Məhkəmə qərarları › İş №e-2-2(3-6)-544/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-544/2026

05.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-544/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulunun azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh cavabdeh1 nümayəndəsi Nuriyev Zakir Ramil oğlunun iştirakı ilə, Iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:

1. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit əsas vəsaitin artırılması məqsədi ilə verilmişdir.

2. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdeh1 (borc alan) və cavabdeh cavabdeh2 (zamin) arasında ZM-********* nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

3. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ********* saylı, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli, ** nömrəli əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində cavabdeh2la LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında ##.##.2017-ci ildə zaminlik müqaviləsinə əlavə imzalanmışdır.

4. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, **-*/*-N-**-*****/**** nömrəli maliyyə arayışına görə, ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə əsas borc 8.054,68 ABŞ dolları, faiz borcu 3.123,46 ABŞ dolları, cərimə borcu 9.794,52 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% borcu 1148 ABŞ dolları, cəmi borc 6446,72 ABŞ dolları təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ******** saylı kredit müqaviləsinin şərtləri üzrə ##.##.2025-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 8048,48 ABŞ dolları, faiz borcu 3228,80 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə illik 5 % hesablanmaqla borcu 1127,91 ABŞ dolları, ##.##.2025-ci il tarixə (rəyin tərtib olduğu tarixə) əsas borcu 8048,48 ABŞ dolları, faiz borcu 3228,80 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə illik 5 % hesablanmaqla borcu 1279,94 ABŞ dolları təşkil edir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı məlumatına əsasən məhkəməxətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. Iddiaçı LPO İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.054,68 ABŞ dolları əsas, 3.123,46 ABŞ dolları faiz, 9.794,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1148 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 202,82 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında ZM-********* nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 16.916,02 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1usd=1.40 azn) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabddeh cavabdeh1 kredit üzrə cəmi borcu 22.120,66 ABŞ dolları təşkil edir. Bundan 8.054,68 ABŞ dolları əsas, 3.123,46 ABŞ dolları faiz, 9.794,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1148 ABŞ dolları faiz borcu təşkil edir.

9. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 739, 427.3, 445.7, 470.1, 472.2, 474.2, 465, 449.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən qismən təmin edilmiş, cavabdeh cavabdeh1 8048,48 ABŞ dolları əsas borc, 3123,46 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları cərimə, 1127,91 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 12699,85 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 154,77 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh cavabdeh1 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X2 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilsin. Iddia ərizəsi verilərkən ödənilmiş 48,05 manat dövlət rüsumunun iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında imzalanmış ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 12.740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ZM-********* nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* saylı, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli, ** nömrəli əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 16916,02 ABŞ dolları, restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək razılaşdırılmışdır. Cavabdeh cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit müqaviləsi ödəməli оlduğu vəsaitləri banka vaxtında tam şəkildə qaytarmamışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, iddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun ödənilməsini əsas borcludan tələb etməkdə haqlıdır. Məhkəmə hesab edib ki, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən ekspert rəyi nəzərə alınmalı, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün cavabdehdən tutulacaq faiz borc isə iddia tələbi həcmində müəyyən edilməlidir. Belə ki, ekspert rəyində əsas borc 8048,48 ABŞ dolları, faiz borcu 3228,80 ABŞ dolları müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh1 kredit müqaviləsinə hər hansı əlavənin bağlanmadığını, iddiaçı tərəfindən işə əlavə edilmiş ##.##.2017-ci il tarixli Əlavədə olan imzanın ona məxsus olmadığını, hazırkı iş üzrə iddia müddətinin keçdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdehlər həmin ekspertizanın aparılması üçün tələb edilən sərbəst və ekspertimental xətt və imza nümunələrini verməkdən imtina etmişlər, bu səbəbdən iş üzrə rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu səbəbdən məhkəmə ##.##.2017-ci il tarixli Əlavənin cavabdeh cavabdeh1 tərəfindən imza edilməməsi barədə cavabdehin dəlilini əsassız hesab edib. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 9794,52 ABŞ dolları məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdeh cavabdeh1 tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan əlavə, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1148 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Iş üzrə təyin edilmiş ekspertiza nəticəsində cavabdehdən tutulmalı olan illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun məbləği 1127,91 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edib ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə əsaslıdır və ekspert rəyi nəzərə alınmaqla iddia təmin edilməlidir. Məhkəmə iddianı cavabdeh cavabdeh2 aid hissədə əsassız hesab edir. Belə ki, materiallardan görünüb ki, ********* saylı, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli əlavə ilə kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixədək uzadılmış, borcun ödənilməsi ilə bağlı zaminə iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə tələb irəli sürülmüşdür. Məhkəmə qeyd edib ki, zaminliyə xitam verildiyindən iddia tələbi zaminə (cavabdeh2) aid olan hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edib. Belə ki, ********* saylı, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017- ci il tarixli əlavə ilə kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixədək uzadılmış, iddiaçı ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdeh cavabdeh1 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh1 8048,48 ABŞ dolları məbləğində əsas borc, 3123,46 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 1127,91 ABŞ dolları məbləğində illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 154,77 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan 48,05 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünüb ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edib ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdeh cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

12. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 445.1, 445.2, 445.7, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741 -ci maddələrinə istinad edilmişdir, lakin nəzərə almamışdır ki, mən indiyənədək banka pul ödəmiş, bank isə cavabdehdən əsassız olaraq 8048,48 ABŞ dolları əsas borc, 3123,46 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları cərimə, 1127,91 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 12699,85 (on iki min yüz doxsan doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində borc pul tələb edir, məhkəmə isə pulun tutulması barədə qətnamə qəbul edir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Beləliklə bank tərəfindən əsassız olaraq borc hesablayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442, 443.1, 448, 462.1, 467, 739.1, 739.2-ci maddələrin tədbiqində məhkəmə səhvlərə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə (cərimə) pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MPM 14.1, 88) Lakin bu iş üzrə 1ci instansiya məhkəməsi tərəfindən subutlar tam araşdırılmamışdır. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş və onları iddianın əsasını təşkil edən mötəbər sübut kimi qəbul etmişdir. (MPM 217.1, 217.2, 217.3, 217.4-cü maddələri) Lakin məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. (MPM 9) Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. Eyni zamanda hesab edir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertiza təyin edilməlidir. (MPM 97) Lakin Bakı Kommersiya məhkəməsi tərəfindən cavabdehin ödədiyi məbləğlər nəzərə alınmamışdır. Iddiaçının iddia ərizəsinə etiraz edərək, hesab edir ki, iddiaçı tərəfindən hesablama düzgün aparılmamışdır. Cavabdeh tərəfindən ödədiyi həmin pullar ortada yoxdur, əlavə olaraq əsassız pul yazılıb, nəticədə müqavilə üzrə düzgün hesablama aparılmamışdır. Beləliklə iddiaçı tərəfindən iddia tələbi tamamilə absurrdur və şişirdilmişdir. Bu və iş üzrə digər hаllаrın аrаşdırılmаsı məqsədi ilə hal hazırda təkrar məhkəmə – mühasibatlıq еkspеrtizаsının təyin еdilməsi zərurəti vаrdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Iddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edilsə də, şikayətin dəlilləri qətnamə ilə tutulması qət edilmiş əsas, faiz borcu, dəbbə pulunun məbləğləri və dolayısı ilə 5 % məbləğinin mübahisələndirilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ilə cavabdeh cavabdeh1(borc alan) arasında imzalanmış ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə ##.##.2017-ci il tarixli, ** nömrəli əlavə sazişə əsasən borc alanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmiş və borc alanın kreditor qarşısındakı öhdəliyinin qalığı 16916,02 ABŞ dolları, restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək olması razılaşdırılmışdır. Cavabdeh cavabdeh1 krеdit razılaşması üzrə ödənişləri dəfələrlə gecikdirmiş, nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun, eləcə də kreditin verilməsi müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün dəbbə pulunun əsas borcludan (zaminə qarşı tələb apellyasiya baxışının predmetinə daxil deyil) tutulmasını tələb edir.

25. Kredit müqaviləsi üzrə əsas və faiz borclarının ödənilməsinə dair iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsi, kredit müddəti bitdikdən sonrakı müddət üçün faizlərin tutulması dair iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 445.7-coi maddəsi təşkil edir.

26. Kollegiya cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hallar üzrə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas, faiz borcunun, eləcə də kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə faizlərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə əsas borcun 8048,48 ABŞ dolları, kreditin verilməsi müddəti bitdiyi tarixədək faiz borcu 3228,80 ABŞ dolları, kreditin verilməsi müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək olan müddət üçün əldən çıxmış fayda borcu üzrə illik 5 % hesablanmaqla borcu 1127,91 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

27. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına ala biləcək konkret faktiki hallara istinad etməmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən faiz borc məbləğinin iddia ərizəsində tələb edilən faiz borc məbləğindən yüksək olduğunu nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq iddianı faiz borcu hissəsində tam təmin etməkdə, eləcə də əsas borc və 5% hissəsində iddianı qismən təmin edərək ekspert rəyinə əsasən əsas borcu 8048,48 ABŞ dolları məbləğində, 5%lə hesablanmış faiz borcunu isə 1127,91 ABŞ dolları məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

29. Eyni zamanda cavabdehdən tutulması qət edilmiş 400 ABŞ dolları məbləğində dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğ kreditorun və borclunun əsaslı mənafeyi baxımından, eləcə də icrası gecikdirilmiş əsas öhdəliyin həcminə nəzərən tənasübsüz surətdə yüksək deyildir. Odur ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən onun azaldılması üçün əsas yoxdur.

30. Iddia müddətinin ötürülməsi barədə cavabdehin məhkəmə iclasında səsləndirdiyi dəlillərə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, mübahisəli kredit müqaviləsinə ##.##.2017- ci il tarixli əlavə ilə kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixədək uzadıldığı, yəni iddia müddətinin axımı ##.##.2022-ci il tarixdən başladığı halda iddiaçı hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar