Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-595/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: öhdəliyin pozulması nəticəsində dəymiş ziyan, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2, cavabdeh “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə1 iştirakları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinə “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) və “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ##.##.2021-ci il tarixdə 17/03 K/AQN/** nömrəli müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə satıcı, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə müqavilənin * saylı Əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdələrinə götürmüşlər.
2. Müqavilənin 7.1-ci bəndinə və müqavilənin * saylı Əlavəsinə əsasən, 1 ədədinin (başının) qiyməti 4000 manat (güzəşt məbləği 54 000 manat) olmaqla 25 baş “Simmental” cinsli heyvanın satılması razılaşdırılmışdır.
3. ##.##.2021-ci il tarixdə “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (Agentlik) ərizə ilə müraciət edərək, 25 baş “Simmental” cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, gömrük satış dəyərinin 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə razılıq verilməsini xahiş etmişdir.
4. “X3-2016” MMC-nin direktoru ##.##.2021-ci il tarixdə damazlıq heyvanın saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, 25 baş damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi və baytarın müsbət rəyi olmadan kəsməyəcəyinə dair iltizam vermiş, qeyd olunan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini bildirmişdir.
5. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini tərəfindən imzalanmış arayışda göstərilmişdir ki, 2024-cü ildə “Damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda ... audit həyata keçirilmiş, ... audit hesabatında “X3-2016” MMC-nin İmişli rayonu, Qaralar kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən 25 baş damazlıq heyvandan 7 baş heyvanın təsərrafatda olmadığı qeyd edilmişdir. Bununla da, “X3-2016” MMC tərəfindən imzalanmış və maliyyələşmə ilə bağlı müvəkkil kredit təşkilatından təqdim edilmiş sənədlər sırasında yer alan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizamda nəzərdə tutulmuş öhdəliklərə əməl edilməmişdir”.
6. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri və “X3-2016” MMC-nin qanuni nümayəndəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli aktda aşağıdakılar göstərilmişdir: “Hesablama Palatası tərəfindən verilmiş İmişli rayonunda “X3- 2016” MMC-də 25 baş “Simmental” cinsli iribuynuzlu heyvanlara baxış keçirildi. Monitorinq zamanı 19 baş “Simmental” cinsli heyvanlar mövcuddur, 11716 və ***** nömrəli birkalı heyvanlar tələf olub, ölüm aktı təqdim olundu. 11864, 11831, 11684 və ***** nömrəli birkalar aşkar olunmadı, fermerin bildirdiyinə görə həmin birkalar düşüb”.
7. İmişli rayon HSBXİ-nin rəisi tərəfindən “X3-2016” MMC-nə verilmiş arayışda göstərilmişdir ki, cəmiyyətin heyvandarlıq təsərrüfatına məxsus “Simmental” cinsli, inventar nömrəsi 11727 olan 1 (bir) baş damazlıq cins inək ## ###### 2025-ci il tarixdə Enteretoksemeya xəstəliyindən ölmüşdür.
8. İmişli rayon HSBXİ-nin rəisi tərəfindən “X3-2016” MMC-nə verilmiş arayışda göstərilmişdir ki, cəmiyyətin heyvandarlıq təsərrüfatına məxsus “Simmental” cinsli, inventar nömrəsi 11716 olan 1 (bir) baş damazlıq cins inək ## ######## 2024-cü il tarixdə Enteretoksemeya xəstəliyindən ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 54 000 manatın, hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi olaraq 576,28 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ## #### 2021-ci il tarixində iddiaçının vasitəsilə güzəştli maliyyələşmə ilə 25 (iyirmi beş) baş “Simmental" cinsli damazlıq inək əldə etmiş, damazlıq heyvanların alınması üçün cavabdehə 54 000,00 (əlli dörd min manat 00 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 25 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 25 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh ##.##.2021-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 54 000,00 (əlli dörd min manat 00 qəpik) manat ziyan vurmuşdur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaya etiraz edərək cavabdeh tərəfindən 3 illik müddətə əməl edildiyini, heyvanların ikisinin öldüyünü və bunun müvafiq qaydada sənədləşdirildiyini, qalan heyvanların isə təsərrüfatda olduğunu, heyvanlardan 4-nün birkasının düşüb itdiyini, Agentliyin əməkdaşlarının bu səbəblə həmin inəkləri hesaba almadıqlarını bildirmişdir.
12. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manatın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq “X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddiaçı 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt edilmiş (heyvanların ümumi dəyərinin 60 faizi 55 000 manat həcmində) 25 baş heyvanın təsərrüfatda olmamasının aşkar edildiyini və cavabdeh tərəfindən 25 baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin Agentliyə təqdim edilmədiyini, bununla da, iltizamın şərtlərinə əməl edilmədiyini bildirərək, 55 000 manat pulun ödənilməsini tələb edir.
Məhkəmə hazırlıq iclasının gedişində hər iki tərəfin nümayəndəsinin iştirakı ilə cavabdehə aid təsərüffata baxış keçirilməsi təklif edilmişdir və tərəflərin özlərinin nümayəndələrinin iştirakı ilə təsərrüfata baxış keçirilmişdir.
Keçirilmiş baxış əsasında ##.##.2026-cı il tarixli akt tərtib edilmişdir. Qeyd edilmiş aktdan görünür ki, baxış zamanı 19 baş simmental cinsli heyvanların mövcud olduğu, 11716 və ***** nömrəli birkalı heyvanların tələf olduğu, ölüm aktının təqdim olunduğu, 11864, 11831, 11684 və ***** nömrəli birkaların aşkar olunmadığı, fermerin bildirdiyinə görə həmin birkaların düşdüyü müəyyən olunmuşdur.
İş materiallarına əlavə edilmiş 2 ədəd İmişli Rayon HSBXİ tərəfindən verilmiş arayışlardan görünür ki, inventar nömrəsi 11727 olan 1 baş damazlıq cins inək ##.##.2025-ci il tarixdə və inventar nömrəsi 11716 olan 1 baş damazlıq cins inək ##.##.2024-cü il tarixdə xəstəlikdən ölmüşdür.
Göründüyü kimi, ilkin olaraq iddiaçı 25 baş heyvanın orada olmamasını bildirsə də, məhkəmə tərəfindən edilmiş uzun müddət təklifdən sonra baxış keçirilmiş, 19 baş heyvanın orada olması, 2 heyvanın isə xəstəlikdən tələf olduğu müəyyən edilmişdir.
Yəni bu qeyd edilən 21 baş heyvan üzrə ümumiyyətlə "X3-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən üzərinə götürülmüş öhdəlik pozulmamışdır.
Digər 4 baş heyvanla bağlı isə, aktdan da göründüyü kimi, heyvanların orada olması və birkalarının düşməsi halı inandırıcıdır. Belə ki, əgər məhkəmə tərəfindən təklif edilməsə və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilməsə idi, hətta digər heyvanlarının belə orada olmamasını iddiaçı tərəf israrla qeyd etməyə davam edəcəkdi.
Həmçinin də, qeyd edilmiş heyvanlar simmental cinsli heyvanlardır. Bu heyvanlar isə, cavabdeh tərəfin də, bildirdiyinə görə təsərüffatdadır və bu heyvanları ancaq iddiaçı təşkilat vasitəsilə almışdır. Bundan başqa da, tərəflər arasında öhdəlik məhz 3 illə məhdudlaşdırılmışdır. Qeyd edilmiş 3 illik müddət isə 2024-cü ilin may ayında bitmişdir. Ancaq görünür ki, bu müddət keçşə də, digər heyvanlar belə heç kəsimə və satışa verilməmişdir. Yəni, cavabdeh tərəfin kəsim və satışa marağı olmamışdır.
Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, digər birkası düşmüş 4 baş inək cavabdehə aid olan təsərüffatdadır.
Həmçinin o da qeyd edilməlidir ki, qeyd edilmiş iltizam ancaq 3 il üçün qüvvədədir. Bu müddətdən sonra cavabdeh tərəf istənilən kəsim və satış işini sərbəst olaraq həyata keçirə bilər.
14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 443.1ci, 443.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarına istinad etmişdir.
15. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə iddianı rədd edərkən əsaslandırmışdır ki, təsərrüfata baxış zamanı 25 baş heyvandan 19 baş heyvanın mövcud olduğu, 2 baş heyvanın xəstəlikdən tələf olması barədə arayışların təqdim edildiyi, qalan 4 baş heyvan üzrə isə birkaların aşkar olunmadığı, lakin fermer tərəfindən həmin birkaların düşdüyünün bildirildiyi müəyyən edilmişdir. Məhkəmə bu halları cavabdehin üzərinə götürdüyü öhdəliklərin pozulmaması kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu qənaəti iş materialları və hüquqi tənzimləmə baxımından əsaslı hesab edilə bilməz. Belə ki, 11864, 11831,11684 və ***** nömrəli birkalar üzrə 4 baş heyvanın mövcudluğu yalnız cavabdehin “birkaların düşməsi” barədə izahatı ilə əsaslandırılmışdır. Halbuki iş materiallarında həmin heyvanların həqiqətən də subsidiyalaşdırılmış və ya kredit predmetinə daxil olan konkret heyvanlar olmasını təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Baxış zamanı bu heyvanlar üzərində identifikasiya birkaları aşkar edilməmiş, onların məhz müqavilə predmetinə daxil olan heyvanlarla eyniliyini müəyyən etməyə imkan verən digər identifikasiya vasitələri təqdim olunmamışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən, hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən identikləşdirmənin aparılması məcburidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən isə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər istifadələrində olan heyvanların identikləşdirilməsini və identikləşdirmə haqqında şəhadətnamələrin rəsmiləşdirilməsini təmin etməlidirlər. Göründüyü kimi, heyvanların identikləşdirilməsi qanunvericiliyin imperativ tələbidir və bu, yalnız formal xarakter daşımır, həm də konkret heyvan üzərində nəzarət və müşahidənin təmin olunmasına xidmət edir. Bu səbəbdən, baxış zamanı 4 baş heyvan üzrə identifikasiya birkalarının mövcud olmaması həmin heyvanların müqavilə predmetinə daxil olan konkret heyvanlar kimi müəyyən edilməsini qeyri- mümkün etmişdir. Məhkəmənin yalnız cavabdehin izahatına əsaslanaraq birkaların düşdüyünü qəbul etməsi və həmin heyvanları müqavilə predmetinə aid hesab etməsi qeyd olunan normativ tələblərə ziddir. Bundan başqa, cavabdeh tərəfindən birkaların düşməsi ilə bağlı aidiyyəti orqana dərhal məlumat verilməsi, yeni birkanın alınması və ya təkrar identifikasiya aparılması barədə hər hansı sənəd təqdim edilməmişdir. Halbuki birkanın itməsi və ya düşməsi halında sahibkarın Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək və qanunvericiliklə müəyyən olunmuş prosedurları həyata keçirmək öhdəliyi vardır. Cavabdeh bu öhdəliyi yerinə yetirdiyini sübuta yetirməmişdir. Eyni zamanda, Məhkəmə 11727 və 11716 inventar nömrəli 2 baş heyvanın xəstəlikdən ölməsi faktını təsdiq edən sübut kimi İmişli Rayon HSBXİ tərəfindən təqdim edilmiş arayışlara (əlavə olunur) istinad etmişdir. Lakin qeyd olunan arayışlar mötəbər və etibarlı sübut hesab edilə bilməz. Belə ki, həmin sənədlər forma və məzmun baxımından lazımi qaydada rəsmiləşdirilməmiş, üzərlərində tərtib edilmə tarixi göstərilməmiş, yalnız imza ilə təsdiqlənmişdir. Sənədin tərtib olunma tarixinin qeyd edilməməsi onun hansı tarixdə və hansı şəraitdə rəsmiləşdirildiyini müəyyən etməyə imkan vermir, nəticə etibarilə sənədin həqiqiliyi, aidiyyəti və mötəbərliyi barədə əsaslı şübhələr yaradır. Belə olan halda, forma tələblərinə cavab verməyən və etibarlılığı şübhə doğuran bu arayışların heyvanların tələf olması faktını birmənalı şəkildə təsdiq edən sübut kimi qəbul edilməsi əsassızdır. Bütün bunları nəzərə alaraq, irəli sürülən iddianın rədd edilməsi əsassız və qanunsuz hesab edilməli, iddia təmin olunmalıdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə cavabdeh tərəfindən 3 illik müddətə əməl edildiyini, heyvanların ikisinin öldüyünü və bunun müvafiq qaydada sənədləşdirildiyini, qalan heyvanların isə təsərrüfatda olduğunu, heyvanlardan 4-nün birkasının düşüb itdiyini, Agentliyin əməkdaşlarının bu səbəblə həmin inəkləri hesaba almadıqlarını qeyd etməklə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
36. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
37. İddiaçı bildirir ki, 2024-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt əsasında ayrılmış 25 baş heyvanın təsərrüfatda mövcud olmadığı müəyyənləşdirilmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh 25 baş heyvanın ölümü və ya məcburi kəsimi barədə sənədləri iddiaçıya təqdim etməmiş, bununla da damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya 54 000 manat ziyan vurmuşdur.
38. Cavabdeh isə 3 illik müddətlə bağlı tələbə əməl etdiyini, heyvanların ikisinin öldüyünü, qalan heyvanların isə təsərrüfatda olduğunu bildirmişdir.
39. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsindəki icraat dövründə cavabdehin təsərrüfatına baxış keçirilərək ##.##.2026-cı il tarixli akt tərtib olunmuş, baxış zamanı 19 baş “Simmental” cinsli heyvanların mövcud olduğu, 11716 və 11727 nömrə birkalı heyvanların öldüyü və ölüm aktının təqdim olunduğu, təsərrüfatda faktiki mövcud olan 4 baş heyvanın isə üzərilərində sadəcə birkaların olmadığı müəyyən edilmişdir.
40. Göründüyü kimi, iddiaçı 25 baş heyvanın təsərrüfatda mövcud olmadığını sübuta yetirə bilməmişdir; halbuki məhz həmin hal sübutetmənin predmetini təşkil etmişdir və sözügedən halı sübut etmək vəzifəsini iddiaçı daşıyır.
41. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
42. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin “damazlıq heyvanlara saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi və baytarın müsbət rəyi olmadan kəsməyəcəyi” öhdəliyi 3 illik müddətlə məhdudlaşdırılmış, həmin müddət isə 2024-cü ilin may ayında bitmişdir.
43. Beləliklə iddiaçı, cavabdehin müvafiq öhdəliyini, yəni “damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyi, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyi, 3 il ərzində damazlıq heyvanların üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyi, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyi” ilə bağlı öhdəliyini pozduğunu sübut edə bilməmişdir.
44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov