Məhkəmə qərarları › İş №e-2-2(3-6)-648/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-648/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-648/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “X2" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında imzalanmış ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi Haqqında müqavilə imzalanmışdır.

2. Ümumi Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Xidmətlərinin Göstərilməsi haqqında X1 tərəfindən Müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində Bank və Müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan * saylı Qoşmada əks olunmuşdur.

3. Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması və “Müştəri-Bank” Xidməti; b) Əmanət; c) Kredit; d) Qarantiya; e) Akkreditiv; f) Faktorinq; g) Korporativ kart; h) Lokal kart; i) Əmək haqqı kartları; j) POSterminal; k) İnkassasiya xidməti; l) Elektron ticarət (e-commerce) xidməti. Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Müştəri Müqaviləni və Müqavilənin II hissəsinə dair müvafiq Əlavəni imzaladıqdan sonra Bank tərəfindən Müqavilə üzrə təqdim olunan digər xidmət və məhsullardan istifadə etmək, habelə bu Müqavilə və (və ya) onun müvafiq Əlavəsi(ləri)nə dair əlavə və dəyişiklik(lər) etmək istədikdə Bankın filialına (şöbəsinə) müraciət edir. Borcalan Kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri Müqavilə ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan Krediti yalnız Xüsusi Şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir.

4. 2.1.1-ci bəndə əsasən Bank Müştərinin müraciəti əsasında, xüsusi şərtləri müvafiq Əlavə ilə müəyyən edilməklə, cari hesab(lar) açmağı və bu növ hesab(lar) üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla, açılmış hesab(lar)a daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesab(lar)dan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab(lar) üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi və əməliyyatların icrası üçün təsdiqedici sənədləri təqdim etməyi öhdəsinə götürür. Bank hesabın rekvizitlərini (nömrəsi, kodu və s.) Müştəriyə onun elektron kabinetində yerləşdirməklə və/və ya 14.10-cu yarımbəndində müəyyən edilmiş üsul və vasitələrlə təqdim edə bilər.

5. “Bank” “xxxx” ASC ilə “Borcalan” cavabdeh3 MMC arasında imzalanmış ## #### 2024-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair *****/*** saylı Əlavəsinə əsasən həmin Əlavə “Bank xidmətlərinin göstərilməsi X5”nin ayrılmaz tərkib hissəsi hesab olunur. Bank illik 7% faizlə 3 ay müddətinə 80 000 ABŞ dolları məbləğində borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.

6. 2.15.3-cü bəndinə əsasən bu Əlavənin 2.15.4-cü bəndlərinin tələblərinin pozulması halında bu Əlavənin 2.6-cı bəndində göstərilən illik faiz dərəcəsindən əlavə 5 (beş) faiz dərəcəsi həcmində cərimə faizi, kredit vəsaiti digər maliyyələşmə mənbələrinin (hüquqi, fiziki, publik hüquqi şəxslər, həmçinin agentlik, dövlət orqanları və s.) hesabına təqdim edildiyi təqdirdə və Borcalanın hərəkət və ya hərəkətsizliyi nəticəsində təqdim edilən kreditlərin təyinatı üzrə istifadə edilməməsi və ya digər hallarda Bankla həmin şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin vəsaitin geri ödənilməsi Bankdan tələb edildiyi halda kredit üzrə illik 20 (iyirmi) faiz dərəcəsi tətbiq ediləcəkdir. Qeyd edilən hallardan biri üzrə cərimə faizinin tətbiq edilməsi digər halların baş verməsi nəticəsində də cərimə faizinin tətbiq edilməsini istisna etmir, lakin hər bir halda tətbiq ediləcək ümumi (ilkin və yeni faizlər) faiz dərəcəsinin həcmi illik 30 (otuz) faizdən çox ola bilməz. Bu halda Bank tərəfindən kreditin yeni ödəniş qaydasını müəyyən edən yeni ödəniş qrafiki tərtib edilə bilər.

7. 2.15.5-ci bəndə əsasən bu Əlavə üzrə kredit Borcalanın bank hesabına köçürüldüyü (kreditin faktiki verilmə anı) andan Bank tərəfindən Borcalana verilmiş hesab olunur və kredit üzrə faizlər həmin andan kredit məbləği (əsas borc) qaytarılan günədək hesablanır. Tərəflər təsdiq edirlər ki, kreditin verilmə anından asılı olaraq Bank tərəfindən Borcalanın xeyrinə kreditin ödəniş qaydasını müəyyən edən yeni ödəniş qrafiki tərtib edilə bilər.

8. İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanmış ## #### 2024-cü il tarixli *****/*** saylı, cavabdeh2 ilə imzalanmış ## #### 2024-cü il tarixli *****/*** saylı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin ″X2″ Məhdud Məsuliyyətli Cəmiyyətinin Kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

9. 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik: Bank və Borcalan arasında ən son tarixdə bağlanmış Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ##.##.2024-cü il tarixli *****/*** saylı Əlavə. 1.3-cü bəndinə əsasən kreditin məbləği: 80000 (səksən min ABŞ dolları sıfır sent) USD. cavabdeh3 MMC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən ##.##.2024-cü il tarixdə 80 000 ABŞ dolları köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı İddiaçı ASC iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun ilə “X3” MMC arasında bağlanmış ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024- cü il tarixli *****/*** saylı Əlavəsinə əsasən 69862,28 ABŞ dolları əsas, 3002,14 ABŞ dolları faiz və 1860,24 ABŞ dolları cərimə olmaqla cəmi 74724,66 ABŞ dolları kredit borcu və ödənilmiş 417,03 manat dövlət rüsumu və ## ######## 2024-cü il tarixdən ## ###### 2026- cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5065,02 ABŞ dolları məbləğində əldən çıxmış fayda və əlavə ödənilmiş 106,51 manat dövlət rüsumunun “X3” MMC, cavabdeh1 və cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi belə əsaslandırmışdır ki, borcun mübahisəsiz olduğunu təsdiq edən borclu “X3” MMC ilə İddiaçı ASC arasında bağlanmış ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024- cü il tarixli *****/*** saylı əlavəsinə əsasən “X3” MMC-yə 3 (üç) ay müddətinə illik 7% olmaqla 80 000 (səksən min) ABŞ dolları kredit xətti rəsmiləşdirilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə cavabdeh1 arasında ## #### 2024-cü il tarixli *****/*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin əlavəsində ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024cü il tarixli *****/*** saylı əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində zamin cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə İddiaçı ASC ilə cavabdeh2 arasında ## #### 2024-cü il tarixli *****/*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində ## ####### 2021ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024-cü il tarixli *****/*** saylı əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən “X3” MMC hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər “X3” MMC, cavabdeh1 və cavabdeh2 ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024cü il tarixli *****/*** saylı əlavəsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir və həmin əlavə üzrə ## ### 2025-ci il tarixə İddiaçı ASC-yə borcu 69 862,28 (altmış doqquz min səkkiz yüz altmış iki ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları əsas, 3 002,14 (üç min iki ABŞ dolları on dört sent) ABŞ dolları faiz və 1 860,24 (bir min səkkiz yüz altmış ABŞ dolları iyirmi dört sent) ABŞ dolları cərimə olmaqla cəmi 74 724,66 (yetmiş dör min yeddi yüz iyirmi ABŞ dolları altmış altı sent) ABŞ dolları borc təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

12. İddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, ## #### 2024-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

13. İddiaçı İddiaçı ASC tərəfindən tərtib edilmiş “14” may 2025-ci il tarixli, №****/***/***** nömrəli maliyyə arayışından görünür ki, “X3” MMC, cavabdeh1 və cavabdeh2 ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024cü il tarixli *****/*** saylı əlavəsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir və həmin əlavə üzrə ## ### 2025-ci il tarixə İddiaçı ASC-yə borcu 69862,28 ABŞ dolları əsas, 3002,14 ABŞ dolları faiz və 1860,24 ABŞ dolları cərimə olmaqla cəmi 74724,66 ABŞ dolları borc təşkil edir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin "28" yanvar 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ## #### 2024-cü il tarixli, *****/*** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 MMC-nin banka olan borcu ##.##.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 71.567,33 ABŞ dolları, faiz borcu üzrə 403,55 ABŞ dolları. ##.##.2025-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borcu 69.249,09 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair ## #### 2024-cü il tarixli *****/*** saylı əlavəsi üzrə 69249,09 ABŞ dolları əsas borc, əsas borca illik 5 % hesablanmış 5065,02 ABŞ dolları pul vəsaiti, 1860,24 ABŞ dolları cərimə borcu olmaqla cəmi 76174 (yetmiş altı min bir yüz yetmiş dörd) ABŞ dolları 35 (otuz beş) sent borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 419 (dörd yüz on doqquz) manat 50 (əlli) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 95 manatı cavabdehlər cavabdeh3 MMC, cavabdeh2, cavabdeh1 müştərək qaydada, 05 manatı isə iddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, iddianın qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

16. Cavabdeh cavabdeh3 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edərək iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərin təqsir dərəcəsini, gecikmənin obyektiv səbəblərini və öhdəliyin icra edilməməsində alternativ halları araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ## ###### 2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5065,02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması məsələsini tam və hərtərəfli araşdırmamışdır. Tələbin hüquqi əsasını, hesablanma metodunu, hesablamanın hansı tarixdən və hansı məbləğ üzərindən aparıldığını müəyyən etməmişdir. Eyni zamanda müqavilə münasibətlərinin davam edib-etmədiyi, müqaviləyə xitam verilib-verilmədiyi və 5 faiz tələbinin hansı hüquqi rejim çərçivəsində irəli sürüldüyü araşdırılmamışdır. iddiaçı tərəfindən 5065,02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın hansı iqtisadi göstəricilər və maliyyə hesablamaları əsasında müəyyən edildiyi sübut olunmamışdır. Cəriməni mütənasiblik prinsipi nəzərə alınmadan tam həcmdə təmin etmişdir. Məhkəmə ümumi borc məbləğini (əsas borc, faiz, cərimə və əlavə 5% ödəniş) birgə şəkildə təmin etməklə cavabdehlərin üzərinə həddindən artıq maliyyə yükü qoymuşdur. Zaminlərin məsuliyyəti müəyyən edilərkən onların öhdəliyin həcmi və şərtləri düzgün araşdırılmamışdır. Məhkəmə zaminləri borcalanla eyni dərəcədə məsuliyyət daşıyan subyekt kimi qəbul etmişdir. Zaminlik müqavilələrinin şərtləri, məsuliyyətin həcmi və faiz/cərimələrin zaminə şamil olunub olunmaması araşdırılmadan maddi hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının təxirə salınmasına dair vəsatət əsaslandırılmadan rədd edilmişdir. Müəyyən edilmiş borc məbləği yalnız iddiaçının təqdim etdiyi hesablamalara və ekspert rəyinə əsaslanmışdır. Bu hesablamaların əsasını təşkil edən ilkin uçot sənədləri, bank çıxarışları və müqavilə üzrə dəqiq amortizasiya cədvəli tam şəkildə sübut edilməmişdir. Cavabdehlərin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən, yeni sübutlar apelyasiya instansiyasına təqdim ediləcəkdir.

19. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən xüsusi bilik tələb edən hesablamaların dəqiqliyini müəyyən etmək məqsədilə məhkəməmühasibatlıq

20. ekspertizası təyin edilmiş və icra olunmuşdur. Əgər cavabdeh hesablamalarla və ya ekspertizanın nəticələri ilə razı deyildisə, birinci instansiya məhkəməsində işə baxılarkən ekspert rəyinə etiraz edə, onu mübahisələndirə və ya təkrar (əlavə) ekspertiza keçirilməsi barədə vəsatət verə bilərdi. Lakin cavabdeh həmin mərhələdə bu hüququndan istifadə etməmişdir. Hazırda apellyasiya şikayətində bu halların mübahisələndirilməsi yalnız prosesi süni şəkildə yubatmaq və qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədi daşıyır. Ekspertiza rəyi yalnız subyektiv ehtimallara deyil, iş üzrə bütün faktiki hallara, tərəflər arasında bağlanmış ## ####### 2021-ci il tarixli, **********1910202* saylı Bank Xidmətlərinin Göstərilməsi X5, ## #### 2024cü il tarixli *****/*** saylı Kreditləşmənin Xüsusi Şərtlərinə dair Əlavəyə, zaminlik müqavilələrinə, rəsmi hesabdan çıxarışlara, ödəniş qrafiklərinə və digər mötəbər maliyyə sənədlərinə əsasən tərtib edilmişdir. Qətnamənin qüvvədə saxlanılmasını xahiş edirik.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulm ası və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

26. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

30. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

31. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

32. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

33. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.

34. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

35. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

36. 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

37. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

38. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## ####### 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin ## #### 2024-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair Əlavəsinə əsasən iddiaçı tərəfindən cavabdehə 80 000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə həmin krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin edilməsi məqsədilə cavabdehlərlə zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər.

43. Məhkəmə kollegiyası ilk növbədə cavabdehlərin məhkəmə iclasında iştiraklarının təmin edilməməsi dəlilinə münasibət bildirməyi zəruri hesab edir.

44. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir

45. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdeh cavabdeh3 MMC və cavabdeh2 məxsus AVİS kabinetinə yerləşdirilmiş, digər cavabdeh cavabdeh1 qeydiyyat ünvanı üzrə məhkəmə bildirişi göndərilsədə bu ünvanda yaşamır qeydi ilə geri qayıtmış, daha sonra məhkəmə bildirişinin çatıdırılması Qəbələ Rayon İcra Hakimiyyətinə həvalə olnumuşdur.

46. Həmçinin iş materillarından görünür ki, cavabdeh cavabdeh3 MMC məhkəmə iclaslarından məlumatlı olmuş, məhkəmə iclasının səhhətlərində yaranmış problemlə bağlı təxirə salınmasını xahiş etmiş (iş vərəq 17), digər cavabdeh cavabdeh2 isə vəsatət ünvanlayaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. (iş vərəq 25)

47. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehlərin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdehlər lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

48. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtı-vaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir.Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.

49. Apellyatorun narazı olduğu məqam pul məbləğinin gecikdirilməsi məbləğinin (illik 5 faiz) hesablanması ilə bağlıdır. Apellyator hesab edir ki, cavabdehlərin təqsir dərəcəsini, gecikmənin obyektiv səbəblərini və öhdəliyin icra edilməməsində alternativ halları araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

50. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

51. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4cü maddəsi

52. təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

54. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarı).

55. Hazırkı halda isə iş materillarından görünür ki, iddiaçı cavabdehlərdən müqavilə müddətinin bitdiyi tarixdən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək (ərizə ilə tələb etdiyi tarix) olan gecikdirilmiş günlər üzrə əsas borca münasibətdə hesablanmış faiz məbləğini tələb etmişdir.

56. Məhkəmə haqlı olaraq iddia tələbinin əsas borca illik 5 % hesablanmış 5065,02 ABŞ dolları pul vəsaitini təmin etməkdə haqlı olmuşdur.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə məbləğinin mütənasiblik prinsipi nəzərə alınmadan müəyyən edilməsi dəlilinə münasibətdə qeyd edir ki, cərimə ilə bağlı tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

58. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

59. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

60. Göründüyü kimi məhkəmə əsas borcun 69249,09 ABŞ dolları olmasını nəzərə alaraq 1860,24 ABŞ dolları cərimə məbləğini tutmaqda haqlı olmuşdur.

61. Kollegiya apellyatorun zaminlərin birgə məsuliyyətlə bağlı dəlilinə münasinbətdə qeyd edir kİ, zaminlər öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

62. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

63. İş materillarından göründüyü kimi cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı ASC ilə zaminlik müqavilələri bağlayaraq öhdəliyin təmamilə icra edilməsi üçün məsuliyyəti öz üzrələrinə götürmüşlər.(§ 8)

64. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar