Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-669/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə iddiaçı2 və iddiaçı1 Cavabdeh ASC-yə qarşı “bankın hərəkətsizliyi və qərarının rəsmi qaydada təqdim edilməməsininin qanunsuz hesab edilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: iddiaçı2 və iddiaçı1 (iddiaçılar) Cavabdeh ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh ASC-nin Nəsimi filialının hərəkətsizliyi və qərarının rəsmi qaydada təqdim edilməməsinin qanunsuz hesab edilməsi, bankın üzərinə imtina qərarını əsaslandırılmış və yazılı şəkildə təqdim etmək öhdəliyinin qoyulması, pozulmuş hüquqlarınının bərpasının təmin edilməsi, zərər müəyyən ediləcəyi halda bankdan dəymiş maddi zərərin tutulması məsələsinə hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi bankın kredit verməməsi deyil, məhz bu imtinanın yazılı formada təqdim edilməməsidir. Bankın daxili kommunikasiya üsulu və ya imtina cavabını şifahi bildirməsi iddiaçının mülki hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, yazılı cavabın verilməməsi öz-özlüyündə iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir. Bank tərəfindən müştərini məlumatlandırma öhdəliyinin pozulması halları bank nəzarəti qaydasında tənzimlənən məsələlərdir. Bu cür hərəkətsizlikdən narazı olan tərəf məhkəməyə deyil, bankın fəaliyyətinə nəzarət edən müvafiq icra hakimiyyət orqanına müraciət etmək hüququna malikdir. Qərardaddan iddiaçı2 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “İddia yalnız bankın kredit verməməsi ilə bağlı olmamışdır. İddiamızın əsas mahiyyəti bankın hərəkətsizliyi, rəsmi qərarın təqdim edilməməsi, müştərinin məlumat alma hüququnun pozulması, bank əməkdaşlarının qanunsuz davranışları və bunun nəticəsində bizə vurulmuş maddi zərərin araşdırılması olmuşdur. Məhkəmə qərardadda göstərmişdir ki, bankın imtina qərarını yazılı formada təqdim etməməsi hüquq pozuntusu hesab edilə bilməz. Lakin bu nəticə Azərbaycan Respublikası qanunvericiliyinə ziddir. Məhkəmə qərardadda yalnız bankın müqavilə azadlığı prinsipinə istinad etmişdir. Halbuki bizim tələbimiz bankı kredit verməyə məcbur etmək deyil, bankın qəbul etdiyi qərarın rəsmi qaydada təqdim olunması, qanunsuz hərəkətsizliyə hüquqi qiymət verilməsi və vurulmuş ziyanın araşdırılması olmuşdur. Bank əməkdaşı tərəfindən bizə bildirilmişdir ki, əvvəllər götürdüyümüz 12.000 manat kredit vaxtından əvvəl bağlanarsa, sonradan Sahibkarlığın İnkişafı Fondu xətti ilə aşağı faizli kredit verilə bilər. Biz həmin krediti 11 ay öncədən tam bağlamışıq. Buna baxmayaraq bank yenidən imtina etmiş və imtina qərarını rəsmi qaydada təqdim etməmişdir. Bu hallar bankın vicdansız davranışını və istehlakçı hüquqlarının pozulmasını göstərir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən banklar müştərilərlə münasibətlərdə şəffaflıq, dürüstlük və məlumatlandırma prinsiplərinə riayət etməlidirlər. Bankın qərarı gizlətməsi və yazılı cavab verməməsi həmin prinsiplərin pozulmasıdır”. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı bankın kredit verməməsini deyil, kreditdən imtinanın yazılı və əsaslandırılmış formada təqdim edilməməsini mübahisələndirir. Yəni, iddiaçı faktiki olaraq bankın daxili qərar mexanizminə müdaxilə edilməsini istəyir. Qeyd edilən məsələ bank nəzarət qaydasında tənzimlənən məsələlədir və bankın fəaliyyətinə nəzarət edən müvafiq orqan tərəfindən icra edilir. İddiaçı bank tərəfindən məlumatlandırma öhdəliyinin və şəffaflıq prinsipinin pozulduğunu hesab edirsə, həmin orqana müraciət edə bilər. Hazırki halda bank tərəfindən şəffaflıq prinsipinin pozulması nəticəsində iddiaçı üçün hüquq və vəzifələrin yaranması, hüquqi nəticələr doğurması faktı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** saylı iş üzrə ## ### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-669/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-669/2026
23.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver