Məhkəmə qərarları › İş №e-2-2(3-6)-682/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-682/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-682/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: göndərmə müqaviləsi, öhdəliyin icra edilməməsi, dəbbə pulunun tutulması) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Satıcı”) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında bağlanmış ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı tullantılardan ayrılmış və preslənmiş kağız-karton materiallarını alıcıya satmağı, alıcı isə malları daşımağı və təqdim edilən hesab-faktura əsasında dəyərini dərhal nağd qaydada və ya üç bank günü ərzində köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, malın qiyməti 1 ton üçün ƏDV daxil 95 manat müəyyən edilmiş, ödənişlərin hesabfaktura əsasında müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirilməsi və ödənişin gecikdirilməsinə görə hər gün üçün gecikdirilmiş məbləğin 0,5 %-i miqdarında cərimə tətbiq edilməsi razılaşdırılmışdır.

2. İddiaçı ASC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli üzləşdirmə aktına əsasən, Cavabdeh MMC-nin əsas borcunun ##.##.2023-cü il tarixə qalığının 26 486,52 manat olduğu, 2024-cü ilin yanvarında əsas borcun məbləğinin 4 487,61 manat artaraq ##.##.2024-cü il tarixə olan qalığın isə 30974,13 manat təşkil etdiyi təsdiq olunmuşdur. Həmin akt hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

3. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin həmin tarixə 30 974,13 manat məbləğində əsas borcu və öhdəliyin 697 gün gecikdirilməsi ilə əlaqədar 10 787,75 manat məbləğində cərimə borcu mövcuddur.

4. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 2021-2023-cü illər üzrə (##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək) müxtəlif məbləğlərdə 55 ədəd elektron qaimə-faktura göndərilmiş, həmçinin 2022-2023-cü illərə aid yükün buraxılış vərəqələri təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 974,13 manat əsas borc və 10 787,75 manat cərimə borcu olmaqla cəmi 41 761,88 manat məbləğində pulun və ödənilmiş 215,29 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, cavabdeh müqavilə şərtlərini pozaraq satın alınmış malların dəyərini tam ödəməmişdir. ##.##.2025-ci il tarixinə qalıq borc 30 974,13 manat təşkil etmiş, bu borc tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Cavabdehə borcun hissə-hissə ödənilməsi üçün imkan yaradılsa da, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə nəzərdə tutulduğundan, ##.##.2025-ci il tarixinədək 697 gün üzrə 10 787,75 manat məbləğində cərimə hesablanmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 30 974,13 manat əsas borc və 1 550 manat cərimə borcu olmaqla cəmi 32 524,13 manat məbləğində pulun və ödənilmiş 168 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş və ödənilmiş dövlət rüsumunun 47,29 manat hissəsi iddiaçının özünə aid edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə aktına əsasən, ##.##.2024-cü il tarixə cavabdehin ƏDV daxil 30 974,13 manat qalıq borcu mövcud olmuş, həmin akt imzalanaraq möhürlə təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzləşdirmə aktını imzalamaqla əsas borcu etiraf etmiş, bu isə iddiaçının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etdiyini təsdiq edir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə malları qəbul etsə də, onların dəyərini ödəməməklə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Bu səbəbdən əsas borcun tutulması barədə iddia tələbi əsaslı hesab edilmişdir. Məhkəmə cərimə tələbi ilə bağlı qeyd etmişdir ki, müqavilədə cərimənin tətbiqi nəzərdə tutulmuş və cavabdehin öhdəliyi pozduğu müəyyən edilmişdir. Lakin tələb olunan cərimə məbləği həddən artıq yüksək hesab edildiyindən, onun 1 550 manat məbləğində müəyyən edilməsi ağlabatan sayılmışdır. Həmçinin dövlət rüsumunun təmin edilmiş tələblərə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi qərara alınmışdır.

9. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cərimə borcu və dövlət rüsumunun tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cərimə borcu və dövlət rüsumunun müəyyən edilməsi hissəsində gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Şikayətə görə, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində cərimə məbləğinin hansı meyarlara əsasən 1 550 manat müəyyən edildiyi, habelə dövlət rüsumunun hesablanmasının hüquqi və faktiki əsasları göstərilməmişdir. Halbuki, prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə sübutları hərtərəfli qiymətləndirməli, qəbul və ya rədd etdiyi dəlilləri əsaslandırmalı və gəldiyi nəticələri konkret hüquqi əsaslarla izah etməlidir. Lakin birinci instansiya məhkəməsi bu tələblərə əməl etməmiş, cərimə məbləğini obyektiv sübutlara deyil, ehtimallara əsaslanmaqla müəyyən etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh şikayətində konkret hüquqi və faktiki dəlillərə istinad etməmiş, ümumi xarakterli ifadələrdən istifadə etmiş və iddia edilən prosessual pozuntuların mahiyyətini əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi MPM-in 218-ci maddəsinin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırılmış, işin faktiki halları, tərəflər arasında yaranmış hüquq münasibətləri, təqdim edilmiş sübutlar və tətbiq edilən hüquq normaları ətraflı şəkildə qiymətləndirilmişdir. Etirazda göstərilmişdir ki, cərimə tələbi üzrə məhkəmə müqavilənin 5.1ci bəndinə əsaslanaraq öhdəliyin pozulduğunu müəyyən etmiş, lakin tələb olunan məbləğin həddən artıq yüksək olmasını nəzərə alaraq onu 1 550 manat məbləğində ağlabatan şəkildə azaldaraq müəyyən etmişdir. Cavabdeh isə müqavilə şərtlərini qəbul etməklə cərimənin tətbiqinə dair öhdəliyi də razılaşma ilə qəbul etmişdir. Həmçinin dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı dəlillər əsassız hesab edilmiş, MPM-in 107 və 119.1-ci maddələrinə uyğun olaraq rüsumun təmin edilən və təmin edilməyən tələblərə mütənasib şəkildə tərəflər arasında bölüşdürüldüyü göstərilmişdir. Beləliklə, şikayətin formal xarakterli olduğu, qətnamədə maddi və prosessual hüquq normalarının pozulmadığı vurğulanaraq apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, cavabdehin nümayəndəsi (vəkili) Vəkil isə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını, həmçinin cavabdehin işin barışıqla qurtarmasında maraqlı olduğunu bildirmiş və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 14.Məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat olmadığını, cavabdehin nümayəndəsinin (vəkilinin) isə iştirak etməməsinin üzrlü səbəblərinə dair sübut təqdim etmədiyini nəzərə alaraq MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin 1 550 manat cərimə borcu və 168 manat dövlət rüsumunun tutulması hissələrində ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı mübahisələndirilən hissələrdə şikayətin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 20.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında tullantılardan ayrılmış və preslənmiş kağız-karton materiallarının alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması və müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə təqdim olunması nəzərə alınmaqla, sözügedən hüquq münasibətləri Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir. 22.Müqavilənin icrası çərçivəsində iddiaçı malları cavabdehə təhvil vermiş, malların dəyərinin ödənilməsi məqsədilə müxtəlif məbləğlərdə elektron qaimə-fakturalar təqdim etmişdir. Tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə əsas borcun ##.##.2024-cü il tarixə olan qalığının 30 974,13 manat təşkil etdiyi təsdiq olunmuşdur. Cavabdeh də üzləşdirmə aktının həqiqiliyini və əsas borcun məbləğini mübahisələndirməmişdir.

23. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cərimə borcu və dövlət rüsumunun müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni kifayət qədər əsaslandırmadığını, cərimənin hansı meyarlar əsasında müəyyən edildiyinin qərarda açıqlanmadığını, cərimə məbləğinin ehtimallara əsasən hesablandığını, habelə dövlət rüsumunun hesablanmasının hüquqi və faktiki əsaslarının göstərilmədiyini bildirmişdir.

24. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən ödənişin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,5 faizi həcmində dəbbə pulunun ödənilməsi razılaşdırılmışdır. Belə olan halda, tərəflərin sərbəst iradəsi ilə bağlanmış müqavilədə dəbbə pulunun tətbiqi barədə razılaşma mövcud olduğundan və cavabdehin öhdəliyi razılaşdırılmış müddətdə icra etmədiyi iş materialları ilə təsdiq edildiyindən, dəbbə pulunun tutulması üçün ilkin əsaslar mövcuddur.

25. Cavabdeh dəbbə pulu ödəmək vəzifəsindən yalnız Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun olaraq pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsə azad edilə bilərdi. Cavabdeh isə bu halı nəinki sübuta yetirməmiş, ümumiyyətlə belə halın mövcudluğuna istinad etməmişdir. 26.Dəbbə pulunun məbləğinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər üzləşmə aktında əsas borcun ##.##.2023-cü il tarixə qalığının 26 486,52 manat olduğunu, 2024-cü ilin yanvar ayında əsas borcun məbləğinin 4 487,61 manat artaraq ##.##.2024-cü il tarixə olan borc məbləğinin 30 974,13 manat təşkil etdiyini razılaşdırmışlar. Iddiaçı ##.##.2024-cü il tarixdən iddia ərizəsinin verildiyi tarixədək 697 gün üçün gecikmə müəyyən etmiş və hər gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi miqdarında dəbbə pulu hesablamışdır. Müqavilə şərtlərinə uyğun olaraq hesablama aparıldığı təqdirdə dəbbə pulu miqdarı təxminən 108 000 manat təşkil etdiyi halda halda iddiaçı 10 787,75 manat dəbbə pulu tələb etmişdir.

27. Mülki Məcəllənin 467-ci maddəsinin mənasına görə, dəbbə pulunun azaldılması məhkəmənin müstəsna səlahiyyətinə aiddir və yalnız onun tənasübsüz dərəcədə yüksək olması müəyyən edildikdə tətbiq edilə bilər. Bu qiymətləndirmə zamanı öhdəliyin xarakteri, pozuntunun dərəcəsi və kreditorun qanuni mənafeləri nəzərə alınır. 28.Birinci instansiya məhkəməsi iddiaçının hesabladığı 10 787,75 manat məbləğində dəbbə pulunu cavabdehin xeyrinə olmaqla əhəmiyyətli dərəcədə azaldaraq 1 550 manat müəyyən etmişdir. Iddiaçı həmin məbləğlə razılaşmış, cavabdeh isə bu məbləğin də Mülki Məcəllənin 467-ci maddəsinin mənasında açıq-aşkar tənasübsüz yüksək olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Öhdəliyin pozulmasının təxminən iki il davam etməsi və gecikdirilmiş məbləğin miqdarı nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 1 550 manat dəbbə pulu məbləğinin əlavə azaldılması üçün əsaslar müəyyən edilmir.

29. Dövlət rüsumunun tutulmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iş materiallarına əsasən iddiaçı cavabdehdən ümumilikdə 41 761,88 manat tələb etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin tələbin 32 524,13 manat hissəsi (təxminən 78%-i) təmin edilmişdir. Məhkəmə xərci olan dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülmüşdür. 30.Cavabdeh apellyasiya şikayətində dövlət rüsumunun hesablanması və bölüşdürülməsi zamanı hansı prosessual hüquq normasının pozulduğunu göstərməmiş, bu hissədə qətnamənin qanunsuzluğunu təsdiq edən hər hansı hüquqi və ya faktiki əsas irəli sürməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dövlət rüsumunun hesablanmasına dair dəlilləri ümumi xarakter daşıyır. 31.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 32.Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

33. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar