Məhkəmə qərarları › İş №e-2-2(3-6)-734/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-734/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-734/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Qanuni nümayəndə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: kredit borcu, tutmanın girov predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Qanuni nümayəndə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ##.##.2023-cü il tarixli, ***-MF-*** saylı kredit müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən Kredit xxxx ASC-dən ##.##.2022-ci il tarixində, 100 000 USD götürülən Kreditin Restrukturizasiyası məqsədilə verilir.

4. Müqavilənin 1.3-cü bəndinə əsasən Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 80 000 (səksən min) ABŞ dolları; Kreditin müddəti – 24 (iyirmi dörd) ay müddətinə; Möhlət müddəti (əgər varsa) – yoxdur; İllik faiz dərəcəsi – 7 (yeddi) %; Rəsmiləşdirmə komisyon haqqı – 250 (iki yüz əlli) AZN; Nağdlaşdırma komisyon haqqı – Bankın cari tariflərinə uyğun olaraq; Digər hesaba köçürülmə haqqı – Bankın cari tariflərinə uyğun olaraq; Gecikdirilmə faizləri – illik 7 (yeddi) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi.

6. Müqavilənin 2.2-ci bəndinə əsasən Bu kredit üzrə Faktiki İllik Faiz Dərəcəsi (FİFD) 7.31 (yeddi tam yüzdə otuz bir) təşkil edir.

7. Müqavilənin 2.3-cü bəndinə əsasən Kreditin qaytarılması bu müqaviləyə * saylı əlavədə göstərilmiş ödəniş cədvəli üzrə göstərilmiş qaydada həyata keçirilir.

8. Müqavilənin 2.5-ci bəndinə əsasən Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə və kreditin verildiyi faktiki günlərin (kreditin verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.

9. ##.##.2023-cü il tarixli, ***-MF-*** saylı kredit müqaviləsinin təminatı olaraq, X2 və Qanuni nümayəndə ilə ***-MFZ-*** saylı, ##.##.2023-cü il tarixli zaminliq müqavilələri bağlanmışdır.

10. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra "Kredit müqaviləsi") irəli gələn öhdəlikdir: Nömrəsi – ***-MF-*** Tarixi – ##.##.2023 Məbləği – 80 000 (səksən min) USD İllik faiz – 7 (yeddi) % Müddəti – 24 ay.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar.

13. Müqavilənin 2.1.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış faizlərin, dəbbə pulunun və Bankın çəkmiş olduğu hər hansı digər xərc və zərərin bütünlüklə ödənilməsini Zamindən tələb etmək bankın hüquqlarından biridir.

14. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, № ***-MFG-*** saylı girov müqaviləsinə əsasən cavabdeh cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən, 16 sayda avadanlıq 1) Lazer kəsim avadanlıq, 2) Hərif büküm aparatı, 3) Audley Flatbed printer UV2513, 4) Mimaki SİJ 320, UV chap aparatı, 5) Mimaki UCJV300-160 UV chap kəsim aparatı, 6) Ayza Mızrak 380 Yatar, 7) Ayza Band 4 FR, 8) ZY1530 CNC Router 4.2 kw, 220V, Water Cooling, Ncstudia System, 9) Quruducu, 10)Stablizator 11) Xortum 12) Mişar 13) Kompressor P13-500 14) Tozsoran ikili Çin 15) Tozsoran təkli Cin 16) Puk Kaynak makinası ümumi dəyəri 193733,7 manat olmaqla kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir.

15. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixli, ***-MF- *** saylı kredit müqaviləsi üzrə cavabdeh2 MMC-nin İddiaçı ASC-yə ##.##.2025-ci il tarixə iddia qaldırılan günə əsas kredit borcu 31315,90 ABŞ dolları, ## ###### 2025-ci il tarixə faiz borcu 1077,71 ABŞ dolları, ## ###### 2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 349,31 ABŞ dolları müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

16. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cavabdeh2 MMC-dən, İddiaçı ASC-nin xeyrinə ##.##.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 31.315,90 USD, ##.##.2025-ci il tarixə faiz borcu üzrə 1077,71 USD, ##.##.2025- ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 349,31 USD, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0, cəmi 32.742,92 USD, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 257 manat İddiaçı ASC-nin xeyrinə tutulması,##.##.2023-cü il tarixli ***-MFG*** saylıGirov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən xxxx MMC-əməxsus Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri ŞTQ,Firudin Əliyev ev2 ünvanda yerləşən, 16 sayda avadanlıq 1)Lazer kəsim avadanlıq, 2)Hərif büküm aparatı, 3)Audley Flatbed printer UV2513, 4)Mimaki SİJ 320, UV chap aparatı, 5)Mimaki UCJV300-160 UV chap kəsim aparatı, 6)Ayza Mızrak 380 Yatar, 7)Ayza Band 4 FR, 8) ZY1530 CNC Router 4.2 kw, 220V, Water Cooling, Ncstudia System, 9)Quruducu, 10)Stablizator, 11)Xortum, 12)Mişar, 13)Kompressor P13-500, 14)Tozsoran ikili Çin, 15)Tozsoran təkli Cin, 16)Puk Kaynak makinası olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə və 32.742,92 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq İddiaçı ASC-yə ödənilməsi və 257 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx MMC-dən, X2, Qanuni nümayəndə birgə qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 31.315,90 USD, ##.##.2025-ci il tarixə faiz borcu üzrə 1077,71 USD, ##.##.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 349,31 USD, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0, cəmi 32.742,92 USD, ödənilmiş dövlət rüsumunun əvəziolaraq 257 manat İddiaçı ASC-nin xeyrinə tutulması, ##.##.2023-cü il tarixli ***-MFG-*** saylı Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən xxxx MMC-ə məxsus Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri ŞTQ,Firudin Əliyev ev2 ünvanda yerləşən, 16 sayda avadanlıq 1)Lazer kəsim avadanlıq 2)Hərif büküm aparatı 3)Audley Flatbed printer UV2513 4)Mimaki SİJ 320, UV chap aparatı 5)Mimaki UCJV300-160 UV chap kəsim aparatı 6)Ayza Mızrak 380 Yatar 7)Ayza Band 4 FR 8) ZY1530 CNC Router 4.2 kw, 220V, Water Cooling, Ncstudia System 9)Quruducu 10)Stablizator 11)Xortum 12)Mişar 13)Kompressor P13-500 14)Tozsoran ikili Çin 15)Tozsoran təkli Cin 16)Puk Kaynak makinası olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə və 32.742,92 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq İddiaçı ASC-yə ödənilməsi və 257 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə bağlanmış ##.##.2023-cü il tarixli, ***-MF-*** №-li kredit müqaviləsinə əsasən xxxx MMCə illik 7 faiz olmaqla, 80.000 (səksən min) USD məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən xxxx MMC-ə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür.Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit xxxx MMC-əkredit xxxx ASCdən ##.##.2022-ci il tarixində, 100.000 USD götürülən kreditin Restrukturizasiyasıməqsədi ilə verilmişdir.Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 24 (iyirmi dörd) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə * saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir.Kreditin təminatı olaraq xxxx MMC-ə məxsus Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri ŞTQ,Firudin Əliyev ev2 ünvanda yerləşən, 16sayda avadanlıq 1)Lazer kəsim avadanlıq 2)Hərif büküm aparatı 3)Audley Flatbed printer UV2513 4)Mimaki SİJ 320, UV chap aparatı 5)Mimaki UCJV300-160 UV chap kəsim aparatı 6)Ayza Mızrak 380 Yatar 7)Ayza Band 4 FR 8) ZY1530 CNC Router 4.2 kw, 220V, Water Cooling, Ncstudia System 9)Quruducu 10)Stablizator 11)Xortum 12)Mişar 13)Kompressor P13-500 14)Tozsoran ikili Çin 15)Tozsoran təkli Cin 16)Puk Kaynak makinası ##.##.2023-cü il tarixli ***-MFG-*** saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur.Kreditin təminatı olaraq X2 ilə bağlanan ***-MFZ-*** saylı ##.##.2023-cü il saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.Kreditin təminatı olaraq Qanuni nümayəndə ilə bağlanan ***-MFZ-*** saylı ##.##.2023-cü il saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh xxxx MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə ##.##.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 31.315,90 USD, ##.##.2025-ci il tarixə faiz borcu üzrə 1077,71 USD, ##.##.2025ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu(cərimə) üzrə 349,31 USD, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla)0, cəmi 32.742,92 USD məbləğində borcu yaranmışdır.

19. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Bank İddiaçı ASC ilə borc alan cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2023-cü il tarixli, 113-MF*** №-li kredit müqaviləsinin şərtləri, o cümlədən aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə, maliyyə arayışında göstərilən ##.##.2025-ci il tarixinə və ekspert rəyinin verildiyi tarixə (ayrı-ayrı göstərilməklə) əsas və faiz borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli, */**** saylı rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ## ###### 2023-cü il tarixli, ***-MF-*** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 MMCnin İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, ## ###### 2025-ci il tarixinə - maliyyə arayışında göstərilən tarixinə: əsas borc üzrə 31 219.24 ABŞ dolları, faiz borcu üzrə 1 074.46 ABŞ dolları, ## ###### 2025-ci il tarixinə - müqavilə müddətinin bitdiyi tarixinə: əsas borc üzrə 31 219.24 ABŞ dolları, faiz borcu üzrə 1 639.01 ABŞ dolları, ## ###### 2026-cı il tarixə-ekspert rəyinin verildiyi tarixə 31 219.24 ABŞ dolları, faiz borcu üzrə 1639,01 ABŞ dolları müəyyən edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) aşağıdakılar qət edilmişdir: - İddia qismən təmin edilsin; - Cavabdehlər cavabdeh2 MMC-dən, X2, Qanuni nümayəndə müştərək qaydada 31219,24 ABŞ dolları əsas borc, 1074,46 ABŞ dolları faiz borcu, 349,31 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 32643,01 ABŞ dolları borc məbləği (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), dövlət rüsumunun əvəzi olaraq 256 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin; - Tələb üzrə tutma cavabdeh2 MMC-yə məxsus ##.##.2023-cü il tarixli ***-MFG-*** saylı Girov müqaviləsinnin predmeti olan ünvan 2 ünvanda yerləşən aşağıdakı əşyalara yönəldilsin, həmin əşyalar açıq hərracda satılsın: 1)Lazer kəsim avadanlıq 2)Hərif büküm aparatı 3)Audley Flatbed printer UV2513 4)Mimaki SİJ 320, UV chap aparatı 5)Mimaki UCJV300-160 UV chap kəsim aparatı 6)Ayza Mızrak 380 Yatar 7)Ayza Band 4 FR 8) ZY1530 CNC Router 4.2 kw, 220V, Water Cooling, Ncstudia System 9)Quruducu 10)Stablizator 11)Xortum 12)Mişar 13)Kompressor P13-500 14)Tozsoran ikili Çin 15)Tozsoran təkli Cin 16)Puk Kaynak makinası; - Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbi ödənilsin; - Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh cavabdeh2 MMC-yə qaytarılsın; - Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh2 MMC-dən, X2, Qanuni nümayəndə müştərək qaydada tutulsun; - Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər cavabdeh2 MMC-dən, X2, Qanuni nümayəndə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilsin.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğlərindən daha aşağıdır. Belə olan halda məhkəmə əsas və faiz borcunu ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.

23. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 349,31 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

25. Cavabdeh cavabdeh2 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

26. Cavabdeh cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini formal tətbiq etmiş, tələb olunan dəbbə pulunun cavabdehin maliyyə vəziyyəti və öhdəliyin faktiki icra səviyyəsi ilə müqayisədə tənasübünü tam araşdırmamışdır. Halbuki qeyd edilən maddəyə əsasən məhkəmə dəbbə pulunu azalda bilər və bunun üçün tərəflərin mənafeləri, borcun xarakteri və pozuntunun nəticələri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə girov predmetlərinə tutmanın yönəldilməsi məsələsində də Mülki Məcəllənin 295 və 296-cı maddələrinin tətbiqində formal yanaşma nümayiş etdirmişdir. Girov predmetlərinin ümumi dəyərinin tələb edilən borc məbləğindən əhəmiyyətli dərəcədə artıq olmasına baxmayaraq, məhkəmə tutmanın həcmi və proporsionallıq məsələsini qiymətləndirməmişdir. Bu isə mülki hüququn ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Məhkəmə tərəfindən ekspert rəyi formal şəkildə qiymətləndirilmiş, lakin ekspertiza ilə müəyyən edilmiş məbləğlərin hansı metodologiya ilə hesablandığı, hesablamalarda cavabdeh tərəfindən edilmiş ödənişlərin tam nəzərə alınıbalınmadığı ətraflı araşdırılmamışdır. Halbuki MPM-in 88-cimaddəsinə əsasən məhkəmə hər bir sübuta obyektiv və tam hüquqi qiymət verməlidir. Eyni zamanda məhkəmə girov predmetlərinə tutmanın yönəldilməsi məsələsini həll edərkən həmin əmlakların bazar qiymətinin hazırkı vəziyyət üzrə müəyyən olunmasını təmin etməmiş, əmlakların satışının cavabdeh üçün yarada biləcəyi disproporsional nəticələri araşdırmamışdır. Bu isə prosessual baxımdan işin hallarının natamam araşdırılması deməkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı və digər cavabdehlər tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. Cavabdeh cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ölkə xaricində olduğundan məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

31. Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində sərhədkeçmə məlumatları sorğu edilmiş və onun ##.##.2026-cı il tarixdə ölkə ərazisinə daxil olduqdan sonra ölkəni tərk etməsi aşkar edilməmişdir. Kollegiya işə Qanuni nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. ... Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. ...

Maddə 385.1. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...

Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Maddə 470.1. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...

Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...

Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

34. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 4. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri 4.1. Qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir: 4.1.1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi; ...

Maddə 8. Məcburi qiymətləndirmə halları

8.1. Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. ...

35. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu 3.1.Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 13.1. Yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ##.##.2023-cü il tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalana 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müqaviləyə * saylı əlavədə nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun müəyyən edilmişdir.

42. Kredit öhdəliyinin təminatı kimi X2 və Qanuni nümayəndə arasında zaminlik müqavilələri, habelə cavabdeh2 MMC-yə məxsus 16 ədəd avadanlıqlar barəsində girov müqaviləsi bağlanmışdır.

43. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində borcun yaranması iş materialları ilə müəyyən edilmişdir.

44. Birinci instansiya məhkəməsi borcun məbləğini yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən etməmiş, həmin məbləğin tam araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert qarşısında kredit müqaviləsinin şərtləri və borcalanın etdiyi ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun müəyyən edilməsi istiqamətində suallar qoyulmuşdur.

45. ##.##.2026-cı il tarixli */**** nömrəli ekspert rəyində hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınaraq ##.##.2025-ci il tarixinə əsas borcun 31.219,24 ABŞ dolları, faiz borcunun isə 1.074,46 ABŞ dolları olduğu müəyyən edilmişdir.

46. Ekspert tərəfindən müəyyən edilmiş əsas və faiz borcu iddiaçının tələb etdiyi məbləğdən daha aşağı olmuş və birinci instansiya məhkəməsi məhz iddia tələbində qeyd edilmiş məbləği əsas götürmüşdür.

47. Belə olduğu təqdirdə apellyasiya şikayətində ekspert rəyinin formal qiymətləndirilməsi və cavabdehin ödənişlərinin nəzərə alınmaması barədə irəli sürülən dəlil iş materialları ilə uyğunluq təşkil etmir.

48. Kollegiya qeyd edir ki, cavabdeh MMC ekspert rəyinin nəticəsi ilə razılaşmırsa, bu halda hansı ödənişin nəzərə alınmadığı, hansı hesablamanın səhv aparıldığı və həmin səhvin yekun borcun məbləğinə necə təsir etdiyni əsaslandırmalıdır.

49. Apellyasiya şikayətində isə ekspert tərəfindən nəzərə alınmadığı iddia edilən konkret ödəniş, onun tarixi və məbləği göstərilməmiş, ekspert rəyinin nəticəsini təkzib edə biləcək mötəbər sübutlar təqdim edilməmişdir.

50. Apellyasiya şikayətində göstərilən dəlillərdən biri də odur ki, cavabdeh onun faktiki maliyyə vəziyyətinin, kredit öhdəliyinin icrasına mane olmuş halların və tərəflər arasında mümkün restrukturizasiya imkanlarının araşdırılmadığını qeyd etmişdir.

51. Kollegiya həmin dəlili də əsaslı hesab etmir.

52. Çünki tərəflər arasında yaranmış mübahisənin predmetini kredit müqaviləsi üzrə artıq yaranmış və icra edilməmiş pul öhdəliyinin mövcudluğu və məbləği təşkil edir. Borclunun sonrakı dövrdə maliyyə vəziyyətinin ağırlaşması, bir qayda olaraq, onun müqavilə ilə üzərinə götürdüyü pul öhdəliyini aradan qaldırmır. Müqavilənin dəyişdirilməsi və ya borcun restrukturizasiyası tərəflərin iradəsindən asılı olan ayrıca hüquqi mexanizmdir. Tərəflər belə razılığa gəlmədikdə, məhkəmənin vəzifəsi mövcud müqavilədən yaranmış hüquq və vəzifələri müəyyən etmək və onların icrasına hüquqi qiymət verməkdən ibarətdir.

53. Apellyasiya şikayətinin digər bir dəlili də dəbbə pulunun tənasübsüz olması barədədir.

54. Cavabeh MMC hesab edir ki, birinci instansiya məhkəməsi 349,31 ABŞ dolları dəbbə pulunun cavabdehin maliyyə vəziyyətinə və öhdəliyin faktiki icra səviyyəsinə münasibətdə tənasüblülüyünü kifayət qədər araşdırmamışdır.

55. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin hüquqi məqsədi müqavilə azadlığını aradan qaldırmaq deyil, müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun konkret halda açıq-aşkar tənasübsüz nəticə yaratmasının qarşısını almaqdır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, dəbbə pulunun azaldılması üçün onun öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar uyğun gəlməməsi müəyyən edilməli, bu zaman öhdəliyin pozulma dərəcəsi, tərəflərin əmlak vəziyyəti və kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmalıdır.

57. Hazırkı işdə birinci instansiya məhkəməsi MM-in 467-ci maddəsini yalnız formal olaraq tətbiq etməmiş, tələb edilən dəbbə pulunun əsas borca nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini qiymətləndirmiş və 349,31 ABŞ dolları məbləğində dəbbə pulunun tənasübsüz surətdə yüksək olmadığı qənaətinə gəlmişdir.

58. Kollegiya nəzərə alır ki, əsas borc 31.219,24 ABŞ dolları olduğu halda tələb edilən dəbbə pulu cəmi 349,31 ABŞ dolları təşkil edir. Başqa sözlə, dəbbə pulunun məbləği əsas borcun təxminən 1,12 faizinə bərabərdir.

59. Bu formada müəyyən edilmiş dəbbə pulunun öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar uyğun gəlmədiyi və ya kreditorun mənafeyi ilə müqayisədə cavabdeh üçün qeyrimütənasib məsuliyyət yaratdığı qənaətinə gəlmək üçün əsas yoxdur.

60. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, girov predmetlərinin ümumi dəyəri tələb olunan borcun məbləğindən əhəmiyyətli dərəcədə artıq olduğundan bütün girov predmetlərinə tutmanın yönəldilməsi proporsionallıq prinsipinə uyğun deyildir.

61. Məhkəmə kollegiya bu dəlili də qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas verən hal hesab etmir.

62. Belə ki, iş materiallarında olan sənədlər müəyyən edilir ki, tərəflər ##.##.2023-cü il tarixli ***-MFG-*** nömrəli girov müqaviləsini bağlayaraq ümumi dəyəri 193.733,70 manat göstərilmiş 16 ədəd avadanlığı kredit öhdəliyinin təminatı kimi girovla yüklü etmişlər.

63. Hazırkı işdə kredit öhdəliyinin lazımınca icra edilmədiyi müəyyən edildiyindən girov saxlayanın girov predmetlərinə tutma yönəltmək hüququ yaranmışdır.

64. Kollegiya qeyd edir ki, girov predmetlərinin müqavilədə göstərilən ümumi dəyərinin borcun məbləğindən yüksək olması özlüyündə tutmanın yönəldilməsini istisna etmir.

65. Həmçinin, birinci instansiya məhkəməsi girov predmetlərinin bütün dəyərinin kreditorun mülkiyyətinə keçirilməsini qət etməmişdir. Qətnamə ilə həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən yalnız müəyyən edilmiş borcun ödənilməsi, borcdan artıq qalan məbləğin isə cavabdeh2 MMC-yə qaytarılması müəyyən edilmişdir.

66. Qanunvericlikdə nəzərdə tutulmuş bu mexanizm borcun məbləği ilə girov predmetlərinin dəyəri arasındakı fərqin cavabdehin zərərinə kreditorun əsassız varlanmasına çevrilməsinin qarşısını alır.

67. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, girov predmetlərinin müqavilə üzrə ümumi dəyərinin borcun məbləğindən artıq olması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir.

68. Apellyasiya şikayətinin başqa bir dəlili isə birinci instansiya məhkəməsi tərəfindən girov predmetlərinin hazırkı bazar qiymətininin müəyyən edilməməsi ilə bağlıdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

70. Hazırkı işdə girov predmetlərinin dəyəri borcun məbləğini müəyyən edən hal deyildir. Borcun məbləği kredit müqaviləsi, hesabdan çıxarışlar və ekspert rəyi əsasında müəyyən edilir. Girov predmetlərinin satılması isə qətnamənin icrası mərhələsində açıq hərrac vasitəsilə həyata keçirilir.

71. Kollegiya Mülki Məcəllənin 295 və 296-cı maddələrinin qarşılıqlı əlaqədə tətbiq edilməli olduğunu zəruri hesab edir. Mülki Məcəllənin 295-ci maddəsi girovla təmin edilmiş öhdəlik borclunun cavabdeh olduğu səbəblərdən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov saxlayanın girov predmetinə tutma yönəltmək hüququnun yaranmasını, 296-cı maddəsi isə həmin hüququn realizəsi qaydasını müəyyən edir. Göründüyü kimi həmin normalarda və ümumiyyətlə Mülki Məcəllənin girovla bağlı münasibətləri tənzimləyən digər normalarında girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə dair hər hansı göstəriş nəzərdə tutulmamışdır.

72. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi girov predmetinin ilkin satış qiymətini qətnamə ilə müəyyən etməməklə maddi hüquq normalarının tətbiq dairəsini düzgün müəyyən etmişdir.

73. Cavabdeh MMC-nin ekspert rəyinə formal qiymət verilməsi barədə dəlili də iş materialları ilə təsdiq edilmir.

74. Birinci instansiya məhkəməsi məhz əsas və faiz borcunun tam və obyektiv müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspertə kredit müqaviləsinin şərtləri və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla hesablamanın aparılması tapşırılmışdır. Ekspert hesabdan çıxarışları və müqavilə şərtlərini araşdıraraq müvafiq rəy vermişdir.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində ekspert rəyinin nəticələrini şübhə altına alan hər hansı sübut göstərilmədiyindən həmin dəlil formal xarakter daşıyır.

76. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

77. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

78. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

79. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar