Məhkəmə qərarları › İş №e-2-2(3-6)-558/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-558/2026

12.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-558/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açıq sözlər: alqı-satqı müqaviləsi, borcun etirafı haqqında müqavilə, aldadılma Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2023-cü il tarixli ***/**** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə olaraq ümumi dəyəri 14.805 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır, 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 14.805 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

2. Cavabdeh (borclu) ##.##.2024-cü il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən kreditor (xxxx MMC) tərəfindən borcluya verilmiş çeşidli məhsullar əsasında borclunun kreditora 14.805 manat borcu olduğunu etiraf etmiş və borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 3.701,25 manat olmaqla, ##.##.2024-cü il tarixədək kimi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə cavabdehin imzası və hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumunun əvəzi olaraq 134,42 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə ödənilməmiş 14.805 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,42 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə”##.##.2023cü il tarixli, ***/**** saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 14.805 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş vəüç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 14.805 manat hissəsini bu günədək ödəməmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 389.1, 390.1, 442, 567, 598.1, 598.2, 445.2, 598.3, 443.1, 448.1-ci maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, 14.805 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 134 manat 42 qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İddiaçı hazırda, cavabdehin ödənilməmiş 14.805 manat məbləğində borcunun ödənilməsini tələb edir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 16.290 manat olan mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edib ki, iddia təmin edilməli, 14.805 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 600.4-cü maddələrinə istinad etmişdir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin aidiyyət qaydalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır; o, malları almış; borcu etiraf etmiş; öhdəliyi icra etməmişdir. Lakin həmin nəticələr işin faktiki hallarına uyğun deyildir. Məhkəmə müqavilələrin bağlanma şəraitini araşdırmamışdır. Cavabdeh İddiaçı MMC-də sahibkar kimi deyil, satıcı kimi fəaliyyət göstərmişdir. Cavabdehə müxtəlif sənədlər, işlə bağlı formal sənədlər kimi təqdim edilmiş; aldadılaraq imzalatdırılmış; hüquqi nəticələri izah edilməmişdir. Cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirməmiş; malları şəxsi istifadə üçün almamış; kommersiya məqsədli müstəqil alıcı olmamışdır. Məhkəmə isə tərəflərin real münasibətlərini araşdırmamış; əmək münasibətləri ehtimalını qiymətləndirməmiş; müqavilələrin hansı şəraitdə imzalandığını yoxlamamışdır. Mülki qanunvericiliyə əsasən əqd şəxsin həqiqi iradəsini ifadə etməlidir. Aldatma, yanlış təsəvvür yaratma və ya iradə qüsuru ilə bağlanan əqdlər etibarsız hesab edilə bilər. Məhkəmə müqavilənin sərbəst iradə ilə bağlanmasını araşdırmamış; imzanın hansı şəraitdə alınmasını qiymətləndirməmiş; iş üzrə əlavə sübut toplamamışdır. Məhkəmə tərəflər arasında guya tamhüquqlu kommersiya alqı-satqı münasibəti olduğunu qəbul etmişdir. Lakin işin həqiqi halları fərqlidir. Qətnamə yalnız formal müqavilə mətninə əsaslanmışdır. Halbuki mülki hüquqda əsas meyar sənədin adı deyil, tərəflərin həqiqi iradəsi və münasibətin hüquqi mahiyyətidir. Məhkəmə qətnaməsinin 4-cü və 5-ci bəndlərində göstərmişdir ki, “Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir.” və MPM-in 185.5-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə bu nəticəyə formal şəkildə gəlmiş, cavabdehin həqiqətən lazımi qaydada xəbərdar olunub-olunmadığını araşdırmamışdır. (Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsi) İş materiallarında isə: məhkəmə bildirişinin şəxsən ona təqdim edilməsini təsdiq edən sənəd yoxdur; poçt qəbzi yoxdur; elektron kabinetə çatdırılma sübutu yoxdur; bildirişin hansı ünvana göndərilməsi müəyyən edilmir; faktiki yaşayış yerim nəzərə alınmamışdır. Məhkəmə yalnız formal qeyd etməklə kifayətlənmişdir. Cavabdeh prosesdən faktiki olaraq xəbərsiz saxlanıldığı üçün müdafiə hüququndan istifadə edə bilməmiş; müqavilələrin həqiqi mahiyyəti barədə izahat verə bilməmiş; sübutlar təqdim edə bilməmişdir. Bu isə çəkişmə prinsipinin və tərəflərin prosessual bərabərliyi prinsipinin pozulmasıdır. İddiaçı yalnız müqavilə təqdim etmişdir. Lakin malların faktiki cavabdehə təhvil verilməsi; malların qəbul edilməsi; məhsulların çeşidi; təhviltəslim aktları; qaimələr; anbar sənədləri; etibarnamələr məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yalnız formal müqaviləyə əsaslanaraq borcun mövcudluğu nəticəsinə gəlmişdir. Halbuki mülki prosesdə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı malların faktiki təhvilini, cavabdehin sahibkar statusunu, öhdəliyin yaranmasını tam və mötəbər sübutlarla təsdiq etməmişdir. Məhkəmə isə sübutların kifayətliliyini araşdırmadan iddianı təmin etmişdir. Qətnamədə ciddi ziddiyyət mövcuddur. Belə ki, müqavilədə borc məbləği 14.805 manat göstərilmişdir; lakin məhkəmə qərarın 16-cı bəndində “16.290 manat dəyərində mallar verilmişdir” qeyd etmişdir. Məhkəmə bu fərqin səbəbini izah etməmiş; hansı sənədə əsaslandığını göstərməmiş; məbləğ uyğunsuzluğunu aradan qaldırmamışdır. Bu isə qətnamənin əsaslandırılmamış olduğunu göstərir. Birinci instansiya məhkəməsi müqavilələrin həqiqiliyini; imzalanma şəraitini; tərəflərin hüquqi statusunu; malların real hərəkətini; borcun yaranma əsasını tam araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətlə bağlı müddəalarına əsasən iddia cavabdehin yaşayış yeri üzrə; (35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.) yaxud müqavilənin icra yeri üzrə verilməlidir. (36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.) Cavabdeh Laçın rayonu qeydiyyatlıdır; faktiki olaraq Ağcabədi rayonunda yaşayır; müqavilənin faktiki icra yeri də Ağcabədi rayonu olmuşdur. Bu halda işə ya Şirvan Kommersiya Məhkəməsi, ya da aidiyyətdən asılı olaraq Gəncə Kommersiya Məhkəməsi baxmalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində İddiaçı MMC-də sahibkar kimi deyil, satıcı kimi fəaliyyət göstərdiyini və müqavilələrin aldadılmaqla imzalatdırıldığını bildirmişdir. Lakin həmin arqumentlər iş materialları ilə təsdiq olunmur. Cavabdeh ##.##.2020ci il tarixindən ##.##.2022-ci il tarixinədək İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Sonradan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Bununla da tərəflər arasında mövcud olmuş əmək münasibətləri tam şəkildə başa çatmışdır. Hazırkı mübahisənin əsasını təşkil edən ##.##.2023-cü il tarixli ***/**** nömrəli alqı-satqı müqaviləsi isə əmək münasibətlərinə xitam verildikdən təxminən bir il üç ay sonra cavabdehin müraciəti əsasında sahibkarlıq fəaliyyəti subyekti qismində bağlanmışdır. Bu səbəbdən cavabdehin əmək münasibətlərinə istinad etməsi hüquqi əhəmiyyət kəsb etmir və mübahisə predmeti ilə əlaqəli deyildir. Eyni zamanda müqavilə cavabdehin şəxsi imzası ilə təsdiqlənmiş, sonradan isə ##.##.2024-cü il tarixli "Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə" imzalanaraq cavabdeh tərəfindən 14.805 manat məbləğində borcun mövcudluğu bir daha etiraf edilmişdir. Cavabdeh həmin sənəddə borcun hissə-hissə ödənilməsi öhdəliyini də öz üzərinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində məhkəmə bildirişlərinin ona təqdim edilmədiyini qeyd etmişdir. Həmin arqument də həqiqəti əks etdirmir. İş materiallarından görünür ki, cavabdehin elektron məhkəmə sistemində şəxsi kabineti mövcud olmuş və məhkəmə tərəfindən göndərilən bildirişlər qanunvericiliyin tələblərinə uyğun olaraq həmin elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh məhkəmə prosesinin mövcudluğundan xəbərdar olmaq imkanına malik olmuş, lakin öz prosessual hüquqlarından istifadə etməmişdir. Cavabdeh iddiaçı tərəfindən malların faktiki təhvil verilməsinin sübuta yetirilmədiyini bildirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə malların təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Həmin sənəd şirkətin anbar arxivində saxlanılmışdır. Cavabdeh apellyasiya şikayətində malların təhvil alınmasını mübahisələndirdiyindən sözügedən təhvil-təslim aktı arxivdən götürülərək elektron məhkəmə sisteminə əlavə edilmişdir. Beləliklə, müqavilə, borcun etirafı haqqında müqavilə və malların təhvil-təslimini təsdiq edən sənədlər birlikdə qiymətləndirildikdə cavabdehin müqavilə üzrə öhdəliyinin mövcudluğu tam şəkildə sübuta yetirilir. Apellyasiya şikayətində irəli sürülmüş digər arqument ərazi aidiyyətinin pozulması ilə bağlıdır. Lakin tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilənin 8-ci maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri, Binəqədi rayonu hesab olunur və tərəflər arasında yaranacaq mübahisələr satıcının qeydiyyatda olduğu ünvan üzrə aidiyyəti məhkəmədə həll ediləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.11ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində müqavilənin bağlanması şəraitinə, malların təhvil verilməsinə və digər hallara dair yalnız mülahizə xarakterli fikirlər irəli sürmüş, lakin həmin iddiaları təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

14. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.

15. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. -882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı və qanuniliyinin tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixli ***/**** saylı nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə mallar satmışdır. Cavabdeh Cavabdeh isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 14.805 manat məbləğində borcu yaranmışdır. ##.##.2024-cü il tarixdə tərəflər mövcud borcun etiraf edilməsi haqqında müqaviləni imzalamış və həmin müqaviləyə əsasən Cavabdeh müxtəlif çeşidli malların təqdim edilməsinə görə İddiaçı MMC-yə 14.805 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Hazırda iddiaçı iddiasında 14.805 manat məbləğində pulun ödənilməsini tələb edir.

23. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 882.1-ci maddəsi təşkil edir.

24. Hazırkı halda məhkəmə kollegiyası cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəmədiyini, eləcə də cavabdehin borcun etirafı barədə müqaviləni bağlamaqla 14.805 manat məbləğində borcunun olmasını etiraf etdiyini və həmin borcun ödənilməsini öhdəsinə götürdüyünü, bununla da iddiaçının həmin borcun ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 14.805 manat məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

25. Cavabdehin müqavilənin formal olaraq bağlanmış olması, onun sadə işçi olması və aldadılma nəticəsində müqavilənin bağlanmış olması barədə irəli sürülən dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh müqavilə bağlanarkən göstərilən hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, apellyasiya şikayətində iddiaçının işçisi olduğunu bildirdiyi halda məhkəmə iclasında verilən suallara cavab olaraq cavabdeh iddiaçı ilə alqı-satqı münasibətlərində olmuş ticarət obyektində (mağazada) sadə işçi olduğunu göstərmişdir. Kollegiya hesab edir ki, göstərilən hal öz təsdiqini tapsa belə iddiaçının alqı-satqı müqaviləsinin əslində başqa şəxslə bağlanması barədə məlumatlı olması öz təsdiqini tapmır, belə olan halda istinad edilən hal iddianın əsassız hesab edilməsi üçün əsas vermir.

26. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı bildirilənlərə dair qeyd olunur ki, iş materiallarından göründüyü kimi, cavabdehin elektron informasiya sistemində yaradılmış elektron kabineti mövcud olduğundan, məhkəmə bildirişləri həmin elektron kabinetə göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilmişdir. Bu baxımdan, cavabdehin öz iradəsinə uyğun olaraq məhkəmə iclaslarında iştirak etməməsi məhkəmə tərəfindən prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz.

27. Aidiyyət qaydalarının pozulmasına gəldikdə, kollegiya göstərir ki, tərəflər bağlanmış müqavilələrdə mübahisələrə baxılma yeri barədə razılaşaraq, satıcının ünvanı və ya kreditorun ünvanı mübahisənin həlli yeri kimi müəyyən etmişlər.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar