Məhkəmə qərarları › İş №e-2-2(3-6)-631/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-631/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-631/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh “İnteqral” QSC-yə qarşı “alqısatqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. xxxx” MMC (alıcı) və “İnteqral” QSC (təchizatçı) arasında bağlanan ## ###### 2022-ci il tarixli INT***/******** nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsinin:

2. Preambulasında qeyd olunmuşdur ki, hazırkı müqavilə tərəflər arasında ##.##.2022-ci il tarixdən yaranan bütün münasibətlərə şamil edilir.

3. 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında (bundan sonra “Sifariş”) sifariş edilən malları (bundan sonra “Mal”) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

4. 4.2.4-cü bəndinə əsasən, malın çatdırıldığı zaman və ya ondan sonra Saxta Mal və ya Qüsurlu Mal olması aşkar edildikdə alıcının öz seçimi ilə maldan imtina etmək və ya dəyişdirilməsini tələb etmək hüququ vardır.

5. 4.2.5-ci maddəsinə əsasən, mal Müqavilənin müddəalarına və ya Sifarişdə qeyd olunan şərtlərə uyğun olaraq təchiz edilmədikdə və ya razılaşdırılmış vaxtda təchiz edilmədikdə, dəyişdirilmədikdə və ya əvəz edilmədikdə Alıcı sifarişdən imtina etmək hüququna malikdir.

6. 4.2.6-cı maddəsinə əsasən, müqavilənin 4.2.4 və 4.2.5 maddələrində nəzərdə tutulan hallardan biri baş verdikdə Təchizatçıya ödənilmiş məbləğ Alıcıya geri qaytarılır və ya Alıcı Təchizatçıya ödənilməli olan məbləğdən bütün imtina xərclərini tutmaq hüququna malikdir.

7. İddiaçı MMC tərəfindən “İnteqral” QSC-nin bank hesabına ##.##.2024-cü il tarixli ödəniş sənədi əsasında 254941.85 manat, ##.##.2024-cü il tarixli ödəniş sənədi əsasında 217665.59 manat, ##.##.2024-cü il tarixli ödəniş sənədi əsasında 113636.64 manat, ##.##.2024-cü il tarixli ödəniş sənədi əsasında 204740.41 manat, ##.##.2024-cü il tarixli ödəniş sənədi əsasında 149403.31 manat köçürülmüşdür.

8. Köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, İddiaçı MMC tərəfindən “İnteqral” QSC-nin ƏDV sub hesabına ##.##.2024-cü il tarixdə 44377.56 manat, ##.##.2024-cü il tarixdə 39142.03 manat, ##.##.2024-cü il tarixdə 20094.58 manat, ##.##.2024-cü il tarixdə 36137.61 manat, ##.##.2024-cü il tarixdə 26892.6 manat köçürülmüşdür.

9. İş materiallarına İddiaçı MMC və “İnteqral” QSC arasında e-mail yazışmaları əlavə olunmuşdur.

10. İddiaçı MMC tərəfindən “İnteqral” QSC-yə təqdim edilmiş malların qaytarılması haqqında ##.##.2024-cü il tarixli akt əsasında 1557 manat, ##.##.2024- cü il tarixli akt əsasında 2896.42 manat, ##.##.2024-cü il tarixli akt əsasında 2884.456 manat, ##.##.2024cü il tarixli akt əsasında 280 manat, ##.##.2024-cü il tarixli akt əsasında 4428.73415 manat, ##.##.2024-cü il tarixli akt əsasında 4754.79 manat, ##.##.2025-ci il tarixli akt əsasında 232.5 manat, ##.##.2024-cü il tarixli akt əsasında 3352.65 manat, ##.##.2024- cü il tarixli akt əsasında 3422 manat, ##.##.2024-cü il tarixli akt əsasında 2902.493 manat, ##.##.2024-cü il tarixli akt əsasında 388.93 manat, ##.##.2024-cü il tarixli akt əsasında isə 2318.24 manat dəyərində mal geri qaytarılmışdır. Sadalanan aktların hər biri “təhvil aldım” qrafasında R.Səlim adlı şəxs tərəfindən imzalanmışdır.

11. İddiaçı MMC tərəfindən “İnteqral” QSC-yə təqdim edilmiş: 246 manat dəyərində malın qaytarılması barədə ##.##.2025-ci il tarixli akt və 616 manat dəyərində malın qaytarılması barədə ##.##.2025-ci il tarixli akt Samir adlı şəxs tərəfindən imzalanmışdır. 10 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt təhvil aldım qrafasında ümumiyyətlə imzalanmamışdır. 565.74 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt və 519.96 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt təhvil aldım qrafasında Elşən adlı şəxs tərəfindən imzalanmışdır. 406 manat təşkil edən məhsulun qaytarılması barədə ##.##.2025-ci il tarixli akt “İnteqral” QSC-yə deyil, digər hüquqi şəxsə (Smarton LLC) ünvanlanmış və təhvil aldım qrafasında Yusif adlı şəxs tərəfindən imzalanmışdır.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daxil olan məktuba əlavə edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan görünür ki, Şahid ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək “İnteqral” QSC-də sürücü vəzifəsində işləmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2022-ci il tarixli, INT***/******** nömrəli müqavilə üzrə yaranmış 57,899.45 məbləğində əsas borc, 2,895.00 manat məbləğində hesablanmış dəbbə pulu, 5000 manat əldən çıxmış fayda və 287.38 manat məbləğində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 66,081.83 manat pulun “İnteqal” QSC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixində tərəflər arasında INT***/******** nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya sifariş üzrə məhsul təchiz olunmuş və məhsulların dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Daha sonra müəyyən səbəblərdən məhsullar qaytarma aktı əsasında cavabdehə geri qaytarılmış və onun səlahiyyətli nümayəndələri tərəfindən təhvil alınmışdır. Məhsulların akt əsasında geri qaytarılmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məhsullara görə cavabdehə ödənilmiş 49,403.72 manat məbləğ iddiaçıya geri ödənilməmişdir. Bununla yanaşı, Müqavilə və kommersiya şərtlərinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış kampaniyalar çərçivəsində əlavə olaraq 8,945,73 manat məbləğində ödəniş etməli olsa da, o, bu öhdəliyini də icra etməmişdir. Nəticədə, “İnteqral” QSC-nin Müqavilə üzrə Cəmiyyətə ümumilikdə 57,899.45 manat məbləğində borc öhdəliyi yaranmışdır. Bundan əlavə, İnteqral QSC-nin öz öhdəliyini icra etməməsi səbəbindən İddiaçı tənasübsüz xərclərə, əlavə itkilərə də məruz qalmışdır. Belə ki, cavabdeh ödənişi vaxtında icra etmədiyindən, İddiaçı təchizat və proses baxımından alternativ həllər seçməyə məcbur olmuş, uyğun məhsulu almaqda gecikmiş, nəticədə daha yüksək qiymətə alternativ məhsul almağa, təcili logistika və digər operativ xərclər çəkməyə məcbur qalmışdır. Bununla da onun normal təsərrüfat dövriyyəsi pozulmuş, normal təsərrüfat dövriyyəsində əldə edəcəyi gəlirin bir hissəsini itirmişdir. Bununla iddiaçı 5000 manatadək əlavə xərc çəkməli olmuşdur. Bu zərər birbaşa cavabdehin öhdəliyi pozmasının nəticəsi olaraq yaranmışdır

15. ##.##.2026-cl il tarixdə (sonuncu dəfə) iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ##.##.2022-ci il tarixli, INT***/******** nömrəli müqavilə üzrə qaytarılmalardan yaranmış 31781.91 məbləğində əsas borc, 5720.74 manat ƏDV, “price cuts” endirimlərindən yaranmış 7199.77 manat əsas borc, 1295.96 manat ƏDV, ƏDV daxil 45998.38 manat əsas borcun 341 gün gecikdirilməsinə görə borc məbləğinin illik 0.05 faizi ilə hesablanmış 2148.69 manat məbləğində gecikdirmə faizi və 287.38 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 48434.45 manat pulun “İnteqal” QSC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh “İnteqal” QSC elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, INT***/******** nömrəli müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmin müqaviləyə uyğun olaraq tərəflər arasında bütün təsərrüfat əməliyyatları qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Lakin iddiaçı iddia ərizəsində malların geri qaytarılması əsasında ümumilikdə 49.403,72 manat məbləğində borcun yarandığını iddia etsə də, iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlarının ümumi məbləği cəmi 31.375,90 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan təhvil təslim aktlarının bir qismi üzrə malların geri qaytarılmasından 18 aya yaxın müddət keçməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-fakturalar tərtib edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergi qanunvericiliyə əsasən, malların geri qaytarılması əməliyyatları müvafiq qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməli, həmin əməliyyatlar mühasibat uçotunda əks etdirilməlidir. Qaimələrin olmaması malların faktiki olaraq geri qaytarılmasının və uçota alınmasının sübuta yetirilməsini mümkünsüz edir. Yəni malların geri qaytarılmasının müvafiq uçotu və təsdiqləməsi aparılmamışdır. Həmçinin iddiaçı 8 945,73 manat məbləğində borcun tərəflər arasında razılaşma əsasında mövcud olduğunu iddia etsə də, bu iddianı təsdiq edən heç bir yazılı razılaşma, əlavə müqavilə, və ya yazılı sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə təqdim olunan sübutlarda nə belə bir razılaşma sənədi, nə də həmin razılaşma üzrə hər hansı rəsmi uçot və ya təsdiqedici sənəd (qaimə) mövcud deyildir. Qeyd edir ki, malların təhvil-təslim aktları əsasında geri qaytarılmasından sonra hər bir halda geri qaytarma əməliyyatları 3 iş günü ərzində rəsmiləşdirilməli idi. Bu isə malların faktiki olaraq aktlarda göstərilən çeşidə və miqdara uyğunluğunu, eləcə də anbara daxil edilib-edilməməsini yoxlamağa imkan verərdi. Hazırda iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarında imzası olan şəxsin səlahiyyətli nümayəndə olub-olmaması, eləcə də geri qaytarıldığı iddia edilən malların faktiki olaraq cavabdehin anbarına daxil edilməsi və anbar qalığında mövcudluğu müəyyən edilə bilmir. Xüsusilə nəzərə alınmalıdır ki, “İnteqral” QSC faktiki olaraq fəaliyyətini dayandırmışdır, direktordan başqa işçisi mövcud deyil və hazırda anbarlarda hər hansı mal qalığı yoxdur. Eyni zamanda, iddiaçı İnteqral QSC-dən tələb etdiyi məbləğin ödənişini təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir, habelə ödəniş etdiyini iddia etdiyi malların, hansı partiya mallara aid olmasını qeyd etməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırda geri qaytarıldığı iddia edilən malların “İnteqral” QSC-nin mühasibat uçotu və ilkin sənədləri əsasında yoxlanılması üçün zaman tələb olunur. Lakin belə yoxlamanın obyektiv və hərtərəfli aparılması yalnız iddiaçı tərəfindən elektron qaimələr, ödəniş sənədləri, razılaşma aktları və digər müvafiq sübutlar məhkəməyə təqdim edildikdən sonra mümkün olacaqdır.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “İnteqral” QSC-dən ##.##.2022-ci il tarixli INT***/******** nömrəli müqavilə üzrə yaranmış 29418.21 manat əsas borc, 5295.27 manat ƏDV, “price cuts” endirimləri əsasında yaranmış 7199.77 manat əsas borc, 1295.96 manat ƏDV, həmçinin 2018.4 manat faiz borcu olmaqla, cəmi 45227.61 (qırx beş min iki yüz iyirmi yeddi manat altmış bir qəpik) manat pul məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225.68 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Cavabdеh “İnteqral” QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ilkin iddia tələbi, iddiaya əlavə olunmuş maliyyə sənədləri və sonradan təqdim edilmiş dəqiqləşdirilmiş tələb arasında ciddi ziddiyyətlər mövcuddur. Lakin İddiaçı tərəfindən göstərilən rəqəmlərin heç biri bir-biri ilə uyğunlaşmır və təqdim edilmiş sübutlarla təsdiq edilmir. Mövcud olan sənədlərdən görünür ki, malların geri qaytarılması nəticəsində cavabdeh tərəfdə iddiaçının göstərdiyi məbləğdə hər hansı borc yaranması sübuta yetirilməmişdir. İddiaçı tərəfindən yekun məbləğin dəqiqləşdirilə bilməməsinin səbəbi malların geri qaytarılmasının müvafiq uçotu və təsdiqləməsinin aparılmaması ilə bağlıdır. Malların geri qaytarılmasından uzun müddət keçməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaiməfakturalar tərtib edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdır.

22. Etiraz onunla əsaslandırılmışdır ki, borc məbləğinin yenidən hesablanması həmin borcun mövcud olmaması, məhkəmənin işə obyektiv yanaşmaması, işin hallarının ətraflı araşdırılmaması və ya qarşı tərəfin haqlı olması nəticəsini doğurmur. Əksinə, borc məbləğinin yenidən hesablanması zərurəti məhz məhkəmə tərəfindən iş üzrə təqdim edilən sübutların aidiyyət, mümkünlük və mötəbərlik baxımından qiymətləndirilməsinin nəticəsi kimi meydana çıxmışdır. Məhz sübutların bu cür hərtərəfli yoxlanılması və qiymətləndirilməsi nəticəsində iddia tələbinin məbləği dəqiqləşdirilmiş, yalnız hüquqi baxımdan etibarlı hesab edilən sənədlər əsasında iddia dəqiqləşdirilərək yenidən məhkəməyə təqdim edilmişdir. Buna görə də iddia məbləğinin dəyişməsi məhkəmə araşdırmasındakı hər hansı ziddiyyətin və ya qeyri-şəffaflığın deyil, əksinə məhkəmənin sübutları prosessual qaunvericiliyin tələblərinə uyğun şəkildə tam, hərtərəfli və obyektiv şəkildə yoxlamasının və qərarın yalnız etibarlı sübutlara əsaslanmasının nəticəsi kimi nəzərə alınmalıdır. Cavabdehin faktı daha əvvəl qəbul etməməsinə baxmayaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanan sorğu əsasında İdddiaçı tərəfindən təqdim edilən qaytarma aktlarının böyük bir hissəsinində “Təhvil aldım” qrafasını imzalayan Şahid adlı şəxsin Cavabdehin sabiq işçisi olduğu aşkarlanmış və qaytarma aktlarının imzalanması zamanı da “İnteqral” QSC-də işləməsi öz təsdiqini tapmışdır. Bu da İddiaçının iddia tələbinin 29418.21 (iyirmi doqquz min dörd yüz on səkkiz manat, iyirmi bir qəpik) AZNlik (əsas borc) hissəsi (Şahid tərəfindən imzalanmış aktlardakı malların dəyəri) ilə bağlı haqlı olduğunun sübuta yetirildiyini deməyə əsas verir. Həmçinin mübahisələndirilən məsələ üzrə Cavabdehin nümayədəsi tərəfindən geri qaytarma aktlarının imzalanması qaytarılmanın təsdiqi üçün əsas sübutlardan biri kimi çıxış etməkdədir və mübahisəyə təkcə elektron qaimə-fakturaların mövcudluğu baxımından yanaşılması sübutlar ilə öz təsdiqini tapan və Cavabdeh tərəfindən qəbul edilən faktların (“price cuts” ilə bağlı məsələlərin) kənarda qalmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsinin mövqeyində də əks olunduğu kimi, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Odur ki, iddia tələbinin əsassız hesab edilməli və təmin olunmamalı olduğu ilə bağlı irəli sürülən etirazın əsassız və yetərsiz olduğunu hesab edirik.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

d) Məhkəmə iclası iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, şikayətin təmin olunmamasını xahiş etdi. e) Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Cavabdeh ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, üzrlü səbəbin nədən ibarət olmasına dair hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

23. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

27. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

28. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

29. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

30. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

37. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (alıcı) və “İnteqral” QSC (təchizatçı) arasında bağlanan ##.##.2022-ci il tarixli INT***/******** nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsinə əsasən, cavabdeh iddiaçının sifarişi əsasında malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə təsdiq olunur ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya mütəmadi olaraq məhsullar təchiz edilmiş, iddiaçı isə təqdim olunmuş malların dəyərini ödəmişdir. Daha sonra iddiaçı tərəfindən malların bir qisminin qaytarılması ilə bağlı qaytarılma aktları tərtib edilmişdir. Malların cavabdehə təhvil verilməsi iş materiallarına əlavə edilmiş və onun işçisi (Şahid) tərəfindən imzalanan qaytarılma barədə aktlar ilə təsdiq olunur.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin malların qaytrılması dəlilinə münasibətdə qeyd edir ki, 246 manat dəyərində malın qaytarılması barədə ##.##.2025-ci il tarixli akt və 616 manat dəyərində malın qaytarılması barədə ##.##.2025-ci il tarixli akt “təhvil aldım” qrafasında Samir adlı şəxs tərəfindən, 565.74 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt və 519.96 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt “təhvil aldım” qrafasında Elşən adlı şəxs tərəfindən imzalanmış, onların cavabdehə aidiyyəti iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə 10 manat dəyərində malın qaytarılması barədə ##.##.2024-cü il tarixli akt “təhvil aldım” qrafasında ümumiyyətlə imzalanmamışdır. 406 manat dəyərində məhsulun qaytarılması barədə ##.##.2025-ci il tarixli akt isə “İnteqral” QSC-yə deyil, digər hüquqi şəxsə (Smarton LLC) ünvanlanmış və Yusif adlı şəxs tərəfindən imzalanmışdır, həmin şəxsin də cavabdehə aidiyyəti iş materialları ilə sübuta yetirilməmişdir.

43. Kollegiya elektron qaimə-fakturalar tərtib edilməməsi barədə dəlillərini münasibətdə qeyd edir ki, qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

45. “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

46. Apellyator şikayətin dəlillərində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdə məbləğlər arasında fərq olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kolelgiyası qeyd edir ki, illkin iddia tələbində 57,899.45 məbləğində əsas borc, 2,895.00 manat məbləğində hesablanmış dəbbə pulu, 5000 manat əldən çıxmış fayda və 287.38 manat məbləğində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 66,081.83 manat pulun “İnteqal” QSC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi xahiş edilmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş 57,899.45 məbləğində əsas borc, 2,895.00 manat məbləğində hesablanmış dəbbə pulu və 287.38 manat məbləğində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 61,081.83 manat pulun İnteqal” QSC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi xahiş edilmiş, iddiaçının nümayəndəsi tərəfindən izah olunmuşdur ki, azaldıldan 5000 manat onların sistemində zərər kimi göstərilmiş, onlar isə əldə çıxmış fayda kimi tələb etmiş, məhkəmnin əlavə vaxtını almamaq üçün həmin məbləği iddia tələbindən çıxarmaq qərarına gəlmişlər.

47. Daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanalanaraq 31.781,91 manat+5.720.74 manat (ƏDV)-qaytarılmadan yaranmış əsas borc məbləği; 7.199,77 manat+1.295,96 manat (ƏDV) “price cut” təchizatçısının təklif etdiyi endirimlərdən yaranmış əsas borc məbləği olduğu, 2.299,92 manat dəbbə pulunun İnteqal” QSC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi xahiş edilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həcminin artırılması və ya azaldılması məsələsinə qiymət verilərkən ilk növbədə mülki mühakimə icraatının dispozitivlik prinsipi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri nəzərə alınmalıdır.

49. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı isə belə dəyişikliklərə bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyi və ya iddiaçının həmin hərəkətləri hazırlıq mərhələsi yekunlaşana qədər özündən asılı olmayan səbəblərdən həyata keçirə bilmədiyi əsaslandırıldığı halda yol verilir.

50. Göründüyü kimi, qanunverici iddia tələbinin həcminin artırılması və ya azaldılmasını məhkəmənin mülahizəsindən asılı olan bir məsələ kimi deyil, müəyyən prosessual şərtlərə riayət edilməklə iddiaçıya məxsus olan prosessual hüquq kimi təsbit etmişdir.

51. Həmçinin cavabdeh borcu hansı hissədə qəbul etmədiyini qeyd etməməmiş, həmçinin hər hansı ödəniş etməsinə dair heç bir sübut iş materillarına əlavə etməmişdir.

52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh “İnteqral” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar