Məhkəmə qərarları › İş №e-2-2(3-6)-701/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-701/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-701/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: alqı-satqı müqaviləsi, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) nümayəndə2 iştirakı ilə Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borc tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış PR-**** nömrəli, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı vaxtaşırı olaraq sifariş edilən miqdarda yanacaq məhsullarını (bundan sonra "Məhsul") Alıcıya satmağı, Alıcı isə həmin malları qəbul edib onların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilə üzrə Məhsulunun qiyməti və Məhsulun Alıcının çənlərinə qədər çatdırılma xərcləri Müqavilənin qiymətlərin razılaşdırılması protokolu sayılan * saylı qoşmasında (Qoşma 1) müəyyən olunur. 2.4-cü bəndinə əsasən alıcı hər sifariş zamanı yanacağın qiymətini Satıcı tərəfindən hesab-faktura təqdim edildiyi tarixdən 5 (beş) gün ərzində avans qaydasında satıcının hesabına köçürür. 3.1-ci bəndinə əsasən satıcı tərəfindən çatdırılacaq yanacağın miqdarı Alıcı tərəfindən təqdim edilmiş sifarişə uyğun olaraq müəyyən edilir. Sifariş Alıcı tərəfindən yanacağın çatdırılma vaxtından ən azı 5 (beş) gün əvvəlcədən Satıcıya bildirilməlidir. Sifarişdə öhdəliyin icra yeri və müddəti, həmçinin Məhsulun miqdarı mütləq qeyd edilməlidir. 3.3-cü bəndinə əsasən satıcı müəyyən olunmuş miqdarda yanacağı Tərəflərin nümayəndələrinin iştirakı ilə Alıcının təhvil məntəqəsində mövcud olan həcmə uyğun təhviltəslim aktı əsasında təhvil verir. Məhsul Alıcıya təhvil verildiyi andan bütün risklər, çatışmazlıq və sair əlaqədar cavabdehlik Alıcıya keçir. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və ##.##.2025-ci il qədər 1 (bir) il müddətində öz qüvvəsini saxlayır.

2. PR-**** saylı, ##.##.2024-cü il tarixli müqaviləyə ##.##.2024-cü il tarixli qiymət razılaşma protokoluna əsasən DÜIST 305-82 markalı dizel yanacağının 1 litrinin qiyməti 1 manat razılaşdırılmışdır.

3. ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 15 000 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 20 000 litr, ##.##.2024-cü il tarixli **-YTGG-**** nömrəli akta əsasən 7 500 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 7 500 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 6 300 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 7 400 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 7110 litr, ##.##.2024-cü il tarixli **-YT-GG**** nömrəli akta əsasən 10 000 litr, ##.##.2024-cü il tarixli **-YT-GG-**** nömrəli akta əsasən 6 000 litr, ##.##.2024-cü il tarixli **- YT-XZ-**** nömrəli akta əsasən 10 920 litr, ##.##.2024-cü il tarixli **-YT-XZ-**** nömrəli akta əsasən 12 000 litr (aktda qeyd olunmuşdur ki, maşının standart korbirovkasından yanacaq aşağıdır. Sürücü aşağı olduğunu təsdiqləyir) ##.##.2024-cü il tarixli **-YT-XZ-**** nömrəli akta əsasən 12 900 litr, ##.##.2024-cü il tarixli **-YT-XZ-**** nömrəli akta əsasən 12 000 litr, ##.##.2024-cü il tarixli **-YT-XZ-**** nömrəli akta əsasən 11 800 litr, ##.##.2024-cü il tarixli **- YT-XZ**** nömrəli akta əsasən 12 900 litr, ##.##.2024-cü il tarixli **-YT-QB-**** nömrəli akta əsasən 10 580 litr, ##.##.2024-cü il tarixli **-YT-QB-**** nömrəli akta əsasən 9 860 litr, ##.##.2024-cü il tarixli **-YT-QB-**** nömrəli akta əsasən 9 090 litr, ##.##.2024-cü il tarixli **- YT-QB-**** nömrəli akta əsasən 10 000 litr, ##.##.2024-cü il tarixli **-YT-QB**** nömrəli akta əsasən 10 000 litr dizel yanacağı iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən də aktların bəziləri mexanik Yadigar Məhyəddinov, bəziləri isə Ömərov.R, Rəhimov.R, Orucov Coşqun, Fizuli Bədəlov adlı şəxslər tərəfindən imza edilməklə qəbul edilmişdir.

4. Iddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10580 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10920 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12900 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12000 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 11800 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12900 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 9860 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 9090 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 9090 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12000 manat, MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 10000 manat, MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 6000 manat olan elektron qaimə-fakturalar göndərilmişdir.

5. Iddiaçı tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 148,249.00 manat məbləğində yanacaq təhvil verilmişdir. Arayış təqdim edilən tarixə qalıq borc məbləği ƏDV daxil 148,249.00 manat təşkil edir.

6. Hər iki hüquqi şəxsin möhürləri və direktorlarının imzaları ilə təsdiq olunmuş ##.##.2026-cı il tarixli barışıq sazişinə əsasən bu Sazişi imzalamaqla cavabdeh Cavabdeh MMC Tərəflər arasında bağlanmış dizel yanacağının alınmasına dair PR**** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə Saziş imzalanan tarixə ümumilikdə ƏDV daxil 148,249.00 (bir yüz qırx səkkiz min iki yüz qırx doqquz) manat borcunun olduğuna dair öz razılığını (təsdiqini) bildirir. 2. Həmçinin, bu Sazişi imzalamaqla cavabdeh Cavabdeh MMC iddiaçı İddiaçı MMC ilə vəkil nümayəndə2 arasında imzalanmış Hüquqi xidmətlərin göstərilməsi haqqında **/**** nömrəli, ##.##.2026-cı il tarixli müqavilə üzrə iddiaçı İddiaçı MMC tərəfindən ödənilmiş 1,500.00 (bir min beş yüz) manat məbləğində xidmət haqqının 500.00 (beş yüz) manat hissəsini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 446.00 (dörd yüz qırx altı) manat məbləğində dövlət rüsumunu qəbul edir və Saziş icra edilən vaxt əsas borc məbləği ilə birlikdə ödəməyi öz öhdəsinə götürür. 3. Cavabdeh Cavabdeh MMC bu Sazişin 1 və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, ən geci ##.##.2026-cı il tarixinədək bu Sazişin 1 və 2-ci maddəsində göstərilən məbləğləri ödəmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir. Daha sonra cavabdeh tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə ##.##.2026-cı il tarixli qərardadla MTT görülmüş, nəticədə işçilərə əmək haqqı vermək imkanı mümkünsüz olmuş, məhkəməyə müraciət, şikayətlərinə baxılması yubanmış, iddiaçı ilə barışıq sazişi bağlanmışdır. Eyni zamanda, ##.##.2026-cı il tarixli Sazişin 1.2-ci bəndinə əsasən sazişi imzalamaqla iddiaçı İddiaçı MMC bəyan edir ki, bu Saziş imzalandıqdan dərhal sonra, məhkəmə tərəfindən sazişin təsdiq edilməsini gözləmədən Nəsimi rayon Icra Şöbəsinə Cavabdeh MMC-nin hesablarından həbs və məhdudiyyətlərin götürülməsi, icra sənədinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Icra Haqqında Qanununun 23.1.1-ci maddəsinə uyğun müraciət edəcək, bununla bağlı zəruri digər hərəkətlər edəcəkdir (banka məktub və s.). Növbəti mərhələdə saziş təsdiq edildikdən və bununla bağlı qərardad qanuni qüvvəyə mindikdən dərhal sonra iddiaçı İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi üçün ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Buna baxmayaraq iddiaçı qeyd edilən ərizəni verməmiş, buna ehtiyac olmadığını bildirmiş, icra işi Icra şöbəsində qalmış, həmçinin DYP əməkdaşları "xxxx" bəhanəsi ilə şirkətin avtomobillərini cərimə meydançasına aparmışlar. Mübahisə iddiaçı ilə məhkəmədənkənar həllinə görə bir daha müzakirə edilməlidir.

7. ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 446 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən dizel yanacağının alınmasına dair PR-**** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə qalıq 148249 manat məbləğində pulun, ödənişin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 7412,45 manat faizin, ödənilmiş 446 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 156107,45 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında dizel yanacağının alınmasına dair PR-**** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, satıcı vaxtaşırı olaraq sifariş edilən miqdarda yanacaq məhsullarını alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı hər sifariş zamanı yanacağın qiymətinin satıcı tərəfindən hesab-faktura təqdim edildiyi tarixdən 5 gün ərzində avans qaydasında satıcının hesabına köçürməlidir. Iddia ərizəsi təqdim edilən tarixə cavabdehin müqavilə üzrə iddiaçıya ümumilikdə ƏDV daxil 148,249.00 manat borcu qalmışdır.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəflər arasında təsdiqlənmiş və imzalanmış ##.##.2026-cı il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün lazımi hərəkətləri həyata keçirməkdən yayınır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, təhvil-təslim aktlarına qarşı tərəfin işçiləri imza etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ilk öncə avans məbləği ödənildikdən sonra mal verilməli idi. Lakin mövcud əməkdaşlıq münasibətləri nəzərə alındığı üçün qarşı tərəfə mal verib, daha sonra ödəniş tələb edilirdi.

11. Cavabdeh tərəf məhkəməyə ##.##.2026-cı il tarixdə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən “3.1 satıcı tərəfindən çatdırılacaq yanacağın miqdarı alıcı tərəfindən təqdim edilmiş sifarişə uyğun olaraq müəyyən edilir. Sifariş Alıcı tərəfindən yanacağın çatdırılma vaxtından ən azı 5 (beş) gün əvvəlcədən Satıcıya bildirilməlidir. Sifarişdə öhdəliyin icra yeri və müddəti, həmçinin Məhsulun miqdarı mütləq qeyd edilməlidir. 3.2 Satıcı hər sifarişə uyğun olaraq sifariş verilmiş miqdarda Məhsulu Alıcının təyin edilən məntəqələrinə öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. Sifarişlər Azərbaycan Respublikasının ərazisində Alıcının istənilən məntəqəsinə çatdırılır. Məhsulun çatdırılacağı bütün məntəqələr elektronqaimə ilə rəsmiləşdirilir. 3.3 Satıcı müəyyən olunmuş miqdarda yanacağı Tərəflərin nümayəndələrinin iştirakı ilə Alıcının təhvil məntəqəsində mövcud olan həcmə uyğun təhviltəslim aktı əsasında təhvil verir. Məhsul Alıcıya təhvil verildiyi andan bütün risklər, çatışmazlıq və sair əlaqədar Alıcıya keçir”. Iddiaçı cavabdehə elektron qaimə göndərsə də, bu qaimələr sistem tərəfindən təsdiqlənsə də, tərəflər arasında malların qəbulu ilə bağlı hər hansı sənəd tərtib edilməmiş, işə əlavə edimiş aktın şirkətlə əlaqəsi yoxdur. Eyni zamanda bu həcmdə yanacağa cavabdehin ehtiyacı olmamış, belə bir sifariş iddiaçıya verilməmişdir. Halbuki müqaviləyə görə yanacaq sifariş əsasında çatdırılır, iş materiallarına həmçinin sifarişlər də əlavə edilməyib, çünki belə sifariş iddiaçıya olmayıb.

12. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli barışıq sazişini MTT qərardadının digər şirkəti olan Global Mining MMC-nin hesablarına xxxx MMC-nin ərizəsi əsasında bütünlüklə həbs qoyulması və hazırkı iş üzrə çətinlik yaradan MTT qərardadındakı yanlışlıq olmuşdur.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

14. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

16. Məhkəmə cavabdehin sifariş verilməməsi və malların qəbul edilməməsi ilə bağlı etirazlarını əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan çoxsaylı təhvil-təslim aktları, elektron qaimələr və xüsusilə tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli barışıq sazişi cavabdehin mübahisə olunan borcu etiraf etdiyini göstərir. Belə ki, qeyd olunan barışıq sazişi ilə cavabdeh açıq şəkildə müqavilə üzrə 148249 manat borcunun mövcudluğunu təsdiq etmişdir. Həmin sənəd tərəflərin iradə ifadəsini əks etdirdiyindən və etibarsızlığı barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Cavabdeh barışıq sazişinin müəyyən şərtlərinin iddiaçı tərəfindən icra edilmədiyini göstərsə də, bu hal onun əsas borcun mövcudluğunu inkar etmir və borcun ödənilməsi öhdəliyini aradan qaldırmır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməmiş, nəticədə ödənişin gecikdirilməsinə yol vermişdir. Bu səbəbdən iddiaçı tərəfindən əsas borca 1 il üçün hesablanmış 7412,45 manat məbləğində faizin tələb olunması qanunauyğundur.

18. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 446 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 445.1, 445.7, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2-ci maddələrinə istinad etmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə yazılı qarşı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahat

22. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 10. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

35. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya qətnamənin ləğv edilməsi üçün əsas yaratmır.

45. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli PR- **** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı satıcı qismində sifariş edilən miqdarda dizel yanacağının cavabdehə satılmasını, cavabdeh isə alıcı qismində malı qəbul edərək onun razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

46. Müqavilənin icrası ilə əlaqədar iş materiallarına müxtəlif tarixli təhvil-təslim aktları və elektron qaimə-fakturalar təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayətində həmin sənədlərin borcun mövcudluğunu təsdiq etmək üçün kifayət etmədiyini, müqavilədə nəzərdə tutulmuş qaydada yanacaq sifarişlərinin iş materiallarına təqdim edilmədiyini, təhvil-təslim aktlarında göstərilən şəxslərin bir qisminin malları qəbul etmək səlahiyyətinin təsdiqlənmədiyini, habelə bəzi aktlarda göstərilən yanacağın başqa hüquqi şəxsə aid olduğunu bildirmişdir.

47. Kollegiya cavabdehin bəzi təhvil-təslim aktlarında göstərilən yanacağın ona faktiki təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil iş materiallarında olan digər sübutlarla təsdiq olunmur.

48. Belə ki, iş materiallarına tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli PR-**** nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin adına təqdim edilmiş, ümumi məbləği 148.249 manat təşkil edən elektron qaimə-fakturalar əlavə edilmişdir. Cavabdeh həmin elektron qaimələr üzrə göndərilən qaimələrlə bağlı iddiaçıya heç bir etirazı olmamış, qaimələr geri qaytarılmamış, düzəlişə göndərilməmişdir.

49. Bununla yanaşı, kollegiya vurğulayır ki, cavabdeh sonradan – ##.##.2026-cı il tarixli barışıq sazişini imzalamaqla – tərəflər arasında bağlanmış məhz PR-**** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 148.249 manat borcunun mövcudluğunu açıq şəkildə təsdiq etmiş və həmin borcu ödəməyi öhdəsinə götürmüşdür.

50. Kollegiya cavabdehin ##.##.2026-cı il tarixli barışıq sazişinin borcun etirafı kimi qiymətləndirilə bilməməsi, həmin sazişin yalnız MTT-nin qərardadı ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə imzalanması barədə apellyasiya şikayətinin dəlilini də əsaslı hesab etmir.

51. Belə ki, cavabdeh sazişin imzalanmasına səbəb olmuş motivi göstərsə də, bu hal özlüyündə sazişdə ifadə olunmuş iradənin və orada təsdiq edilmiş halların hüquqi əhəmiyyətini aradan qaldırmır. Sazişin mətnindən görünür ki, cavabdeh yalnız müəyyən prosessual tədbirlərin görülməsinə razılıq verməmiş, eyni zamanda tərəflər arasında bağlanmış PR-**** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə birbaşa istinad etməklə, sazişin imzalandığı tarixə ƏDV daxil 148.249 manat borcunun mövcud olduğunu və həmin borcun ödənilməsini öz üzərinə götürdüyünü açıq şəkildə bəyan etmişdir.

52. Başqa sözlə, MTT-nin qərardadı və bununla əlaqədar yaranmış vəziyyət sazişin bağlanmasına səbəb olmuş hal kimi çıxış edə bilər, lakin bu, cavabdehin sazişdə konkret hüquqi münasibət üzrə konkret məbləğdə borcu təsdiq etməsi faktını aradan qaldırmır. Əgər cavabdeh həmin məbləğdə borcun mövcud olmadığını hesab edirdisə, onun faktiki mövcud olmayan borcu qeyd-şərtsiz şəkildə təsdiq etməsi və ödənilməsini üzərinə götürməsi ağlabatan davranış hesab edilə bilməz.

53. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

54. Cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs olaraq bağladığı əqdlərin və imzaladığı sənədlərin hüquqi nəticələrini nəzərə almaq, kommersiya münasibətlərində lazımi diqqət və ehtiyatlılıq göstərmək vəzifəsi daşıyır. Sazişin başqa məqsədə nail olmaq üçün imzalanması barədə sonradan verilmiş izahat, həmin sazişdə ifadə olunmuş iradənin həqiqi iradəyə uyğun olmadığını özlüyündə sübut etmir.

55. Həmçinin cavabdeh sazişin aldatma, hədə, zor, yanılma və ya iradənin sərbəst formalaşmasına mane olan digər halın təsiri altında bağlandığını, yaxud sazişdə 148.249 manat borcun göstərilməsinin texniki və ya digər səhvin nəticəsi olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

56. Əksinə, sazişdə göstərilən 148.249 manat məbləğ iş materiallarında olan elektron qaimə-fakturalar üzrə ümumi borc məbləği ilə də üst-üstə düşür. Cavabdehin həmin elektron qaimələrə vaxtında etiraz etməməsi, onların ləğvi və ya düzəlişi üçün müraciət etməməsi və sonradan məhz eyni məbləğdə borcun mövcudluğunu barışıq sazişində təsdiq etməsi birlikdə qiymətləndirildikdə, cavabdehin hazırda ayrı-ayrı təhvil-təslim aktlarında göstərilən yanacağın ona verilməməsi barədə dəlili əvvəlki davranışı ilə ziddiyyət təşkil edir.

57. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi sənədlərin, elektron qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

58. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

59. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin ayrı-ayrı təhvil-təslim aktlarında imzaları olan şəxslərin onun işçiləri olub-olmamasının əlavə araşdırılmasına zərurət yoxdur. Belə ki, həmin şəxslərin cavabdehlə əmək münasibətlərinin mövcudluğu hazırkı mübahisənin nəticəsinə təsir edə biləcək həlledici hal deyil. Cavabdehin adına rəsmiləşdirilmiş elektron qaimə-fakturalara etiraz etməməsi, onların ləğvi və ya düzəlişi üçün müraciət etməməsi, habelə sonradan ##.##.2026-cı il tarixli barışıq sazişi ilə məhz PR-**** nömrəli müqavilə üzrə 148.249 manat borcun mövcudluğunu yazılı şəkildə təsdiq etməsi nəzərə alındıqda, ayrı-ayrı təhviltəslim aktlarını imzalayan şəxslərin cavabdehin işçiləri olub-olmamasının müəyyən edilməsi iş üzrə gəlinən nəticəni dəyişdirməyəcəkdir.

60. Kollegiya qeyd edir ki, iş materiallarından cavabdehin pul öhdəliyinin icrasını bir ildən artıq müddətə gecikdirdiyi müəyyən edildiyindən və iddiaçı tərəfindən faiz məhz bir il üçün 148.249 manat əsas borca illik 5 faiz tətbiq edilməklə 7.412,45 manat məbləğində tələb olunduğundan, həmin tələbin təmin edilməsi də qanuni və əsaslı olmuşdur.

61. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar