Məhkəmə qərarları › İş №e-2-2(3-6)-724/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-724/2026

15.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-724/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı1 cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Orucov İsmayıl Vilayət oğluna “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı iddiaçı1 cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Orucov İsmayıl Vilayət oğluna “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı tərəfindən, özünə məxsus olan 42.500 manat məbləğində pul Orucov İsmayıl Vilayət oğlunun adından cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Bundan sonra qeyd edilmiş pulun əvəzi olaraq gətirilmiş avadanlıq digər hüquqi şəxsə verilmişdir.

2. Tərəflər arasında olan səsli mesajlardan görünür ki, qeyd edilmiş pulun bir hissəsini yəni, 28.300 manatı sonuncu hüquqi şəxs iddiaçıya vermiş və cavabdeh2 MMC-yə köçürülmüş olan puldan 14.200 manat məbləğində qalıq qalmışdır.

3. 500 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qəbzlərdən görünür ki, 523915********** nömrəli kartdan 552209********* saylı karta müvafiq olaraq 250 manat və 300 manat məbləğində pul köçürülmüşdür.

4. ##.##.2026-cı il tarixli məhkəmə iclasında 523918********** saylı kartın iddiaçı iddiaçı1, 552209********* saylı kartın isə Orucov İsmayıl Vilayət oğluna məxsus olması məhkəmə tərəfindən müəyyən edilmişdir (cavabdeh Orucov İsmayıl Vilayət oğlu kartın ona aid olduğunu bildirmişdir).

5. İddiaçıya hüquqi yardımın göstərilməsi üçün “Universal” Vəkil Bürosunun vəkili vəkil2 ##.##.2025-ci il tarixdə order verilmişdir. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 1.000 manat məbləğində pul Universal Vəkil Bürosunun hesabına ödənmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddiaçı1 cavabdehlər cavabdeh2 MMC-yə və Orucov İsmayıl Vilayət oğluna qarşı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.200 (on dörd min iki yüz) manat məbləğində pulun əsas borc kimi, cavabdeh2 MMC-nin kart hesabına köçürülən 500 (beş yüz) manat məbləğində pulun, injeksion avadanlıqlarından əldə edilən mənfəətdən ödənilməli olan 14000 (on dörd min) manat məbləğində pulun, dövlət büdcəsinə ödənilmiş 181 (yüz səksən bir) manat dövlət rüsumunun, 1000 (bir min) manat məbləğində vəkil haqqının, ümumilikdə 29.881 (iyirmi doqquz min səkkiz yüz səksn bir) manat borcun cavabdehlər cavabdeh2 MMC və Orucov İsmayıl Vilayət oğlundan tutularaq iddiaçı1 Məlikməmməd oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə onun tərəfindən 42500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən həmin məbləğin 28300 manatı geri qaytarılmış, 14200 manat əsas borc məbləği isə ödənilməmişdir. Daha sonra cavabdehin xahişi ilə 500 manat onun kart hesabına köçürülmüşdür, həmin məbləğ də geri qaytarılmamışdır. Həmçinin, tərəfər arasında əldə olunmuş razılaşmaya əsasən satılmış injeksiyon avadanlıqlarından əldə edilən 28000 manat mənfəətin 14000 manatı iddiaçıya ödəməli olduğu halda, həmin məbləğ də cavabdeh tərəfindən ödənilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (Kənan H.Hüseynov) iddianın qismən təmin edilməsi, 14.200 manat məbləğində pul cavabdeh2 MMC-dən tutularaq iddiaçı1 verilməsi, 500 manat məbləğində pul məbləğində pul Orucov İsmayıl Vilayət oğlundan tutularaq iddiaçı1 verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul cavabdeh2 MMC-dən tutularaq iddiaçı1 verilməsi və dövlət rüsumunun əvəzi olaraq 134,10 manat məbləğində pul cavabdeh2 MMC-dən tutularaq iddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Orucov İsmayıl tərəfindən Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə vermiş olduğu ##.##.2025-ci il tarixli izahatdan görünür ki, Orucov İsmayıl Vilayət oğlu iddiaçı1 birgə istehsal fəaliyyəti ilə məşğul olmaq üçün cavabdeh2 MMC-nin hesabına 42.500 manat məbləğində pulu ödəməsi halını qəbul etmişdir. Qeyd edilmiş hal, həmçinin, cinayət işinin rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarda da, öz əksini tapmışdır. iddiaçı tərəfindən əlavə edilmiş diskə yazılmış, Orucov İsmayıl Vilayət oğlu ilə iddiaçı arasında baş tutmuş ##.##.2024- cü il tarixli “whatsapp” tətbiqi üzərindən həyata keçirilmiş səsli mesajlardan görünür ki, Orucov İsmayıl Vilayət oğlu iddiaçıya səsli mesaj ataraq şəxsiyyət vəsiqəsini göndərdiyini və ödənişi onun Fin kodu ilə etməyi bildirmişdir. İddiaçı tərəf də, cavabdeh2 MMC-nin hesabına pulu qoymuş və 42.500 manat pulun hesaba qoyulması barədə qəbzi, Orucov İsmayıl Vilayət oğluna göndərmişdir. 42.500 manat məbləğində pulun Orucov İsmayıl Vilayət oğlunun adından köçürülməsini, sonuncu israr etmiş və pul məhz iddiaçı iddiaçı1 tərəfindən cavabdeh2 MMCnin hesabına köçürülmüşdür. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, qeyd edilmiş 42.500 manat məbləğində pul məhz iddiaçı1 məxsus olmuşdur.

10. Bundan əlavə məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, Orucov İsmayıl Vilayət oğlu ilə iddiaçı iddiaçı1 arasında baş tutmuş, “whatsapp” tətbiqi üzərindən həyata keçirilmiş səsli mesajlardan görünür ki, iddiaçı1 28.300 manat pul aldığını, Orucov İsmayıl Vilayət oğlu isə qeyd edilmiş 28.300 manat pulun iddiaçı1 götürməsini, “qalan pulu da yaxınlıqda həll edəcəyini” bildirmişdir. İddiaçı tərəf isə, Orucov İsmayıl Vilayət oğluna “çıxaram oradan, qalanına da həll edərik, oldu” məzmunlu səs yazıları olmuşdur.

11. Məhkəmə iddianın “injeksion avadanlıqlarından əldə edilən mənfəətdən ödənilməli olan 14000 (on dörd min) manat məbləğində pulun” tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müəyyən işgüzar münasibətlərin olması halı öz təsdiqini tapsa da, qeyd edilmiş injeskiya avadanlığının hansı qiymətə alındığı, hansı qiymətə digər hüquqi şəxsə satıldığı, eyni zamanda da, tərəflərin bu avadanlığın satışı nəticəsində əldə edələcək gəlirin hansı qaydada bölüşdürülməsi ilə bağlı bir sübut olmadığından, qeyd edilən hissədə iddia təmin edilə bilməz.

12. Cavabdeh cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faktiki olaraq tərəflər arasında mövcud olan hüquqi münasibətin mövcudluğunu sübut etmədən, yalnız bank əməliyyatları və ehtimallara əsaslanan izahatlar üzərindən borc münasibəti formalaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəlik yalnız müqavilə, zərərin vurulması, əsassız varlanma və ya qanunda nəzərdə tutulmuş digər hüquqi əsaslardan yarana bilər. Lakin iş üzrə belə bir hüquqi əsas müəyyən edilməmiş, sadəcə pul vəsaitinin köçürülməsi faktı öhdəliyin yaranması üçün kifayət edən əsas kimi qəbul edilmişdir. Bu isə maddi hüquq normasının mahiyyətinə ziddir. Eyni zamanda Mülki Məcəllənin 385-ci və 389-cu maddələrinin tələbləri də pozulmuşdur. Çünki məhkəmə tərəflər arasında müqavilə münasibətinin mövcudluğunu və ya iradə ifadəsi ilə formalaşmış hüquqi razılaşmanı müəyyən etmədən öhdəlik nəticəsinə gəlmişdir. Müqavilənin hüquqi anlayışı və öhdəliyin yaranma şərtləri araşdırılmadan borc münasibətinin mövcudluğu barədə nəticə çıxarılması hüquqi baxımdan əsassızdır. 28.300 manat məbləğin qaytarılması da hüquqi mahiyyəti müəyyən edilmədən borcun hissə-hissə ödənilməsi kimi qiymətləndirilmiş, bu ödənişlərin avans, kommersiya hesablaşması və ya digər hüquqi münasibət çərçivəsində aparılıb-aparılmaması araşdırılmamışdır. Nəticədə məhkəmə ehtimallara əsaslanaraq hüquqi nəticə formalaşdırmışdır. 14.200 manat məbləğin müəyyən edilməsi isə yalnız 42.500 manat və 28.300 manat arasındakı riyazi fərqə əsaslanmışdır. Lakin mülki hüquqda borc münasibətinin mövcudluğu riyazi hesablamalarla deyil, yalnız hüquqi əsas və sübutlarla müəyyən edilə bilər. Tərəflər arasında belə bir balans hesablaşması barədə müqavilə və ya razılaşma mövcud olmadığı halda, məhkəmə faktiki olaraq sübut olunmamış öhdəlik yaratmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçının nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz (mülahizə) təqdim edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324. Əqd anlayışı və onun növləri ... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. ...

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...

Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. ...

Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MuxtarRespublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh cavabdeh2 MMC apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin mahiyyətindən görünür ki, qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir.

22. Belə olduqda kollegiya qətnaməni qismən – iddianın təmin edilən hissəsinə münasibətdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında müqavilə münasibətinin mövcudluğunun sübuta yetirilməməsi və 14.200 manat borcun yalnız riyazi hesablama əsasında müəyyən edilməsi barədə dəlillərini əsaslı hesab etmir.

25. Belə ki, mülki hüquq münasibətinin mövcudluğunun müəyyən edilməsi yalnız tərəflər arasında ayrıca yazılı sənədin mövcud olub-olmamasından asılı deyildir. Mülki Məcəllənin 389 və 390-cı maddələrinin məzmununa görə şəxslərin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsinə yönəlmiş qarşılıqlı iradə ifadəsi müqavilə münasibətinin yaranmasına əsas ola bilər.

26. Bununla yanaşı, Mülki Məcəllənin 324.5 və 404-cü maddələrinin mahiyyətindən irəli gəlir ki, tərəflərin iradə ifadəsinin həqiqi hüquqi məzmunu müəyyən edilərkən yalnız ayrıayrı sənədlərin hərfi məzmunu deyil, münasibətlərin yaranmasına səbəb olmuş şərait, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və onların sonrakı davranışları da nəzərə alınmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə ondan ibarət olmuşdur ki, müqavilə münasibətlərinin mövcudluğunun və tərəflərin həqiqi hüquqi niyyətlərinin müəyyən edilməsi zamanı formal mülahizələrlə kifayətlənilməsi yolverilməzdir. Tərəflərin davranışlarının ardıcıllığı və sonrakı hərəkətləri də daxil olmaqla işin bütün halları məcmu şəkildə qiymətləndirilməlidir.

28. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC-yə aid olan ##.##.2024cü il tarixli qəbzdən görünür ki, cavabdeh2 MMC-nin hesabına 42.500 manat məbləğində pul köçürülmüşdür. Qeyd edilmiş qəbzdə pulu göndərən şəxs kimi Orucov İsmayıl Vilayət oğlu göstərilmişdir. İddiaçı tərəf qeyd edilmiş 42.500 manat məbləğində pulun ona məxsus olduğunu, sadəcə olaraq Orucov İsmayılın özünün bu cur istədiyini və onun adından direktoru olduğu hüquqi şəxsə yəni, cavabdeh2 MMC-yə köçürdüyünü bildirmişdir.

29. İş materiallarına əlavə edilmiş Orucov İsmayıl tərəfindən Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə vermiş olduğu ##.##.2025-ci il tarixli izahatdan görünür ki, Orucov İsmayıl Vilayət oğlu iddiaçı1 birgə istehsal fəaliyyəti ilə məşğul olmaq üçün cavabdeh2 MMC-nin hesabına 42.500 manat məbləğində pulu ödəməsi halını qəbul etmişdir. Qeyd edilmiş hal, həmçinin, cinayət işinin rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarda da, öz əksini tapmışdır.

30. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş diskə yazılmış, Orucov İsmayıl Vilayət oğlu ilə iddiaçı arasında baş tutmuş ##.##.2024-cü il tarixli “whatsapp” tətbiqi üzərindən həyata keçirilmiş səsli mesajlardan görünür ki, Orucov İsmayıl Vilayət oğlu iddiaçıya səsli mesaj ataraq şəxsiyyət vəsiqəsini göndərdiyini və ödənişi onun fin kodu ilə etməyi bildirmişdir. İddiaçı tərəf də, cavabdeh2 MMC-nin hesabına pulu qoymuş və 42.500 manat pulun hesaba qoyulması barədə qəbzi, Orucov İsmayıl Vilayət oğluna göndərmişdir. Göründüyü kimi, qeyd edilmiş 42.500 manat məbləğində pulun Orucov İsmayıl Vilayət oğlunun adından köçürülməsini, cavabdeh israr etmiş və pul məhz iddiaçı iddiaçı1 tərəfindən cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Göüründüyü kimi, qeyd edilmiş 42.500 manat məbləğində pul məhz iddiaçı1 məxsus olmuşdur.

31. İş materiallarından tərəflər arasında injeksiya avadanlığının əldə edilməsi ilə bağlı işgüzar münasibətlərin mövcud olduğu, iddiaçının 42.500 manatın həmin münasibətlər çərçivəsində verildiyini bildirdiyi, həmin məbləğin 28.300 manatının sonradan geri qaytarıldığı müəyyən olunur.

32. Bu baxımdan cavabdehin bir tərəfdən iddiaçı qarşısında mübahisəli məbləğ üzrə öhdəliyin mövcudluğunu inkar etməsi, digər tərəfdən isə həmin hüquq münasibəti çərçivəsində 28.300 manat məbləğində pulun geri qaytarılması faktına hüquqi əsas göstərməməsi apellyasiya şikayətinin 14.200 manat məbləğində öhdəliyin sübuta yetirilməməsi barədə dəlilini əsaslandırmır.

33. Beləliklə, 14.200 manat məbləğin müəyyən edilməsi sadəcə 42.500 manatla 28.300 manat arasındakı riyazi fərqin hesablanmasının nəticəsi deyil. Həmin hesablaşma tərəflərin faktiki münasibətlərindən, öhdəliyin qismən icrasından və qalan məbləğin qaytarılmamasından irəli gələn nəticədir.

34. Kollegiya qeyd edir ki, tərəflər arasında birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi barədə şifahi razılıq əldə olunmuşdur. İddiaçı da bu səbəbdən cavabdehə pul vermiş, lakin sonradan həmin pulun bir hissəsi geri qaytarılsa da 14200 manat, həmçinin 500 manatın qaytarılması müəyyən edilmir.

35. Məhkəmə kollegiyası iş materiallarında olan ## ##### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara da münasibət bildirməyi zəruri hesab edir.

36. Kollegiya ilk növbədə qeyd edir ki, ## ##### 2025-ci il tarixli qərar hazırkı mübahisə üzrə tərəflər arasında öhdəliyin mövcudluğunu və onun məbləğini məhkəmə üçün məcburi qaydada müəyyən edən preyudisial akt hesab edilə bilməz.

37. Bununla belə, həmin qərarda mübahisəli münasibətlərin iştirakçılarının, o cümlədən cavabdeh Orucov İsmayıl Vilayət oğlunun hadisələrə dair verdiyi izahatlar əks etdirildiyindən, həmin məlumatlar tərəflərin faktiki münasibətlərinin xarakterinin, onların həqiqi iradəsinin və mübahisə yarandıqdan sonrakı davranışlarının müəyyən edilməsi baxımından iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

38. Sözügedən qərarın məzmunundan görünür ki, Orucov İsmayıl Vilayət oğlu özü də iddiaçı1lə injeksiya avadanlıqlarının alınması və bununla əlaqədar həyata keçirilmiş biznes əməliyyatları barədə münasibətlərin mövcudluğunu inkar etməmiş, həmin münasibətlərin yaranması və həyata keçirilməsi barədə izahat vermişdir.

39. Kollegiya xüsusilə nəzərə alır ki, mübahisəli 42.500 manatlıq bank əməliyyatı təsadüfi əməliyyat kimi deyil, tərəflər arasında mövcud olmuş işgüzar münasibətlərin nəticəsində baş vermişdir. Bu səbəbdən bank qəbzində göndərən şəxs kimi Orucov İsmayıl Vilayət oğlunun göstərilməsi həmin vəsaitlə bağlı tərəflərin faktiki münasibətlərinin digər sübutlarla birlikdə araşdırılması zərurətini aradan qaldırmır. Bank qəbzinin özündə 42.500 manatın cavabdeh2 MMC-nin hesabına daxil olduğu görünür.

40. Nəticədə 14.200 manat məbləğin müəyyən edilməsinin apellyasiya şikayətində göstərildiyi kimi yalnız 42.500 manatla 28.300 manat arasında aparılmış formal riyazi əməliyyata əsaslanmadığı, həmin məbləğin tərəflər arasında faktiki yaranmış münasibətlər və bu münasibətlər üzrə həyata keçirilmiş qismən icranın nəticəsi olduğu müəyyən edilir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

42. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti təmin edilmədiyindən onu ödəyən cavabdeh MMC-nin özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar