Məhkəmə qərarları › İş №e-2-2(3-6)-598/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-598/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-598/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-15/2026 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı özünün istehsal və satışını təşkil etdiyi çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində faktura (elektron qaimə və ya malların təhvilqəbul aktı və s.) və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.

3. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Iddiaçı tərəfindən cavabdehə MT2502 ******** saylı, ##.##.2025- ci il tarixli dəyəri 2.389,50 manat, MT2502 ******** saylı, ##.##.2025-ci il tarixli dəyəri 721,87 manat, MT2503 ******** saylı, ##.##.2025-ci il tarixli dəyəri 483,15 manat, MT2503 ******** saylı, ##.##.2025-ci il tarixli dəyəri 262,93 manat, MT2503 ******** saylı ##.##.2025-ci il tarixli dəyəri 794,18 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMCdən 4.202,85 manat əsas borcun, 1.638 manat dəbbə pulunun, 225 manat vəkil xidmət haqqı, 79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsinə və Malların Təhvil-Qəbul Aktına uyğun olaraq Satıcı “xxxx” MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya “xxxx” MMC-yə onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Iddiaçı “xxxx” MMC tərəfindən “xxxx” MMCyə Malların Təhvil-Qəbul Aktları əsasında ƏDV xaric ümumilikdə 243.995,69 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən bir qismin ödəniş edərək, hazırda 4.202,85 manat əsas borc ödənilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-15/2026 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.202 (dörd min iki yüz iki) manat 85 (səksən beş) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 4.402 (dörd min dörd yüz iki) manat 85 (səksən beş) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 225 (iki yüz iyirmi beş) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-15/2026 saylı qətnaməsinin iddianın təmin olunan hissədə ləğv edilib iddianın təmamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaimə fakturalarında qeyd olunan mallar onlara təqdim edilməmişdir. Qaimə faktura da olan imzaların və möhürün kimə aid olması ümumiyyətlə araşdırılmamışdır. Hansı ki, bu araşdırılması tələb olunan hallardır. Əgər möhürə diqqətlə baxılsa aydın şəkildə görmək olar ki, həmin möhürün bizim cəmiyyətə aid deyildir məhkəmə mühasibatlıq və xətşünaslıq ekspertizası keçirilməli idi. Lakin çox təəssüf ki, məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları 11.

12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 465.2.Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

14. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Maddə 567-ci Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 600.1.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

AR Mülki Prosessual Məcəlləsi

18. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 124.1-ci Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

22. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

23. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

24. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

25. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

26. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

27. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaiməfakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlərMəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

32. Məhkəmə kollegiyası malların təhvil verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı özünün istehsal və satışını təşkil etdiyi çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində faktura (elektron qaimə və ya malların təhvilqəbul aktı və s.) və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür, müqavilənin 4.1-ci bəndinə əsasən satıcı alıcıya malları faktura əsasında verir.

33. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Cavabdehin digər dəlilləri isə formal mülahizələrə əsaslanır və mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır.

34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

35. Həmçinin iş materilarında olan ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli,##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, təhvil qəbul aktlarından görünür ki, mallar cavabdehə təhvil verilmiş, aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

36. Kollegiya qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Kollegiya imza və möhürün cavabdehə məxsus olmaması dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zaman bu hal mübahisələndirilməmiş, həmin sənədlərin saxtalaşdırıldığına dair əsaslı dəlillər təqdim edilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, birnici instasniya məhkəməsində icraat zamanı cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

39. Insan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

40. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

41. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

43. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-15/2026 tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar