Məhkəmə qərarları › İş №e-2-2(3-6)-655/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-655/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-655/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: nisyə alqı-satqı müqaviləsi, çəkişmə prinsipi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. Tərəflər arasında ##.##.2024-cü il tarixdə məhsulların nisyə alqı-satqısı barədə ***/**** saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1.1. 1-ci bəndinə görə satıcı (iddiaçı) alıcıya (cavabdehə) nisyə (borc) olaraq ümumi dəyəri 2951,28 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır; 1.2. 2-ci bəndinə görə alıcı satıcıdan ümumi dəyəri 2951,28 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir; 1.3. 3-cü bəndinə görə alıcı satıcıya 2951,28 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür; 1.4. 5-ci bəndinə görə alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında yalnız, satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır.

2. Həmçinin, tərəflər arasında ***/**** saylı, ##.##.2024-cü il tarixli müqavilə üzrə eyni tarixdə tərtib edilmiş təhvil-təslim aktında cavabdehin iddiaçıdan 2951,28 manat dəyərində müxtəlif növlərdə içki məhsullarını qəbul etməsi əks olunmuş, təhvil-təslim aktı hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Iddiaçı müqavilə üzrə ödənilməmiş 2951,28 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49.51 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Iddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-sarqısı barədə” ##.##.2024-cü il tarixli, ***/**** saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 2951,28 (iki min doqquz yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3(üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2951,28 (iki min doqquz yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat hissəsini bu günədək ödəməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ***/**** saylı, ##.##.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş içki məhsulları ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə verilmiş, təhvil-təslim aktı hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

9. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqavilsənin 3-cü bəndinə əsasən, cavabdeh iddiaçıya 2951,28 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 2951,28 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən 49,51 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 576, 601.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnaməni cavabdehin heç bir etiraz, dəlil və sübut təqdim etmədən, cavabdehin iştirakı olmadan çıxarmışdır. Şikayəti verən şəxs bildiriş haqqında lazımınca məlumatlandırılmamış, müdafiəsini qurmaq üçün real imkandan məhrum edilmişdir. MPM-nin 284-5.4.3-cü maddəsinə görə məhkəmə "tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə" iddia icraatı qaydasına keçməli, tərəfləri çağıraraq işi ümumi qaydada araşdırmalı idi. Iddiaçı tərəfindən yalnız müqavilə və təhvil-təslim aktı təqdim edilmişdir. Bu sənədlər öhdəliyin məvcud olduğunu göstərsə də, öhdəliyin pozulduğunu, yəni borcun faktiki ödənilmədiyini sübut etmirdi. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsaslandığı halları sübut etməlidir. Iddiaçı ödənişin edilmədiyini mütləq şəkildə sübut etməli idi: bank çıxarışı, nağd ödənişlərə dair qəbzlərin olmamasına dair arayış və ya sair müvafiq sübutlar. Məhkəmə MPMnin 14.2-ci maddəsini pozaraq yalnız iddiaçının dəlillərini araşdırmış, cavabdeh tərəfin sübut imkanını tamamilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385.1-ci maddəsinə görə öhdəliyin mövcudluğu üçün borclu tərəfin müvafiq vəzifəni yerinə yetirməməsi faktı sübuta yetirilməlidir. Məhkəmə bunu müəyyən etmədən, yəni iddiaçının cavabdehdən ödənişi qəbul edib-etmədiyini araşdırmadan, yalnız müqavilə bağlandığını və malların təhvil verildiyini əsas götürərək borcun ödənilmədiyini qənaətinə gəlmişdir. MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin yaranması müqavilənin mövcudluğu ilə deyil, onun pozulması faktı ilə müəyyən edilir. Məhkəmə bu hüquqi fərqə əhəmiyyət verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə görə alıcı vəsaiti yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu müqavilə şərtindən irəli gəlir ki, İddiaçı MMC tərəfindən müvafiq qəbz verilməsini də sübuta yetirmək lazım idi. Satıcının öz öhdəliklərini yerinə yetirməsi – nümayəndə vasitəsilə ödəniş qəbulunun təmin edilməsi – faktının araşdırılmaması birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsini natamam etmişdir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin pozulması yalnız lazımi şəkildə icra edilməməsi halında müəyyən edilə bilər. Satıcının öhdəliyi tam icra edib-etmədiyi araşdırılmadan cavabdehin öhdəliyi pozması nəticəsinə gəlinməsi hüquqi cəhətdən qüsurludur. MM-nin 601.1-ci maddəsinə görə nisyə satış müqaviləsi o halda bağlanmış sayılır ki, "ödənişlərin qaydası, müddətləri və məbləğləri" nəzərdə tutulmuş olsun. Müqavilənin 3-cü bəndində yalnız ümumi "3 ay ərzində" ifadəsi işlədilmiş, hissə-hissə ödəniş qrafiki, ayrı-ayrı ödəniş məbləğləri müəyyən edilməmişdir. Bu isə müqavilənin nisyə satış xarakterini hüquqi baxımdan şübhə altına alır və mahiyyəti üzrə əlavə araşdırma tələb edir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Ilk öncə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyi araşdırılmalıdır.

38. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

39. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

40. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 30).

41. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC cavabdeh cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş sənədlər işə kiçik iddia icraatı qaydasında baxılması üçün kifayət etmədiyindən, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi üçün tərəflərin çağırılaraq izahatlarının alınması zəruri olduğundan məhkəmə ##.##.2026-cı il tarixində hazırkı işə iddia icraatında baxılması barədə qərardad qəbul etmişdir.

42. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir.

43. Işdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat ümumilikdə təxmini 2 ay davam etmişdir, cavabdeh tərəfindən borcun mövcudluğu faktını təkzib edən sübut təqdim edilməmişdir.

44. Işdəki sübutlarla təsdiq olunur ki, tərəflər arasında ***/**** saylı, ##.##.2024- cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş içki məhsulları ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə verilmiş, təhvil-təslim aktı hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmiş, cavabdeh aktdakı imzalarını mübahisələndirməmişdir.

45. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh təhvil-təslim aktını imzalamaqdan imtina edərdi. Lakin hazırki işdə bu hallar mövcud deyil.

46. Kollegiya qeyd edir ki, Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, mübahisələndirmədiyi təhvil-təslim aktlarının hüquqi nəticələri ilə bağlı risk daşıyır.

48. Apellyasiya şikayətində iddiaçının öhdəliyin pozulmasını, yəni ödənişin edilməməsini ayrıca sübut etməli olması barədə göstərilən dəlillər qəbul edilə bilməz. Çünki müqavilənin 3-cü bəndinə əsasən cavabdeh 2.951,28 manat məbləğində borcu 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və təhvil-təslim aktı ilə iddiaçının malı təhvil vermək öhdəliyini icra etdiyi müəyyən edildikdən sonra müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişin həyata keçirildiyini sübut etmək vəzifəsi məhz həmin ödənişə istinad edən cavabdehin üzərinə düşür.

49. Lakin cavabdeh tərəfindən borcun tam və ya qismən ödənilməsini təsdiq edən hər hansı qəbz, bank sənədi, hesab çıxarışı və ya digər mötəbər sübut təqdim edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ödənişin həyata keçirildiyini sübut etməli olan cavabdehin həmin prosessual vəzifəni yerinə yetirmədiyi müəyyən olunur.

50. Apellyasiya şikayətində müqavilənin nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirilməsinin şübhə altına alınması barədə dəlillər də əsaslı hesab edilmir. Müqavilədə malın təhvil verilməsi və dəyərinin sonradan ödənilməsi nəzərdə tutulmuş, cavabdeh tərəfindən də mallar qəbul edilmişdir. Müqavilədə ödəniş üçün 3 aylıq müddətin müəyyən edilməsi tərəflərin iradəsini aydın şəkildə ifadə edir və müqavilənin hüquqi mahiyyətinin müəyyən edilməsinə mane olmur.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

53. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar