Məhkəmə qərarları › İş №e-2-2(3-6)-698/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-698/2026

20.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-698/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-30/2026 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, ##.##.2022-ci il tarixli, SD-001.** nömrəli “Əlvan metal tullantılarının alqısatqı müqaviləsi”nə əsasən, satıcı müqavilə müddəti ərzində əlvan metal tullantılarını alıcıya təhvil verməyi öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı satıcı tərəfindən verilən malı qəbul edib əvəzində malın haqqını razılaşma protokoluna uyğun olaraq müvafiq çeşidlər üzrə hesablayaraq satıcıya ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.2.2-ci bəndinə əsasən malın təhvil verilməsi ilə bir alıcıya hesabfaktura, təhvil-təslim aktı və elektron qaimənin təqdim edilməsi satıcının vəzifəsidir.

4. Müqavilənin 2.4.1-ci bəndinə əsasən malın qiymətinin müqavilənin 3-cü maddəsi ilə müəyyən olunan şərtlər və lazımi qaydada satıcıya ödənilməsini təmin etmək alcının vəzifəsidir.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə ## ###### 2022-ci il tarixinədək qüvvədədir.

6. Tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli, SD-001.** nömrəli Əlvan metal tullantılarının alqı-satqı müqaviləsinin ** nömrəli əlavəsi ilə müqavilə üzrə satılacaq malların dəyəri razılaşdırılmışdır.

7. İddiaçı tərəfindən cavabdehə ##.##.2022-ci il tarixli, EBBV ****** nömrəli 58332,24 manat məbləğində, ##.##.2022-ci il tarixli, EBBT ****** nömrəli 86194,09 manat məbləğində, ##.##.2022-ci il tarixli, EBBV ****** nömrəli 62944,08 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

8. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya ##.##.2024-cü il tarixinə borcu 68032,03 manat borcu vardır.

9. 5. İş materiallarında olan ***ICT********** nömrəli kredit haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə müqavilə üzrə 1431 manat vəsait ödənilmişdir.

10. Köçürmənin aparılması haqqında ##.##.2024-cü il tarixli, **************** nömrəli bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ədv sub-uçot hesabına 4516,14 manat vəsait ödənilmişdir.

11. İddiaçı cavabdehə ##.##.2025-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə pretenziya məktubu göndərərək, 62084,89 manat məbləğin 3 gün müddətinə iddiaçıya ödənilməsini tələb etmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının xeyrinə 62084,89 manat məbləğin, 277 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## #### 2022-ci il tarixli, № SD-001.** saylı əlvan metal tullantılarının alqı-satqı Müqaviləsi bağlanmış və malların alqı-satqısı həyata keçirilmişdir. Belə ki, İddiaçı tərəfindən ümumi dəyəri ƏDV daxil 207 470.42 manat əlvan metal tullantıları satılmışdır. Cavabdehə tərəfindən müxtəlif vaxtlarda cəmin ƏDV daxil 139 438.39 manat hissəsi ödənilməmişdir. Əlavə olaraq tərəflər ## #### 2024-cü tarixli Üzləşmə Aktı (əlavə olunur) bağlayaraq, ##.##.2024-cü il tarixinə Cavabdehin yekun borcunun 68.032,03 manat olmasını təsdiq etmişdir. Lakin, malların Cavabdehə verilməsindən, eyni zamanda üzləşmə aktının bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh sonuncu dəfə ##.##.2024-cü ildə 4.516,14 manat ƏDV, ##.##.2024-cü il tarixində isə 1.431 manat əsas məbləğdən ödəniş həyata keçirmişdir. Qalıq borc məbləği olan 62 084.89 (altmış iki min səksən dörd manat, səksən doqquz qəpik) manat məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Bununla bağlı olaraq İddiaçı tərəfindən Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Sonuncu yazılı Pretenziya##.##.2025-ci il tarixində göndərilmişdir.

14. Cavabdeh ##.##.2026-cı il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verib iş üzrə AR Mülki məcəlləsinin 373-cü maddəsinin müddəalarını tətbiq edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

16. Cavabdeh “X1” MMC-e qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin isə iddia müddətinin tətbiq edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı borc münasibətləri olmuş, iddiaçı təşkilatın hal-hazırda cavabdeh təşkilata borcu vardır, həmin borcun əvəzləşdirilməsindən qərəzli şəkildə boyun qaçırdır. Bundan başqa, iddiaçı İddiaçı QSC-nin cavabdeh “X1” MMC-yə hal-hazırda 29.601,48 manat borcu vardır və aralarındakı borc həmin hissədə əvəzləşdirilməlidir. İddia müddətinin tətbiqi ilə bağlı müddəalarına əsaslanan ərizəmiz hakim tərəfindən düzgün tədqiq edilməmiş və nəticədə qanunusuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflər arasında ## #### 2022-ci il tarixli, № SD-001.** saylı əlvan metal tullantılarının alqı-satqı Müqaviləsi bağlanmış və malların alqı-satqısı həyata keçirilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə ## ###### 2022-ci il tarixinədək qüvvədədir. Lakin hazırki mübahisə üzrə iddia ərizəsi ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Ona görə də, müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik müddət buraxılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

20. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 31. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

23. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Maddə 380.1 Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

25. Maddə 377.3 İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

30. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:

32. Maddə 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;

33. Maddə 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır.

34. Maddə 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.

35. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

36. Maddə 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

38. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

39. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

AR Mülki Prosessual Məcəlləsi

40. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 124.1-ci İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

44. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.

45. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

50. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, SD-001.** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ümumilikdə 207470,41 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən satılmış malların qalıq dəyəri olan (62084,89 manat) vəsait hazırkı günədək iddiaçıya ödənilməmişdir.

51. Məhkəmə kollegiya iddiaçı ilə cavabdeh arasında qarşılıqlı borc münasibətləri olduğuna, borcun əvəzləşdirilməsinə dair apellyaisya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbinin predmetini cavabdehin iddiaçıya qarşı olan “62084,89 manat” borcun ödənilməsi təşkil edir və əvəzləşdirməli olan borcun hazırki müqavilə münasibətlərinə aidiyyatı müəyyən edilmir. Həmçinin iddiaçının ona 29.601,55 manat borcu olduğunu bildirsədə, bununla bağlı iddiaçıya qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada(§ 43,44) qarşılıqlı iddia tələbi irəli sürmədiyindən hazırki halda borcların əvəzləşdirilməsi mümkün deyil.

52. Beləliklə hazırkı işin predmetini cavabdehin iddiaçı qarşısında olan 62.084,89 manat məbləğində borcunun tutulması təşkil etdiyi, cavabdehin isə iddiaçıya qarşı 29.601,55 manat məbləğində müstəqil və ya qarşılıqlı iddia tələbi irəli sürmədiyi nəzərə alınaraq, həmin məbləğin hazırkı iş üzrə iddia tələbindən əvəzləşdirilməsi üçün hüquqi əsas mövcud deyildir.

53. Kollegiya iddia müddətinin ötürülməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə ##.##.2022-ci il tarixdə imzalansa da, ##.##.2024cü il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 68032,03 manat borcu olduğunu etiraf etmiş, daha sonra iddiaçıya ##.##.2024-cü il tarixdə 4516,14 manat ƏDV, ##.##.2024cü il tarixdə 1431 manat əsas vəsait ödəmişdir.

54. 28.11.18. C.Əzimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konsitutsiya Məhkəməsinin qərarında görünür ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;- borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəz ərdə tutan məktub, teleqram göndərilməsi;- öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

55. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdehin qalıq borcu etiraf etməsi, habelə mütəmadi ödənişlər etməsi ilə iddia müddətinin axımı kəsilmişdir. Hazırkı tələb üzrə iddia müddətinin axımı ##.##.2024-cü il tarixdən hesablanmalıdır.

56. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “X1” MMC-e tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-30/2026 nömrəli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar