Məhkəmə qərarları › İş №e-2-2(3-6)-574/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-574/2026

16.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-574/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: təbii inhisar subyekti, elektrik enerijisi ilə təchiz olunma, enerjinin bərpa edilməsi, sayğacların quraşdırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulma, sayğacların quraşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Tərtər rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi 1997-ci ildə özəlləşdirilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına uygun olaraq onun bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

2. Tərtər şəhərinin Nizami küçəsində yerləşən 32,30 m2 ölçülü daşınmaz əmlak (qeyriyaşayış binası) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.

3. Tərtər şəhərinin Famil Quliyev küçəsində yerləşən 24 m2 ölçülü daşınmaz əmlak (qeyriyaşayış binası) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.

4. Tərtər şəhərinin Heydər Əliyev prospektində yerləşən 61,20 m2 ölçülü daşınmaz əmlak (qeyri-yaşayış binası) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.

5. Tərtər şəhərinin Heydər Əliyev prospektində yerləşən 19 m2 ölçülü daşınmaz əmlak (qeyri-yaşayış binası) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ASC-nə ##.##.2023-cü il tarixli məktubda “Tərtər rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 1997-ci ildə özəlləşdirilərək Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına uygun olaraq onun bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı, 1958ci ildə Tərtər şəhəri, H.Əliyev prospektndə (bazarla qarşı-qarşıya olan qeyri-yaşayış binalarında), Tərtər şəhəri Famil Qulami küçəsində və Tərtər şəhəri Nizami küçəsində ASC-nə məxsus tək binalara 3 faza işıq çəkildiyi, lakin onun kabellərinin və işıq sayğaclarının kabelləşmə dövründə, yəni təxminən 2007-2009-ci illərdə Tərtər rayon İşıq İdarəsi tərəfindən götürülüb aparıldığı, həmin vaxtdan indiyədək olan müddət ərzində ASC-nə məxsus binalara elektrik xəttinin gəlmədiyi və bu səbəbdən də iş yerində işıq olmadığı, hazırda qonşulardan işıq alıb işlətdikləri” bildirilərək, məsələnin həll edilməsi, yəni İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrinə saygac qoyulmaqla elektrik xətti çəkilməsinə və kəsilmiş xətlərin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur.

7. Cavabdeh ASC tərəfindən həmin müraciətə cavab olaraq ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “... Müraciətiniz əməkdaşlarımız tərəfindən araşdırılan zaman məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi üçün Cavabdeh ASC-nin elektron xidmətlər portalı və “ASAN Kommunal" mərkəzləri vasitəsi ilə müraciətiniz qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, Cavabdeh ASC tərəfindən tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. ##.##.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Qanuna edilmiş əlavə dəyişikliklərlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir. Qeyd olunanları nəzərə alaraq, yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyriyaşayış) müvafiq sənədini daxil etməklə Cavabdeh ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədləri qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir”.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ASC-nə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixdə ünvanlanmış təkrar müraciətlərə Cavabdeh ASC tərəfindən ##.##.2024cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “ASC-nin binasının üzərindən yüksək gərginlikli xətt keçir və mühafizə zonasını pozur. Nəzərinizə çatdırırıq ki, ASC-nin balansında olan binalara sayğac qoyulması üçün ASAN Xidmətə müraciət etməlisiniz”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı ASC (iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ASC-nin xüsusi mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 61,20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19,00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, Famil Qulami küçəsində yerləşən 24,00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32,30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa olunub enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Tərtər rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi 1997-ci ildə özəlləşdirilərək Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına uygun olaraq onun bazasında İddiaçı yaradılmışdır. 1958-ci ildə Tərtər şəhəri, H.Əliyev prospektndə (bazarla qarşı-qarşıya olan qeyriyaşayış binalarında), Tərtər şəhərinin Famil Qulami küçəsində və Tərtər şəhərinin Nizami küçəsində ASC-nə məxsus tək binalara 3 faza işıq çəkilmiş, lakin onun kabelləri və işıq sayğacları kabelləşmə dövründə, yəni təxminən 2007-2009-ci illərdə Tərtər rayon İşıq İdarəsi tərəfindən götürülüb aparılmışdır. Həmin vaxtdan indiyədək olan müddət ərzində ASC-nə məxsus binalara elektrik xətt gəlmir və bu səbəbdən də iş yerində işıq yoxdur. Hazırda qonşulardan işıq alıb işlədirlər. Bu məsələnin həll edilməsi, yəni İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, Famil Qulami küçəsində yerləşən 24.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə saygac qoyulmaqla elektrik xətti çəkilməsinə və kəsilmiş xətlərin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli 13-13/2-2/7- 04-Ə-4365-5/2024№-li sonuncu məktubunda isə İddiaçı ASCyə məxsus binanın üzərindən Cavabdeh ASC-yə məxsus 6 kv-luq elektrik verilişi xəttinin keçdiyi və xəttin mühafizə zonasının pozulması, hesabat elektrik saygacının quraşdırılması və abunə kodunun açılmasının “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzi vasitəsi ilə həyata keçirildiyi, tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyriyaşayış sahəsinin sayğacla təmin olunmaması mülkiyyətçi kimi hüquqlarını pozur. Buna görə də cavabdehin imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edərək iddia ilə Gəncə İnzibati məhkəməsinə məhkəməyə müraciət etməli olmuş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi mümkün sayılmayaraq məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldugu izah edilmişdir.

11. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə Cavabdeh ASC-nin heç vaxt İddiaçı ASC adında abnenti olmadığını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh təbii inhisar subyektidir və tərəflər arasında müqavilə münasibətləri yoxdur, iddiaçının xüsusi mülkiyyətində olan qeyriyaşayış 13.sahəsinə sayğac quraşdırılmamışdır. İddiaçının qeyd etdiyi hallarla bağlı, əvvəllər elektrik enerjisinin olması, sayğacın çıxarılması və s. hallarla bağlı hec bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının, qanunvericiliyin tələblərinə uyğun şəkildə texniki şərtin verilməsi və onunla müqavilə bağlanılması üçün heç bir müraciəti olmamış, o, yalnız elekrik enerjisinin bərpa olunmasını tələb etmişdir.

14. Məhkəmə vurğulamışdır ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız Cavabdeh ASC–nin ##.##.2023-cü il tarixli məktubu əlavə edilmişdir.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxxnın 1.3-cü, 1.4-cü, 1.5-ci, 7.1-ci, 7.6-cı, 7.8-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.6cı, 1.7-ci, 1.11-ci, 2.1-ci, 2.3-cü, 2.16-cı bəndlərinə istinad etmişdir.

16. Həmin qətnamədən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu, elektrik enerjisi ilə təchiz olunma və texniki şərt almaq üçün iddiaçının “ASAN Kommunal” xidmətlərinə müraciət etməli olduğunun qanunverciliyin tələbi olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

21. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

22. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

“xxxx”

23. Bənd 1.1. Abonent (əsas istehlakçı) elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.

24. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

25. Bənd 8.6. İstehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”

26. Bənd 1.3. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.

27. Bənd 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (* nömrəli əlavə).

28. Bənd 1.5. Girişləri enerji təchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerji təchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqısatqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerji təchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

29. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

30. Bənd 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

31. Bənd 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”

32. Bənd 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır.

33. Bənd 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz.

34. Bənd 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur.

35. Bənd 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

36. Bənd 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

37. Bənd 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir:

38. 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

39. 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”

40. Bənd 1.1. Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il ## ##### tarixli ***-VIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1.1.38-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunla müəyyən olunmuş münasibətləri tənzimləyir.

41. Bənd 1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.2.26. xidmət nöqtələri – kiçik və orta biznes (KOB) evləri, “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri); 1.2.54. sifarişçi – şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslər.

42. Bənd 159.1. Məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması məqsədilə texniki şərtlərin və şəbəkəyə qoşulma layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydaların 159.2-ci bəndində qeyd olunan məlumatları İnformasiya Sisteminə daxil edir və ya həmin məlumatların İnformasiya Sisteminə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində sistem operatorunun nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Sifarişçinin tikinti obyekti birbaşa istehsalçının və ya istehlakçının şəbəkəsinə qoşulduğu halda sifarişçinin bu bəndə uyğun olaraq sistem operatoruna təqdim etdiyi ərizəsinə və ya tikintiyə icazə verən orqandan (qurumdan) sistem operatoruna daxil olan sorğuya istehsalçının və ya istehlakçının yazılı razılığı (fiziki şəxslərə münasibətdə notariat qaydasında təsdiq edilmiş yazılı razılığı) əlavə edilməlidir.

43. Bənd 159.2. Məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması məqsədilə İnformasiya Sisteminə aşağıdakı məlumatlar daxil edilir: 159.2.1. sifarişçinin (məişət istehlakçısı istisna olmaqla) VÖEN-i; 159.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 159.2.3. sifarişçinin şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 159.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası; 159.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).

44. Bənd 159.3. Tikinti obyektinin şəbəkəyə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin edilir.

45. Bənd 159.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, sistem operatorunun nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul edir, həmin gün qeydiyyata alır və İnformasiya Sisteminə daxil edir. İnformasiya Sisteminə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi

52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

54. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

55. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas etibarilə ona istinad etmişdir ki, iddiaçı mübahisəli obyektlərin əvvəllər elektrik enerjisi ilə təchiz olunduğunu, sonradan həmin təchizatın dayandırıldığını, elektrik xətlərinin və sayğacların cavabdeh tərəfindən götürüldüyünü təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, habelə qüvvədə olan normativ qaydalarda nəzərdə tutulmuş prosedura uyğun olaraq texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulma üçün müraciət etməmişdir.

56. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, iddiaçıya məxsus obyektlərin əvvəllər elektrik enerjisi ilə təchiz olunduğunu, sonradan elektrik xətlərinin və sayğacların cavabdeh tərəfindən götürüldüyünü təsdiq edən heç bir sübut təqdim olunmamışdır – bu səbəblə iddianın müvafiq hissəsinin təmin edilməsi mümkün deyildir.

57. İddia tələbinin “qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulma” hissəsinə münasibətdə isə qeyd olunmalıdır ki, qanunvericilik, mövcud və ya inşa ediləcək tikinti obyektinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması məqsədilə texniki şərtlərin və şəbəkəyə qoşulma layihəsinin hazırlanması üçün sifarişçinin ərazi üzrə xidmət nöqtələri (“ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri)) vasitəsilə müraciət etməsini tələb edir (§ 41, 42, 45).

58. İşin hallarından görünür ki, iddiaçının cavabdehə ünvanladığı məktublara da, “Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməli olduğu” məzmununda cavablar verilmişdir.

59. Kollegiya qəbul edir ki, obyektlərinin elektrik enerjisi ilə təmin olunmaması iddiaçının həmin əmlaklardan təyinatı üzrə istifadə imkanına birbaşa təsir göstərir; belə ki, elektrik enerjisi ilə təchizat müasir iqtisadi dövriyyənin və kommersiya fəaliyyətinin əsas infrastruktur elementlərindən biridir və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun effektiv həyata keçirilməsi ilə həmin əmlakın zəruri kommunal xidmətlərə çıxışının təmin olunması arasında birbaşa əlaqə mövcuddur.

60. Bununla yanaşı nəzərə alınmalıdır ki, əgər qanunvercilik elektrik enerjisi ilə təmin olunma üçün prosedur qaydalar müəyyənləşdirmişdirsə, bu cür təminatı istəyən şəxs (subyekt) müvafiq qaydaya əməl etməlidir.

61. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar