Məhkəmə qərarları › İş №e-2-2(3-6)-563/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-563/2026

11.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-563/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Şükürov İlkin Mirzəxan oğlunun cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi, qarşələqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh Şükürov İlkin Mirzəxan oğluna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Şükürov İlkin Mirzəxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. İddiaçı Şükürov İlkin Mirzəxan oğlu ilə bağlanmış ##.##.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar Şükürov İlkin Mirzəxan oğlunu təbii qazla təchiz edir.

2. *************** saylı abonent Şükürov İlkin Mirzəxan oğlunun (kommersiya) abonent saldosundan görünür ki, abonent "Eleksan" tipli istilik qazanı(3/3) adlı qaz cihazından istifadə edir. 2025-ci ilin fevral ayında abonentə akta əsasən 87193.92 manat və 22326.24 manat məbləğində borc hesablanmışdır.

3. İddiaçı Şükürov İlkin Mirzəxan oğlu, “xxxx” MMC ilə Cavabdeh İB arasında ##.##.2023-cü il tarixli razılaşma protokolu əsasında aşağıdakılar barədə razılığa gəldilər

4. Həmin Protokolun:

5. 1.1-ci bəndinə əsasən 13.01,2023-ci il tarixinə istehlakçının hesabında təbii qazdan istifadəyə görə Cavabdeh İstehsalat Birliyinə 334618,40 manat məbləğində borcunun olmasını qəbul edirlər.

6. 1.2-ci bəndinə əsasən Müştərək qaydada həmin borcdan ilkin olaraq 100003,40 manat ödəməklə, qalan 234615 manat istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq 2023-cü ilin fevral ayından etibarən hər ayın 25-nə dək 46923 manat olmaqla 5 ay müddətində Cavabdeh İstehsalat Birliyinin hesabına ödəməyi öhdəsinə götürürlər.

7. 1.3-cü bəndinə əsasən X3 1.2-ci bəndinin tələblərinə uyğun olaraq ödəniş etmədikləri təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edirlər və bununla bağlı Cavabdeh İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəklərini bildirirlər.

8. 3-cü bəndinə əsasən“İstehlakçı” və “İcarəyə götürən” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

9. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı Şükürov İlkin Mirzəxan “xxxx” MMC ilə Cavabdeh İB arasında bağlanmış ##.##.2023-cü il tarixli razılaşma protokolu aşağıdakılar barədə razılığa gəldilər.

11. Həmin Protokolun:

12. 1.1-ci bəndinə əsasən Təbii qazdan istifadəyə görə Cavabdeh İstehsalat Birliyinə 259863.00 (iki yüz əlli doqquz min səkkiz yüz altımış üç manat 00 qəpik ) manat məbləğində borcunun olmasını qəbul edir.

13. 1.2-ci bəndinə əsasən Həmin borcdan ilkin olaraq 130000 manat ödədikdən sonra qalan 129863 manat debitor borcu təbii qazın sərfiyyatından əlavə olaraq 3 ay müddətində hər ayının 18-nə qədər 43287,67 manat ödəməyi öhdəsinə götürür.

14. 1.3-cü bəndinə əsasən “Istehlakçı”ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və X3 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. .Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2024-cü il tarixli 119439.78 manat məbləğində hesab-faktura göndərilmişdir.

16. Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2024-cü il tarixli 23068.20 manat məbləğində hesab-faktura göndərilmişdir.

17. Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2024-cü il tarixli 35385.52 manat məbləğində hesab-faktura göndərilmişdir.

18. Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2025-ci il tarixli 371.69 manat məbləğində hesab-faktura göndərilmişdir. 19.Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2025-ci il tarixli 94191.32 manat məbləğində hesab-faktura göndərilmişdir.

19. Cavabdeh İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna ##.##.2025-ci il tarixli 22489.56 manat məbləğində hesab-faktura göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

20. İddiaçı Şükürov İlkin Mirzəxan oğlu(bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh İByə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna hesablanmış 225076,69 (iki yüz iyirmi beş min yetmiş altı manat, altmış doqquz qəpik) manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən *************** saylı abonent kodu olan mənə məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh İstehsalat birliyi tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri son mövsüm istisna olmaqla daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ilədək istifadə etdiyim təbii qazın dəyərinin hesablanmasında hər-hansı gözə çarpacaq qüsurlar olmamışdır. Məhkəmənin xüsusi diqqətini bir məqama çəkmək istəyirəm. Belə ki, Cavabdeh İB 2018 və 2020-ci illərdə mənə qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi verərək 2020-ci ilin mart ayına olan 312409,80 manat borcun tutulmasını xahiş etmişdir. İddia təmin edilmiş və qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Qətnamələr tərəfimdən tam olaraq icra edilmişdir. Abonent saldosunun “sərfin məbləği” bölümünə baxdıqda aydın görmək olar ki, 2020-ci ilin noyabr ayından (yəni qətnamə çıxdıqdan sonra) 2025-ci ilin avqust ayınadək mənə ümumilikdə 644686,93 manat məbləğində borc hesablanmış və bunun müqabilində “ödəniş” bölümündən göründüyü kimi mən 841540,20 manat məbləğində ödəniş etmişəm. Bu hal özlüyündə məhkəmə qətnaməsinin icrasının aydın sübutudur. Yəni ola bilməz ki 2020-ci ildən mənim ödənilməmiş borcum olsun və cavabdeh təşkilat mənə verilən qazı dayandırmasın. Necə ki bu hal indi baş vermişdir və ##.##.2025ci il tarixdən mənə verilən qaz dayandırılmışdır. Bundan başqa istehlakçılar tərəfindən ödənilən məbləğlər qazpaylayıcı tərəfindən ilk öncə debitor borcun ödənilməsinə yönəlir. Göründüyü kimi hazırda mübahisələndirdiyim borc məbləğinin həmin qətnamələrlə heç bir əlaqəsi yoxdur. Cavabdeh təşkilat tərəfindən 2023-cü il ərzində və 2024-cü ilin aprel ayınadək mənə ümumilikdə 452191,52 manat borc hesablanmışdır. Hesablanmış borcun bir hissəsi tərəfimdən ödənilmiş 225076,69 manat hissəsi ilə isə razılaşmadığımdan ödənilməmişdir. 2024-cü ilin dekabr ayından tərəfimdən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsəmdə mənə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız ##.##.2025-ci il tarixdə istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda mənə məxsus qaz kəmərinin üzərində ELSTER G1600 markalı, ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı ##.##.2023-cü il tarixdə cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2023- cü il ərzində təbii qazdan istifadəyə görə mənə ümumilikdə 274995,82 manat məbləğində, 2024-cü ilin ilk üç ayında isə 177195,70 manat məbləğində borc hesablanmışdır. Ötən illərin müvafiq dövrü ilə müqayisədə borcun real sərfiyyatı əks etdirmədiyini görmək olar. Misal üçün 2020-ci ilin ilk üç ayında (yanvar, fevral və mart) ümumilikdə 79178 manat, 2021-ci ilin ilk üç ayında 104600 manat məbləğində təbii qazdan istifadə edilmişdirki bu da 2023-cü və 2024-cü illərin müvafiq dövrləri ilə müqayisədə hər üç aya görə 100000 manat civarında fərq edir.

22. Cavabdehin nümayəndəsi məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh Şükürov İlkin Mirzəxan oğlundan təbii qazdan istifadə etdiyinə görə yaranmış 225076,69 manat məbləğində əsas borcun, 515,08 manat məbləğində ödənilmiş dövlət rüsmu, cəmi 225591,77 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN **********, MH AZ03NABZ01350100000000002944, SWİFT: IBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ**IBAZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Birliyi ilə Şükürov İlkin Mirzəxan oğlu arasında bağlanmış ## ###### 2021-cu il tarixli, AMX****/** saylı “Qaz paylayıcısı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” yə əsasən Cavabdeh İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə Cavabdeh İstehsalat Birliyinə 225076,69 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Bildiririk ki, yuxarıda qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndləri Şükürov İlkin Mirzəxan oğlu tərəfindən pozulmuşdur Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Şükürov İlkin Mirzəxan oğlu oğlu borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir.

24. Daha sonra ilkin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azəriqaz İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna məxsus *************** nömrəli abonent kodu üzrə hesablanmış 219753,92 manat məbləğində borcun Şükürov İlkin Mirzəxan oğlundan tələb edilməsinin cavabdehə qadağan edilməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Azəriqaz İB tərəfindən Şükürov İlkin Mirzəxan oğluna məxsus *************** nömrəli abonent kodu üzrə hesablanmış 219753,92 manat məbləğində borcun Şükürov İlkin Mirzəxan oğlundan tələb edilməsinin cavabdehə qadağan edilməsi və dövlət rüsumuna görə ödənilmiş 515,08 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Şükürov İlkin Mirzəxan oğlunun cavabdeh Cavabdeh İB-yə qarşı ilkin iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməsi, iddiaçı Cavabdeh İB-nin cavabdeh Şükürov İlkin Mirzəxan oğluna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Şükürov İlkin Mirzəxan oğlundan 225076,69 ( iki yüz iyirmi beş min yetmiş altı manat altmış doqquz qəpik) manat məbləğində əsas borc və 515.08 (beş yüz on beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi qət edilmişdir.

27. Şükürov İlkin Mirzəxan oğlu apellyasiya şikayəti verərək, k Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia ərizəsi ilə mübahisələndirilən borc məbləği 2023 və 2024-cü ilin aprel ayınadək yaranmış borcdur. Ona məxsus istixana icarə müqaviləsinə əsasən 2023-cü ildən 2024-cü ilin aprel ayınadək “xxxx” MMC-nin istifadəsində olmuşdur. Hazırki ərizəyə və iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli razılaşma protokollarına əsasən cavabdeh Cavabdeh İB hesablanmış borcun “xxxx” MMC-yə məxsus olmasını qəbul etmiş və həmin borcun ödənilməsi üçün onunla deyil məhs “xxxx” MMC ilə razılığa gəlmişdir. Sonuncu razılaşma (##.##.2023-cü il tarixli) onun məlumatı olmadan bağlansa da “xxxx” MMC tərəfindən istifadə edilmiş qazın dəyəri sonradan ondan tələb edilirdi. ##.##.2023-cü il tarixdə sonuncu razılaşma protokolu bağlanmış, “xxxx” MMC tərəfindən razılaşmaya əsasən 130 000 manat ilkin ödəniş edilmiş və istixanaya qazın verilməsi bərpa edilmişdir. Razılaşmadan da göründüyü kimi ilkin ödəniş edildikdən sonra təbii qazdan istifadəyə görə qalıq borc 129863 manat təşkil edirdi və “xxxx” MMC həmin borcu 3 ay müddətində hər ay 43287,67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Abonent saldosundan da göründüyü kimi “xxxx” MMC tərəfindən öhdəlik icra edilməmiş və nəticədə təbii qazdan istifadəyə görə olan borc 2024-cü ilin aprel ayına artmışdır. Daha sonra ##.##.2024-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh İB mənə və“xxxx” MMC-yə müraciət edərək ##.##.2024-cü il tarixə yaranmış 219753,92 manat borcun 10 gün müddətində ödənilməsini tələb etmişdir. Eyni zamanda həmin borcun əks olunduğu hesab faktura da göndərilmişdir. “xxxx” MMC onun direktoru olan Kaya Osman şəxsində istifadə edilmiş qazın dəyərini ödəməkdən boyun qaçırdığı və digər səbəblərə görə mənə ziyan vurduğu üçün tərəfimdən ##.##.2024-cü il tarixli ərizə ilə Masallı RPŞ-nə və ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasında olan Türkiyə Səfirliyinə şikayət ərizəsi iləmüraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdim. Əfsuslar olsun ki, Masallı RPŞ tərəfindən ##.##.2024-cü il tarixdə cinayət işibaşlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Cavabdeh İB mənə məxsus istixanada 2023-2024-cü illərdə “xxxx” MMC tərəfindəntəbii qazdan istifadə edildiyini qəbul etmiş və həmin istifadəyə görə hesablanmış borcun ödənilməsi üçün “xxxx” MMC ilə razılığa gələrək rəsmi müqavilə (razılaşma) bağlanmışdır. Bağlanmış razılaşmanın (müqavilənin) şərtləri icra edilmədikdə Cavabdeh İB tərəfindən “xxxx” MMC-yə pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh İB pretenziya qaydasında ##.##.2024-cü il tarixdə müraciət etsədə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etməmişdir cavabdeh Cavabdeh İB ilə “xxxx” MMC arasında ##.##.2023 və ##.##.2023-cü il tarixlərində müqavilə bağlanaraq həmin dövrə mövcud borcun ödənmə şərtləri və qaydası müəyyən edilmişdir. Bağlanmış müqavilələr “xxxx” MMC tərəfindən tam icra edilməmiş və nəticədə 219753,92 manat ödənilməmiş borc qalmışdır. Göründüyü kimi qazın alqı-satqısı müqaviləsi onunla bağlansa da cavabdeh təşkilat təbii qazdan faktiki olaraq istifadə etmiş “xxxx” MMC ilə müqavilə bağlamış və borcun ödənilmə qaydasını müəyyən etmişlər.. Məhkəmənin istinad etdiyi ##.##.2023-cü il tarixli razılaşma müqaviləsi onun tərəfindən imzalanmamışdır. Müqavilədən də göründüyü kimi tərəf kimi Cavabdeh İB ilə Şükürov İlkin Mirzəxan oğlu qeyd edilsədə onun o müqavilədən məlumatı olmamış müqavilə Cavabdeh İB ilə “xxxx” MMC tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi iki tərəf onun iştirakı olmadan razılığa gəlmiş və borcun ödənmə şərtlərini müəyyən etmişdir. Daha sonra öhdəlik götürən “xxxx” MMC üzərinə götürdüyü öhdəliyi icra etmədikdə CavabdehİB həmin məbləği ondan tələb etmək niyyətinə gəlmişdir. Bu faktlara məhkəmə düzgün hüquqi qiymət verməmişdir.

17.Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi.

31. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” AR Qanununun

34. 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.

35. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 6-cı maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

36. 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

37. 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

38. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların * nömrəli əlavəsində göstərilmişdir. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

39. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir

40. .Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın (zamana görə qüvvədə olan) 4.2- ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

41. .Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

42. Mülki Prosessual Məcəllənin:

43. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanda ünvanında yerləşən, Şükürov İlkin Mirzəxan oğluna məxsus qeyri-yaşayış sahəsi (istixana) cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir.

51. Cavabdeh İB ilə istehlakçı Şükürov İlkin Mirzəxan oğlu arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə ##.##.2016-cı il tarixli nömrəli müqavilələrin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir

52. Göründüyü kimi təbii qazın alqı-satqısı üzrə abonent müqaviləsi Şükürov İlkin Mirzəxan oğlu ilə bağlanmışdır və mübahisəli dövr ərzində abonent kimi hüquq və vəzifələr daşıyan şəxs də məhz o olmuşdur. Təbii qazın dəyərinin ödənilməsi öhdəliyi qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olaraq abonentin üzərində qalmışdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator borcun "xxxx" MMC tərəfindən yarandığını göstərsə də, bu hal onun Cavabdeh İB qarşısında daşıdığı müqavilə öhdəliyini aradan qaldırmır. İş materiallarında olan ##.##.2023-cü il və ##.##.2023cü il tarixli razılaşma protokolları borcun başqa şəxsə keçirilməsi və ya abonentin öhdəlikdən azad edilməsi barədə müqavilə kimi qiymətləndirilə bilməz.

54. Əksinə, ##.##.2023-cü il tarixli razılaşma protokolunun 3-cü bəndində açıq şəkildə göstərilmişdir ki, istehlakçı və icarəçi razılaşma üzrə öhdəliklərini yerinə yetirmədikləri halda Cavabdeh İB borcun tələb olunması üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Bu müddəa abonentin öhdəlikdən azad edilmədiyini və cavabdehin borcun tutulmasını abonentdən tələb etmək hüququnun saxlanıldığını təsdiq edir. Həmçinin istehlakçının borcunun olması və ödəmə öhdəliyi götürməsi barədə ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli razılaşma protokolları Cavabdeh İB, "xxxx" MMC-nin möhürləri və Şükürov İlkin Mirzəxan oğlunun imzaları ilə təsdiq edilmişdir.

55. Bundan başqa, apellaytorun istinad etdiyi hallar məhkəmə tərəfindən araşdırılmış və qiymətləndirilmişdir. Məhkəmə əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC ilə bağlanmış razılaşmalar abonent müqaviləsindən irəli gələn öhdəliyin başqa şəxsə keçirilməsi və ya ilkin borclunun öhdəlikdən azad edilməsi kimi hüquqi nəticə yaratmır.

56. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023-cü il tarixli razılaşma protokolunun onun tərəfindən imzalanmaması halında belə iddiaçı ilə bağlanmış abonent müqaviləsini ləğv edən, dəyişdirən və ya abonenti öhdəliklərdən azad edən sənəd deyil, mövcud borcun ödənilməsi mexanizmini müəyyən edən razılaşmadır, müqavilə öhdəliyini aradan qaldıran hal kimi qəbul edilə bilməz.

57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Şükürov İlkin Mirzəxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar