Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-722/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbinə” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)-10440/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. Tərəflər arasında ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Satıcı bu müqavilayə əlavə edilan və onun ayrılmaz hissəsi sayılan X5 (bundan sonra Protokol) qeyd olunan malmaterialları verməli, Alıcı isə həmin mal-materiallari qəbul etməli və müəyyən edilmiş məbləgi ödəməlidir;
3. 1.2. 1.2-ci bəndinə əsasən, Protokolda qeyd olunan mal-materialların təhvil-təslimi barədə müvafiq akt AIıcı va ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra müqavilə icra edilmiş hesab olunur;
4. 1.3. 2.1-ci bəndinə əsasən, Satıcı sifariş həcminə uyğun olaraq qarşılıqlı razılaşma ilə müəyyən vaxt ərzində alıcıya təhvil verməlidir;
5. 1.4. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş hesablaşma qaydası müqaviləyə Əlavələrdə qeyd olunmuşdur.
6. Müqaviləyə ** saylı Əlavə edilən X5 ilə tərəflər cəmi qiyməti 29535,4 manat (25030 manat əsas, 4505,4 ƏDV olmaqla) təşkil edən tikinti materialının satılması barədə razılıq əldə etmişlər. X5 tərəflərin nümayəndələri tərəfindən imzalanmaqla, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir.
7. Həmçinin, ##.##.2025-ci il tarixdə tərəflər arasında 29535,4 manat (25030 manat əsas, 4505,4 ƏDV olmaqla) məbləğində tikinti materiallarının cavabdehə təhvil verilməsi barədə hər iki tərəfin nümayəndələri tərəfindən imzalanaraq, hüquqi şəxlərin möhürləri ilə təsdiq edilmiş Təhvil-təslim aktı tərtib edilmişdir.
8. Cavabdeh tərəfindən müqavilə üzrə ##.##.2025-ci il tarixdə 5000 manat əsas, 900 manat ƏDV olmaqla, cəmi 5900 manat, habelə ##.##.2026-cı il tarixdə 5000 manat əsas, 900 manat ƏDV olmaqla, cəmi 5900 manat, ümumilikdə 11800 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı 29535,40 manat məbləğində əsas borcun, 3456,33 əsas borca hesablanmış faiz borcunun, ümumilikdə 32991,73 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 189 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında ## #### 2025-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı X5 qeyd olunan mal-materialları verməli, alıcı isə həmin mal – materialları qəbul etməli və müəyyən edilmiş məbləği ödəməlidir. Qeyd olunan müavilənin 3.4-cü maddəsinə əsasən alıcı aldığı mal – materialların məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1- ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi qaimə-faktura üzrə ümumi məbləğin 1%-i məbləğində dəbbə pulu ödəyir. Cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair pretenziya göndərilmiş və borc ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilə üzrə yerinə yetirilmişişlərə görə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Cavabdehin vəkili və nümayəndəsi iddianı qismən qəbul edərək müqavilə üzrə iki dəfə ödəniş edildiyini, lakin iddia ərizəsinə dəqiqləşmə verilmədiyini və bunun nəzərə alınmasını xahiş etdi.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh QSC-dən alqısatqı müqaviləsi üzrə 17735,4 manat əsas borc, əsas borc məbləğini gecikdirilməsinə görə illik 5% məbləğində hesablanmaqla 787,84 manat faiz borcu olmaqla, cəmi 18523,24 manat və ödənilmiş dövlət rüsumunun 140 manat hissəsi tutularaq iddiaçı İddiaçı MMCnin xeyrinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməsin. ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Cavabdeh Cavabdeh QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh QSC tərəfindən mübahisə predmeti olan borcun müəyyən hissəsi 11.800 manat məbləğində ödəniş məhkəmə baxışı dövründə həyata keçirilmiş və bunu təsdiq edən ödəniş sənədləri birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Lakin məhkəmə həmin ödənişlərin nəticələrini, xüsusilə faiz hesablanmasına təsirini lazımi qaydada nəzərə almamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra da cavabdeh tərəfindən borcun könüllü qaydada mərhələli şəkildə ödənilməsi məqsədilə qarşı tərəflə danışıqlar aparılmış, borcun azaldılması istiqamətində real addımlar atılmışdır. Bu hal cavabdehin öhdəlikdən yayınmaq niyyətinin olmadığını, əksinə, öhdəliyin icrasına yönəlmiş vicdanlı davranış nümayiş etdirdiyini təsdiq edir. Həmçinin Məhkəmə tərəfindən cavabdehdən 8 ay müddətində gecikdirilmiş əsas borca görə illik 5 faiz hesabı ilə 787,84 manat faiz məbləğinin tutulması işin faktiki halları, cavabdehin qismən ödənişləri və öhdəliyin könüllü icrası istiqamətində atdığı addımlar baxımından mütənasib hesab edilə bilməz. Cavabdeh tərəfindən 8 ay müddətində gecikdirilmiş əsas borca görə illik 5% nisbətində 787,84 manat faiz məbləği öhdəliyin pozulmasının nəticələrinə uyğun deyil və onun ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:
25. 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;
26. 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır.
27. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
28. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
AR Mülki Prosessual Məcəlləsi
29. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 124.1-ci İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
37. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında ##.##.2025-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. Belə ki, müqavilənin predmetinə əsasən iddiaçının əsas öhdəliyi müqavilə qüvvədə olduğu müddətdə malları (tikinti materiallarını) alıcının (cavabdehin) ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda cavabdehə satmaqdan, cavabdehin əsas öhdəliyi isə həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almaqdan və qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməkdən ibarət olmuşdur.
38. İş materiallarından görünür ki, Müqaviləyə * saylı Əlavə olan X5 ilə tərəflər cəmi qiyməti 29535,4 manat (25030 manat əsas, 4505,4 ƏDV olmaqla) məbləğində malların satılması barədə razılıq əldə etmişlər. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından da görünür ki, X5 razılaşdırılmış növdə, sayda və qiymətdə mallar cavabdehə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfdən imzalanmış və möhürlə təsdiq edilmişdir.
39. Apellyator apellyasiya şikayətinin dəlilərində 11.800 manat məbləğində ödənişin məhkəmə baxışı dövründə həyata keçirildiyini, lakin məhkəmə tərəfindən nəzərə alınmadığını bildirsə də, iş materillarından müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2025 və ##.##.2026-cı il tarixlərdə edilmiş ödəniş 11800 manat borca münasibətdə nəzərə alınmış (29535,4-11800=17735,4) o səbəbdən iddia tələbi qismən 17735,4 manat hissədə təmin edilmişdir.
40. Kollegiya qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
41. Məhkəmə kollegiyası əsas borc məbləği nəzərə alınaraq hesablanmış illik 5% faizə münasibətdə bildirir ki, MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
42. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
44. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında müəyyən edilmiş öhdəlik üzrə pul vəsaiti (borc və faizləri) tam həcmdə borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
45. İşin halları ilə müəyyən edilmişdir ki, mallar ##.##.2025-ci il tarixdə cavabdehə təhvil verilmiş, X5 əsasən ödəniş mallar təhvil verildikdən sonra 15 iş günü müddətində edilməli olmasına baxmayaraq cavabdeh tərəfindən isə ilk ödəniş ##.##.2025-ci il tarixdə edildiyindən əsas borca görə illik 5% nisbətində faiz məbləği ##.##.2025-##.##.2025-ci il əsas götürülməklə hesablandığından məhkəmə tərəfindən 787,84 manat müəyyən edilməsi ədalətli və ağıla batan olmuşdur. Həmçinin cavabdeh tərəfindən əsas borc 29335,4 manat məbləğdən ümumilikdə 11800 manat ƏDV daxil ödəniş edilmişdir.
46. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh MMC-e tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- 10440/2025 tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.