Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-656/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: zaminlik öhdəliyinin qismən icrası, öhdəlikdə şəxslərin dəyişməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X7 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh Cavabdeh İsmayıl oğlunun iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” ASC ilə Cavabdeh İsmayıl oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli A*** saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə “MKT İstehsalat Kommersiya” MMC arasında bağlanmış ##.##.2023cü il 2. tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, “MKT İstehsalat Kommersiya” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1- ci bəndinə əsasən Borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən Kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik Zaminin Banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun Fərdi sahibkarlarla (bundan sonra “Borcalan”) bağlanmış və gələcəkdə bağlanacaq Kredit xətti (limiti) müqavilələrindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn borc öhdəliyidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, 5 iş günü əvvəldən zaminə məlumat verməklə bu müqavilə ilə zaminin könüllü ödəmək üçün müəyyən edilən müddət bitdikdən sonra 5 iş günü ərzində kredit məbləğini, hesablanmış faizləri, o cümlədən gecikdirilmə faizlərini zaminin razılığı olmadan (akseptsiz qaydada) onun bank hesablarından tutmaq bankın hüququdur. “MKT İstehsalat Kommersiya” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2023cü il tarixli
3. **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsinə ## ###### 2024-cü il tarixli ** nömrəli əlavə razılaşmaya əsasən bank tərəfindən kreditin verilməsindən imtina edildiyi halda zaminin əlavə müraciəti əsasında imtina edilmiş borcalana kredit verilə bilər. Zaminin əlavə müraciəti əsasında imtina edilmiş borcalana kredit verilə bilər. Zaminin həmin müraciət mübahisəsiz qaydada bank tərəfindən təsdiq olunacaq və müraciətdə adları göstərilən borclulara verilən kreditlərin əsas məbləğinin, ona hesablanan faizlərin kredit rəsmiləşdirilən ilin sonuna kimi bu müqavilənin 2.2.4-cü və 2.3.2-ci bəndləri ilə nəzərdə tutulan hallar istisna olmaqla, tam ödənilməsinə görə zamin bank qarşısında zaminlik öhdəliyi daşıyacaqdır. “MKT İstehsalat Kommersiya” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2023cü il tarixli
4. **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsinə ## #### 2024-cü il tarixli, ** nömrəli əlavəyə əsasən ##.##.2023-cü il tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin 1.4-cü bəndində 100000 (bir yüz min) sözləri 400000 (dörd yüz min) sözləri ilə əvəz edilmişdir.
5. Cavabdeh İsmayıl oğluna məxsus hesabdan çıxarış məlumatından görünür ki, ona “xxxx” ASC tərəfindən ##.##.2024-cü ildə 4680 manat, ##.##.2024-cü ildə 1300 manat, ##.##.2025-ci ildə 1200 manat, ümumilikdə 7180 manat kredit köçürülmüşdür.
6. ##.##.2025-ci il tarixli “xxxx” ASC tərəfindən təqdim olunan hesabdan çıxarışlardan görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ümumilikdə 2.984,18 manat kredit ödənişi edilmişdir.
7. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İsmayıl oğlunun 2932.40 manat əsas, 51.78 manat faiz borcu, cəmi 2984.18 manat borcu qalmış, zamin “MKT İstehsalat Kommersiya” MMC tərəfindən həmin borc məbləği ##.##.2025ci il tarixdə tam olaraq “xxxx” ASC-yə ödənilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, "Mkt İstehsalat Kommersiya” MMC-nin adı dəyişilərək, İddiaçı MMC olmuşdur.
9. ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehin 2.984,18 manat borcu 5 gün ərzində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və əlavə xərclərin hesablanacağı bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.984,18 manat borc və ödənilmiş 49,85 manat rüsum olmaqla, cəmi 3.034,03 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, pambığın əkini-becərilməsi üçün Cavabdehlə bağladığı xam-pambığın alqı-satqı müqaviləsi üzrə sonuncunun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC ilə ##.##.2023-cü tarixli, **/** №-li zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 2984,18 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin-iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 2984,18 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, nəticəsiz qalmışdır.
12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1ci maddəsinə istinad olunmuşdur.
13. Cavabdeh elektron məhkəməyə ünvanladığı yazılı etirazda qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi 8 ədəd xam pambığın qəbulu qəbzindən də göründüyü kimi, 13856.86 manat xam pambığı zavoda təhvil vermişdir. Bunun müqabilində ona heç bir ödəniş edilməmişdir, hətta ödədiyi məbləğin hansı təyinat üzrə xərclənməsi barədə heç bir sübut təqdim edilməmişdir. İddia tərəfinin məhkəməyə təqdim etdiyi MKT-nin Zərdab rayon filialı ilə arasında bağlanmış müqavilə şərtlərinin 1.1-ci bəndində qeyd etdiyi kimi, alıcı onu zəruri vasitələr, mallar və aqrotexniki xidmətlərlə təmin etməyə borcludur. Lakin MKT Zərdab filialı müqavilənin şərtlərini pozub ona verilən pulu kreditləşdirmişdir. Müqavilənin 2.2.2-ci bəndində göründüyü kimi, görülən xidmətlərin aparılması haqqında üzləşmə aktı tərtib olunmalıdır. Əlavə olaraq, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədəki imza ona məxsus deyil. MKT Zərdab filialına təhvil verdiyi 13856,86 manat xam pambığın dəyərinin hansı təyinat üzrə silindiyi barədə sübutlar məhkəməyə təqdim edilməli və müqavilədəki imzanın kimə məxsus olduğu araşdırılmalıdır.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh İsmayıl oğlundan 2.984,18 manat və 49,85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edib ki, iddia təmin olunmalıdır. Beləliklə, işin hallarından məlum olub ki, “xxxx” ASC ilə Cavabdeh İsmayıl oğlu arasında ##.##.2024-cü il tarixdə kredit xətti (limiti) müqaviləsi bağlanmış, borcalanın hesabına bank tərəfindən ümumilikdə 7.180 manat kredit köçürülmüşdür. “xxxx” ASC ilə “MKT İstehsalat Kommersiya” MMC (hazırkı adı “xxxx” MMC) arasında bağlanmış ##.##.2023-cü il tarixli əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən “MKT İstehsalat Kommersiya” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin gələcəkdə kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdehin kredit müqaviləsi üzrə yaranmış ödənilməli olan ümumilikdə 2.984,18 manat kredit borcu iddiaçının bank hesablarından akseptsiz qaydada ##.##.2025- ci il tarixdə bank tərəfindən müqavilə şərtləri qaydasında silinmiş, tutulmuş həmin məbləğlərin əvəzi cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Hazırda iddiaçının banka ödədiyi 2.984,18 manat vəsaiti reqres qaydada cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə olan təqdirdə məhkəmə hesab edib ki, iddiaçı zamin olaraq ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, 2.984,18 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin yazılı etirazının dəlilləri ilə bağlı onu qeyd edib ki, həmin məsələlər başqa hüquq münasibətlərinin predmetidir və cavabdeh xam pambığın alqı-satqısı barədə müqavilədən irəli gələn məsələləri ayrı icraatda mübahisələndirə bilər. Zaminliklə təmin edilən öhdəlik isə fərdi sahibkarlarla bağlanmış və gələcəkdə bağlanacaq kredit xətti müqaviləsindən irəli gələn borc öhdəliyidir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi hallar, 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair ##.##.2023-cü il tarixli müqavilədə qeyd edilən satıcının alıcıdan aldığı avans məbləğinin aqibəti ilə bağlıdır, hazırki halda isə satıcının kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərcləri Bank tərəfindən maliyyələşdirilmişdir, həmin münasibətlər isə kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 49,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 470.1, 470.2, 472.2, 475.1, 964.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh elektron məhkəməyə yazılı etiraz ünvanlayaraq qeyd edib ki, cavabdehlə MKT Zərdab filialı arasında 2022, 2023 və 2024-cü il əkin mövsümləri üzrə xam pambığın istehsalı üçün zəruri vəsaitlərin, materialların təmin edilməsi və aqrotexniki qulluğun göstərilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilə şərtlərinə əsasən 2022 və 2023-cü illərdə cavabdehə nəzərdə tutulan avans vəsaiti zavod tərəfindən birbaşa bank köçürməsi yolu ilə ödənilmişdir. Lakin 2024-cü ildə əvvəlki illərdən fərqli olaraq, müxtəlif sənədlərə imza etdirilməklə avans vəsaitinin kredit şəklində rəsmiləşdirilərək köçürüləcəyi bildirilmişdir. Bu hal müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və pozulması deməkdir. 2022 və 2023-cü illərdə zavod tərəfindən göstərilən texniki qulluq və aqronom nəzarəti nəticəsində yüksək məhsuldarlıq əldə edərək xam pambığı vaxtında və tam həcmdə təhvil vermişdir. Lakin 2024-cü il əkin mövsümündə zavodun aqronomlarının digər rayonlara təhkim edilməsi səbəbindən cavabdehin əkdiyi sahələr faktiki olaraq nəzarətsiz qalmışdır. Nəticədə aqrotexniki qulluq vaxtında aparılmamış, lazımi dərman və preparatlar vaxtında təmin edilməmiş, məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu hallar birbaşa cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsindən irəli gəlmişdir. Buna baxmayaraq, zavod 2024-cü il üzrə cavabdehin təhvil verdiyi 20.940 kq xam pambığın dəyərindən öz göstərdiyini iddia etdiyi xidmətlərin haqqını birtərəfli qaydada çıxaraq cavabehə heç bir ödəniş etməmişdir. Cavabdeh dəfələrlə bildirmişdir ki, məhsuldarlığın aşağı düşməsi cavabdehin təqsirindən deyil, aqrotexniki təminatın lazımi səviyyədə olmamasından qaynaqlanmışdır. Həmçinin iddiaçı banka olan kredit borclarını ödədikdən sonra qalan məbləğin növbəti mövsümdə müqavilə əsasında bağlanaraq ödənilməsini təklif etmişdir. Lakin bu təklifim nəzərə alınmamışdır. Qeyd edir ki, 2024-cü il mövsümündə 13 hektar torpaq sahəsi əkilib-becərildiyi halda, iddiaçı bütün sənədləşməni və bütün tutquları 16 hektar hesablayaraq göstərdiyi bütün xidmətləri bu hesabla qiymətləndirmiş və nəticədə ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh iddiaçıya 20.940 kq xam pambıq təhvil verilmişdir. Ancaq, buna baxmayaraq, o, faktiki olaraq heç bir gəlir əldə etməmiş və ili zərərlə başa vurmuşdur. Hesablaşmaların düzgün aparılmadığına əsaslı şübhələri vardır. Bu səbəbdən məhkəmədən xahiş edir ki, hesablaşmaların düzgünlüyünün müəyyən edilməsi üçün məhkəmə-maliyyə və ya aqrotexniki ekspertizası təyin edilməli; müqavilə üzrə tərəflərin öhdəliklərinin icrası hərtərəfli araşdırılmalı; cavabdehə qarşı irəli sürülmüş iddia əsassız hesab edilərək rədd edilməlidir. Müqavilənin surətini və zavoda təhvil verdiyi xam pambığın qəbzlərini maddi sübut kimi məhkəməyə təqdim edib. Həmçinin, təkrar etiraz verərək qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi 8 ədəd xam pambığın qəbulu qəbzlərindən də göründüyü kimi, 13856.86 manat xam pambığı zavoda təhvil vermişdir. Bunun müqabilində cavabdehə heç bir ödəniş edilməmişdir, hətta ödədiyi məbləğin hansı təyinat üzrə xərclənməsi barədə heç bir sübut təqdim edilməmişdir. İddia tərəfinin məhkəməyə təqdim etdiyi MKT-nin Zərdab rayon filialı ilə aralarında bağlanmış ##.##.2023-cü iı tarixli, ******** saylı müqavilənin 1.1 bəndində qeyd edildiyi kimi, alıcı onu zəruri vasitələr, mallar və aqrotexniki xidmətlərlə təmin etməyə borcludur. Lakin MKT Zərdab filialı müqavilənin şərtlərini pozub ona verilən pulu kreditləşdirmişdir. Həmin müqavilənin 2.2.2 bəndindən göründüyü kimi, görülən xidmətlərin aparılması haqqında üzləşmə aktı tərtib olunmalıdır. Həmin akt tərtib olunmamış, əlavə olaraq, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədəki imza ona məxsus deyildir. MKT Zərdab filialına təhvil verdiyi 13856,86 manat xam pambığın dəyərinin hansı təyinat üzrə silindiyi barədə sübutların məhkəməyə təqdim edilməsini və müqavilədəki imzanın kimə məxsus olduğunun araşdırılmasını məhkəmədən tələ etsə də, məhkəmə vəsatətimi təmin etməmiş, hansısa maraq xatirinə iddiaçının maraqlarını qorumaqda davam etmiş və nəticədə belə bir ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclasınlarında iştirak edən iddiaçının nümayəndəsi İsgəndərov Tofiq Kamal oğlu izahat verərək bildirmişdir ki, “AFB” Bank fermerlərə kredit xətti ayrır. Onlara fermer kartı verir. Onlar isə həmin fermerlərə zamin dururlar. Cavabdeh tərəflərlə münasibətləri bu istiqamətdədir. Cavabdehin borcuna görə zamin olduqları üçün onlardan xxxxına borcu "xxxx" MMC-dən tutulub. Onlarda xidmətlər qarşı tərəfin istəyinə uyğun aparılır. Belə ki, müştərinin istəyinə uyğun olaraq ona traktor, çiyid və.s verirlər. Qiymətləri də göstərdikləri xidmətlərə uyğun hesablayırlar. Qarşı tərəf də təsdiq edir ki, “AFB” Bank tərəfindən ona ödənişlər edilib. Ona zamin durduqları üçün “AFB” Bank həmin məbləği akseptsiz qaydada iddiaçıdan siliblər. İddiaçı tərəf olaraq indi həmin məbləği cavabdehdən tələb edirlər. Qarşı tərəf məhsul təqdim etdikdə onun “AFB” Bank tərəfindən verilmiş olan fermer kartına həmin məhsulun dəyəri məbləğində pul köçürüblər. “AFB” Bank da həmin kartdan öz borcunu çıxır. Arada 2900 manat məbləğ qalır. “AFB” Bank-da iddiaçı tərəfdən onun kartına ödəniş edilmədiyi üçün həmin məbləği iddiaçının hesabından silib. 2022-ci ildə 100 ton pambıq təhvil vermişdir. 2023-cü ildə isə əkdiyi torpaqların hektarını azaltmağıma baxmayaraq yenə də məhsuldarlıq kifayət qədər yüksək olmuşdur və həmin il 51 ton pambıq təhvil vermişdir. 2024- cü ildə isə cavabdehə qaydaların dəyişdiyini bildirdilər. 2024-cü ilə qədər avans məbləğlərini cavabdehə MKT özü verirdi. Lakin 2024-cü ildə mənə bildirdilər ki, artıq ödənişlər bank köçürmə yolu ilə veriləcək. Cavabdehə pambıq məhsulunun əkilib becərilməsi üçün krediti əvvəllər zavod öz hesabına avans kimi verirdi. Cavabdeh pambığı təhvil verərkən isə özlərinin çəkdiyi xərcləri həmin pambıq məhsulunun dəyərindən çıxıb qalan məbləği onun hesabına köçürürdülər. 2024-cü ildə 30 ton pambıq təhvil vermişdir. Lakin, həmin pambığa görə ona heç bir ödəniş edilməyib. Həmin ilkin ödəniş üçün nəzərdə tutulan pulu müqaviləyə əsasən zavod verməlidir. Lakin həmin pulu ona bank müəyyən faiz ilə verdi. Bunu qəbul etməyə məcbur idi. İşçiləri cavabdeh özü tapır. Onların işçilər üçün verdiyi vəsait kifayət etmir. Buna görə də cavabdeh əlavə olaraq işçilərə özü də pul ödəyir. İlin sonunda göstərdikləri xidmətə uyğun olaraq cavabdehə bildirdilər ki, müəyyən məbləğdə borcları var. cavabdeh də bunun əvəzinə onlara pambıq məhsulu verdi. Pambığı özləri zavoda aparıb, laboratoriyada analiz edirlər. Həmin analiz üçün göstərdikləri xidmətdən əlavə hələ pambığın dəyərindən müəyyən məbləğ çıxırlar. Kəpənək qurdu qozaları yediyi üçün pambıq məhsulu məhv olmuşdur. Ona görə məhsuldarlıq aşağı düşmüşdür. Bu zaman lazimi aqronom xidmətini və lazimi dərmanları cavabdehə "xxxx" MMC verməli idi. Lakin onlar öz üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirmədilər. 2984 manat məbləğ pambıq üçün çəkilən xərcdir. Alaq puludur. Cavabdeh 2022-ci ildən qarşı tərəflə əməkdaşlıq edir. əvvələr heç vaxt belə problemllərlə qarşılaşmayıblar. Bu problemlləri iddiaçı tərəf bilərəkdən yaradaraq cavabdehdən əlavə pul tələb edir. Cavabdeh iddiaçıya olan borcu tamamilə ödəmişdir. Iddiaçı ona etdiyi ödənişlərdən əvvəlcə bankın borclarını ödəməli olduğu halda bunu etməmiş və cavabdehin üçün süni əngəllər və borclar yaratmışdır. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan bir sıra xüsusatlıar nəzərə alınmamış, həmçinin, məhkəmə cavabdehin tələblərinə baxmayaraq bir sıra sübutlara qiymət vermədən qərar qəbul etmiş, işin əsl hallarını araşdırmamış, iddiaçının heç bir əsaslı sübut təqdim etməməsinə baxmayaraq iddia tələbi təmin olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ram təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin dəlilləri isə qətnamənin tam şəkildə ləğv edilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “xxxx” ASC ilə cavabdeh Cavabdeh İsmayıl oğlu arasında ##.##.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdehə pambıq istehsalı xərclərinin maliyyələşdirilməsi üçün ümumilikdə 7180 manat kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “MKT İstehsalat Kommersiya” MMC (hazırkı “xxxx” MMC) ilə “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin qismində çıxış edən iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh bank qarşısında öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin banka 2932,4 manat əsas və 51.78 manat məbləğində faiz borcu yaranmışdır. ##.##.2025-ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə cəmi 2984,18 manat (2932,40 +51,78) məbləğində borc iddiaçının (zaminin) bank hesabından akseptsiz qaydada silinərək banka ödənilmişdir. Hazırda iddiaçı “xxxx” MMC cavabdehin kredit müqaviləsi üzrə borcuna görə zamin qismində banka ödədiyi 2984,18 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı ilə bağladığı xam pambığın alqı-satqısı barədə müqaviləyə əsasən iddiaçıya xam pambığı təhvil verdiyini, iddiaçının isə həmin müqavilə üzrə göstərməli olduğu aqrotexniki xidmətləri lazımi qaydada göstərmədiyini, ona avans vermədiyini, nəticədə müqavilə üzrə öhdəliklərini pozduğunu əsas gətirərək iddiaya etiraz edir.
29. Kollegiya əvvəla qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 743.1 və 475.1-ci və maddələri təşkil edir.
30. Hazırkı halda işin yuxarıda göstərilən hallarından da göründüyü kimi kredit müqaviləsi üzrə cavabdehin (borc alanın) bank qarşısındakı öhdəliyi iddiaçı (zamin) tərəfindən icra edildiyindən bankın cavabdehə qarşı olan tələb hüququ iddiaçının ödənişi həcmdə, yəni 2984,18 manat həddində iddiaçıya keçmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlıdır.
31. Cavabdehin apellyasiya şikayətində istinad edildiyi iddiaçının xam pambığın istehsalı üçün aqrotexniki xidmətlərin göstərilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməməsi, məhsuldarlığın aşağı düşməsi, təhvil verilmiş pambığın dəyərinin ödənilməməsi barədə dəlillər hazırkı mübahisənin çərçivəsində araşdırılmalı olan hallara aid edilmir. Belə ki, hazırkı iş üzrə iddia tələbi bankla cavabdehlə bağlanmış kredit müqaviləsinə və həmin müqavilənin təminatı qismindən çıxış edən əməkdaşlıq və zaminlik müqaviləsinə əsaslandığı halda iddiaçının dəlilləri iddiaçı ilə xam pambığın alqı-satqısı müqaviləsinin üzrə öhdəliklərin iddiaçı tərəfindən pozulması və nəticədə cavabdehə zərər vurulması ilə bağlıdır. Odur ki, göstərilən halllar cavabdehin “xxxx” ASC qarşısında kredit öhdəliyinin mövcud olması, həmin borcun zamin tərəfindən ödənilməsi faktını dəyişdirmir və zaminin tələb hüququnu aradan qaldırmır. Eyni zamanda o da vurğulanmalıdır ki, iddiaçının cavabdehə zam pambığın alqısatqısı32. müqaviləsi üzrə borcunun olması fərz edilsə belə, hazırkı icraat çərçivəsində cavabdeh iddiaçıya qarşı müqavilə üzrə borcun tutulması barədə tələb irəli sürmədiyindən məhkəmə tərəfindən həmin tələblərin əvəzləşdirilməsi qeyri-mümkündür.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Fərrux Qasımov