Məhkəmə qərarları › İş №e-2-2(3-6)-683/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-683/2026

12.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-683/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ************-***** nömrəli, ##.##.2021-ci il tarixli, qeydiyyat nömrəsi 1121144580 olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 554.6 kvadrat metr olan qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir.

2. Iddiaçı (icarəyə verən) ilə X5 (icarəçi) arasında imzalanmış ##.##.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci ildə verilmiş RX seriyalı, **********-***** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında yerləşən 554.6 kvadrat metr sahəli qeyri-yaşayış sahəsini ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür.

3. X5 (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında imzalanmış ##.##.2023-cü il tarixli subicarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında yerləşən 554.6 kvadrat metr sahəli qeyri-yaşayış sahəsini ##.##.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh ilə Məmmədov Elşad arasında imzalanmış ##.##.2025-ci il tarixli, ****** nömrəli Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlak ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjilərindən istifadə qaydaları”nı rəhbər tutaraq abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 300.000 KVts və dəyəri 37500 manat olmaqla razılaşdırılmışdır.

5. ************** nömrəli abunə kodu üzrə abunə haqqında məlumatda iddiaçıya akt əsasında cavabdeh tərəfindən borc yazılmadığı müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məruz qaldığı maddi zərərə görə 5000 (beş min) manat, iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, ümumilikdə 5070 (beş min yetmiş) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində (Rahat Market) yerləşən obyekt “xxxx” MMC-yə icarəyə verilmişdir. 2025-ci ilin avqust ayında cavabdehin tabeliyində olan Suraxanı Rayonu Enerji Təchizatı Satışı Idarəsinin əməkdaşları tərəfindən hər hansı əsas və xəbərdarlıq olmadan obyektin elektrik enerjisi verilişi dayandırılmış, kabellər şəbəkədən qanunsuz olaraq ayrılmışdır. Bu səbəbdən icarəçi şirkət elektrik enerjisinin verilməsini dayandırılması dövründə sahibkarlıq fəaliyyətı göstərə bilməmiş, bir sıra məhsulları zay olmuş və nəticədə həmin dövr üçün “xxxx” MMC tərəfindən İddiaçı 5000 manat məbləğində icarə haqqı ödənilməmişdir. Beləliklə, elektrik enerjisinin əsassız kəsilməsi nəticəsində iddiaçıya 5000 manat məbləğdə birbaşa maddi zərər dəymişdir. Göründüyü kimi cavabdehin tabeliyində olan Suraxanı Rayonu Enerji Təchizatı Satışı Idarəsi rəhbərliyi və əməkdaşları Qaydaların 9.13-cü bəndinin tələblərinə və digər hüquqi normalara əməl etmədən qərəzli şəkildə iddiaçıya qarşı qanunsuz hərəkətlər (elektrik enerjisinin verilişinin dayandırılması) etmiş, açıq-aşkar obyektə ziyan vurmuşlar. Iddiaçının nümayəndəsi tərəfindən ## ###### 2025-ci il tarixdə Obyektin elektrk enerjisinin dayandırılmasına dair hər hansı sənəd, əsas, sübut (mütəxəssis rəyi, akt, bildiriş, xəbərdarlıq və sairə) mövcuddursa, təqdim olunması xahişi ilə idarəyə vəkil sorgusu təqdim edilmişdir. Lakin idarədən hər hansı sənəd, əsas təqdim edilməmiş, cavab olaraq Qaydaların bəndləri göstərilməklə sadə məktub göndərilmişdir. Bundan sonra cavabdehin əməkdaşları obyektə getmiş, mühafizəçiyə aldatma yolu ilə qanuna zidd olaraq boş baxış protokolu blankını imzalatdırmışlar. Beləliklə, enerji təchizatı təşkilatı enerji verilməsini yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və yazılı xəbərdarlıqla dayandıra bilər. Odur ki, cavabdeh tərəfindən məruz qaldığı zəzrər görə iddiaçıya 5000 manat və 70 manat dövlət rüsumu ödənilməlidir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Aslanov iddia ərizəsinə etiraz edib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf məhkəməyə ümumiyyətlə elektrik təchizatının hansı günlərdə kəsilməsi barədə məlumat verə bilməmiş, elektrik təchizatının cavabdeh tərəfindən dayandırılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, 2025-ci ilin avqust ayında (dəqiq günü bilmir) transformatorda qəza olması barədə məlumat daxil olmuş, bu səbəbdən işıq kəsilmiş, problem tərəflərindən aradan qaldırılmışdır. Cərəyan transformatr qoruyucuları dəyişdirilmişdir. Bu o deməkdir ki, xəttdə yüklənmə baş vermiş və transformatr qoruyucusu yanmışdır. Onlar yalnız qəzanın nəticələrini aradan qaldırmışlar, elektrik enerjisi onlar tərəfdən kəsilməmişdir, əksinə dayandırılmış enerji təchizatı bərpa edilmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə təqdim etdiyi yazılı çıxışında qeyd etmişdir ki, iş üzrə cavabdeh tərəfindən müvəkkilimə maddi və mənəvi zyan vurulmuşdur. Iddia ərizəsinə əlavələrdə və hazırlıq iclasları gedişində tərəfindən iddia tələbi üzrə zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh tərəf onların arqument və dəlillərinə qarşı hər hansı bir mötəbər sübut və dəlil ilə çıxış etməmişdir. Yeganə olaraq cavabdehin nümayəndəsi əsassız şəkildə bildirmişdir ki, guya ki, elektrik verilişi qəza səbəbindən dayandırılmışdır. Halbuki onun vəkil sorğusuna dair elektrik verilişinin dayandırırlmasının səbəbilə bağlı cavabdeh tərəfindən heç bir sənəd (akt, protokol və s.) təqdim edilməmişdir. Odur ki, həmin səbəb əsassız hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.

10. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamaışdır.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 554.6 kvadrat metr olan qeyri- - yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir, iddiaçı tərəfindən həmin qeyriyaşayış sahəsi X5 ##.##.2023-cü il tarixli icarə müqaviləsinə icarəyə verilmiş, sonuncu tərəfindən həmin sahə ##.##.2023-cü il tarixdə subicarə müqaviləsinə əsasən “xxxx” MMC-nin icarəsinə verilmiş, hazırda sonuncunun istifadəsindədir. - Iddiaçı hazırda iddia ərizəsində 2025-ci ilin avqust ayında cavabdehin əməkdaşları tərəfindən hər hansı əsas və xəbərdarlıq olmadan obyektin elektrik enerjisi verilişinin dayandırıldığını, kabellərin şəbəkədən qanunsuz olaraq ayrıldığını, bu səbəbdən iddiaçıya 5000 manat məbləğində icarə haqqı ödənilməməsi səbəbindən zərər dəydiyini göstərmişdir. - Cavabdeh iddiaya qarşı etirazında iddiaçıya məxsus sahəyə verilən elektrik enerjisi təchizatının tərəflərindən dayandırılmadığını, iddiaçıya hər hansı zərər vurmadıqlarını bildirir. - Iddiaçı tərəf məhkəməyə elektrik enerjisinin hansı günlərdə olmaması, hansı tarixdə kəsilib hansı tarixdə bərpa edilməsi barədə ümumiyyətlə məlumat verə bilməmiş, məhkəməyə elektrik enerjisinin verilişinin məhz cavabdeh tərəfindən dayandırılması (kəsilməsi) barədə hər hansı sübut təqdim etməmişdir. - Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. - Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. - Hüquqi şəxsdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. - Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. - Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. - Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. - Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat maddi zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. - Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 838 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarına istinad etmişdir.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, iddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

34. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

35. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

36. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

37. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

38. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 21, 22) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

39. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

40. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 25, 26).

41. Iddia tələbini sübuta yetirmək üçün iddiaçı sübuta yetirməlidir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur; iddiaçı həmin halları təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir.

42. Iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz olaraq dayandırıldığını, bunun nəticəsində ona 5000 manat məbləğində maddi zərər dəydiyini və həmin zərərlə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu iddia etsə də, bu halları təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir.

43. Belə ki, iş materiallarında elektrik enerjisinin hansı tarixdə, hansı müddətə və məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində dayandırıldığını təsdiq edən akt, texniki rəy, səlahiyyətli orqanın sənədi və ya digər obyektiv sübutlar mövcud deyildir. Həmçinin iddia olunan 5000 manat məbləğində zərərin faktiki olaraq yarandığını, həmin zərərin yalnız elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində baş verdiyini və başqa səbəblərlə bağlı olmadığını təsdiq edən sübutlar da təqdim edilməmişdir. Iddiaçının apellyasiya şikayətində cavabdehin elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbini təsdiq edən sənədləri təqdim etmədiyi və birinci instansiya məhkəməsinin bu halları tam araşdırmadığı göstərilsə də, həmin dəlillər iddia tələbinin əsaslı hesab olunması üçün kifayət etmir. Çünki cavabdehin etirazlarının sübuta yetirilməməsi özözlüyündə

44. iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi anlamına gəlmir. Mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin əsaslandığı halların sübut edilməsi vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşür.

45. Apellyasiya şikayətində sübut yükünün yanlış bölüşdürülməsinə dair dəlillər də əsaslı hesab edilə bilməz. Çünki Mülki Məcəllənin 1097-ci maddəsində nəzərdə tutulmuş təqsir prezumpsiyası yalnız delikt məsuliyyətinin digər zəruri elementləri – hüquqa zidd əməl, zərər və səbəbli əlaqə müəyyən edildiyi hallarda tətbiq oluna bilər. Hazırkı işdə isə həmin elementlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin təqsirinin prezumpsiyasının tətbiqi üçün hüquqi əsas yaranmamışdır.

46. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki mübahisələr üzrə zərərin əvəzinin tutulması üçün yalnız ehtimal xarakterli mülahizələr deyil, zərərin həcmi və onun cavabdehin davranışı ilə səbəbli əlaqəsi dəqiq və mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar iddia edilən məbləğdə zərərin mövcudluğunu və həmin zərərin bilavasitə cavabdehin davranışından irəli gəlməsini kifayət qədər təsdiq etmir.

47. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

48. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

49. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar