Məhkəmə qərarları › İş №e-2-2(3-6)-636/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-636/2026

14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-636/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-*****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış ## ###### 2025ci il tarixli ***/**** saylı müqavilədən görünür ki, satıcı malları müvafiq sifariş formasında göstərilən tarixdən gec olmayaraq, alıcının ofisinə və ya müvafiq sifariş formasında göstərilən digər ünvana öz hesabına və öz riski ilə çatdırmalıdır. Çatdırılma tarixi sifariş formasında göstərilməyibsə və ya başqa formada razılaşdırılmayıbsa, mallar müvafiq sifariş formasının verildiyi tarixdən otuz (30) gündən gec olmayaraq təchiz edilməlidir. Müvafiq sifariş formasında göstərilmiş mallar müvafiq qaydada qablaşdırılmaqla satıcı tərəfindən alıcıya çatdırılmalıdır. Mallar alıcıya çatdırıldıqda, satıcının və alıcının nümayəndələri malların çatdırılmasını sübut edən müvafiq sənədləri imzalayır. Satılan mallarda hər hansı bir qüsur aşkar edildikdə və yaxud mallar bu müqavilənin, qiymət razılaşmasının və / və ya sifariş formasının şərtlərinə və/və ya şərtləşdirilmiş xüsusiyyətlərə və/və ya kəmiyyətə və/və ya keyfiyyətə uyğun gəlmədikdə, alıcının belə mallar üçün sənədləri imzalamaqdan və onları qəbul etməkdən imtina etmək hüququ vardır. Sənədin Alıcı tərəfindən imzalanması faktı satıcını bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən azad edir. Satıcı tərəfindən mallar müqavilə şərtlərinə uyğun olaraq çatdırıldıqdan sonra, malların boşaldılması Alıcı tərəfindən həyata keçirilir. Müqavilənin 3.1, 3.2, 3.3 və 3.5-ci bəndlərinə əsasən satıcının malların alıcı tərəfindən təhvil alınmasını tələb etmək hüququ var və mallar müqavilə tələblərinə uyğun təqdim edildikdə, alıcı tərəfindən təhvil alınmalıdır. Bu müqavilənin hər bir tərəfi digər tərəfə yalnız bu müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn və ya onunla əlaqədar olan istənilən və bütün iddialar, zərərlər, tələblər, məhkəmə prosesləri, xərclər və məsrəflər (vəkilin qonorarı və cərimələr də daxil olmaqla) nəticəsində dəyən faktiki zərəri ödəməlidir. Tərəflər bu müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn gəlir itkisi də daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla, əldən çıxmış faydaya görə məsuliyyət daşımırlar. Müqavilə üzrə ödənişlər alıcı tərəfindən pozulduğu halda, alıcı tərəfindən satıcıya hər gecikdirilmiş günə görə, gecikdirilmiş ödənişin 0.1 % həcmində cərimə ödənilməlidir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən müqavilənin, qiymət razılaşmasının və / və ya müvafiq sifariş formasının şərtlərinə uyğun olaraq malların çatdırılması müqabilində alıcı satıcıya müvafiq sifariş formasında müəyyən edilmiş Qiyməti ödəyir. Qiymət satıcının müvafiq sifariş formasım tamamilə icra edilməsinə və müqavilənin şərtlərinə əməl edilməsinə görə istənilən bütün xərclər üçün tam kompensasiyadır. Alıcı ödənişi qaimə-faktura, * nömrəli Əlavədə (X1) müəyyən olunmuş formada tərtib edilmiş Sifariş Formasının əsli və Satıcı tərəfindən lazımi qaydada tərtib olunmuş elektron qaimə faktura əsasında fakturanın qəbul edildiyi tarixdən sonra 15 (on beş) təqvim günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən Bu Müqavilə, hər iki Tərəf bu Müqaviləni imzaladığı tarixdən etibarən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. Bu Müqavilənin qüvvədə olma müddətinin bitməsinə 30 gün öncədən tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı, qarşı tərəfə bildiriş göndərmədikdə, müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab edilir. Hər bir Tərəf Müqaviləyə aşağıdakı hallarda xitam verə bilər: (A) Əhəmiyyətli Pozuntunun olması halında, təqsiri olmayan Tərəf pozuntu törədən Tərəfə yazılı bildiriş verməklə istənilən vaxtda Müqaviləyə xitam verə bilər.

2. ## ###### 2025-ci il tarixli müqaviləyə ** saylı əlavə olan X4 görünür ki, tərəflər NHXMH-J 3x2,5 0,3/0,5 kV və NHXMH-J 3x1,5 0,3/0,5 kV adlı malların qiymətinin ƏDV daxil ümumilikdə 40.346,39 manat dəyərində olması barədə razılığa gəldilər. Protokolda qeyd edilmişdir ki, müqavilə üzrə bütün ödənişlər alış sifarişi və bu razılaşma protokolu əsasında hazırlanan hesab faktura təqdim edildiyi tarixdən 15 gün müddətində həyata keçirilir və malların çatdırılması satıcı tərəfindən həyata keçirilir.

3. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, 9184 metr uzunluğunda 3х2,5 NHXMH Prysmion adlı kabel və 6998 metr uzunluğunda 3х1,5 NHXMH Prysmion adlı kabel İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

4. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli elektron qaiməyə əsasən 40.346,39 manat dəyərində 9184 metr uzunluğunda 3х2,5 NHXMH Prysmion adlı kabel və 6998 metr uzunluğunda 3х1,5 NHXMH Prysmion adlı kabel İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödəniş üçün təqdim edilmişdir.

5. ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə 40.346,39 manat məbləğində ödənilməmiş borcu vardır və akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. Ödəniş qəbzlərindən görünür ki, ümumilikdə Cavabdeh MMC tərəfindən 7.500 manat pul vəsaiti İddiaçı MMC-yə ödənilmişdir.

7. ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə yaranmış borcun Cavabdeh MMC-dən ##.##.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. ## ###### 2026-cı il tarixli Vəkil Orderinə əsasən İddiaçı MMC vəkil vəkil2 ilə ## ###### 2026-cı il tarixli hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlamışdır.

9. MT2601 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaiməyə əsasən 1000 manat dəyərində hüquqi xidmət “Ekol” Vəkil Bürosu tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

10. ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC MMC 215,15 manat dövlət rüsumu ödəmişdir.

11. ##.##.2026-cı il tarixli ************ saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC MMC 3,50 manat dövlət rüsumu ödəmişdir.

12. Bakı Kommersiya Məhkəməsi tərəfindən hazırki iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə ##.##.2026-cı il sorğu verilmiş və zəruri iş materialları polis orqanı tərəfindən məhkəməyə təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. İddiaçı İddiaçı MMC tələbini sonradan dəqiqləşdirməklə məhkəmədən, ## ###### 2025-ci il tarixində bağlanmış RSMR/“xxxx" MMC – ***/**** nömrəli Müqavilə və ##.##.2025-ci il tarixli, N-***/**** nömrəli üzləşmə aktına uyğun olaraq əsas borc 32.846,39 manat, 1.372,01 manat cərimə borcu, illik gecikdirmə üzrə 663,23 manat, 1000 manat hüquqi yardım haqqı və 218 manat dövlət rüsumunun cavabdeh “xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC (Müqavilə üzrə “Alıcı”) ilə İddiaçı MMC (Müqavilə üzrə “Satıcı”) arasında ## ###### 2025-ci il tarixində bağlanmış, RSMR/Cavabdeh MMC - ***/**** nömrəli müqaviləyə əsasən, satıcı öz öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq, satıcı tərəfindən çeşidi, qiyməti və sayı alıcıya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən edilən kabelləri tam həcmdə və keyfiyyətdə təhvil verilmişdir. Malların dəyəri ## ###### 2025-ci il tarixli, ** nömrəli qiymət razılaşma protokoluna əsasən 34.191,86 manat və ona əlavə edilən 6.154,53 manat ƏDV məbləği ilə birgə 40.346,39 manat müəyyən edilmişdir. Lakin yuxarıda göstərilən sənədlərlə təsdiq edilmiş öhdəliklərə baxmayaraq, satıcı tərəfindən ödənişlər bu günədək ümumiyyətlə icra olunmamış, nəticədə satıcının gecikdirilmiş günlərə görə 1.372,01 manat cərimə borcu yaranmışdır. Buna uyğun olaraq hesab edir ki, məhkəmə tərəfindən 41.718,4 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı MMC ##.##.2018-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq təsis edilmişdir. Cavabdeh MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2020-ci il tarixində qeydiyyata alınaraq təsis edilmişdir. İddiaçı ilə cavabdeh arasında RSMR/Cavabdeh MMC -***/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları təchiz etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq satıcının mallar müqavilə tələblərinə uyğun təqdim edildikdə, alıcı tərəfindən təhvil alınmalıdır. Müqavilənin 3.2-ci bəndinə uyğun olaraq hər bir tərəf digər tərəfə yalnız bu müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn və ya onunla əlaqədar olan istənilən və bütün iddialar, zərərlər, tələblər, məhkəmə prosesləri, xərclər və məsrəflər (vəkilin qonorarı və cərimələr də daxil olmaqla) nəticəsində dəyən faktiki zərəri ödəməlidir. Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər alıcı tərəfindən pozulduğu halda, alıcı tərəfindən satıcıya hər gecikdirilmiş günə görə, gecikdirilmiş ödənişin 0.1 % həcmində cərimə ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq alıcı müqavilənin, qiymət razılaşmasının və/və ya müvafiq sifariş formasının şərtlərinə uyğun olaraq malların çatdırılması müqabilində satıcıya müvafiq sifariş formasında müəyyən edilmiş qiyməti ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı ödənişi qaimə-faktura, sifariş formasının əsli və satıcı tərəfindən lazımi qaydada tərtib olunmuş elektron qaiməfaktura əsasında fakturanın qəbul edildiyi tarixdən sonra 15 (on beş) təqvim günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirir. ##.##.2025-ci il tarixli təhvil-təslim aktına uyğun olaraq 9184 metr uzunluğunda 3х2,5 NHXMH Prysmion adlı kabel və 6998 metr uzunluğunda 3х1,5 NHXMH Prysmion adlı kabel Satıcı tərəfindən Alıcıya təhvil verilmişdir. ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən 34.191,86 AZN + 6.154,53 AZN (ƏDV 18%) mallar, Cavabdeh MMC-yə təqdim olunmuşdur. Lakin indiyə qədər Alıcı tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehə ##.##.2025-ci il tarixində Müqavilə üzrə öhdəliyin icra edilməsinə dair pretenziya məktubu göndərilmiş, müsbət geri dönüş əldə edilməmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 390.1, 425, 427.3, 442, 445.1, 445.3, 448.1, 567, 598.1, 598.4-cü maddələri göstərilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 32.846,39 manat əsas borc, 1.372,01 manat cərimə borcu olmaqla, cəmi 34.218,4 manat məbləğində pul vəsaitinin, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi qismində 300 manat və dövlət rüsumunun əvəzi qismində 190 manat məbləğin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artıq ödənilmiş 24manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2025-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. İş materiallarında olan təhvil-təslim aktı və elektron qaimə-faktura ilə təsdiq olunur ki, ümumilikdə 40.346,39 manat dəyərində mallar cavabdehə təqdim edilmişdir. Eyni zamanda ##.##.2025-ci il tarixdə 40346.39 manat borcun mövcudluğuna dair tərəflər arasında üzləşmə aktı tərtib edilsə də, iddiaçı cavabdeh tərəfindən təqdim edilən cəmi 7500 manat vəsaiti ehtiva edən qəbzlərin öhdəliyin icrası kimi qəbul etmiş və tələbini həmin hissədə azaltmışdır. Cavabdeh isə tələb edilən əsas borc məbləğini mübahisələndirməyərək, həmin hissədə borcu qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi 32.846,39 manat əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 1.372,01 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği tənasübsüz surətdə yüksək olmadığından və əsas borca mütənasib olaraq müəyyən edildiyindən cavabdehdən 1.372,01 manat cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı 663,23 manat əldən çıxmış faydanın ödənilməsini xahiş edib. Məhkəmə bununla bağlı qeyd edib ki, tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər bu Müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn gəlir itkisi də daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla, əldən çıxmış faydaya görə məsuliyyət daşımırlar. Eyni zamanda MM-nin 445.7-ci maddəsinin mahiyyətindən göründüyü kimi, kreditor yalnız müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, minimum təminat kimi illik 5% əldən çıxmış fayda qismində zərərin borcludan tutulmasını tələb edə bilər. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edib ki, tərəflər müqavilə tam və ya qismən icra edilmədiyi təqdirdə əldən çıxmış fayda qismində zərərin ödənilməsini aralarındakı razılaşma ilə istisna etdiklərindən, iddiaçının 663,23 manat əldən çıxmış faydanın ödənilməsi tələbi əsassızdır və rədd edilməlidir. Eyni zamanda iddiaçı 1000 manat hüquqi yardıma görə vəkil qonorarı xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı ilə “Ekol” Vəkil bürosunun vəkili vəkil2 arasında ##.##.2026-cı il tarixli hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış və 1000 manat məbləğində xidmət haqqı qarşı tərəfə ödəniş üçün təqdim edilmişdir. MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi qismində cavabdehdən 300 manat vəsaitin tutulması ağlabatandır. Məhkəmə iddianın qismən təmin edildiyini və 7500 manat həcmində iddia tələbinin azaldıldığını nəzərə alaraq hesab edib ki, ödənilmiş 218,65 manat dövlət rüsumunun 190 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş 24 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

18. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 445.1, 445.7, 462.1, 465.2, 467, 567, 598.1-ci maddələrinə istinad etmişdir. 4

19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən maddi hüquq normalarına istinad edən birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Hesab edir ki, məhkəmənin qeyd edilən hissədə mövqeyi qanunvericiliyin və tərəflər arasında olan münasibətlərə zidd olmuşdur. Belə ki, tərəflər arasında olan borcun təsdiq edilməsi üçün imzaladıqları ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 40.346,39 manat məbləğində ödənilməmiş borcu vardır və akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanan müqavilədən görünüb ki, müqavilə üzrə ödənişlər Alıcı tərəfindən pozulduğu halda, Alıcı tərəfindən Satıcıya hər gecikdirilmiş günə görə, gecikdirilmiş ödənişin 0.1 % həcmində cərimə ödənilməlidir. Lakin nə məhkəmə, nə də iddiaçı 1.372,01 manat məbləğində dəbbənin hansı hesablama qaydasında əmələ gəldiyini əsaslandırmamış, bununla da maddi hüquq normasını pozmuşdur. Hesab edir ki, məhkəmə dəbbə pulunu müəyyən edərkən iddiaçıdan dəbbə pulunun hesablanması ilə bağlı sübutları tələb etməli və həmin sübutları əldə etdikdən sonra müvafiq ekspertizanın təyin edilməsi ilə məbləği dəqiqləşdirməliydi. Lakin, məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmadan cavabdehin onsuz da ağır vəziyyətini daha da ağırlaşdırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qətnamənin dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış ## ###### 2025-ci il tarixli ***/**** saylı alqısatqı müqaviləsinə görə iddiaçı alıcıya qiymət razılaşma protokolunda qeyd edilən malları satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimə və üzləşmə aktına əsasən, iddiaçı tərəfindən cavabdehə "xxxx" firmasına aid iki ədəd güc kabeli təqdim edilmiş, cavabdeh isə malların dəyəri olan 40346,39 manat pul vəsaitini tam ödəməmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə qalıq borc olan 32846,39 manat pulun və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb edir.

30. Apellyasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilən hissəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqısatqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də iddiaçının tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 1372,01 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

31. Cavabdehin arqumentlərinə münasibətdə isə qeyd edilir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 4.2-ci bəndində alıcının elektron qaimə əsasında fakturanın qəbul edildiyi tarixdən 15 təqvim günü ərizəndə ödəniş etməli olması barədə şərt yer aldığı halda 3.5-ci bəndində müqavilə üzrə ödənişlərin gecikdirildiyi hər gün üçün 0.1% cərimə hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, müqavilə şərtlərinə uyğun olaraq, ##.##.2025-ci il tarixdən (elektron qaimənin tarixindən 15 təqvim günü keçdikdən sonra) ##.##.2025-ci il tarixinədək (iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix) olan 109 günlük gecikmə dövrü üçün real hesablama aparılarsa, dəbbə pulunun məbləği 3.580,25 manat (32846,39 x 0.1% x 109 gün) təşkil edəcəkdir. Odur ki, cavabdehin müqavilənin yuxarıda göstərilən bəndinə istinad etməklə dəbbə pulunun azaldılmasını tələb etməsi əsaslı hesab edilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

33. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Fərrux Qasımov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar