlər. Qalan pul ödənilmədiyi üçün Cavabdeh MMC rəhbərliyi ilə aralarında mübahisələr yaranmış və onlar əvvəl ödədikləri pulu çəkmək istədikləri üçün o, bankdan kredit götürərək işi tamamlamışdır. 2024-cü ilin mart ayında işlər təhvil verildikdən sonra şirkət tərəfindən çəkilən xərclər Cavabdeh MMC-nin rəhbərinə bildirilmiş və həmin vaxtdan onlar gömrük pulunun ödənilməsini tələb etməyə başlamışlar. Lakin pul ödənilmədiyindən, onlar hazırda məhkəməyə müraciət etmişlər.

23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

24. İddiaçı “X4” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən sadəcə excel proqram vasitəsilə yığılmış sənədə hüquqi qiymət verilərək belə qənaətə gəlinmişdir ki, həmin sübut prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Halbuki, yuxarıda qeyd edildiyi kimi excel proqramı vasitəsilə yığılmış həmin sənəd AR Gömrük Komitəsinin rəsmi internet saytından çıxarılmış sənədlərlə üzləşdirilərək iddiaçının mühasibatlığı tərəfindən eyniləşdirilmiş və məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, məhkəmə tərəflərin təqdim etdiyi bütün sübutları tədqiq edərək qərəzsiz qiymət verməli və həmin sübutlar əsasında müvafiq qətnamə qəbul etməli idi. Bundan əlavə,məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfimizdən verilmiş sübutların həqiqiliyini mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə baxışı iclası zamanı iddiaçının vəkili tərəfindən təqdim edilmiş həmin sübutların həqiqiliyinə məhkəmədə şübhə olduğu təqdirdə aiddiyyəti üzrə müvafiq sorğuların verilməsini məhkəməyə təklif etmişdir. İşdə olan X4 MMC-nin idxal əməliyyatı haqqında Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi internet saytından çıxarış və elektron hesab səhifəsinə (gömrük rüsumları üzrə vərəqə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş gömrük rüsumları və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin müqavilədə olmamasına istinad etsə də, müqaviləyə əlavə edilmiş * saylı razılaşma protokolundan da məlum olur ki, tərəflər DAP Baku 2020 İncoterms qaydalarına əsasən razılaşmaya gəlmişdir. Hesab edirik ki, bu halda həmin qaydaların şərtlərinə tərəflər tam əməl etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.

27. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə qeyd edilən elektron hesab və Excel cədvəlləri iddiaçının özünün hazırladığı və ya ümumiləşdirdiyi məlumat xarakterli materiallardan ibarətdir. Həmin materiallar cavabdehin müqavilə üzrə gömrük ödənişlərini ödəmək öhdəliyinin mövcudluğunu sübut etmir. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən həmin sənədlərə iddianın təmin olunması üçün kifayət edən sübut kimi qiymət verməmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, guya cavabdeh tərəf gömrük və idxal ödənişlərinin edilməsi faktını, yaxud həmin ödənişlərin iddia tələbi üzrə hüquqi əhəmiyyətini mübahisələndirməmişdir. İddiaçının qeyd olunan dəlili tamamilə əsassızdır. Belə ki, tərəfimizdən birinci instansiya məhkəməsində verilmiş etirazda iddiaçının 459 889,38 manat məbləğində gömrük xərci ödəməsini təsdiq edən mötəbər sənədlərin təqdim edilmədiyini, habelə həmin ödənişlərin cavabdehin müqavilə öhdəliyi olmadığını açıq şəkildə mübahisələndirilmişdir. Ümumilikdə cavabdeh tərəf olaraq mövqeyimiz iki istiqamətdən ibarət olmuşdur: birincisi, iddiaçı tərəfindən tələb edilən məbləğin mötəbər qaydada sübut olunmaması; ikincisi isə, hətta iddiaçının müəyyən gömrük və idxal ödənişləri etdiyi qəbul edilsə belə, həmin ödənişlərin cavabdehə aid edilməsi üçün hüquqi əsasın olmaması. Birinci instansiya məhkəməsi də bu mövqeyi iş materialları ilə müqayisəli şəkildə qiymətləndirmiş və iddia tələbinin sübuta yetirilmədiyi barədə əsaslı nəticəyə gəlmişdir. DAP Baku” qeydinə istinad etməklə gömrük və idxal ödənişlərinin cavabdehə aid olduğunu iddia edir. Lakin bu yanaşma müqavilənin bütöv məzmununa, tərəflərin sonrakı davranışına və iş üzrə müəyyən edilmiş faktiki hallara ziddir. Belə ki, müqavilə və razılaşdırma protokolları yalnız malların adi alqı- satqısı və vahid məntəqəyə çatdırılması modelini deyil, malların təmin edilməsi, müvafiq obyektlərə çatdırılması, quraşdırılması, montajı və nəticədə işlərin təhvil verilməsi modelini nəzərdə tutmuşdur. İş üzrə dindirilmiş iddiaçı tərəfin şahidi Şahid da təsdiq etmişdir ki, mallar hissəhissə müxtəlif sahələrə gətirilmiş, çatdırılma və quraşdırma işləri iddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçının nümayəndəsi də işlərin faktiki olaraq bu qaydada görüldüyünü inkar etməmişdir. Müqavilə üzrə işlər tamamlanmış, nəticələr qəbul edilmiş və 3 ilə yaxın müddət ərzində iddiaçı tərəfindən gömrük xərclərinin cavabdehə aid olması barədə hər hansı yazılı tələb irəli sürülməmişdir. İddiaçının yalnız işlərin icrasından və faktiki münasibətlərin başa çatmasından uzun müddət sonra “DAP Baku” qeydinə istinad etməsi vicdanlılıq, hüquqi müəyyənlik və tərəflərin formalaşmış davranışına etimad prinsipləri ilə uzlaşmır. “DAP Baku” şərti mahiyyət etibarilə malların razılaşdırılmış təyinat yerində alıcının sərəncamına verilməsini nəzərdə tutur. Hazırkı işdə isə mallar Bakı şəhərində vahid təhvil məntəqəsində cavabdehə təqdim edilməmiş, əksinə, işlərin görülməsi nəzərdə tutulan müxtəlif sahələrə aparılmış, həmin sahələrdə boşaldılmış və quraşdırılmışdır. Başqa sözlə, mallar cavabdehə sadəcə “mal” kimi deyil, quraşdırılmış sistem və görülmüş işlərin nəticəsi kimi təhvil verilmişdir. Bu faktiki model DAP mexanizminin klassik mahiyyəti ilə uyğun gəlmir. Eyni zamanda DAP şərtində malların boşaldılması bir qayda olaraq, alıcının öhdəliyi kimi çıxış edir. Hazırkı işdə isə malların boşaldılması, quraşdırılması, montajı və istifadəyə hazır vəziyyətə gətirilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. Bu hal da tərəflərin faktiki münasibətlərinin DAP mexanizmi üzrə deyil, kompleks mal təminatı və quraşdırma işi üzrə qurulduğunu göstərir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştriak edən İddiaçının nümayəndəsi (vəkili) Qədirli Vasif Vaqif oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

29. Cavabdehinnümayəndəsi(vəkili) Məmmədov Azər Məhəbbət oğlunun apellyasiy a şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İş materiallarına əsasən, sifarişçi Cavabdeh MMC ilə icraçı “X4” MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, ****-**** nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi, müqaviləyə ## ###### 2023-cü il tarixli * saylı razılaşdırma protokolu, ## ###### 2024-cü il tarixli * saylı razılaşdırma protokol imzalanmışdır.

46. Hazırda mübahisə ölkəyə gətirilən mallara görə ödənilmiş gömrük rüsumları və idxal xərclərinin hansı tərəfin üzərinə düşməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, mallar müqavilədə nəzərdə tutulmuş “DAP Baku” şərti ilə təhvil verilməli olduğundan, həmin ödənişlər cavabdeh tərəfindən edilməli idi. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirmədiyinə görə, gömrük və idxal ödənişlərini iddiaçı özü ödəməli olmuşdur. Buna görə də iddiaçı ödədiyi məbləğin cavabdehdən tutularaq ona qaytarılmasını tələb edir.

47. ##.##.2023-cü il tarixli, ****-**** nömrəli müqavilənin 8.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisindən kənarda satın alınan malların göndərilməsi ilə bağlı münasibətlər Beynəlxalq Ticarət Palatasının qüvvədə olan “İnkoterms” qaydalarına uyğun tənzimlənir. Lakin həmin müddəa tərəflərin maliyyə öhdəliklərini dəyişdirmir və malların idxalı ilə əlaqədar bütün vergi və rüsumların birmənalı şəkildə sifarişçinin üzərinə qoyulduğunu təsdiq etmir.

48. İddiaçı iddia ərizəsində “DAP Bakı” şərtinə istinad edərək ödədiyi gömrük ödənişləri və digər xərclərin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin cavabdehin üzərinə düşdüyünü təsdiq edən hər hansı müqavilə müddəası, əlavə razılaşma və ya tərəflər arasında ayrıca yazılı öhdəlik məhkəməyə təqdim edilməmişdir.

49. ##.##.2023-cü il tarixli, ****-**** nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında ## ###### 2024-cü il tarixli * saylı razılaşdırma protokolunun 1-ci bəndinə əsasən, icraçı (aşağıdakı cədvələ uyğun olaraq) razılaşma protokolu imzalandığı tarixdən ## #### 2024-cü il tarixinədək aşağıda göstərilən malları (xüsusiyyətlə sifarişçi ilə razılaşdırılmış) (ingilis dilində verilir) təmin etməyi və quraşdırmağı (xüsusiyyətləri * saylı qoşmada əks olunub) və sifarişçinin əvvəlcədən razılaşdırılmış Radiobaza stansiyasına çatdıraraq və müvafiq təhvil-təslim sənədlərini imzalayaraq sifarişçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

50. Kollegiya yuxarda qeyd olunan bəndə nəzər yetirməyi zəruri hesab edir. Belə ki, * saylı əlavənin 1-ci bəndinə əsasən “Razılaşma protokolu imzalandığı tarixdən ## #### 2024-cü il tarixinədək" İcraçı bütün öhdəliklərini ən geci ## #### 2024-cü il tarixinədək yerinə yetirməlidir. Bu tarix müqavilə üzrə icra müddətidir; "Aşağıda göstərilən malları ... təmin etməyi" İcraçı müqavilədə və əlavələrdə nəzərdə tutulmuş avadanlıqları və materialları əldə edib təqdim etməlidir. Malların texniki xüsusiyyətləri sifarişçi ilə əvvəlcədən razılaşdırılmış olmalıdır; "Və quraşdırmağı" İcraçının öhdəliyi sadəcə malın satılması ilə bitmir. O, həmin avadanlıqların quraşdırılmasını və işə hazır vəziyyətə gətirilməsini də həyata keçirməlidir. Malların texniki göstəriciləri, marka və modelləri, komplektasiyası və digər xüsusiyyətləri müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunub. İcraçı həmin göstəricilərdən kənara çıxa bilməz. "Sifarişçinin əvvəlcədən razılaşdırılmış Radiobaza stansiyasına çatdıraraq" Malların təhvil yeri əvvəlcədən müəyyən edilmiş radiobaza stansiyasıdır. İcraçı malları həmin ünvana qədər çatdırmalıdır. "Müvafiq təhviltəslim sənədlərini imzalayaraq" Təhvil faktı aktlar, qaimələr və digər sənədlərlə rəsmiləşdirilməlidir. Bu sənədlər imzalanmadan malların təhvil verildiyi tam sübut olunmuş hesab edilmir. "Sifarişçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür" Mallar sifarişçiyə təhvil verildikdən və təhvil-təslim sənədləri imzalandıqdan sonra mülkiyyət hüququ sifarişçiyə keçir.

51. Qeyd olunan bənddən görünən əsas nəticə odur ki, tərəflər malların sadəcə "DAP Bakı" şərti ilə göndərilməsini deyil, müəyyən Radiobaza stansiyasına qədər çatdırılmasını, quraşdırılmasını və təhvil-təslim aktları ilə sifarişçinin mülkiyyətinə verilməsini razılaşdırıblar.

52. Tərəflər arasında isə ##.##.2023-cü il tarixli, ****-**** nömrəli müqavilə üzrə (əlavə razılaşmalarda nəzərdə tutulan) malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halıdır.

53. ##.##.2023-cü il tarixli * saylı Razılaşdırma Protokolu və ##.##.2024-cü il tarixli * saylı Razılaşdırma Protokolu ilə icraçının üzərinə malların təmin edilməsi, quraşdırılması, çatdırılması və təhvil verilməsi öhdəliyi qoyulmuş, lakin iddiaçı tərəfindən ödənildiyi bildirilən 459.889,38 manat məbləğində vergi və ya digər ödənişlərin sifarişçi tərəfindən kompensasiya edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır.

54. Bundan əlavə, müqavilənin 10.3 və 10.4-cü bəndlərinə əsasən tərəflər arasında hesablaşmalar yalnız müqavilənin icrasını təsdiq edən sənədlər əsasında aparılır. İddiaçı isə tələb etdiyi məbləğin müqavilə üzrə təsdiqlənmiş yekun hesablaşmalara daxil edildiyini, həmin məbləğin cavabdeh tərəfindən qəbul olunduğunu və ya borc kimi tanındığını sübut edə bilməmişdir.

55. Apellyator şikayətin dəlillərində aralarında “DAP Baku 2020” İncoterms qaydalarına əsasən razılaşmaya gəldiklərindən həmin qaydaların şərtlərinə tam əməl etməli olduqlarını qeyd etsədə, incoterms qaydalarının əksinə olaraq malları quraşdırmağı, əvvəlcədən razılaşdırılmış Radiobaza stansiyasına çatdırılmağı, sifarişçinin mülkiyyətinə təhvil verməyi barədə razılığa gəlmişdir.

56. Halbuki, “DAP Baku 2020” İncoterms qaydalarına əsasən malların razılaşdırılmış təyinat yerində alıcının sərəncamına verilməsini nəzərdə tutur. Hazırkı işdə isə mallar satıcı tərəfindən Bakı şəhərində vahid təhvil məntəqəsində cavabdehə təqdim edilməmiş, əksinə, işlərin görülməsi nəzərdə tutulan müxtəlif sahələrə aparılmış, həmin sahələrdə boşaldılmış və quraşdırılmışdır.

57. “DAP Baku 2020” İncoterms qaydalarına diqqət yetirsək aydın olur ki, malların nəqliyyat vasitəsindən boşaldılması həyata keçirilmədən satıcı tərəfindən razılaşdırılmış təyinat məntəqəsinə çatdırılaraq alıcının sərəncamına verilməsini, həmçinin malların razılaşdırılmış təyinat məntəqəsinə çatdırılmasına kimi olan xərclərin (gömrük ixrac xərclərinin) satıcıya aid olduğunu nəzərdə tutur. Lakin iddiaçı yuxarıda qeyd olunan müqavilədə nəzərdə tutulmuş “DAP Baku 2020 şərtlərdən kənara çıxaraq malları təyinat məntəqəsinə çatdıraraq boşaltmış, quraşdırmış, işləri təhvil vermiş, uzun müddət keçməsinə baxmayaraq tələbində göstərdiyi xərclərlə bağlı sifarişçiyə hər hansı müraciəti olmamışdır.

58. İddiaçı ödəmiş olduğu 459.889,38 manat məbləğində gömrük rüsumuna dair excel proqramı vasitəsi ilə yığılmış və heç bir qurum tərəfindən təsdiq edilməmiş sənədlərə istinad etsə də, məhkəmə haqlı olaraq gömrük rüsumları üzrə vərəqəni sübut növü kimi qəbul etməmiş və hesab etmişdir ki, qeyd edilən sənədlər rəsmi qaydada təsdiqlənmədiyindən, onlara istinad edilərək iddia tələbinin əsaslı olduğu qənaətinə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.

59. Apellyator apellyasiya şikayətinin dəlillərində excel proqramı vasitəsilə yığılmış həmin sənədin AR Gömrük Komitəsinin rəsmi internet saytından çıxarılmış sənədlərlə üzləşdirilərək iddiaçının mühasibatlığı tərəfindən eyniləşdirildiyini və məhkəməyə təqdim edildiyini bildirsədə, hansı sənədlər əsasında tərtib olunduğunu, eyniləşdirildiyi qeyd olunmamış, bununla bağlı hər hansı rəsmi sənəd əlavə olunmamışdır.

60. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

61. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər

62. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı “X4” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar