Məhkəmə qərarları › İş №e-2-2(3-6)-700/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-700/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-700/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: göndərmə müqaviləsi, öhdəliyin pozulması, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış ##.##.2023-cü il tarixli, BIO-**/**/**** saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin qüvvədə olduğu müddətdə alıcının təqdim etdiyi sifarişlər əsasında baytarlıq preparatları, dezinfeksiya, dezinseksiya, deratizasiya vasitələri, pestisidlər, aqrokimyəvi maddələr, gübrələr və digər malları müəyyən edilmiş miqdarda satmağı, alıcı isə həmin malları qaimə-fakturalar əsasında qəbul edib, qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, satıcı malları qaimə-fakturalar əsasında müəyyən edilmiş ünvanda alıcıya təhvil verməli, mallarla birlikdə qaimə-fakturanı və zəruri sənədləri təqdim etməli, alıcı isə qəbul etdiyi malların dəyərini əvvəlcədən və ya müqavilədə nəzərdə tutulmuş 30 günlük müddətdə ödəməli idi.

2. İddiaçı MMC və Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq olunmuş, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrü əhatə edən kontragent hesabatına əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 259 849,73 manat dəyərində mal təhvil verilmiş, onlardan 8 471,34 manat dəyərində olan hissə geri qaytarılmışdır. Cavabdeh MMC tərəfindən isə ümumilikdə 203 808,20 manat məbləğində ödəniş edilmişdir. Hesabata əsasən, Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixə İddiaçı MMC qarşısında əsas borcu 47 570,19 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56 570,46 manat əsas borc, 4 299,35 manat faiz borcu, göstərilmiş hüquqi yardıma görə çəkilmiş 620 manat xərc olmaqla, cəmi 61 489,81 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 275 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, hesablama dövrünün əvvəlində cavabdehin borcu ümumilikdə 58 070,46 manat təşkil etmiş, bu məbləğdən cavabdeh tərəfindən ümumilikdə 1 500 manat ödəniş edilmişdir.

5. Iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, 47 570,19 manat əsas borc, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 6,5 faiz hesablanmaqla 7 209,16 manat faiz borcu, hüquqi yardıma çəkilmiş xərcin əvəzi qismində 620 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 275 manat olmaqla, cəmi 55 674,35 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 47 570,19 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 224,71 manat hissəsinin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin imza və möhürlə təsdiq etdikləri kontragent hesabatına əsasən, cavabdehin ##.##.2025-ci il tarixə 47 570,19 manat borcu qalmışdır. Cavabdeh həmin borcu təsdiq etməklə öhdəliyini etiraf etmişdir. Buna görə məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab etmişdir.

8. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş məhsulların bir hissəsi keyfiyyət tələblərinə uyğun olmamış, onların arasında istifadə müddəti keçmiş və ya bitməsinə az qalmış, etiket məlumatları dəyişdirilmiş və düzgün markalanmamış məhsullar olmuşdur.

10. Bu hallar cavabdehin işgüzar nüfuzuna, müştərilərlə münasibətlərinə və kommersiya fəaliyyətinə mənfi təsir göstərmişdir. Cavabdeh bu barədə iddiaçıya vaxtında məlumat versə də, nöqsanlar aradan qaldırılmamışdır.

11. Həmçinin məhkəmənin əsas götürdüyü kontragent hesabatı cavabdehin aldadılması nəticəsində imzalanmış, həmin aktda keyfiyyətsiz və yararsız malların dəyəri nəzərə alınmamış və faktiki borc məbləğini əks etdirməmişdir. Buna baxmayaraq, məhkəmə həmin aktı əsas götürərək nəticəyə gəlmişdir.

12. Bundan əlavə, cavabdehin məhkəmə iclaslarında iştirak etmək və sübutlarını təqdim etmək imkanı lazımi qaydada təmin edilməmiş, malların keyfiyyəti, istifadə müddəti, markalanma və digər mühüm hallar üzrə dəlillərə hüquqi qiymət verilməmişdir. Nəticədə çəkişmə və tərəflərin bərabərliyi prinsipləri pozulmuş, iş tam araşdırılmadan qanunsuz qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 47 570,19 manat borcunu ödəməmişdir. Kontragent hesabatından (üzləşmə aktından) göründüyü kimi, cavabdeh ##.##.2025-ci il tarixə həmin məbləğdə borcunun olduğunu təsdiq etmişdir. Cavabdeh apellyasiya şikayətində malların keyfiyyəti ilə bağlı irəli sürdüyü halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdıraraq qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 427. Öhdəliyin icrası müddəti

427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

Maddə 639. Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin nəticələri 639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

Maddə 643. Bir neçə göndərmə müqaviləsi üzrə eyni növlü öhdəliklərin icrası 643.1. Mal göndərən eyni vaxtda bir neçə göndərmə müqaviləsi üzrə alıcıya eyni adlı mallar göndərdikdə və göndərilmiş malların miqdarı mal göndərənin bütün müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli olmadıqda göndərilmiş mallar mal göndərənin göndərmə zamanı və ya göndərmədən sonra dərhal göstərdiyi müqavilənin icrası hesabına daxil edilməlidir. 643.2. Əgər alıcı bir neçə göndərmə müqaviləsi üzrə aldığı eyni adlı malları mal göndərənə ödəmişsə və ödəniş məbləği alıcının bütün müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli deyilsə, ödənilmiş məbləğ alıcının malları ödəyərkən göstərdiyi müqavilənin icrası hesabına daxil edilməlidir. 643.3. Əgər mal göndərən və ya alıcı bu Məcəllənin 643.1 və 643.2-ci maddələrinə uyğun onlara verilmiş hüquqlardan istifadə etməzlərsə, öhdəliyin icrası icra müddəti daha tez çatan müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Əgər bir neçə müqavilə üzrə öhdəliklərin icrası müddəti eyni vaxtda çatarsa, həyata keçirilmiş icra bütün müqavilələr üzrə öhdəliklərin icrası hesabına mütənasib surətdə daxil edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında baytarlıq preparatlarının, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələrinin, pestisidlərin, aqrokimyəvi maddələrin, gübrələrin və digər malların təqdim edilməsi ilə bağlı davamlı kommersiya münasibətləri mövcud olmuşdur. Tərəflərin sahibkarlıq fəaliyyəti subyektləri olması və malların cavabdehin sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə təqdim olunması nəzərə alındıqda, onların münasibətləri Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə münasibətləri kimi qiymətləndirilməlidir.

25. Tərəflərin adından imzalanmış və möhürlə təsdiq edilmiş, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrü əhatə edən kontragent hesabatında iddiaçı tərəfindən cavabdehə, sonuncusu ##.##.2024-cü il tarixdə olmaqla, ümumilikdə 259 849,73 manat dəyərində mal təqdim edildiyi, 8 471,34 manat dəyərində malların geri qaytarıldığı və cavabdeh tərəfindən 203 808,20 manat ödəniş edildiyi göstərilmişdir. Həmin göstəricilər nəzərə alınmaqla cavabdehin ##.##.2025-ci il tarixə iddiaçı qarşısında 47 570,19 manat qalıq borcunun olduğu müəyyən edilmişdir.

26. Kollegiya qeyd edir ki, kontragent hesabatı tərəflər arasında yeni və müstəqil öhdəlik yaradan əqd və ya qabaqcadan müəyyən edilmiş qüvvəyə malik sübut deyil. Həmin sənəd mal təqdimetmələri, qaytarılmış mallar və həyata keçirilmiş ödənişlər üzrə qarşılıqlı hesablaşmanın yekununu əks etdirən yazılı sübut kimi işin digər materialları ilə birlikdə qiymətləndirilməlidir. Hazırkı halda hesabatda göstərilən təqdimetmə, qaytarma və ödəniş əməliyyatlarının işin digər materialları ilə ziddiyyəti müəyyən edilmir. Cavabdeh də həmin əməliyyatlardan hər hansı birinin faktiki olaraq baş vermədiyini təsdiq edən sübut təqdim etməmişdir. Sənədin cavabdehin adından imzalanması isə hesabatda göstərilən hesablaşmaların və qalıq borcun təsdiqi kimi onun sübut əhəmiyyətini artırır.

27. Kollegiya nəzərə alır ki, tərəflər arasında təqdim edilmiş yazılı müqavilə ##.##.2023-cü il tarixdə bağlansa da, kontragent hesabatı ##.##.2023-cü il tarixdən sonrakı əməliyyatları da əhatə edir. Bununla belə, həmin hal hazırkı tələbin ##.##.2023-cü il tarixli müqavilədən irəli gəlməsini istisna etmir. Belə ki, Mülki Məcəllənin 643.2-ci və 643.3-cü maddələrinə əsasən, alıcı ödənişin hansı göndərmə müqaviləsinin icrası hesabına həyata keçirildiyini göstərmədikdə, ödənilmiş məbləğ icra müddəti daha tez çatmış öhdəliyin hesabına daxil edilir. Kontragent hesabatında cavabdehin həyata keçirdiyi ödənişlərin ayrıayrı müqavilələr üzrə fərqli qaydada bölüşdürüldüyü göstərilməmişdir. Tərəflər də belə bölgünün mövcudluğunu bildirməmişdir. Buna görə də ödənişlərin ilk növbədə daha əvvəl yaranmış və icra müddəti çatmış borcların hesabına daxil edildiyi qəbul edilməlidir. ##.##.2023-cü il tarixdən sonra cavabdehə təqdim edilmiş malların dəyərinin tələb olunan əsas borc məbləğindən artıq olması da nəzərə alındıqda, 47 570,19 manat qalıq borcun həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərindən yarandığı qənaətinə gəlmək üçün əsas vardır.

28. Müqavilədə malların dəyərinin qaimə-fakturalarda göstərilən məbləğdə əvvəlcədən və ya 30 gün müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflərin ##.##.2025-ci il tarixə qarşılıqlı hesablaşmaların yekununu müəyyən edərək həmin tarixə mövcud qalıq borcu təsdiq etmələri, eləcə də cavabdehin bundan sonra borcun ödənildiyini göstərən sübut təqdim etməməsi nəzərə alındıqda, iddianın verildiyi vaxt mübahisəli əsas borcun ödəniş vaxtının çatdığı, lakin borcun ödənilmədiyi qənaətinə gəlmək üçün əsas vardır.

29. Mülki Məcəllənin 634-cü maddəsinin məzmunundan görünür ki, göndərmə münasibətlərində alıcı yalnız malları fiziki olaraq qəbul edən passiv tərəf deyil. Alıcı göndərilmiş malların qəbulunu təmin edən zəruri hərəkətləri yerinə yetirməli, o cümlədən malların müqaviləyə uyğunluğunu yoxlamalıdır. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olduğu halda alıcı bu barədə bildiriş vermədikdə, mallar onun tərəfindən qəbul edilmiş hesab olunur.

30. Cavabdehin istinad etdiyi, malların istifadə müddətinin keçməsi və ya bitməsinə az qalması, etiket məlumatlarının dəyişdirilməsi və malların düzgün markalanmaması kimi hallar, bir qayda olaraq, malların və onların qablaşdırılmasının adi qaydada gözdən keçirilməsi zamanı müəyyən edilə bilən xüsusiyyətlərdir. Buna görə cavabdeh həmin halları malları qəbul edərkən yoxlamalı, aşkar etdiyi uyğunsuzluqlar barədə iddiaçıya vaxtında məlumat verməli və malları iradsız qəbul etmədiyini təsdiq edən hərəkətlər etməli idi.

31. Lakin cavabdeh hansı tarixdə, hansı qaimə üzrə və hansı malların qəbul edilməsi zamanı belə uyğunsuzluqların aşkar edildiyini, həmin malların qəbulundan hansı formada imtina edildiyini və ya onların qüsurlu olması barədə iddiaçıya hansı tarixdə bildiriş verildiyini göstərməmişdir. Iş materiallarında malların iradla qəbul edilməsinə dair akt, uyğunsuzluq protokolu, yazılı bildiriş, elektron yazışma, geri qaytarma sənədi və ya başqa sübut mövcud deyil. Belə olan halda, zahiri baxışla aşkar edilməsi mümkün olan qüsurlar barədə sonradan ümumi şəkildə etiraz edilməsi Mülki Məcəllənin 634.2-ci maddəsi baxımından həmin malların qəbul edilmiş hesab olunmasının qarşısını almır.

32. Kollegiya bununla yanaşı nəzərə alır ki, malların qüsurlarını gözdən keçirməklə müəyyən etməyin mümkün olmadığı hallarda qəbul zamanı bildiriş verilməməsi alıcını qüsurlarla bağlı hüquqlarından məhrum etmir. Lakin belə halda da alıcı sonradan aşkar edilmiş konkret qüsurun mövcudluğunu, həmin qüsurun mal ona verilənədək və ya həmin vaxtadək yaranmış səbəblərdən əmələ gəldiyini, qüsurun nə vaxt aşkar edildiyini və bu barədə satıcıya məlumat verildiyini sübut etməlidir. Cavabdeh isə gizli qüsurların mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.

33. Mülki Məcəllənin 639.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı mal göndərənə qarşı həmin Məcəllənin 587-ci maddəsində nəzərdə tutulmuş tələbləri irəli sürə bilər. Həmin tələblər alış qiymətinin mütənasib azaldılması, qüsurların əvəzsiz aradan qaldırılması, qüsurların aradan qaldırılmasına çəkilmiş xərclərin ödənilməsi, əhəmiyyətli qüsurlar olduqda isə müqavilənin icrasından imtina edilməsi və ya malın lazımi keyfiyyətli malla əvəz olunması kimi müxtəlif hüquqi nəticələri nəzərdə tutur.

34. Hazırkı halda cavabdeh qüsurlu olduğunu iddia etdiyi mallar üzrə alış qiymətinin hansı məbləğdə azaldılmasını tələb etdiyini, malların dəyişdirilməsini və ya qüsurlarının aradan qaldırılmasını tələb edib-etmədiyini, müqavilənin həmin mallara aid hissəsinin icrasından imtina etdiyini, yaxud hansı xərclərin ödənilməsini istədiyini göstərməmişdir. Cavabdeh həmçinin qüsurlu olduğunu iddia etdiyi malların konkret dəyərini müəyyən etməmiş və həmin məbləğin iddia olunan borcdan çıxılması üçün əsas yaradan hesablama təqdim etməmişdir.

35. Cavabdehin apellyasiya şikayətində iddianın bütövlükdə rədd edilməsini xahiş etməsi də Mülki Məcəllənin 639 və 587-ci maddələrində nəzərdə tutulan hüquqlardan hər hansı birinin lazımi qaydada həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həmin tələb qüsurlu olduğu iddia edilən konkret malları, onların dəyərini və cavabdehin seçdiyi hüquqi nəticəni müəyyən etməyə imkan vermir.

36. Iş materiallarından 8 471,34 manat dəyərində malların geri qaytarıldığı və həmin məbləğin tərəflərin qarşılıqlı hesablaşmalarında nəzərə alındığı görünür. Bu isə tərəflər arasında faktiki olaraq geri qaytarılmış malların hesablaşmadan çıxıldığını göstərir. Cavabdeh bundan əlavə hansı malların geri qaytarıldığını və ya qaytarılmalı olduğunu, hansı malların qiymətinin azaldılmasını tələb etdiyini və həmin malların dəyərinin iddia olunan borcun tərkibindən çıxılmalı olduğunu konkretləşdirməmişdir.

37. Beləliklə, cavabdeh nə Mülki Məcəllənin 634-cü maddəsində nəzərdə tutulan yoxlama və bildiriş verilməsi barədə hərəkətləri yerinə yetirdiyini, nə də lazımi keyfiyyətli olmayan mallarla bağlı həmin Məcəllənin 639-cu maddəsində nəzərdə tutulan hüquqlardan konkret mallara və məbləğə münasibətdə istifadə etdiyini sübut etmişdir. Buna görə malların keyfiyyəti ilə bağlı ümumi və sübutlarla təsdiqlənməyən dəlillər əsas borcun mövcudluğunu aradan qaldırmaq və ya məbləğini azaltmaq üçün əsas sayıla bilməz.

38. Cavabdehin kontragent hesabatının aldatma nəticəsində imzalanması barədə dəlili də konkret faktlarla və sübutlarla əsaslandırılmamışdır. Cavabdeh onu sənədi imzalamağa sövq etmiş yalan məlumatın nədən ibarət olduğunu və ya hansı faktın qəsdən gizlədildiyini, bu hərəkətlərin kim tərəfindən və hansı şəraitdə həyata keçirildiyini göstərməmişdir. Hesabatda əks olunmuş əməliyyatların və yekun borc məbləğinin həqiqətə uyğun olmadığını təsdiq edən alternativ hesablaşma və ya ilkin mühasibat sənədləri də təqdim edilməmişdir. Belə olan halda, yalnız ümumi şəkildə aldatmaya istinad edilməsi həmin yazılı sübutun mötəbərliyini şübhə altına almaq üçün kifayət deyil.

39. Kollegiya cavabdehin birinci instansiya məhkəməsində keçirilmiş iclaslarda iştirak və sübutlarını təqdim etmək imkanının təmin edilməməsi barədə apellyasiya şikayətində irəli sürdüyü dəlili də əsassız hesab edir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində üç hazırlıq iclası və bir məhkəmə baxışı iclası keçirilmiş, iclasların vaxtı və yeri barədə məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş, habelə mobil telefon nömrələrinə SMS bildirişləri göndərilmişdir.

40. Cavabdeh məhkəmə bildirişlərinin qanunla nəzərdə tutulmuş qaydada təqdim edilmədiyini, elektron kabinetinə çıxışının olmadığını və ya obyektiv səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini təsdiq edən sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və sübut təqdim etmək üçün yaradılmış prosessual imkandan istifadə etməmişdir. Tərəfə öz müdafiəsini həyata keçirmək üçün real imkan yaradıldığı halda, onun həmin imkandan istifadə etməməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin məhkəmə tərəfindən pozulması kimi qiymətləndirilə bilməz.

41. Beləliklə, iddiaçı malların cavabdehə təqdim edildiyini, tərəflər arasında aparılmış hesablaşmalar nəticəsində 47 570,19 manat əsas borcun yarandığını və həmin borcun ödənilmədiyini iş üzrə sübutların məcmusu ilə təsdiq etmişdir. Cavabdeh isə borcun ödənildiyini, hesablaşmanın yanlış aparıldığını, borca daxil edilmiş konkret malların qüsurlu olduğunu və ya həmin malların dəyərinin borcdan çıxılmalı olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

42. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Buna görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar