Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-539/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh2 və İbrahimova Ramilə Tahir qızına qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsinin forması, şərikli biznes fəaliyyəti, qətnamənin düzgün əsaslandırılmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı İsa oğlunun cavabdeh2 və İbrahimova Ramilə Tahir qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı İsa oğlu ##.##.2025-ci il tarixində Sabunçu RPİ-nin 13-cü PŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci il ərzində hər dəfə ayrı-ayrı vaxtlarda Zeynal adlı şəxsə və onun həyat yoldaşı Ramilə adlı şəxsə əlavə gəlir əldə etmək məqsədi ilə ümumilikdə qızıl-ziynət əşyalarının alınması üçün Bağırla birlikdə 50 000 manat vəsait verdiklərini, (Eyvaz - 3400 manat, 5000 $, 5100 AZN, 2550 AZN, 450 AZN, 1200 AZN, Bağır - 5000 $, 1700 $, 4600 AZN, 150 AZN, 2000 AZN), həmin şəxslərin ayrı-ayrı vaxtlarda onlara gəlir olaraq müəyyən məbləğlərdə ödəniş etdiklərini, hazırda həmin şəxslərin ona və Bağıra məxsus olan ümumilikdə 50 000 manat məbləği geri qayatarmaqdan imtina etdiklərini bildirmiş, həmin məbləğin onlara geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
2. cavabdeh2 ## ### 2025-ci il tarixində Sabunçu RPİ-nin 13-cü PŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, “müxtəlif vaxtlarda Bağır və Eyvaz adlı şəxslərdən ayrı-ayrılıqda ümumi olaraq 50 000 manat məbləğində pul vəsaitini müəyyən gəlir əldə etmək məqsədi ilə almışam, həmin borcdan bir qismi tərəfimdən həmin şəxslərə ödənilmişdir. Hal-hazırda Bağır adlı şəxsə 12 700 manat, Eyvaz adlı şəxsə isə 25 000 manat borcum qalıb. Hazırda heç bir yerdə işləmədiyimə görə borcları ödəyə bilmirəm. Bildirirəm ki, borc mənə məxsusdur və ödənilməsini ən qısa müddət ərzində təmin edəcəyəm. Borcumu ödəməkdən yanınmıram və imtina etmirəm”.
3. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixində İddiaçı İsa oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, “ünvan 2 ünvanında yaşayan ##.##.1989-cu il təvəllüdlü cavabdeh2 izahatı alınmış, səmimi olaraq borcunun olmasını və bu borcun ödənilməsinə heç bir etirazı olmadığını bildirmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. cavabdeh2 barəsində qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün, ... mülki qaydada rayon Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiqdir”.
4. İddiaçı İsa oğlu ##.##.2011-ci il tarixdən, cavabdeh2 isə ##.##.2012-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Bakı şəhəri Yasamal Rayon Məhkəməsindəki icraat
5. İddiaçı İsa oğlu və Şahid (iddiaçılar) cavabdeh2 və İbrahimova Ramilə Tahir qızına (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 30 000 manatın İddiaçı İsa oğlunun xeyrinə, 16 140 manatın Şahid xeyrinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçı İsa oğlu iddia tələbini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Ailəm ilə 2021ci ilin mart ayından qızım Məmmədova Sevincin müalicəsi üçün Bakı şəhərinə gəlmişik. Sevincin diaqnozu uşaq beyin iflicidir. Bakıya gələndən bir neçə yerdə çalışmışam. Qızımın müalicəsinə çoxlu vəsait xərclənir. cavabdeh2 mənim həyat yoldaşımın qardaşı (Əbülfəz) oğludur. O, Bakıda yaşayır, İbrahimova Ramilə Tahir qızı ilə rəsmi nikahla ailə qurublar. Hər ikisi də ünvan 1 ünvanında yaşayırlar. Onlar bizə qohum olduğundan tez-tez qonaq gəlirdilər. Moskva Univermağında qızıl alveri ilə məşğul idilər və 2 ədəd qızıl polkaları var. Tez-tez birlikdə (ər-arvad) qızıl gətirmək üçün Türkiyəyə gedirdilər. Zeynal mənə hər dəfə deyirdi ki, “Eyvaz əmi alverimiz əla gedir, pulun varsa gəl bizə yatırım et, birlikdə daha çox qazanaq. Biz lombardda olan qızılları ucuz qiymətə alıb satırıq, üstündə çoxu pullar qalır. Bunun müqabilində hər ay sənə gəlirlərdən pul verim sabit məbləğin də qalsın. Nə vaxt istəsən götürə bilərsən”. Bu barədə düşünürdüm, çünki qızım Sevincin müalicəsi ilə yanaşı, nəvəm Həsənin qara ciyərlərində və dalağında da problemləri var, həmçinin ayaqlarında problem yaranmış və təcili hər iki ayağından əməliyyat olmalı idi. Bu səbəbdən Zeynalın təklifi mənim üçün fürsət kimi göründü. Bizim ailəyə zərər verəcəyini düşünmədən 2022-ci ilin aprel - avqust ayları arasında Zeynala hissə-hissə pul verdim. İlk başlarda Zeynal mənə hər ay 200-250 manat pul verirdi və deyirdi ki, “qazancımızdır, Ramilə ilə gəlirləri hesablamışıq və mənə dedi ki, apar bunu Eyvaz dayıgilə qazanc kimi ver”. Qazancın nədən ibarət olması barədə mənə məlumat verilməmşdir. Biz kirayədə yaşayırıq və artıq həm nəvəmin, həm də qızım Sevincin səhhətinə, müalicəsinə görə Bakıda yaşamağın bizim üçün daha uyğun olacağını qərara alaraq özümüzə mənzil almaq üçün maşınımı və mənə aid olan torpaqlarımı satdım. Əlimizdəki büdcəyə uyğun mənzillər axtarmağa başladıq. Hətta bu axtarışda Zeynal da bizə qoşulur, bəzən gedir evlərə də baxırdı. Amma evlərə baxanda da bizi fikirimizdən yayındırmağa çalışırdı. Arvadı ilə tez-tez bizə gələrək “bu dəqiqə nə edirsən evi, gətir yatır qızıla daha çox qazan və sonra alarsan” deyirdi. Mənə işə yatırım etməyimin daha uyğun olduğunu və ikiqat qazanacağımızı inandırırdılar. Beləliklə məni razı saldılar və razılaşdıq. Razılaşma müddətində aprel - avqust ayları ərzində 3400 manat, ##.##.2022-ci il 5000 dollar (8500 azn), ##.##.2022-ci il 3000 dollar (5100 azn), ##.##.2022-ci il 2550 azn, sonucu dəfə isə ##.##.2022-ci il 450 azn pul almışdır. İllər ərzində yekun olaraq 20.000 azn hissə-hissə pul almışdır. Bir neçə aydan bir guya qazancdan mənə sabit olmayan pul verirdilər. Bəzən isə vermirdi. Deyirdi ki, alver yaxşı oldu və ya pis oldu. Təqribi iyul ayında 2023-cü ildə Zeynal mənə zəng edərək 6000 manat pul istədi. Bidirdi ki, “lombarddan qızl çıxardıram çatmır, yaxşı pul var. Üstündə xeyir də verəcəm bir neçə günə də qaytaracam. Kimdən tapırsan tap təcili mənə pul lazımdır, verməsəm lombard qızılı başqasına verəcək”. Məndə də pul olmadığından Bağıra dedim. Bağır da mənə görə Zeynalın kartına 6000 manat göndərdi. Bir neçə gündən sonra biz kafedə görüşdük. Zeynal Bağıra dedi ki, “istəyirsən pulunu qaytarım, lakın məndə qalsa arvadım Ramilə ilə qızıl satırıq, satış edib hər ay sənə də gəlirdən xeyir verərik”. Bağır da dedi ki, “problem yoxdur dövriyyədə qalsın, amma gedib sizin işinizə də baxaq”. Mənim Naxçıvanda maşın ehtiyyat hissələri satdığım mağazam var idi. Burdan ora nəzarət edə bilmədiyim üçün mağazanı bağlamaq qərarına gəldim və ordan mənə 17 000 manat pul qaldı. Bundan da xəbərdar olan Zeynal ona təcili 20 000 manat pul lazım olduğunu, “yaxşı mal var, lombarddan çıxardıram, ucuz qiymətə götürsək çox qabağa düşəcəyimizi” dedi. Bir neçə dəfə özü arvadı ilə bizə gələrək məni inandırdı ki, bu fürsəti əldən buraxmayaq. Qısa müddətdə satış edib artıqlaması ilə verdiyin pulu tam olaraq qaytaracağıq. ##.##.2023-cü ildə Zeynala 17 000 azn verdim. 20 gün sonra xahiş etdim ki, 7000 manat başqa qohumun puludur. Onu tez qaytarmalıyam. O da mənə 20 gün sonra cəmi 2000 manat pul qaytardı. Qalan hissəsini isə ##.##.2024-cü ildə 5000 manat qaytardı. Zeynalın bu müddət ərzində ümumilikdə mənə 30 000 azn borcu qaldı. 2023-cü ilin payız aylarında Zeynal həyat yoldaşı Ramilə ilə bizə gəldilər. Qonaqlıq vaxtı Ramilə dedi ki, Zeynal mənə 30 000 manatlıq qızıl hədiyyə alıb. Evdə saxlayıram. Başqa bir vaxt qonaq gələndə isə bildirdilər ki, Memar Əcəmi metrosunun yaxınlığında yeni tikilən binadan 154 m2 ev üçün ilkin ödəniş etdik və aldıq. Ev məsələsi ortaya çıxdıqdan sonra mənə verilən qazanc oktyabr 2023-cü ildən verilmədi. Mən soruşanda isə alverin çox zəif olduğunu, amma çox keçməz düzələcəyini deyərək məni inandırdı. Mən də ona vaxt verərək işlərin yaxşı olacağını gözləsəm də Zeynal artıq yavaş-yavaş bizimlə əlaqəni kəsməyə, bizə gəlməməyə, uzaqlaşmağa başladı. İlk başlarda zənglərimi açsa da, məni yalan sözlərlə yayınmağa çalışsa da, sonradan artıq zənglərimi belə açmırdı. Sonunda 2024-cü ilin mart ayında görüşdük. Vəziyyətin nəyə görə dəyişdiyini və mənim pulumu nəyə əsaslanaraq vermədiyini soruşdum. Zeynal məyyus halda həyat yoldaşı Ramilə xanımın keçmiş həyat yoldaşını bıçaqladığını və onu bu vəziyyətdən xilas etmək üçün polisə 148 000 azn pul verdiyini dedi. Sonra da əlavə etdi ki, “sizin vəziyyətinizi də bilirəm və narahat olmayın polkada qızıllarımız çoxdur lazım gəlsə qızılları satıb sizin pulunuzu ödəyəcəyəm. Sadəcə bizə bir az vaxt verin”. Bir qohum kimi həyat yoldaşım narahatçılıq keçirərək Ramiləyə zəng edərək məsələ barədə soruşdu. Ramilə isə Zeynalın yalan dediyini, belə bir məsələ olmadığını dedi. Sonra həyat yoldaşım “bəs bizdən bu qədər alınan pullar hara getdi sualın verəndə isə, Ramilə qardaşı oğlu Zeynalın çox yalançı, fırıldaqçı və hamını aldadıb pul alan biri olduğunu” deyərək “bizdən pul gözləməyin” sözlərini də əlavə etdi. Bu hadisə üzərinə həyat yoldaşım Zeynala yenidən zəng edərək “nə məsələdi” deyə soruşdu. Zeynal “bir az səbr edin heç nə olmasa da mənim adıma ev var, Əcəmi metronun yanındadır. Olmasa son anda o evi satıb sizin pulunuzu qaytaracağam” yalanını deyərək bizi bu yolla aldadaraq özlərinə bir müddət də zaman qazandı. Bu vaxt ərzində öyrəndik ki, Zeynal təcili evi Ramilənin adına keçirdi və bir müddət sonra aydın oldu ki, ikisi də əlbirdir. Hər ikisi də fırıldaq, mənimlə bərabər bir neçə adamı da bu yolla tələyə salıblar.
7. Şahid iddia tələbini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Təqribi iyul ayında 2023cü ildə Eyvaz dayı mənə zəng edərək dedi ki, “Zeynal lombarddan qızıl çıxardır. Təcili bir neçə günlük məndən pul istədi, məndə də yoxdur. Dedim sənə deyim varsa ver üstündə qazanc da verəcək”. Mən də dedim ki, qazanca ehtiyac yoxdur. Mən də kartımdan bir qismini göndərdim və evdən götürüb verdim. Biz 10 gün sonra (Eyvaz da iştirak edirdi) görüşdük kafedə, Zeynal mənə lombardın qəbzini və alacaq pulların siyahısını göstərdi ki, bunları da verəcəm və alacam. Mənə dövriyyəyə yenə pul lazımdır. Pul üstümdədir, verə bilərəm, ancaq həyat yoldaşım Ramilə ilə birgə qızıl satırıq məlumatın var yəqin ki, bizim birgə işimizə sərmayə qoysan aylıq sənə pul verəcəyik. Dedim əsas məbləğə heç nə olmaz, dedi xeyir. Polkada çox qızıllarım var. Mən də xəbər vermədən gedib yoxlamaq istədim. Metro ilə getdim, Əcəmidə “Moskva” Univermağının yanında görüşdük. Məni mağazaya girməmiş solda bir dükana apardı. Orda arıq, məndən bir az hundur boylu oğlan satıcı idi. “Burda lombarddan çıxartdıqlarımızı satırıq” dedi. Əsas dükan isə içəridədir. İçəri girəndə sağa dönüb bir az düz gedirsən və sola dönürsən orda polkada idi. Yoldaşı da orda idi. Baxdım kifayyət qədər qızıl var qabaqlarında. “Makdonalds”da kofe içdik. “Gördüz də qızıl var, narahat olma pul batmaz orda polkada 300 000 manatdan çox qızıl var”. Bir müddət sonra Zeynal yenə yığaraq “təcili qızıl var, Götürmək lazımdır. 5000 manat pul lazımdır, bir necə günlüyə” dedi. Mən də dostumdan alıb verdim. Bir necə gündən sonra bacıma pul lazım oldu. Dedim ordan təcili mənim kartıma 2000 manat pul at, mənə 1400 manat pul göndərdi. Bir müddət sonra Zeynal yenə yazdı ki, dövrüyyəyə pul lazımdır. Mən də ona yenə pul verdim. Verdiyim toplam pulları qeyd edirəm 5000 dollar (8500 azn), 1700 dollar (2890 azn) 4600 azn (6000 m verdiyimdən mənə 1400 m göndərmişdi ), 150 manat”.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən Şahid Asiman oğlunun cavabdeh2 və İbrahimova Ramilə Tahir qızına qarşı iddia tələbinin ayrıca icraata ayrılması, eyni tarixli qərardadla isə İddiaçı İsa oğlunun cavabdeh2 və İbrahimova Ramilə Tahir qızına qarşı iddia ərizəsi üzrə işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
b) Bakı Kommersiya Məhkəməsindəki icraat
9. İddiaçı İsa oğlu iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh2 və İbrahimova Ramilə Tahir qızından müştərək qaydada 30 000 manatın alınıb ona qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdehlərin nümayəndəsi iddia tələbinə qarşı etiraz təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İbrahimova Ramilə Tahir qızına qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin birinci hazırlıq iclasında dindirilmiş həm iddiaçı Eyvaz İsa oğlu Məmmədov, həm də şahid Şahid izahatlarında qeyd etmişlər ki, iş üzrə cavabdeh Ramilə İbrahimovaya hər hansı bir məbləğdə pul verməmişlər və ya ondan hər hansı bir məbləğ pul almamışdırlar. Məhkəmə proseslərində iddiaçı Ramilə İbrahimovanın bu mübahisə üzrə hər hansı pul məbləğini alması və ya iddiaçıya qaytarması öz əksini tapmamışdır, bu barədə mötəbər sübut təqdim olunmamışdır. Onların əsaslandığı guya cavabdeh2 "Whatsap" sosial şəbəkəsindən Şahid göndərdiyi mesajda guya borcunu etiraf etməsi hissəsini qəbul etmirlər. İlk növbədə qeyd edir ki, onların təqdim etdiyi danışıqlarda söhbət cavabdeh2 və Şahid arasındadır. Konstitusiya Məhkəməsinin plenum qərarına əsasən iş üzrə üçüncü şəxslər arasında olan "Whatsup" danışıqları sübut kimi qəbul edilə bilməz. Bundan başqa iş üzrə digər cavabdeh cavabdeh2 hüquqlarını müdafiə etdiyim, guya Ramilə İbrahimovun adından göndərdiyi mesajlar obyektiv həqiqəti əks etdirmir, mesajlar göndərən şəxs Ramilə İbrahimova deyildir. Bu səbəbdən də hüquqlarını müdafiə etdiyim Ramilə İbrahimovaya qarşı qaldırılmış iddia rədd edilməlidir. cavabdeh2 Əbülfərz oğluna qarşı iddia qismən əsaslıdır. Bələ ki, iddiaçı İddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə 37 000 manat pul verməsi iş materiallarında öz təsdiqini tapmır və məbləğ şişirdilmişdir. İddiaçı İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində və məhkəmənin birinci baxış iclasında qeyd etmişdir ki, “37000 manat guya cavabdeh2 ondan pul almışdır. Həmin pulun 7000 manatını qaytarmışdır. Həmçinin 2000 manatdan dostunun pulu olmuşdur və bu pulun üzərinə o gələrək borcu hesablamaqdadır. 7300 manat isə faiz gəliri iş üzrə cavabdeh cavabdeh2 tərəfindən ona ödənilmişdir". İş üzrə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı 37 000 manat pul alması heç bir halda bu iş üzrə sübuta yetirilmir. İddiaçı polis şöbəsinə verdiyi ərizəsində qeyd etmişdir ki, 3400 manat, 5000 dollar, 5100 manat, 2550 manat, 450 manat, 12 000 manat, ümumilikdə təxminən 32 000 manata yaxın iş üzrə cavabdeh cavabdeh2 pul vermişdir. İddia ərizəsində isə həmin məbləği 37 000 manat olmaqla göstərmişdir. Onların qeyd etdikləri məbləğ absurddur və obyektiv həqiqəti əks etdirmir. 30 000 manat iddiaçı tərəfindən cavabdeh cavabdeh2 pul verilmiş, onun 7000+7300 manatı borcdan çıxmaq şərtilə ilə iş üzrə iddiaçı İddiaçı ödənilmişdir. Bundan başqa iddiaçı bildirir ki, 7300 manat məbləğ ona ödənilsə də bu məbləğ faiz gəliri olmuşdur. İş üzrə iddiaçı faiz (qazanc) adı ilə məbləğ şişirtməyə, ödədiyi pulların faiz hesablamaqla nəzərə alınmasına borcdan çıxılmamasına çalışmaqdadır. İddiaçı ilə cavabdeh arasında faiz ödənilməsinə dair hər hansı bir razılaşma yoxdur, müqavilə yoxdur. Onlar onu qəbul etmir. Hüquqlarını müdafiə etdiyi şəxsin 15 700 manat İddiaçı borcu qalmışdır. İbrahimova Ramilə Tahir qızının bu işlə hər hansı bir bağlılığı olmamış, iddiaçı İddiaçı hər hansı bir məbləğdə pul almamış və ya hər hansı bir pulun qaytarılmasında iştirak etməmişdir. Digər cavabdeh Ramilə İbrahimovaya qarşı qaldırılan iddia əsassızdır və rədd edilməlidir. cavabdeh2 qarşı iddia isə qismən təmin edilməlidir”.
11. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, iddiaçının fayda kimi əldə etdiyi məbləğ iddia tələbindən çıxılmamalıdır. Cavabdehlər arasında olan yazışmada və Ramilə tərəfindən Zeynala göndərilən mesajlarda pulun ödənilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Burdan da görünür ki, cavabdeh Ramilədən də müştərək qaydada pul tutulmalıdır.
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçı aşağıdakıları bildirmişdir: “2 il ərzində cavabdehlər tərəfindən ona 7300 manat qazanc verilmişdir. Ümumi 37 000 manat pul vermişdir, onun 2000 və 5000 manat hissəsini qaytarıblar. 30 000 manat hissəsi borc olaraq qalmışdır. Müəyyən əmlaklarını satıb o pulu qazanc əldə etmək üçün cavabdehlərə vermişdi. Cavabdehlər yoldaşının qohumu idi, yaxın münasibətləri var imiş. Cavabdehlərə cəmi 37 000 manat məbləğində pul vermişdir. Həmin əldə etdiyi qazancdan özünə ev almaq istəyirmiş. Cavabdehlərə bildirmişdir ki, ayda nə qədər qazanc versəniz razıdır. Cavabdehlər 7300 manat məbləğində qazanc, 7000 manat isə öz borcunun müəyyən hissəsini qaytarmışdır, yəni ümumilikdə ona 14 300 manat məbləğində cavabdehlər tərəfindən pul verilmişdir. O pulu hər iki cavabdehə vermiş, hər ikisi onların evlərinə gəlirdi və birlikdə iş görürdü. Həmin pulu əlbəəl cavabdeh cavabdeh2 vermişdir, lakin hər ikisi onların evdə idi. Onların birlikdə yaşamaması və ayrılması isə uydurmadır. Cavabdehlərdən birlikdə tələb etmə səbəbi ər-arvad olmalarıdır. Cavabdehlərdən pulu istədikdə yaxın müddətə evlərini satıb pulu verəcəklərini bildirdilər. Uzun müddət söz verdiklərinə görə gözlədi, lakin cavabdehlər ancaq vaxt uzadır. 15 sot torpağını satıb yeni ev almaq üçün o pulu vermişdi, hazırda evlərin qiyməti artdığına görə ona xeyli ziyan dəymişdir. O dostunun adından cavabdeh cavabdeh2 2000 manat məbləğində pul vermişdir. Dostu həmin şəxsi tanımırdı, pulu ona vermişdi, ona görə də həmin pulu cavabdehlərdən tələb edir. Cəmi 37.000 manat pul verib, onun 7000 manat hissəsi qaytarılmışdır. Əlavə olaraq bildirir ki, məbləğ polisə qədər 37.000 manat olmuşdur. 7000 manat ödənildikdən sonra 30.000 manat məbləğ qalmışdır. Əlavə 2000 manat məbləği dostu onun vasitəsilə Zeynala verildiyi üçün iddia tələbində qeyd olunmuşdur”.
13. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən pul cavabdeh cavabdeh2 verilmişdir. Digər cavabdeh İbrahimova Ramilə Tahir qızının bu proseslərdən məlumatı yoxdur. İddiaçı pulu faizlə vermişdir və 2023-cü ilin oktyabr ayına qədər verilmiş pulun faizini cavabdeh tərəf ödəmişdir. 2024-cü il tarixində 7000 manat məbləğində iddiaçıya pul vermişdir. 2025-ci il tarixində şahid kimi dəvət olunan şəxs və iddiaçı cavabdehlə bağlı polisə müraicət etmişdir. İddia ərizəsində qeyd edilən rəqəmlərin çoxu yalandır və böhtandır. Cavabdeh İbrahimova Ramilə Tahir qızı digər cavabdehin keçmiş həyat yoldaşıdır və bu proseslərdən məlumatsızdır. İddia ərizəsində qeyd olunur ki, İbrahimova Ramilə Tahir qızı güya iddiaçının evində yoldaşının ona 30.000 manat məbləğində qızıl aldığını demişdir, borcu olan adama bu sözü deməsi belə absurd haldır. Hesab edir ki, əldə olunan gəlir iddia tələbindən çıxılmalıdır və onlar həmin məbləği ödəməyə hazırdırlar. 14 300 manat məbləği çıxıldıqda 15 700 manat hissəsini cavabdehlərdən biri olan cavabdeh2 münasibətdə qəbul edir. Digər cavabdeh olan İbrahimova Ramilə Tahir qızına münasibətdə isə iddia tələbini qəbul etmir. Hər iki cavabdehdən iddia tələbini tələb etmələri səbəbi İbrahimova Ramilə Tahir qızının maddi imkanın yaxşı olması ilə bağlıdır. Təxmini 10 faiz məbləği ilə həmin pullar iddiaçıdan götürülmüşdür. Cəmi 50.000 manat məbləğində pul cavabdeh cavabdeh2 verilmişdir. Cavabdeh cavabdeh2 sırf iddiaçıdan 32 000 manat məbləğində pul götürmüşdür. Qazanc və ya faizin nə qədər olmasını dəqiq bilmir. Həmçinin bildirmişdir ki, iddiaçı sonradan pulu kommersiya məqsədilə verdiyini bildirmişdir. Onlar iddianın 15 700 manat hissəsini qəbul edirlər. Həmçinin iş üzrə digər cavabdeh Ramilənin bu işlə heç bir bağlılığı olmadığına görə ona münasibətdə iddianın təmin olunmamasını xahiş edirlər. Cavabdeh iddiaçıya məbləğdən müəyyən faiz ödəməli idi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı ilə qohum olmasalar da, yaxın münasibətləri vardır. cavabdeh2 isə İddiaçı İsa oğlunun qaynının oğludur. Cavabdehlər birlikdə qızıl işi məşğul idilər. İddiaçı özünə məxsus torpaq sahəsini və maşınını satmışdır və cavabdehlərlə iş görmək üçün pulu vermişdir. Həmçinin beyin iflici xəstəliyi olan qızı və nəvəsi olduğuna görə pula çox ehtiyacı olur. Cavabdehlər iddiaçıya müəyyən müddət qazanc versə də, sonradan qalan pulu iddiaçıya qaytarmır. İddiaçı cavabdehə təqribi 30.000 manat məbləğində pul vermişdir, onun 5000 və 2000 manat hissəsi cavabdeh tərəfindən qaytarılmışdır. Cavabdehlər pulu birlikdə iddiaçının evindən götürmüşdür. İddiaçının nə qədər qazanc əldə etdiyini dəqiq bilmir.
15. Bakı Kommersiya Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh2 25 000 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 165 manatın tutularaq İddiaçı İsa oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddiaçı iddia edir ki, cavabdehlər qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslərdir, qazanc əldə etmək üçün cavabdehlərə borc olaraq 37 000 manat pul vəsaiti verib. Cavabdehlər ona bildiriblər ki, satışlar olduqca, işlər yaxşı getdikcə müəyyən qədər qazanc verəcəklər. Həmin pul vəsaiti hesabına ona 7300 manat qazanc və borc məbləğindən 7000 manat qaytarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı hər-hansı qazanc məbləğini deyil, 37 000 manat borc məbləğindən qalan 30 000 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi isə iddianı yalnız cavabdeh2 münasibətdə qismən qəbul edərək bildirmişdir ki, iddia 15 700 manat hissədə təmin edilə bilər, belə ki, Polis İdarəsində iddiaçının verdiyi izahatdan görünür ki, 14 300 manat ödəniş edilib, 30 000 manatdan həmin məbləğ çıxılmalıdır, R.İbrahimovaya münasibətdə isə iddia təmin edilə bilməz, çünki hüç bir hüquqi əsası yoxdur.
Məhkəmə cavabdehlərin nümayəndəsinin etiraz arqumentləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbini müştərək qaydada hər iki cavabdehə qarşı irəli sürsə də, lakin tələb etdiyi pul məbləğinin və ya hər-hansı hissəsinin İbrahimova Ramilə Tahir qızına verilməsini təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, həmin cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz.
cavabdeh2 münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, baxmayaraq ki, cavabdehlərin vəkili bildirir ki, məhz verilən borc məbləğindən 14 300 manat ödəniş edilmişdir, lakin cavabdeh cavabdeh2 özünün ##.##.2025-cı il tarixində Polis İdarəsində verdiyi yazılı izahatında göstərmişdir ki, müxtəlif vaxtlarda iddiaçıdan qazanc əldə etmək üçün götürdüyü borc məbləğindən iddiaçı İddiaçı İsa oğluna 25 000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəf isə qalıq borc məbləğinin 25 000 manat deyil, daha çox (30 000 manat) olmasını məhkəmə gedişatı zamanı sübuta yetirə bilməmişdir.
Məhkəmə cavabadeh cavabdeh2 Sabunçu RPİ-nin 13 PŞ-nə verdiyi yazılı izahatında etirafını əsas götürərək, qeyd edir ki, iddia cavabdeh cavabdeh2 münasibətdə 25 000 manat məbləğində təmin edilməlidir.
Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 229 manat dövlət rüsumu ödənilmişdir, iddia qismən təmin olunduğu üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq, 165 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdeh cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.2-ci, 329.3cü, 385.1-ci, 386.1-ci, 442-ci, 739.1-ci maddələrinə istinad etmişdir.
18. Həmin qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin 15 700 manat həddində təmin edilməsini xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Məhkəmə tərəfindən işin nəticəsi barədə yekun,düzgün və ədalətli qərar qəbul edilməmişdir. Obyektiv qərar qəbul edilməsi üçün aşağıdakıları qeyd etmək zəruridir. Belə ki, iddiaçı İddiaçı mənə37000 manat pul verməsi iş materiallarında öz təsdiqini tapmır və məbləğ şişirdilmişdir. İddiaçı İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində və məhkəmənin birinci baxış iclasında qeyd etmişdir ki, "37000 manat guya mən ondan pul almışam. Həmin pulun 7000 manatını qaytarmışam. Həmçinin 2000 manatdan dostumun pulu olmuşdur və bu pulun üzərinə o gələrək borcu hesablamaqdadır. 7300 manat isə faiz gəliri mənim tərəfimdən ona ödənilmişdir". Mənim İddiaçı İddiaçı 37000 manat pul almağım heç bir halda bu iş üzrə sübuta yetirilmir, "iddiaçı İddiaçı polis şöbəsinə verdiyi ərizəsində qeyd etmişdir ki, 3400 manat, 5000 dollar, 5100 manat, 2550 manat, 450 manat, 12000 manat, ümumilikdə təxminən 32000 manata yaxın iş üzrə cavabdeh cavabdeh2,yəni mənə pul vermişdir. İddia ərizəsində isə həmin məbləği 37000 manat olmaqla göstərmişdir. Onun qeyd etdiyi məbləğ absurddur və obyektiv həqiqəti əks etdirmir. 30000 manat iddiaçı tərəfindən mənə pul verilmiş, onun 7000+7300 manatı borcdan tərəfimdən İddiaçı ödənilmişdir. Bundan başqa iddiaçı isə bildirir ki, 7300 manat məbləğ ona ödənilsə də bu məbləğ faiz gəliri olan məbləğdir. İş üzrə iddiaçı faiz (qazanc) adı ilə məbləğ şişirtməyə, ödədiyi pulların faiz hesablamaqla nəzərə alınmasına borcdan çıxılmamasına çalışmaqdadır. İddiaçı ilə mənim aramda faiz ödənilməsinə dair hər hansı bir razılaşma yoxdur, müqavilə yoxdur. Mənim 15 700 manat iş üzrə iddiaçı İddiaçı borcum qalmışdır. Məhkəmə qeyd edir ki, Polis Şöbəsində izahat verərək 25 000 manat məbləği etiraf etmişəm. Mən isə qeyd etmişəm ki, iddiaçının dediyinə əsasən mən 25 000 manat borcluyam, amma mənim ona 15 700 manat borcum qalmışdır. İddiaçı qalan məbləği faiz olaraq hesablamaqdadır.Sadə riyazi hesablama etsək mənim nə qədər borclu olduğum üzə çıxamqdadır. Hesab edirəm ki, iddia tələbi etiraf etdiyim 15 700 manat məbləğdə təmin edilməlidir”.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər heç bir səbəb bildirmədən məhkəməyə gəlmədiklərindən, işə onlarına iştirakı olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
23. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
25. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
33. Maddə 739.1. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı bildirilən dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 739.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
35. Maddə 740.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
39. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin ondan 15 700 manatdan artıq pul tutulması ilə bağlı hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “cavabdeh2 25 000 manat borc məbləğinin tutulub İddiaçı İsa oğluna odənilməsi” nəticəsinə gələrkən tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi müvafiq nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
50. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
51. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
52. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə “cavabdeh2 25 000 manat borc məbləğinin tutulub İddiaçı İsa oğluna odənilməsi” hissəsində ləğv olunmalı, müvafiq iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
53. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
54. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
55. İşin bilavasitə tərəflərin (nümayəndələrinin) bildirdikləri, eləcə də iş materiallarında olan sübutlarla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçı cəmi 21 200 (3400 manat, 5000 $, 5100 manat, 2550 manat, 450 manat, 1200 manat) manat məbləğində pul vəsaitini bu məqsədlə cavabdeh2 vermiş, cavabdeh həmin pul vəsaitlərinin müvafiq biznes fəaliyyətində dövriyyə olunmasından əldə etdiyi gəlirdən müxtəlif vaxtlarda iddiaçıya müəyyən məbləğlər ödəmiş, sonradan onların aralarında anlaşmazlıq yaranmış, iddiaçının şikayəti əsasında polis orqanında izahatı alınan cavabdeh2 iddiaçıya 25 000 manat ödəməli olduğunu bildirmişdir.
56. Cavabdeh (nümayəndəsi) irəli sürülən faktiki halı, yəni tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olduğunu, iddiaçının verdiyi pul vəsaitlərinin müvafiq biznes fəaliyyətində dövriyyə olunmasından əldə edilən gəlirdən müxtəlif vaxtlarda iddiaçıya müəyyən məbləğlər ödənildiyini etiraf etmişdir; bununla belə o, iddiaçıya 25 000 manat deyil, 15 700 manat ödənilməli olduğunu irəlir sürür.
57. Konstitusiya Məhkəməsinin Plenumunun ifadə etdiyi mövqeyə əsasən, “müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli Qərarı).
58. İşin hallarından görünür ki, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır.
59. Tərəflərin (nümayəndələrinin) bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh2 iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür.
60. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə pul vəsaiti verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, habelə iddiaçıya 15 700 manat qaytarmalı olduğunu sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
61. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
62. Cavabdeh cavabdeh2 polis orqanında ##.##.2025-ci il tarixdə verdiyi izahatında iddiaçıya 25 000 manat ödəməli olduğunu etiraf etdiyindən, iddiaçı müvafiq hissədə sübutetmə yükündən azad olunmuş sayılır.
63. Cavabdeh isə ##.##.2025-ci il tarixindən sonra iddiaçıya hər hansı məbləği qaytardığını və ödəməli olduğu qalıq məbləğin məhz 15 700 manat olduğunu sübuta yetirə bilməmişdir.
64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
65. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
66. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh2 25 000 manat məbləğində pul vəsaiti İddiaçı İsa oğlunun xeyrinə tutulmalıdır.
67. Kollegiya, məhkəmə xərcinin bölüşdürülməsinə dair gəlinən nəticə ilə razılaşır; apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
68. Kollegiya onu da qeyd edir ki, apellyatorun mübahisələndirdiyi məbləğ 9300 manat təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi mümkün deyildir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi “cavabdeh2 25 000 manat borc məbləğinin tutulub İddiaçı İsa oğluna odənilməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. cavabdeh2 25 000 (iyirmi beş min) manat tutularaq İddiaçı İsa oğluna ödənilsin. Qətnamə “cavabdeh2 dövlət rüsumunun əvəzi olaraq 165 manatın tutularaq İddiaçı İsa oğluna ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Elşən Abdullayev