Məhkəmə qərarları › İş №e-2-2(3-6)-632/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-632/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-632/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə2 iştirakı ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 MMC-yə qarşı “kredit müqavilələri üzrə pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. cavabdeh1 MMC ilə “xxxx” QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 3 000 000 manat məbləğində krеdit хətti açılmışdır.

2. Bu müqavilənin 2.7- ci bəndinə əsasən kredit alan har bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri va başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə oldugu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.

3. 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.

4. 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir.

5. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50 000 (əllimin) manat məbləğində krеdit götürmüşdür.

6. ##.##.2023-cü il tarixli ***R********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 50 000 manat olan aylıq faiz dərəcəsi 1.2917% olmaqla verilmiş kreditə görə cavabdeh1 MMC ## ###### 2023-cü il tarixdən ## ####### 2025-ci il tarixinə qədər hər ayın 02-si və 4-ü olmaqla 2449 manat, sonuncu ay 2437.91 manat ödəməlidir

7. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 120 000 manat məbləğində krеdit götürmüşdür.

8. ##.##.2023-cü il tarixli ***R********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 120 000 manat olan aylıq faiz dərəcəsi 1.2917%olmaqla verilmiş kreditə görə cavabdeh1 MMC ## ###### 2023-cü il tarixdən ## ####### 2025-ci il tarixinə qədər hər ayın 01-i və 3-ü olmaqla 5862 manat, sonuncu ay 5852.85 manat ödəməlidir.

9. cavabdeh3 arasında ## ###### 2023-cü il tarixli, ***S************ nömrəli, bankla cavabdeh2 arasında imzalanmış ## ###### 2023-cü il tarixli, ***S************ nömrəli qoşulma barədə sazişə əsasən Bank, xxxx MMC ("Kredit Alan"), cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqasi AA3895683) va cavabdeh3 (Şəxsiyyətini tasdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA3895683), cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA3016778) arasında ## ####### 2023-cü il tarixli ***L************ nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi ("Müqavilə") imzalanmışdır və Zamin həmin Müqavilənin 2.15-ci və 2.16-cı bəndlərinə uyğun olaraq, Zamin qismində Müqaviləyə qoşulmaq niyyətindədir. Zamin, Kredit Alanın öhdəliklərini (müqavilə və həmin Müqavilə üzrə Kredit Alana Bank tərəfindən açılmış Uzunmüddətli Kredit Xətti) təmin etmək məqsədilə bu Sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq, Müqavilə üzrə Kredit Alanın həm bu Sazişin imzalanması anınadək mövcud olan, həm də bu Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün Kredit Alanla birgə və tam məsuliyyət daşıyır. Zamin bu Sazişin qüvvəyə mindiyi andan etibarən Müqavilənin tərəfi hesab olunur və Sazişi imzalamaqla, razılaşdırılmış bütün şərtləri oxuduğunu, şərtləri başa düşdüyünü, o cümlədən həmin şərtlər ilə razı olduğunu və şərtləri, bütün bəyanat və razılıqları tam şəkildə qəbul və təsdiq etdiyini bildirir.

10. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu cavabdeh1 MMC və cavabdeh – ipoteka qoyan cavabdeh3 ilə Bank arasında bağlanılmış ##.##.2023-cü il tarixli, **M************ nömrəli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m olan ** nömrəli mənzil “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: Bank ilə cavabdeh1 MMC direktor cavabdeh2 oglu (Şəxsiyyətını təsdiq edən sənəd. Şəxsiyyət Vəsiqəsi AA3016778) şəxsində, arasında ## ####### 2023-cu il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış ***L************ saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi və bu Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Biznes Krediti və Girov barədə qarışıq Razılaşma», «Bank Qarantiyasının verilməsi və Girov barədə qarışıq Razılaşma», və bu Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Biznes Krediti və Girov barədə qarışıq Razılaşma», «Bank Qarantiyasının verilməsi və Girov barədə qarışıq Razılaşma» və s.dir.

12. Müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka iıa təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbini irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququnu verir. Müqavilənin 9.1-ci bəndində nəzərdə tutulmuş şərt baş verdiyi təqdirdə İpoteka saxlayan İpoteka predmetinə ödəniş yönəldilməsi prosedurunu qanunvericiliyin tələblərinə əməlolunmaqla notariusun icra qeydi əsasında həyata keçirir.

13. Bu Müqavilənin 9.2-ci bəndində nəzərdə tutulanlar İpoteka saxlayanın öz mülahizəsinə əsəsən İpoteka predmetinə tutmanın yönəldilməsi ücün birbaşa məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

14. Müqavilənin 9.5-ci bəndinə əsasən, İpoteka predmeti məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir İpoteka saxlayanın İpoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilən ardıcıllıqla heyata keçirilir) yönəldilir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçasi, ev 3, mənzil 59 cavabdeh1 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada onun хеyrinə ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 23 950.63 manat krеdit bоrcu, 1408.80 manat faiz bоrcu və 815.9 manat cərimə olmaqla, cəmi 26175.33 manat, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 67 761.11 manat krеdit bоrcu, 5053.34 manat faiz bоrcu və 3105.34 manat cərimə olmaqla, 75 919.79 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 102095 (yüz iki min doxsan beş) manat 12 qəpik məbləğində borcun, tərəfindən ödənilmiş 392.10 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; tutmanın cavabdeh3 mülkiyyətində olan və “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi * saylı evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 102 095 (yüz iki min doxsan beş) manat 12 qəpik, tərəfindən ödənilmiş 392.10 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ona ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə cavabdeh1 MMC və zaminlər X1 və cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh1 MMC-yə 120 (yüz iyirmi) ay müddətinə 3 000 000 (üç milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 MMC “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50 000 (əllimin) manat məbləğində krеdit götürmüşdür. cavabdeh1 MMC uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. cavabdeh1 MMC götürdüyü krеditbоrcundan 26049.37 manat ödəmiş, onun 23950.63 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh1 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 196 gün üçün hesablanmış faiz borcu 1408.80 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 196 gün üçün hеsablanmış cərimə 815.9 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 MMC “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 manat məbləğində krеdit götürmüşdür. cavabdeh1 MMC uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. cavabdeh1 MMC götürdüyü krеdit bоrcundan 52238.89 manat ödəmiş, onun 67761.11 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, cavabdeh1 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 259 gün üçün hesablanmış faiz borcu 5053.34 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 259 gün üçün hеsablanmış cərimə 3105.34 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan cavabdeh3 ilə Bank arasında bağlanılmış ##.##.2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi * saylı evin ** nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2023- cü il tarixli elektron çıxarışla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi * saylı evin ** nömrəli mənzilinin cavabdeh1 MMC-nin kredit öhdəliyinin icrasını təmin etmək üçün “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxx” QSC tərəfindən cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2- ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır.

18. ##.##.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu cavabdeh1 MMCnin ***R********** saylı ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə ##.##.2025-ci il tarixinə əsas borc üzrə 23950.63 manat, faiz borcu 1408.80 manat, cərimə borcu 815.9 manat olmaqla, ümumilikdə “xxxx” QSC-yə 26175.33 manat borcu vardır. ##.##.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu cavabdeh1 MMC-nin ***R********** saylı ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə ##.##.2025-ci il tarixinə əsas borc üzrə 67761.11 manat, faiz borcu 5053.34 manat, cərimə borcu 3105.34 manat olmaqla, ümumilikdə “xxxx” QSC-yə 75919.79 manat borcu vardır.

19. ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı bank tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 MMC-nin banka ## #### 2025-ci il tarixə: əsas borc üzrə 23 553.45 manat, faiz borcu üzrə 1 851.03 manat, ## ######## 2025-ci il tarixə: əsas borcu 23 553.45 manat, faiz borcu 2 307.38 manat, ##.##.2023-cü il tarixli, ***R*********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq ## #### 2025-ci il tarixə: əsas borc üzrə 67 492.95 manat, faiz borcu üzrə 6 775.12 manat, ## ######## 2025-ci il tarixə: əsas borcu 67 492.95 manat, faiz borcu 8082,79 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/M/** saylı daşınmaz əmlakın qiymətləndirilmə hesabatına əsasən daşınmaz əmlakın bazar dəyəri 207000 manat, likvid dəyəri 200000 manat müəyyən edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddianın təmin edilməsi, cavabdеhlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 23553,45 manat krеdit bоrcu, 1408,80 manat faiz bоrcu və 815,9 manat cərimə, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 67492,95 manat krеdit bоrcu, 5053,34 manat faiz bоrcu və 3105,34 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 101429 (yüz bir min dörd yüz iyirmi doqquz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı və ödənilmiş 391 (üç yüz doxsan bir) manat 43 (qırx üç) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tələb üzrə tutma ipoteka predmeti olan cavabdeh3 mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi * saylı evin ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehin borcu ödənilməsi, həmin əmlakın ilkin satış qiyməti 207000 (iki yüz yeddi min) manat müəyyən edilməsi,hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 99 (doxsan doqquz) manat məbləğində hissəsi cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada, 1 (bir) manat hissəsi isə iddiaçı “xxxx” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 297 (iki yüz doxsan yeddi) manat məbləğində hissəsi cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada, 3 (üç) manat hissəsi isə iddiaçı “xxxx” QSC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

22. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı QSC tərəfindən hesablanmış dəbbə pulunun (cərimələrin) faktiki zərərə və əsas borca olan nisbətini qiymətləndirməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş 815.90 AZN və 3,105.34 AZN məbləğindəki cərimələr, borclunun öhdəliyi icra edə bilməməsinin obyektiv səbəbləri fonunda tənasübsüz dərəcədə yüksəkdir. Müqavilə üzrə hər gecikdirilən gün üçün 0,02% məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən borcun ödənilməməsinin obyektiv səbəbləri və cərimə məbləğinin əsas öhdəliyə nisbətdə ağlasığmaz dərəcədə yüksək olması (tənasübsüzlüyü) barədə vəsatət qaldırılsa da, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq etməmişdir. Kredit təşkilatının əmlak mənafeləri onsuz da yüksək faiz dərəcələri və ipoteka təminatı ilə qorunduğu halda, belə yüksək cərimələrin saxlanılması cavabdeh tərəf üçün həddindən artıq ağır yük yaradır və tərəflərin maraqları arasında tarazlığı, eləcə də ədalət prinsipinin tələblərini aşkar şəkildə pozur. Müqavilənin faktiki hüquqi statusunu müəyyən etmədən qərar qəbul edilmişdir. Cavabdehlər tərəfindən faktiki olaraq həyata keçirilmiş ödənişlərin həcmi, həmin ödənişlərin əsas borc və faiz üzrə bölgüsü, eləcə də ödənişlərin silinmə ardıcıllığı müəyyən edilməmişdir. Tərəfimizdən təqdim olunmuş mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətdə bu halların araşdırılması açıq şəkildə tələb olunsa da, məhkəmə nə həmin vəsatəti lazımi qaydada qiymətləndirməmişdir.Nəticədə məhkəmə yalnız iddiaçının birtərəfli qaydada tərtib etdiyi hesablamalara istinad etmiş, həmin hesablamaların cavabdehlər tərəfindən edilmiş faktiki ödənişlərlə üzləşdirilməsini təmin etməmişdir. Halbuki borc münasibətlərində öhdəliyin hansı həcmdə icra edilməsi əsas hüquqi faktlardan biridir və bu hal müəyyən edilmədən qalıq borcun düzgün hesablanması obyektiv olaraq mümkün deyildir. Cavabdehlərdən biri zamin qismində çıxış etdiyinə baxmayaraq, məhkəmə tərəfindən əsas borclunun kredit öhdəliyi üzrə faktiki olaraq hansı məbləğləri ödədiyi ümumiyyətlə araşdırılmamışdır. Məktub və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişini yalnız borcun ödənilməsinə dair xəbərdarlıq kimi qiymətləndirmiş, lakin həmin sənədlərin hüquqi mahiyyətinə düzgün qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.

24. Etiraz onunla əsaslandırılmışdır ki, borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclular müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də bank müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə borcunun hesablanması və məhkəməyə müraciət edərək qalıq əsas borcla yanaşı faiz və cərimə məbləğinin tələb edilməsində haqlı olmuşdur. Cavabdehlər tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilmədiyinə görə bank ilk öncə borclulara pretenziya ünvanlanaraq müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələb etmiş, əks təqdirdə müqavilənin ləğv edilərək banka olan borcun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Borc məbləği pretenziya göndərildiyi tarixədək hesablanmışdır Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, ekspert borcun məbləği barədə rəy vermişdir. Ekspert rəyində aparılmış ödənişlər, həmin ödənişlərin faiz və əsas borca silinməsi şəklində aydın göstərilmiş, rəy kifayət qədər əsaslı tərtib edilmişdir. Faiz borclarının məbləği iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən qətnamədə faiz borcu iddia tələbinə uyğun olaraq müəyyən olunmuşdur. Cavabdehlər müqavilə üzrə ödənişlərini gecikdirdiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı bank cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qanuni və ədalətli olaraq cərimə borcu hissəsində iddia tələblərini təmin etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən dəbbə pulu müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət verməkdə məqsəd işin gedişatını uzatmaq, bank qarşısında öhdəliklərin icrasından yayınmaq üçün əlavə vaxt qazanmaqdan ibarətdir. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edirik.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahaht verərək, şikayətin təmin olunmamasını xahiş etdi.

26. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

30. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

34. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

35. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

38. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

39. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

40. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

41. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

42. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.

43. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

44. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

45. 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

46. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

47. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

48. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

49. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh1 MMC ilə “xxxx” QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 3000000 manat məbləğində krеdit хətti açılmış, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50 000 manat məbləğində krеdit götürmüş, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120 000 manat kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu cavabdeh1 MMC və cavabdeh – ipoteka qoyan cavabdeh3 ilə Bank arasında bağlanılmış ##.##.2023-cü il tarixli, **M************ nömrəli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m olan ** nömrəli mənzil “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə cavabdeh3 arasında ## ###### 2023-cü il tarixli, ***S************ nömrəli, cavabdeh2 ilə imzalanmış ## ###### 2023-cü il tarixli, ***S************ nömrəli qoşulma barədə sazişə əsasən sonuncular zamin kimi Kredit Alanın öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq, Müqavilə üzrə Kredit Alanın həm bu Sazişin imzalanması anınadək mövcud olan, həm də bu Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün Kredit Alanla birgə və tam məsuliyyət daşıyır.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin faktiki hüquqi statusunun müəyyən edilmədən qərar qəbul edilməsi dəlilinə münasibətdə qeyd etmək istəyir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir.

58. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı).

59. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

60. Kollegiya apellyasiya şikayətinin cavabdehlərə ünvanlanmış məktub və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişə münasibtədə qeyd etmək istəyir ki, iş materillarına əsasən məktubun, bildirişin məzmunundan aydın olur ki, o yalnız borcun ödənilməsinin zəruriliyi barədə məlumatlandırma xarakteri daşımamış, eyni zamanda borclulara mövcud borc öhdəliyinin icra edilməməsinin hüquqi nəticələri, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı kreditorun iradəsi açıq şəkildə ifadə edilmişdir.

61. İş materiallarından görünür ki, iddiaçı “xxxx” QSC ##.##.2025-ci il tarixli pretenziya mektubu ilə cavabdeh1 MMC-yə müraciət edilərək, “xxxx" QSC ilə bağladıqları ##.##.2023 tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 50 000,00 AZN məbləğində kredit götürüldüyünü, kredit borcu ödənilmədiyi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunun ödəməkdən yayındıqları, ##.##.2025 tarixinə gecikdirilmiş ödəniş məbləğin 16645,01 AZN (əsas məbləğ 14 485,51 AZN, faiz ödənişi 1343,6 AZN, cərimə məbləği 815,90 AZN) təşkil etdiyi, ##.##.2025 tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarmaqlarını və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduqları 26175,33 AZN məbləğin (23 950,63 AZN təşkil edən əsas məbləğ, 1408,8 AZN faiz məbləği və 815,9 AZN cərimə məbləği), həmçinin ##.##.2025 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

62. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən, cavabdeh cavabdeh3 vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 MMC-nin banka ## #### 2025ci il tarixə: əsas borc üzrə 23 553.45 manat, faiz borcu üzrə 1 851.03 manat, ## ######## 2025-ci il tarixə: əsas borcu 23 553.45 manat, faiz borcu 2 307.38 manat, ##.##.2023-cü il tarixli, ***R*********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq ## #### 2025-ci il tarixə: əsas borc üzrə 67 492.95 manat, faiz borcu üzrə 6 775.12 manat, ## ######## 2025-ci il tarixə: əsas borcu 67 492.95 manat, faiz borcu 8082,79 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/M/** saylı daşınmaz əmlakın qiymətləndirilmə hesabatına əsasən daşınmaz əmlakın bazar dəyəri 207000 manat, likvid dəyəri 200000 manat müəyyən edilmişdir.

63. Göründüyü kimi apellyatorun şikayətin dəlilərində qeyd etdiyi ekspertiza təyin olunmasına dair vəsatətinin təmin olunmaması, cərimə və faiz borcunun müqavilənin qüvvədə olduğu müddət ərzində hesablandığı, dəlilləri əsassız olmaqla işin yuxarıda qeyd olunan (§ 61,62) halları ilə təkzib olunur.

64. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin əsas və faiz borcunun məbləği ilə bağlı mövqeyini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə ekspert rəyi ilə ##.##.2025-ci il tarixə müəyyən edilmiş ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 23553,45 manat krеdit bоrcu, 1408,80 manat faiz bоrcu və 815,9 manat cərimə, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 67492,95 manat krеdit bоrcu, 5053,34 manat faiz bоrcu və 3105,34 manat cərimə borcu müəyyən etməkdə haqlı olmuşdur.

65. Kollegiya 0,02% məbləğində cərimə ödəməli olmasının əsas öhdəliyə nisbətdə yüksək olması dəlilinə münasibətdə qeyd etmək istəyir ki, borclu ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditorun kredit qalığının 0,02% məbləğində cərimə hesablamaq hüququna malik olması ilə razılaşmışdır.

66. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

67. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə haqlı olaraq hər iki kredit müqaviləsi üzrə əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 23553,45 manat, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 67492,95 manat, faiz borclarının məbləği iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən faiz borcu iddia tələbinə uyğun olaraq ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 1408,80 manat, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 5053,34 manat müəyyən etməkdə haqlı olmuşdur.

68. Məhkəmə cərimə məbləğlərinin əsas borc məbləğinə nisbətini, habelə həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz dərəcədə yüksək deyildir. Bu baxımdan, məhkəmə cavabdehlərdən müştərək qaydada ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə 815,90 manat, ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə isə 3.105,34 manat məbləğində cərimənin tutulmasını əsaslı hesab etmişdir.

69. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

70. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)-7171/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən tərəflər qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar