Məhkəmə qərarları › İş №e-2-2(3-6)-699/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-699/2026

30.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-699/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzə ilə, Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)- ****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 52244 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 357 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə (hakim Nərmin Əhmədova) iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir.

3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinə əlavə olunan sənədlərdən Azərbaycan Respublikasının məhkəmələrinin hazırki kommersiya mübahisəsinə baxmaq üçün beynəlxalq səlahiyyətə malik olması təsdiqlənmədiyindən ərizəyə məhkəmə qaydasında baxıla bilməz.

4. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə ##.##.2026-cı il tarixdə daxil olmuş, qəbul olunmuş, lakin Məhkəmə 5 gün keçdikdən sonra ##.##.2026-cı il tarixdə iddia ərizəsinin qəbulundan imtina etmişdir. Halbuki, məhkəmə beş gün ərzində iddianın qəbulundan imtina etməmişdirsə iddia ərizəsi icraata qəbul olunmuş hesab edilməli idi. Qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi Məhkəməyə daxil olduğu gün mütləq qeydiyyatdan keçməlidir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinə istinad edərək iddia ərizəsinin qəbulundan imtina etməsi qanunsuzdur. İddiaçı öz seçiminə əsasən cavabdehin olduğu yer üzrə Məhkəməyə müraciət etmişdir ki, bu da Mülki Prosessual Məcəlləsində iddiaçıya tam olaraq hüquq vermişdir. Cavabdeh də iddianın cavabdehin olduğu yer üzrə verilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin iştirakı ilə çəkişmə prinsipinə əməl etməklə məsələni müzakirə etməklə qərardad qəbul etməli idi. Məhkəmə heç bir halda iddia ərizəsini iddianın yolverilməzliyinə görə geri qaytarmalı deyildi. Çünki müqavilə üzrə mübahisəyə mütləq qaydada Məhkəmə qaydasında baxılmalıdır. Cavabdehə iddia ərizəsi təqdim olunmuş, lakin o, iddiaya dair heç bir etiraz təqdim etməmişdir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikasının Məhkəmələrində baxılmalı deyil qənaətinə gəlirsə bu iddianın yolverilməzliyi deyil. Məhkəmə düzgün nəticəyə gəlməmişdir.

6. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.

9. Maddə 34. Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır.

10. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

11. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

12. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

13. Maddə 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

14. Maddə 153.2.1. Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

15. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

16. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

17. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

18. Maddə 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

19. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli **/**** nömrəli Qərarının 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır.

20. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlər iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində həll edilməlidir. Bu mərhələdə məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olması müəyyən edilərsə, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardadda müvafiq əsaslandırma aparılmalıdır. İddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir.

21. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış ## ###### 2026-cı il tarixli **/**/** nömrəli müqavilənin 9-cu bəndindən görünür ki, müqavilənin icrası zamanı yaranan bütün mübahisələr və fikir ayrılıqları, imkan daxilində tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə tənzimlənməyən mübahisələr iddiaçının ölkəsində qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçının yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır.

22. Tərəflər arasında mübahisələrin həlli ilə bağlı razılaşma iddiaçının ölkəsinin hüququ və iddiaçının ölkəsinin məhkəməsi tərəfindən mübahisələrin həll edilməsini ehtiva edir. Hazırkı iş üzrə iddiaçı Qırğızıstan Respublikasının hüquqi şəxsi olduğundan mübahisə də məhz Qırğızıstan Respublikasının aidiyyəti məhkəməsində Qırğızıstan Respublikasının hüququ tətbiq edilməklə həll edilməlidir.

23. Azərbaycan Respublikasının və Qırğızıstan Respublikasının qoşulduğu 2002-ci il #######ın #-də Kişinyov şəhərində X3 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın (Kişinyov Konvensiyası) 23-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin məhkəmələri, əgər işə mahiyyəti üzrə baxılmasına qədər mübahisənin həmin məhkəmələrə verilməsi haqqında Tərəflərin yazılı razılığı mövcuddursa, işlərə digər hallarda da baxa bilərlər.

24. İş materiallarından tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətə malik olması barədə sazişin bağlanıldığı müəyyən edilməmişdir.

25. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrinin hazırki kommersiya mübahisəsinə baxmaq üçün beynəlxalq səlahiyyətə malik olması təsdiqlənmədiyindən ərizəyə məhkəmə qaydasında baxıla bilməz.

26. Şikayətin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsi “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuş və həmin tarixdə qeydiyyata alınmışdır.

27. MPM-nin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

28. Mübahisələndirilən qərardad ## ### 2026-cı il tarixdə qəbul edilmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 151.3-cü maddəsinin tələbləri pozulmamışdır.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

30. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar