Məhkəmə qərarları › İş №e-2-2(3-6)-616/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-616/2026

23.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-616/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: elektrik enerjisi uçotu, sayğacsız istifadə, hesablaşma qaydası) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı y/m-də yerləşən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsi *************** nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə edir.

2. ##.##.2025-ci il tarixli baxış aktına əsasən, İddiaçı MMC-yə məxsus komplektləşdirilmiş transformator məntəqəsində (KTM) gərginlik transformatorlarının hər üçünün zədələnməsi, ##.##.2025-ci il tarixli, R ****** nömrəli aktla isə transformatorun yanması və elektrik xəttinin sayğacdan kənar qoşulması aşkar edilmişdir.

3. ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akta əsasən, sayğaca baxış zamanı baxış tablosunun söndüyü, sayğacın sxemindən keçən cərəyanı qeydə almadığı, gərginlik transformatorlarının yerləşdiyi yuva qapısına vurulmuş möhürün siminin qırıldığı, həmçinin hər üç faza üzrə gərginlik transformatorlarının qoruyucularının yandığı və “A” fazasında quraşdırılmış gərginlik transformatorunda qırıq və çatların mövcud olduğu müəyyən edilmişdir.

4. ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akta əsasən, sayğaca baxış zamanı ##.##.2025-ci il tarixdən etibarən sayğac sxemində gərginliyin olmadığı, sayğacın isə ##.##.2025-ci il tarixdə bərpa edildiyi müəyyən edilmişdir. Həmin aktla ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövr üzrə itirilmiş elektrik enerjisinin hesablanması tələb edilmişdir.

5. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akt üzrə 64 günlük dövr üçün 72 828 kVt/s elektrik enerjisi sərfiyyatı hesablanaraq 9 103,50 manat məbləğində borc, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən isə, ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akt üzrə 16 günlük dövr üçün 10 560 kVt/s sərfiyyat hesablanaraq 1 320 manat məbləğində borc müəyyən edilmişdir.

6. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2026-cı il tarixli çıxarışlara əsasən, ##.##.2025-ci və ##.##.2025-ci il tarixli yoxlamalar müvafiq qaydada həmin reyestrdə qeydiyyata alınmışdır.

7. Abunə haqqında məlumata əsasən, ************** nömrəli abonent kodu üzrə 4 894,39 manat məbləğində ödənilməmiş borc mövcuddur.

Birinci instansiya məhkəməsindəki icraat:

8. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akt əsasında hesablanmış 9 103,50 manat və ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli akt əsasında hesablanmış 1 320 manat olmaqla cəmi 10 423,50 manat məbləğində borcun silinməsi və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, aylıq enerji sərfiyyatı üzrə ödənişləri müqaviləyə və qanunvericiliyə uyğun olaraq vaxtında ödəyir və orta aylıq sərfiyyatın dəyəri 2 000-2 500 manat təşkil edir. ##.##.2025-ci il tarixli vərəqədə göstərilən kəskin məbləğ artışının səbəbi aydın deyil. Eyni zamanda, obyekt üzrə heç bir pozuntu aktı tərtib edilməmiş, kənar qoşulma və ya sayğaca müdaxilə kimi hallar müəyyən olunmamışdır. ##.##.2025-ci il tarixdə sayğaca baxış zamanı transformatorun yanması və sayğacın göstəricilərinin pozulması qeyd edilsə də, abonentin qanunsuz hərəkəti sübuta yetirilməmişdir. Həmçinin yoxlama aparılıbsa belə, həmin yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun qeydiyyata alınmasına dair məlumat təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının istifadəsində olan (900331001509879) abonent koduna ##.##.2025 tarixli, NIQ ****** nömrəli və ##.##.2025-ci il tarixli, NIQ ****** nömrəli aktlar əsasında hesablanmış 4 894,39 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istehlakçının sayğaca müdaxilə və ya elektrik xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq olunmasına dair sübutların iş materiallarında olmaması həmin halların sübuta yetirilmədiyini göstərir. Bundan əlavə, Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının təqsiri olmadan uçot pozulduqda sərfiyyat yalnız enerji təchizatı müəssisəsi ilə istehlakçının razılığı əsasında, orta gündəlik sərfiyyata uyğun və bir aydan çox olmayan dövr üçün hesablanmalıdır. Hazırkı işdə iddiaçının təqsiri sübuta yetirilmədiyi üçün hesablamalar yalnız bu qaydaya uyğun aparıla bilər. Iş materiallarına əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 33 günlük dövr üzrə 29 537 kVt/s sərfiyyat qeydə alınmış, bu da gündəlik 111,88 manat (29 537/33*0,125) sərfiyyat deməkdir və bu əsasla cavabdeh tərəfindən maksimum 3 356,4 manat hesablanmalı idi. Lakin 10 423,5 manat hesablanıb ki, bu da qalıq 7 067,1 manat borcun əsassız olduğunu göstərir. Bununla belə, abonentin cavabdeh tərəfindən hesablanmış qalıq borcu 4 894,39 manat olduğu üçün yalnız bu məbləğ üzrə borcun silinməsi mümkündür və məhkəmə həmin məbləğin cavabdeh tərəfindən silinməsinə qərar vermişdir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən hər iki akt üzrə yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Cavabdeh hesab edir ki, aktlar qanunvericiliyə uyğun tərtib edildiyindən həmin aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, qətnaməni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, keçirilmiş baxış zamanı qanunsuz qoşulma və ya elektrik enerjisinin talanması halları aşkar edilməsə də, uçotun pozulması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, hüquqi şəxs olan iddiaçının quraşdırdığı transformatorlar onun istifadə etdiyi elektrik cihazlarının göstəricilərinə uyğun olmadığından yanmış, bu isə uçotun pozulmasına səbəb olmuşdur. Belə olan halda sayğacsız dövr üçün sərfiyyat “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-cı bəndinə uyğun hesablana bilməz. Çünki həmin qaydada hesablama istehlakçının təqsiri üzündən olmayan uçot pozuntusu üçün nəzərdə tutulmuşdur.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

17. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 19. Elektrik enerjisinin istehlakı ... 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Maddə 29. Elektrik enerjisi bazarında müqavilə münasibətləri ... 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. Istehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. ...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları:

7. Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. ... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. ... 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə və sabit tarifə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. ... 8.14. Istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını və sabit tarifi enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. ... 8.16. Istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. Istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. Istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ...

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Iş üzrə müəyyən edilmiş hallara əsasən, iddiaçıya məxsus qeyri-yaşayış obyektində ##.##.2025-ci il tarixdə aparılmış yoxlama zamanı sayğacın uçot funksiyasının pozulması, plombun zədələnməsi, gərginlik transformatorlarının qoruyucularının sıradan çıxması və digər texniki nasazlıqlar aşkar edilmişdir. Bu yoxlama üzrə tərtib edilmiş akt əsasında ##.##.2025-ci il tarixədək itirilmiş elektrik enerjisinin dəyəri 9 103,50 manat məbləğində müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli aktla isə sayğacın uçot komplektinin ##.##.2025-ci il tarixdə bərpa edilməsi nəzərə alınaraq, ##.##.2025-ci il tarixdən həmin tarixədək olan dövr üzrə əlavə 1 320 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyəri hesablanmışdır. Cavabdeh apellyasiya şikayətində həmin aktların qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini və bu səbəbdən hesablanmış məbləğin tam həcmdə iddiaçı tərəfindən ödənilməli olduğunu bildirmişdir.

25. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, sayğaca müdaxilə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli, həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, digər nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir.

26. Hazırkı iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda sayğacın uçot funksiyasının pozulması, plombun zədələnməsi və digər texniki nasazlıqlar qeyd olunsa da, həmin halların məhz iddiaçının qanunsuz hərəkətləri nəticəsində baş verməsi, iddiaçının sayğaca müdaxilə etməsi, elektrik enerjisini talaması və ya elektrik şəbəkəsinə qanunsuz qoşulması halları təsdiq olunmamışdır.

27. Kollegiya qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda uçotun pozulması halları üçün fərqli hüquqi rejimlər müəyyən edilmişdir. Belə ki, Qaydaların 8.16-cı bəndi istehlakçının təqsiri olmadan uçotun müvəqqəti pozulması halında elektrik enerjisi sərfiyyatının uçot pozulana qədərki və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfiyyatına uyğun hesablanmasını nəzərdə tutur. Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində isə istehlakçının elektrik enerjisinin talanmasına yönəlmiş hərəkətləri, o cümlədən sayğacın zədələnməsi, qoşulma sxeminin pozulması, sayğacdan kənar qoşulma və ya sayğacın sxemdən kənarlaşdırılması halları üçün xüsusi yenidən hesablama qaydaları müəyyən edilmişdir.

28. Cavabdeh tərəfindən mübahisələndirilən borc hesablanarkən faktiki olaraq Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulmuş yenidən hesablama qaydaları tətbiq edilmişdir. Halbuki iş materialları ilə iddiaçının elektrik enerjisinin talanması məqsədilə sayğaca müdaxilə etməsi, qoşulma sxemini pozması, sayğacdan kənar qoşulma həyata keçirməsi və ya Qaydaların həmin normalarında nəzərdə tutulmuş digər hərəkətlərə yol verməsi müəyyən edilmir.

29. Cavabdehin nümayəndəsi məhkəmə iclasında uçotun pozulmasının iddiaçının istifadə etdiyi avadanlıqların texniki göstəricilərinin transformatorun imkanlarına uyğun olmaması nəticəsində baş verdiyini bildirmişdir. Lakin həmin halın mövcudluğunu təsdiq edən mötəbər sübutlar iş materiallarında yoxdur. Bununla yanaşı, hətta belə bir halın mövcud olduğu fərz edilsə belə, Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulmuş xüsusi yenidən hesablama qaydalarının tətbiqi üçün əsas yarandığı qənaətinə gəlmək mümkün deyildir. Həmin normalar yalnız onların dispozisiyalarında birbaşa nəzərdə tutulmuş hallara münasibətdə tətbiq oluna bilər və geniş təfsir edilə bilməz.

30. Belə olan halda, cavabdeh tərəfindən tətbiq edilmiş yenidən hesablama qaydasının normativ əsası müəyyən edilmir. Iddiaçının Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hərəkətlərə yol verdiyi sübuta yetirilmədiyindən, sərf olunmuş elektrik enerjisinin dəyəri Qaydaların 8.16-cı bəndində nəzərdə tutulmuş qayda üzrə, yəni uçot pozulana qədərki və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfiyyatı əsasında müəyyən edilməli idi.

31. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılmış hesablamanın Qaydaların tələblərinə uyğun olmadığını müəyyən edərək həmin hesablamaya əsaslanan borcun hüquqi əsasının olmadığını düzgün hesab etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, mübahisələndirilən hesablamalar üzrə abonent hesabında faktiki olaraq 4.894,39 manat məbləğində borc mövcuddur. Iddia tələbi həmin borcun silinməsinə yönəldiyindən və məhkəmə yalnız faktiki mövcud borca münasibətdə müdafiə vasitəsi tətbiq edə bildiyindən, birinci instansiya məhkəməsi həmin məbləğin silinməsi barədə düzgün nəticəyə gəlmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

33. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

34. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar