Məhkəmə qərarları › İş №e-2-2(3-6)-589/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-589/2026

17.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-589/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ-nin cavabdeh “Bakı Istilik Elektrik Təchizatı” PHŞ-nə qarşı “suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: sudan istifadə qaydalarına yaranmış borc, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ-nin nümayəndəsi Nümayəndə, cavabdeh “Bakı Istilik Elektrik Təchizatı” PHŞ-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, iddiaçı “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ-nin cavabdeh “Bakı Istilik Elektrik Təchizatı” PHŞ-nə qarşı “suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Tərəflər arasında ##.##.2025-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmaqla, müddəti ##.##.2025-##.##.2028-ci ildək müəyyən edilmişdir.

2. Cavabdeh ünvan 1 ünvanı üzrə istehlakçı kimi qeydiyyata alınmaqla, ona ****** saylı abonent kodu verilmişdir.

3. Tərəflər arasında su sayğaclarnın göstəriciləri ilə bağlı ##.##.2012-ci il tarixdə, ##.##.2013-cü il tarixdə, ##.##.2015-ci il tarixdə, ##.##.2015-ci il tarixdə, ##.##.2015-ci il tarixdə, ##.##.2015-ci il tarixdə, ##.##.2015-ci il tarixdə, ##.##.2015-ci il tarixdə və ##.##.2016-cı il tarixdə aktlar tərtib edilmişdir.

4. Həmçinin, tərəflər arasında ##.##.2025-ci il tarixdə Üzləşmə aktı tərtib edilmişdir. Üzləşmə aktlna görə iddiaçının debet hesabında 184985,57 manat, cavabdehin kredit hesabında isə 4368 manat mövcuddur.

5. Bundan başqa, iddiaçı tərəfindən tərtib edilmiş cavabdehin 2017-2025-ci illər üzrə satış-ödəniş cədvəlindən görünür ki, cavabdehin su təchizatı və çirkab sularının axıdılmasına görə – ##.##.2018-ci il tarixə 275637,57 manat, ##.##.2019-cu il tarixə 276172,57 manat, ##.##.2020-ci il tarixə 319983,57 manat, ##.##.2021-ci il tarixə 287684 manat, ##.##.2022-ci il tarixə 302564,57 manat, ##.##.2023-cü il tarixə 262752,57 manat, ##.##.2024-cü il tarixə 283258,57 manat, ##.##.2025-ci il tarixə 289485,57 manat və ##.##.2025-ci il tarixə 188533,57 manat borcu olmuşdur.

6. Həmçinin, cavabdehə aid abonent saldosunda 2025-ci ilin sonuna onun su təchizatı və çirkab sularının axıdılmasına görə 188533,57 manat borcunun olduğu əks olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Iddiaçı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 188533,57 manat borcun və 478,53 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2002-ci il tarixli ******** saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabeh qeyri-əhali qrupuna aid olmaqla son illər ərzində suyun buraxılması və tullantı sularının axıdılmasına görə az bir məbləğ ödəsə də, ##.##.2025-ci il tarixinə 188533,57 manat borcu qalmışdır. Ötən illər ərzində iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, ##.##.2025-ci il tarixdə isə pretenziya göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

9. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmiş və hazırki iş üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi qeyd edilən ərizədə əsaslandırılmışdır. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən aydın olur ki, cavabdehin sudan istifadəyə görə ##.##.2018-ci ilə qalıq borcu 275.637,57 manat təşkil edir. Başqa sözlə desək, iddia tələbində göstərilən borc məbləği 2018-ci ilə qədər olan dövrü əhatə edir. Qanunvericilkdə nəzərdə tutulmuş 3 illik iddia müddəti tələbindən irəli gələrək hesablama aparılsa məlum olur ki, cavabderhin 2023-cü il üzrə 20.506 (518.931-498425=20506) manat qalıq borcu, 2024-cü il üzrə 6227 (505.947-499720=6227) manat qalıq borcu yaranmış, 2025-ci il üzrə isə 420.957 manat sərfiyyat olmasına baxmayaraq 100.952 manat artıq vəsait, yəni 521.909 manat ödənilmişdir. 2017-ci ilə qədər yaranmış borcla bağlı məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, 2017-ci ildən qabaqkı illər üzrə su sayğaclarının göstəriciləri üzrə üzləşmə aktı tərtib edilmiş və hesabatlar həmin göstəricilərə əsasən hesablanmışdır. Lakin Xətai Su Kanal Idarəsi tərəfindən hesab-fakturada fərqli artıq rəqəmlər göstərilmişdir. Belə ki, 2016cı ilin oktyabr ayında üzləşmə aktına əsasən texniki su sərfi 119956 kub.m olmasına baxmayaraq, hesab fakturada artıq 175427 kub.m göstərilmiş və həmin ayda 54.035 manat artıq borc yazılmışdır. Eyni vəziyyət 2015-ci ilin yanvar, fevral, mart, aprel, may və avqust aylarında da təkralanmışdır. 2015-ci ilin yanvar ayında üzləşmə aktında 125954 kub.m, hesab fakturada və ##.##.2015-ci il tarixli HI ****** saylı VHF-da 154334 kub.m (27617.65 manat) 2015-ci ilin fevral ayında üzləşmə aktında 120110 kub.m, hesab fakturada və ##.##.2015-ci il tarixli HI ****** saylı VHF-da 131765 kub.m (10.905 manat) 2015-ci ilin mart ayında üzləşmə aktında 114900 kub.m, hesab fakturada və ##.##.2015-ci il tarixli HJ ****** saylı VHF-da 146498 kub.m (31.016 manat) 2015-ci ilin aprel ayında üzləşmə aktında 104.000 kub.m, hesab fakturada və ##.##.2015-ci il tarixli HJ ****** saylı VHF-da 148286 kub.m (41.754.50 manat) 2015-ci ilin may ayında üzləşmə aktında 37653 kub.m, hesab fakturada və ##.##.2015-ci il tarixli HJ ****** saylı VHF-da 49598 kub.m (10.633.30 manat) 2015-ci ilin avqust ayında üzləşmə aktında 113141 kub.m, hesab fakturada və ##.##.2015ci il tarixli HJ ****** saylı VHF-da 123141 kub.m (9.071.65 manat). Həmçinin 2013-cü il yanvar ayı üzrə aktda və hesab-fakturada ##.##.2013-cü il tarixli HF ****** saylı VHF 176925.60 manat göstərilməsinə baxmayaraq, Xətai rayon Su Kanal Idarəsinin şəxsi hesab vərəqəsində 181501 manat göstərilmiş və onlar arasında 4575.40 manat artıq borc hesablanmışdır. Həmçinin 2012-ci ilin mart ayında akta əsasən texniki su sərfi 211440 kub.m olmasına baxmayaraq hesab-fakturada və ##.##.2012-ci il tarixli HD ****** saylı FHFda aktdan artıq 379752 kub.m gösətilmiş və həmin ayda 166911.36 manat artıq borc yazılmışdır. Yuxarıda qeyd edilənlərələ bağlı cavabdeh tərəfindən Xətai rayon Su Kanal Idarəsinə ##.##.2020-ci il tarixli ***/**-***** saylı, ##.##.2021-ci il tarixli ***/**-**-** saylı, ##.##.2021-ci il tarixli ***/**-**-** saylı və ##.##.2023-cü il tarixli **-*/***/**-**-** saylı məktublarla müraciət edilmiş, Xətai rayon Su Kanal Idarəsi tərəfindən yalnız 80.784 manat borc məbləğinə düzəliş edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.

10. Cavabdeh, həmçinin iddia müddətinin tətbiqi barədə ərizsində bildirir ki, iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, iş üzrə materialların təhlili zamanı məlum olur ki, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləği 2017-ci il tarixə hesablanmış qalıq borcdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Tərəflər arasında da ##.##.2025-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflərin müqavilə üzrə ən başlıca öhdəlikləri ondan ibarətdir ki, iddiaçı cavabdehin tələbatına uyğun onu vaxtında, fasiləsiz və keyfiyyətli su ilə təmin etməli, habelə cavabdehin axıtdığı tullantı sularının axıdılmasını vaxtında və faizləsiz təmin etməli, cavabdehin ən başlıca öhdəliyi isə istifadə etdiyi və axıtdığı tullantı sularına görə qanunla müəyyən edilmiş haqqı ödəməkdən ibarət olmuşdur.  Iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən tərtib edilmiş 2017-2025-ci illər üzrə satış-ödəniş cədvəli ilə müəyyən edilir ki, cavabdehin iddiaçıya ##.##.2018-ci il tarixə qalıq borcu 275637,57 manat, ##.##.2019-cu il tarixə qalıq borcu 276172,57 manat, ##.##.2020-ci il tarixə qalıq borcu 319983,57 manat, ##.##.2021-ci il tarixə qalıq borcu 287684 manat, ##.##.2022-ci il tarixə qalıq borcu 302564,57 manat, ##.##.2023-cü il tarixə qalıq borcu 262752,57 manat, ##.##.2024-cü il tarixə qalıq borcu 283258,57 manat, ##.##.2025-ci il tarixə qalıq borcu 289485,57 manat və ##.##.2025-ci il tarixə qalıq borcu 188533,57 manat olmuşdur.  Habelə, abonent saldosunda əks olunmuş göstəricilər əsasında müəyyən edilir ki, icməli su satışına və tullantı sularının axıdılmasına görə (hər iki xidmət üzrə ümumilikdə) - 2008 - 2013-cü illər üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, 2014-cü il üzrə satış 1779750,9 manat, ödəniş 154651,53 manat, 2015ci il üzrə satış 1468595 manat, ödəniş 3051404,91 manat, 2016-cı il üzrə satış 1468595 manat, ödəniş 3051404,91 manat, 2017-ci il üzrə satış 1005640 manat, ödəniş 9981242,4 manat (8975602,4 manat əvvəlki illərin qalıq (artıq) ödənişi)), 2018-ci il üzrə satış 639757 manat, ödəniş 639222 manat (535 manat az ödəniş), 2019-cu il üzrə satış 638825 manat, ödəniş 595014 manat (43811 manat az ödəniş), 2020-ci il üzrə satış 722398 manat, ödəniş 754694 manat (32296 manat artıq ödəniş), 2021-ci il üzrə satış 711533 manat, ödəniş 696656 manat (14877 manat az ödəniş), 2022-ci il üzrə satış 582075 manat, ödəniş 621887 manat (39812 manat artıq ödəniş), 2023- cü il üzrə satış 518931 manat, ödəniş 498425 manat (20506 manat az ödəniş), 2024-cü il üzrə satış 505497 manat, ödəniş 499720 manat (6227 manat az ödəniş) və 2025-cü ilin noyabr ayı da daxil olmaqla satış 420957 manat, ödəniş 521909 manat (100952 manat artıq ödəniş) olmuşdur.  Şərh edilənlərdən də göründüyü kimi, cavabdehin hələ 2008-ci il tarixdən başlayaraq suyun istifadəsinə və tullantı sularının axıdılmasına görə borcu yaranmış, bununla da cavabdeh müqavilə üzrə əsas ödəlyini tam yerinə yetirməyərək onu pozmuşdur. Halbuki, cavabdeh daha əvvəllər də (abonent saldosuna görə tərəflər arasında ##.##.2002- ci il tarixdən müqavilə bağlanmış, 1998-ci il tarixdən isə tərəflər arasında sudan istifadə ilə bağlı hüquq münasibətləri yaranmışdır) iddiaçı ilə müqavilə münasibətlərində olmuş, sudan istifadə və tullantı sularının axıdılmasına görə ona göstərilmiş xidmətlərə görə üzərinə öhdəliklər götürmüşdür.  Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). Iradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan tərəflər onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürməklə hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar. Ona görə də, hər bir tərəf bağladığı müqavilənin şərtlərinə uyğun davranış nümayiş etdirməklə üzərinə götürdüyü öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.  Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə cavabdehin sudan istifadə və tullantı sularının axıdılmasına görə xidmət haqqı ilə bağlı borcunun hələ 2017-ci il tarixdən (iddiaçı tərəfindən borc üzrə satış və ödənişlə bağlı 2017-2025ci il illərə görə hesabatlara görə cədvəl tərtib etmişdir) əvvəlki illərdən borcunun yarandığı müəyyən edilir. Lakin iddiaçı tərəfindən cavabdehlə bağlı tərtib edilmiş 2017-2025-ci illər üzrə satış-ödəniş cədvəlindən və abonent saldosundan müəyyən edilir ki, ayrı-ayrı illər üzrə cavabdeh tərəfindən sudan istifadə və tullantı sularının axıdılmasına görə daha artıq ödənişlər edilmişdir. Məsələn 2017-ci il üzrə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc 1005640 manat olduğu halda 9981242,4 manat ödəniş edilmişdir ki, bu da həmin il üzrə 8975602,4 manat artıq ödəniş deməkdir. Yaxud, 2018-ci il üzrə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc 722398 manat olduğu halda 754694 manat, yəni 32296 manat artıq ödəniş, 2022-ci il üzrə borc 582075 manat olduğu halda ödəniş 621887 manat, yəni 39812 manat artıq, 2025-ci ilin noyabr ayı da daxil olmaqla borc 420957 manat olduğu halda ödəniş 521909 manat, yəni 100952 manat artıq ödəniş edilmişdir ki, həmin artıq ödəmələr əvvəlki illər üzrə ödənilməyən borcları ehtiva edir.  Sudan istifadə və tullantı sularının axıdılması xidmətinə görə müəyyən edilmiş ödənişlər vaxaşırı icra edilməli olan öhədəliklər kateqoriyasına aid edildiyindən bu cür ödəmələrə 3 illik iddia müddəti tətbiq edilir. Lakin cavabdeh tərəfindən əvvəlki illərə görə qalıq borclar üzrə ödənişlərin edilməsi iddia müddətinin axımının kəsilməsinə və yenidən hesablanmasına səbəb olmuşdur. Belə ki, MM-nin 380-ci maddəsinin tələbindən də görünür ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.  Cavabdeh tələb edilən borcun 2017-ci il tarixə hesablanmış qalıq borc olduğunu bildirsə də, məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, 2017-ci il tarixdən başqlayaraq cavabdeh tərəfindən artıq ödənişlər həyata keçirilmişdir. Həmin artıq ödənişlərin isə 2017-ci ilə hesablanmış qalıq borcdan deyil, sonrakı illər üzrə yaranmış borcun hesabına ödənilməsi iş materiallarında olan sənədlərlə müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.  Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya 188533,57 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 372.1, 373.3, 375.2, 377.1, 380.1, 380.2, 425.1, 442-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3, 7.1, 7.2, 7.14, 8.2-ci bəndlərinə istinad etmişdir.

14. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəyə yazılı etirazın məzmununa uyğun əsaslandırarıq qeyd etmişdir ki, iş materiallarında olan sübutlara düzgün qiymət verilməmiş və cavabdehin etirazının əsasını təşkil edən hallarla bağlı hər hansı bir araşdırma aparılmamışdır. Belə ki, 2017-ci ildən qabaqkı illər su sayğaclarının göstəriciləri üzrə üzləşmə aktı tərtib edilmiş və hesabatlar həmin göstəricilərə əsasən hesablanmışdır. Lakin Xətai Su Kanal Idarəsi tərəfindən hesabfakturada fərqli artıq rəqəmlər göstərilmişdir. 2016-cı ilin oktyabr ayında üzləşmə aktına əsasən texniki su sərfi 119956 kub.m olmasına baxmayaraq, hesab fakturada artıq 175427 kub.m göstərilmiş və həmin ayda 54.035 manat artıq borc yazılmışdır. Eyni vəziyyət 2015-ci ilin yanvar, fevral, mart, aprel, may və avqust aylarında da təkrarlanmışdır. Digər illər üzrə də texniki su sərfi daha artıq göstərilmiş və bu səbəbdən də yüksək miqdarlarda (konkret miqdarlar etirazda və materiallarda öz əksini tapır) artıq borc məbləğləri göstərilmişdir. Tərəfimizdən Xətai Rayon Su Kanal Idarəsinə ##.##.2020-ci tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2023-cü il tarixli məktublarla müraciət edilmiş, Xətai Rayon Su Kanal Idarəsi yalnız 80784 manat borc məbləğinə düzəliş etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia tələbinin əsasını təşkil edən borcun iddiaçı tərəfindən düzgün hesablanmasında əsaslı şübhələr vardır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

24. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

25. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”:

27. 4.1.3-cü bənd Bu Qaydaların tələblərinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir.

28. 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

29. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

30. 7.14-cü bənd Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir.

31. 8.2-ci bənd Istehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Inzibati- Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

44. Iş materiallarında olan abonent saldosu və 2017-2025-ci illər üzrə satış-ödəniş cədvəlindən görünür ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə hesablaşmalar uzun müddət davam etmiş, cavabdeh tərəfindən müxtəlif dövrlərdə ödənişlər həyata keçirilmiş, qalıq borclar isə sonrakı dövrlərə keçirilərək vahid hesablaşma münasibəti çərçivəsində uçota alınmışdır.

45. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən sonrakı dövrlərdə əvvəlki illər üzrə formalaşmış borcların ödənilməsinə yönəlmiş ödənişlər edilmiş, nəticədə tərəflər arasında mövcud borc münasibətləri etiraf olunmuşdur. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlər edildikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Bu baxımdan Kollegiya hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər iddia müddətinin axımını kəsən hərəkətlər olmaqla, tələbə iddia müddətinin tətbiq edilməsinə əsas vermir.

46. Bu səbəbdən cavabdehin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə dəlili iş materialları ilə təkzib olunduğundan əsaslı hesab edilmir.

47. Kollegiya cavabdehin üzləşmə aktları ilə hesab-fakturalar arasında fərqlərin olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdeh tərəfindən həmin dövrlərdə göstərilmiş xidmətlərə görə hesablanmış məbləğdən əhəmiyyətli dərəcədə artıq ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən cavabdehin istinad etdiyi həmin dövrə aid sərfiyyat göstəriciləri və hesablamalar hazırkı mübahisənin predmetini təşkil edən qalıq borcun formalaşmasına təsir göstərməmişdir.

48. Başqa sözlə, cavabdehin istinad etdiyi dövrlər üzrə hesablaşmalar sonrakı ödənişlər nəticəsində bağlanmış, hətta həmin illər üzrə artıq ödəniş yaranmışdır. Hazırda tələb edilən borc isə sonrakı dövrlər üzrə aparılmış hesablaşmaların nəticəsində formalaşmış qalıq saldo ilə bağlıdır. Buna görə də cavabdehin göstərdiyi uyğunsuzluqların mövcudluğu özlüyündə tələb olunan 188.533,57 manat borcun əsassız olması nəticəsinə gəlməyə əsas vermir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “Bakı Istilik Elektrik Təchizatı” PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli,iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar