Məhkəmə qərarları › İş №e-2-2(3-6)-546/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-546/2026

05.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-546/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil İman oğlunun, cavabdehin nümayəndəsi nümayəndə1 oğlunun iştirakı ilə, iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Cavabdeh ASC ilə İddiaçı Firması arasında imzalanmış ##.##.2024-cü il tarixli, ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 2-ci bəndinə əsasən abonentə (abonent kodu - 08/358) illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 6383 kVt və dəyəri 703 manat təşkil edəcək. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVt aktiv elektrik enerjisi 10 manat + (ƏDV) = 0,11 manat tarif üzrə aparılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli akta əsasən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı Firmasına məxsus obyektdə (market və mebel) sayğac yoxlanılmış, sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə olduğu aşkar edilmişdir, belə ki, obyektə məxsus elektrik sayğacının dövlət və alt qapaq möhürləri standartlara uyğun deyildir (saxtadır). Xətdən axan yük əməkdaşlar tərəfindən ölçülmüşdür: İA=24 A, İB=12 A, İC=7 A, Pfak=9,4 kvt. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilməsi tələb edilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmiş, aktın surətinin abonentin nümayəndəsinə təhvil verildiyi qeyd edilmişdir.

3. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli icra vərəqinin məzmunundan müəyyən olunur ki, İddiaçı Firmasına məxsus obyektdə (market və mebel satışı) quraşdırılmış sayğacın nominal cərəyanına əsasən hesabat verilmişdir: (66 kvt x (0,7) x 12 saat x 191 gün) – 12314 kvts = 84576 kvts; Tarif (0,125) – 84576 x 0,125 = 10572 manat; Cəmi 10572 manat. Aktın əsası kimi ##.##.2025-ci il tarixli, ****** nömrəli akt qeyd edilmişdir.

4. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli hesab ödəniş vərəqinin məzmunundan müəyyən olunur ki, **/*** nömrəli abunə kodu İddiaçı Firmasına məxsusdur. Qeyd edilmişdir ki, İddiaçı Şirkətinin ##.##.2025-ci il tarixinə qalıq borcu 852,5 manat təşkil edir.

5. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli hesab ödəniş vərəqinin məzmunundan müəyyən olunur ki, **/*** nömrəli abunə kodu İddiaçı Firmasına məxsusdur. Qeyd edilmişdir ki, İddiaçı Şirkətinin ##.##.2025-ci il tarixinə qalıq borcu 11965,25 manat təşkil edir.

6. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli abunə haqqında məlumata əsasən *************** nömrəli abonentin cari tarixə borcu 13657,67 manat (sayğac oxunması: 276730,63 manat + aktlar: 14964,93 manat – ödəmələr: 278037,9 manat = 13657,67 manat) təşkil edir.

7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan – ha torpaq sahəsində yerləşən ** nömrəli, 416,7 kv.m ümumi, 118,8 kv.m əsas, 297,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (“Sputnik” mağazasının */* saylı filialı) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-in tabeliyindəki “xxxx” MMC tərəfindən tərtib edilmiş elektrik sayğacının yoxlanılması haqqında ##.##.2025-ci il tarixli, DY Q/M ***/** nömrəli protokola əsasən müəyyən olunur ki, elektrik sayğacı ##.##.2025-ci il tarixli, *** nömrəli akta əsasən növbədənkənar dövlət yoxlanılmasına qəbul edilmişdir. Sayğaca vizual baxış keçirilmiş, sayğacın ****** saylı dövlət möhürü ##.##.2008-ci il tarixində sayğacın üzərinə taxılmasına baxmayaraq, qurğuşun möhürün üzərində 2009-cu il qeyd olunduğu, bu da ****** nömrəli alt qapaq və ****** nömrəli dövlət möhürünün saxta olduğu, sayğacın daxilinə baxış zamanı daxili sxemin yaddaş blokunda müdaxilə izləri aşkar olunmuşdur. Protokol MMC-nin əməkdaşları tərəfindən imzalanmış, “abonent” qrafasının qarşısında imza çəkilməmişdir.

9. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans məsuliyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə) akta əsasən (abonent kodu 08/358; abonent X1) məlum olur ki, ** saylı transformator məntəqəsindən qidalanan 0,4 kv-lıq paylayıcı qurğusundan qidalanan R.Rüstəmov ** saylı binanın yanında olan obyekt ** saylı 0,4 kv-lıq paylayıcıdan obyektə qədər və obyekt daxili kabel xətti abonentin balansındadır və abonent xidmət edir. Akt tərəflərin imzası və Cavabdeh ASC-nin möhürü ilə təsdiq edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2025-ci il tarixli çıxarışda Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı Şirkətinin adına olan sayğac üzərində yoxlama aparılacağı qeyd edilmişdir. Plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir.

11. İddiaçı tərəfindən baxış keçirilən yerlə bağlı fləş kart təqdim edilmiş və baxış keçirilmişdir.

12. Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin inzibati ərazisində abonent “Vəliyeva Firdovsiyə” (“Zövq market”) məxsus elektrik sayğacının zavod istehsalı olan ştamp möhürləri pozularaq, üst və alt qapaqların açılmasını göstərən düymələri qaynaq vasitəsi ilə şuntlanıb sayğacın yaddaş blokuna müdaxilə olunaraq göstəricisi dəyişdirilməklə 17817,1 manat dəyərində elektrik enerjisinin talanması, eləcə də ünvan 1 ünvanında yerləşən abonent İddiaçı firmasına məxsus market və mebel mağazasının elektrik sayğacına müdaxilə edilərək sayğacın dövlət üst və alt möhürləri saxtalaşdırılmaqla sayğac göstəricisi yaddaş blokuna müdaxilə edilməklə azaldılıb 10572 manat dəyərində elektrik enerjisinin talanması nəticəsində xeyli miqdarda ziyanlar vurulmuşdur. Araşdırma zamanı qeyd edilən sayğaclara müdaxilə edilməsində qabaqcadan razılaşmaqla “xxxx” ASC-nin Nizami rayon X2 aparıcı mühəndisi və nəzarətçi mühəndisinin abonentlərlə birlikdə sayğaclara dövrü olaraq müxtəlif üsullarla müdaxilələr etməklə faktiki göstəricilərin dəyişdirilməsinə, talanmış enerjinin dəyərinin maraqlı şəxs olaraq abonentlər və sadalanan səlahiyyətli şəxslər aralarında bölüşdürülməsinə əsaslı şübhələr vardır. Qeyd edilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-in 189- 1.1 və 189-1.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır.

13. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində abonent “Vəliyeva Firdovsiyə” (“Zövq market”) məxsus elektrik sayğacına və Nizami rayonu, N.Rüstəmov küçəsi 36 ünvanında yerləşən abonent İddiaçı firmasına məxsus elektrik sayğacına müdaxilə edilərək elektrik enerjisinin talanması və nəticədə xeyli miqdarda ziyanlar vurulması barədə Cavabdeh ASC-dən Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində qeyd edilən faktlarda elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursun xeyli miqdarda ziyan vurmaqla talanması və elektrik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən Cinayət Məcəlləsinin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması cinayətinin tərkibi əlamətləri müəyyən edilmişdir. Odur ki, fakt üzrə CM-in 189-1.1 və 189-1.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün Nizami rayon prokurorluğuna göndərilmişdir.

14. İddiaçı Şirkəti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, əsassız hesablanmış borcun ##.##.2025ci il tarixinədək silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

15. İddiaçı İddiaçı Şirkəti cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş ## #### 2025-ci il tarixli, ****** nömrəli aktın etibarsız hesab olunması, ##.##.2025-ci il tarixdə 852,50 manat , ##.##.2025-ci il tarixdə 10572 manat olmaqla, ümumilikdə 11424,50 manat borcun əsassız hesab olunması və silinməsi, məhkəməyə müraciət edilməsi üçün vəkillə bağlanılmış, müqavilənin dəyəri olan 350 manat, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 13 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə ödənilmiş 125 manat olmaqla, cəmi 488 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN-lə ünvan 2 ünvanında şirkətə məxsus kafe fəaliyyət göstərir. 17 iyul tarixində xxxx ASC-nin əməkdaşları sayğaca baxış keçirmiş, sayğaca müdaxilə olunduğunu bildirmişlər. Halbuki sayğaca heç bir müdaxilə olunmayıb. Sayğac 2017-ci ildə quraşdırılıb və istismar müddətini bitirib. Sayğac yenisi ilə dəyişdirilib və köhnə sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilib (rəy hələ də əldə edilməmişdir). Sayğac yenisi ilə əvəz olunduqdan sonra ##.##.2025-ci il tarixdə 852,50 manat, ##.##.2025-ci il tarixdə 10572 manat, ümumilikdə 11424,50 manat borc yazılmışdır. 14 iyul tarixində xxxx ASC-nin əməkdaşları plandankənar yoxlama adı ilə sayğaca baxış keçirmiş, sayğaca müdaxilə olunduğunu bildirmiş və ## #### 2025-ci il tarixli, ****** nömrəli akt tərtib etmişlər. Halbuki sayğaca heç bir müdaxilə olunmayıb. Sayğac 2021-ci ildə quraşdırılıb və istismar müddətini bitirib. Bildirilib ki, qeyd olunan borc əsassız və qanunsuzdur. Sayğaca heç bir müdaxilə olunmayıb. Belə ki, 08/358 abonent kodu ilə elektrik enerjisindən istifadə edir. ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin Nizami RETSİ-nin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən əsassız ****** saylı akt yazılmış və buna görə də iddiaçıya ümumilikdə 11424,50 manat borc yazılmışdır. Cavabdeh ASC tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünüb ki, Cavabdeh ASC yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.

17. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş ## #### 2025-ci il tarixli, ****** nömrəli akt əsasında ##.##.2025-ci il tarixdə yazılmış 10572 manat borcun əsassız hesab olunması və silinməsi, məhkəməyə müraciət edilməsi üçün vəkillə bağlanılmış, müqavilənin dəyəri olan 350 manat, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün 13 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə 125 manat, cəmi 488 manat pul vəsaitinin cavabdeh Cavabdeh ASC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbinin maddi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamarın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci bəndlərinə istinad edilmişdir.

19. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən **/*** saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının dövlət və alt qapaq möhürləri standartlara uyğun deyildir (saxtadır). Baxış zamanı ##.##.2025-ci il tarixli NİQ****** nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: (66 kvt x (0,7) x 12 saat x 191 gün = 84576 kvts Tarif (0,125 man)- 84576 kVt.s x 0,125 man = 10572 manat borc hesablanmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. KY252331252 nömrə ilə sahibkarlıq sahəsində aparılmış yoxlama vahid məlumat reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. Elektrik enerjisinin talanması halı baş verdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq baş verən halın araşdırılıb fakt üzrə müvafiq tədbir görülməsi məqsədilə aidiyyəti orqana, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğuna Cəmiyyət tərəfindən müraciət edilmişdir. Hazırda iş üzrə araşdırma aparılır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış borcun 8911,50 manat (hissəsinin *************** saylı abonent hesabından (İddiaçı Şirkəti) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 300 manat hüquqi yardım xərci və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 103 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Şirkətinə ödənilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş ## #### 2025-ci il tarixli, ****** nömrəli akt əsasında ##.##.2025-ci il tarixdə yazılmış 10572 manat borcun əsassız hesab olunması və silinməsindən ibarətdir. Məhkəmə hesab edib ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ## #### 2025-ci il tarixli, ****** nömrəli akt əsasında ##.##.2025- ci il tarixdə yazılmış 10572 manat (on min beş yüz yetmiş iki) borcun əsassız hesab olunaraq silinməsini xahiş etmiş və iddianı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin ##.##.2011- ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə istinad edərək əsaslandırmışdır. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirmişdir ki, akt qanuni və əsaslı tərtib edilmişdir. KY252331252 nömrə ilə sahibkarlıq sahəsində aparılmış yoxlama vahid məlumat reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, cavabdeh tərəfindən elektrik enerjisinin talanması halı ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən eidlmişdir ki, ##.##.2025-ci il tarixdə yoxlanılan sahibkar – “İddiaçı (VÖEN: **********) KY252331252 nömrə ilə sahibkarlıq sahəsində aparılmış yoxlama vahid məlumat reyestrində ##.##.2025ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Beləliklə, aparılan yoxlama qanunsuz olmamışdır. Həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Sonuncu baxış tarixi ilə bağlı sübut məhkəməyə təqdim olunmamışdır, halbuki enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18- ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, istehlakçıların elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmçinin keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri hesablanaraq ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlib ki, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış borcun 8911,50 manat hissəsi *************** saylı abonent hesabından (İddiaçı Şirkəti) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hazırkı qənaətə gələrkən əvvəla nəzərə alıb ki, sayğac üzərində müdaxilə izləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən hesabat 191 gün üçün aparılmışdır. Hesab olunub ki, 1 aylıq müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri hesablanaraq cavabdehə ödənilməlidir. Beləliklə, Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə hesablanmış 10572 manat məbləğ (191 gün hesablanmış məbləğ) üzrə 1 aylıq müddət üçün məbləğ müəyyən edilərək, sözügedən məbləğdən çıxılmalı və qalan 8911,50 manat məbləğ hesabdan silinməlidir (10572/191gün=55,35x30gün»1660,50 manat) (10572-1660,50=8911,50). Eləcə də, iddiaçı məhkəməyə müraciət edilməsi üçün vəkillə bağlanılmış, müqavilənin dəyəri olan 350 manat, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün 13 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə 125 manat, cəmi 488 manat pul vəsaitinin cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edib ki, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 300 manat hüquqi yardım xərci və ödənilmiş tələbə mütənasib olaraq dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 103 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı Şirkətinə ödənilməlidir.

23. Birinci isntanisya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.18, 7.19, 8.2, 8.17, 10.18.9- 2-ci bəndlərinə istinad etmişdir.

24. Cavabdeh Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərara əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən abonent İddiaçı firmasına məxsus market və mebel mağazasının elektrik sayğacına müdaxilə edilərək sayğacın dövlət üst və alt möhürləri saxtalaşdırılmaqla sayğac göstəricisi yaddaş blokuna müdaxilə edilməklə azaldılıb 10572 manat dəyərində elektrik enerjisinin talanması nəticəsində xeyli miqdarda ziyanlar vurulmuşdur. Qeyd edilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-in 189-1.1 və 189-1.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. Göründüyü kimi işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmuş və məhkəmədə öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış borcun 8911,50 manat hissəsi *************** saylı abonent hesabından (İddiaçı Şirkəti) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hazırkı qənaətə gələrkən əvvəla nəzərə almışdır ki, sayğac üzərində müdaxilə izləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən hesabat 191 gün üçün aparılmışdır. Hesab olunur ki, 1 aylıq müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri hesablanaraq cavabdehə ödənilməlidir. Beləliklə, Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə hesablanmış 10572 manat məbləğ (191 gün hesablanmış məbləğ) üzrə 1 aylıq müddət üçün məbləğ müəyyən edilərək, sözügedən məbləğdən çıxılmalı və qalan 8911,50 manat məbləğ hesabdan silinməlidir. Halbuki “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndində qeyd olunur ki, İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.16-cı bəndində isə qeyd edilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Başqa sözlə desək, hesablaşma dövrünün 1 ay götürülməsi ancaq 2 halda-1) sayğacın uçotu pozulmadıqda, yəni sayğac normal işlədikdə 2) sayğacın uçotunun pozulması abonentinin təqsiri nəticəsinədə baş vermədiyi halda tətbiq edilə bilər. Lakin hazırki halda, iddiaçı tərəfindən sayğaca müdaxilə halımövcud olduğu üçün məhkəmə tərəfindən hesablaşma dövrünün 1 ay götürülməsi Qaydaların müvafiq bəndlərinin məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyini aşkar şəkildə təsdiq etmiş olur. Məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88-ci, 217.1-ci və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir. Cavabdeh ASC-nin İddiaçı şirkətinin istifadəsində olmuş elektrik sayğaclarına müdaxilə edilərək “xxxx” şirkətinin istifadəsində olmuş elektrik sayğacı üzrə 10.572 manat dəyərində elektrik enerjisinin talanması barədə müraciəti üzrə Baş Prokurorluq tərəfindən araşdırma aparılmış və cinayət işi başlanılaraq istintaq Nizami rayon prokurorluğuna həvalə edilmişdir. Nizami Rayon Prokurorluğunun ## #### 2026-cı il tarixli qərarı ilə İddiaçı şirkətinə məxsus qeyri-yaşayış sahəsinin istifadəsində olan elektrik sayğaclarına müdaxilə edilərək xeyli miqdarda elektrik enerjisinin talanması və elektrik təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən həmin əməllərin qarşısını almaması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 189-1.4- cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə icraata cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. (“Elektrik enerjisindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.18, 7.19-cu maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 3.2) Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., R.Rüstəmov küçələrinin kəsişməsi, 308C ünvanında yerləşən qeyri-yaşayış sahəsi nümayəndəsi olduğu X3 tərəfindən icarəyə verilmişdir. Obyektin işıq sayğacı atası Firdovsi Vəliyevin adında qalmasına baxmayaraq, ##.##.2025ci il tarixdə elektrik sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən plandankənar yoxlama adı ilə baxış keçirilərkən guya elektrik sayğacına müdaxilə edilməsi aşkar edilmiş, nümayəndəsi olduğum, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Orxan Vəliyevə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən heç bir məlumat verilmədən elektrik sayğacı yalnız həmin qeyri-yaşayış sahəsinin bir hissəsində icarədar fəaliyyəti aparan Fərid adlı şəxsə bildirilərək sökülüb aparılmışdır. Fiziki şəxs Vəliyev Firdovsidən bir qədər əvvəl nümayəndəsi olduğum İddiaçı şirkətinin istifadəsində olmuş elektrik sayğacında yoxlama aparılarkən də eyni hal baş vermiş, yoxlama zamanı aşkar edilmiş “müdaxilə” barədə də Cavabdeh ASC əməkdaşları yenə də heç kəsə məlumat vermədən gizli şəkildə sayğacı söküb aparmış, yenisi ilə əvəz etmişlər. İddiaçı şirkətinin istifadəsində olmuş elektrik sayğacında aparılmış yoxlama zamanı isə, ümumiyyətlə qeyri-yaşayış sahəsi ilə heç bir bağlantısı və obyektə dair heç bir hüququ olmayan X4 guya sayğacın sökülməsində iştirak etməsi barədə aktda qeyd aparılmış, Bəxtiyar Mirzəyevin adı qarşısında imzası icra edilərək guya Bəxtiyar Mirzəyevin iştirakı ilə sayğacın sökülməsi görüntüsü yaradılmışdır. Amma, Bəxtiyar Mirzəyev sayğac sökülərkən orada iştirak etməmiş, akta da imza çəkməmişdir. (“Elektrik enerjisindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.17-2, 8.17, 8.17-1-ci maddələri) Qeyd edilənlərlə yanaşı bildirir ki, həm İddiaçı şirkətinin, həm də Vəliyev Firdovsinin istifadəsində olmuş və Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sökülmüş elektrik sayğacları sökülüb abonentlərə məlum olmayan laboratoriyalarda “talanmış” elektrik enerjisi hesablanarkən hesablama qərəzli aparılmışdır. Hesablama zamanı “xxxx” şirkətinin istifadəsində olmuş elektrik sayğacına qanunsuz müdaxilənin hansı tarixdə baş verməsi müəyyən edilmədən formal qaydada 191 günə münasibətdə elektrik sayğacından keçə biləcək maksimum elektrik yükü cərimə məbləği kimi hesablanmışdır. Buradan belə bir sual ortaya çıxır. Nəyə görə 191 gün? Eynilə fiziki şəxs Vəliyev Firdovsiyə aid elektrik sayğacına qanunsuz müdaxilənin hansı tarixdə baş verməsi müəyyən edilmədən formal qaydada 358 günə münasibətdə elektrik sayğacından keçə biləcək maksimum elektrik yükü cərimə məbləği kimi hesablanmışdır. Buradan belə bir sual ortaya çıxır. Nəyə görə 358 gün? Yəni, Cavabdeh ASC-nin apardığı saxta yoxlamanın nəticəsi olaraq, görünür ki, xxxx ASC İddiaçı şirkətinin barəsində borc məbləğini hesablayarkən 191 (bir yüz doxsan bir) gün, fiziki şəxs Vəliyev Firdovsinin barəsində isə 358 (üç yüz əlli səkkiz) gün hesablamaqla borc yazmışdır. Halbuki, birinin digərindən bu qədər gün fərqlə hesablanıb borc yazılması heç bir məntiqə uyğun deyil. Maraqlısı burasındadır ki, ümumiyyətlə, yoxlama aparılan tarixdən sonrakı dövrlərdə quraşdırılmış elektrik sayğacları “müdaxilə” olunmuş elektrik sayğaclarından fərqli hər hansı sərfiyyat qeydə almamışdır. xxxx ASC tərəfindən yazılmış borclar nəyə əsasən hesablanıb bu qədər borc məbləği yaranıb, qaranlıq qalan məsələdir. Halbuki, ortalama 1 (bir) il götürülsə idi, başa düşmək olardı, buradan açıq-aşkar görünür ki, məntiqsiz və qərəzli aparılmış və tərtib olunmuş aktlardır. Əlavə olaraq qeyd edir ki, sayğaclar qeyd olunan obyektlərdən çöldə yerləşir (obyektlərin çöl tərəfdən xarici divarında). Qeyd olunan şəxslərin sayğaca nəzarət etmək kimi bir vəzifəsi yoxdur. Cavabdeh ASC-nin ərazi üzrə mühəndisləri hər ayda bir dəfədən az olmamaqla, vaxtaşırı sayğaclara nəzarət edirlər. Əgər hər hansı bir müdaxilə halı aşkar olunmuş olsa idi, bu barədə aidiyyatı qurumları məlumatlandırardılar. Hətta, sayğaclara müdaxilə olunmaması halı, həm Cavabdeh ASCnin ərazi üzrə əməkdaşları, həm də obyekt sahibləri tərəfindən təsdiq olunur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

27. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

29. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. “Elektroenergetika haqqında” AR Qanununun 19.16-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. -31.1-ci maddəsinə əsasən yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2-ci maddəsinə əsasən yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; 31.2.7. yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; 31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat. -31.10-cu maddəsinə əsasən sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir.

33. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

34. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında iddianın təmin edilmiş mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı Firması ilə cavabdeh Cavabdeh ASC ilə arasında ##.##.2024-cü il tarixli, ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsinin müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh iddiaçıya məxsus obyekti elektrik enerjisi ilə təchiz edir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh ASC tərəfindən cavabdeh İddiaçı İddiaçı Firmasına məxsus obyektdə (market) yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq cavabdehə məxsus sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə olduğu aşkar edilərək bu barədə ##.##.2025-ci il tarixli, ****** nömrəli akt tərtib edilmiş və həmin akt əsasında verilmiş ##.##.2025-ci il tarixli icra vərəqinə əsasən 191 günlük müddət üçün itirilmiş elektrik enerjisinə görə 10572 manat əlavə borc hesablanmışdır. Hazırda iddiaçı sözügedən borcun silinməsini tələb edir.

40. Kollegiya işə apellyasiya şikayətində mübahisələndirilən hallar konteksində qiymət verərək qeyd edir ki, mübahisəli akt əsasında hesablanmış 8911,50 manat məbləğində borcun silinməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

41. Belə ki, mübahisəli borcun hesablanması üçün əsas olmuş yoxlamanın cavabdeh tərəfindən aparılması zamanı qanunun tələblərinə riayət edilib-edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birincisi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışdan görünür ki, mübahisəli yoxlama elə aparıldığı gün qeydiyyata alınmışdır. Digər tərəfdən yoxlamanın nəticəsinə dair tərtib edilmiş aktda yoxlamaların vahid məlumat reyestrindən verilən kod, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi, eləcə də sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat göstərilmədiyindən həmin akt “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 31-ci maddəsinin tələblərinə cavab vermir. Bununla bağlı kollegiya həmçinin vurğulanır ki, aktda yoxlamaların vahid məlumat reyestrindən verilən koda, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsinə istinad edilməməsi özüözlüyündə iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırmayan formal pozuntular kimi görünsə də mübahisəli yoxlamanın elə aparıldığı gün qeydiyyata alınmasını və yoxlamanın qeydiyyata alınma saatını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə aldıqda həmin hallar yoxlamanın aparıldıqdan sonra qeydiyyatına alınmasına dair əsaslı şübhələr yaradır.

42. İkincisi, qeyd edilir ki, sayğacın laboratoriyada yoxlaması aparılarkən istehlakçının iştirakı təmin edilməmiş, eləcə də istehlakçı yoxlamada iştirak etməkdən imtina etdiyi halda bu barədə aktda qeydiyyat aparılmamış, bununla da “Elektrik Enerjisinin İstifadə Qaydaları”nın 7.6-cı bəndinin tələbləri pozulmuşdur.

43. Kollegiya xüsusilə vurğulayır ki, yoxlamaların keçirilməsi ilə bağlı qanunvericinin müəyyən etdiyi qaydalar təbii inhisar subyektinin bazarda üstün mövqedən yararlanaraq yol verə biləcəyi sui-istifadələrin qarşısının alınmasına yönəldilmişdir. Məhz bu baxımdan qanun təbii iinhisar subyektlərinin qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmədən keçirilən yoxlamaların, baxışların hüquqi nəticəsinin olmamasını təsbit etmişdir.

44. Odur ki, hazırkı halda cavabdeh tərəfindən aparılmış yoxlama yoxlanılan sahibkar üçün qanunda nəzərdə tutulmuş təminatların pozulması ilə müşayət olunduğundan hər hansı hüquqi nəticə yaratmır.

45. Nəhayət o da nəzərə alınmalıdır ki, “Elektroenergetika” haqqında AR Qanununun 19.16-ci maddəsinin tələblərinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallarında paylayıcı sistem operatorunun vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi talama faktı barədə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına məlumat verilməsi və istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi ilə şərtləndirilmişdir. Halbuki hazırkı halda iddiaçının elektrik enerjisinin talanmasında təqsirli olmasını təsdiq edən müvafiq orqanların və ya məhkəmənin qərarı iş materiallarına əlavə edilməmişdir.

46. Əksinə hər iki tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, İddiaçı firmasına məxsus market və mebel mağazasının elektrik sayğacına müdaxilə edilərək sayğacın dövlət üst və alt möhürləri saxtalaşdırılmaqla sayğac göstəricisi yaddaş blokuna müdaxilə edilməklə azaldılıb 10572 manat dəyərində elektrik enerjisinin talanması faktı üzrə başlanılmış cinayət işə Nizami rayon prokurorluğunun müstəntiqinin ##.##.2026-cı il tarixli qərarı ilə cinayət hadisəsinin olmaması əsası ilə xitam verilmişdir.

47. Belə olan halda isə mübahisələndirilən borcun sayğaca müdaxilə nəticəsində elektrik enerjisi itkisi ilə bağlı enerjitəchizatı müəssisəsinə dəymiş zərərin əvəzi olaraq hesablandığını nəzərə alsaq həmin borcun istehlakçıdan tutulması yuxarıda göstərilən normanın tələbləri baxımından istisna olunur.

48. Belə olan halda kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlnaılmalıdır.

49. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i :

Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar