Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-741/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Hesabalama Palatası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: dövlət büdcəsi vəsaiti hesabına güzəşt, güzəşt məbləğinin qaytarılması, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X5 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları
1. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Satıcı”), Cavabdeh (“Alıcı”) və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (“Müvəkkil Kredit Təşkilatı”) arasında bağlanmış ##.##.2020-ci il tarixli, AS**** nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı 50 baş “Morkaraman” cinsli xırdabuynuzlu heyvanı alıcının mülkiyyətinə verməyi, alıcı həmin heyvanların satış dəyərinin minimum 40 faiz hissəsini, müvəkkil kredit təşkilatı isə satış qiymətinin qalan hissəsini İddiaçı vəsaiti hesabına satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavəyə əsasən, alqı-satqının predmetini təşkil edən 50 baş xırdabuynuzlu heyvanın hər birinin satış qiyməti 790 manat olmaqla ümumi satış dəyəri 39 500 manat müəyyən edilmiş, * nömrəli Əlavədə isə həmin 50 baş heyvanın eyniləşdirilməsini təmin edən birka nömrələri göstərilmişdir.
3. Cavabdeh damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar ##.##.2020-ci il tarixli iltizamla İddiaçı vəsaiti hesabına verilmiş 50 baş “Morkaraman” cinsli xırdabuynuzlu heyvana saxlanma və qidalanma normalarına uyğun qulluq etməyi, onlarla bağlı müqavilələr üzrə öhdəliklərini mütəmadi icra etməyi, heyvanları üç il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi, ölkə hüdudlarından kənara çıxarmamağı və baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Həmin tələbləri pozduğu halda qanunvericiliyə və bağlanmış müqavilələrə uyğun məsuliyyət daşıyacağı, Agentliyin vəsaiti hesabına ödənilmiş güzəşt məbləğini qaytaracağı, həmçinin Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurduğu zərəri ödəyəcəyi barədə xəbərdar edildiyini qeyd etmişdir.
4. “xxxx” QSC tərəfindən kreditləşməsinə dair qərar qəbul edilmiş layihələr haqqında məlumata əsasən, alış qiyməti 39 500 manat olan 50 baş heyvanın ilkin ödəniş məbləği 16 275,50 manat, güzəşt məbləği 23 224,50 manat müəyyən edilmişdir.
5. Cavabdeh ##.##.2020-ci il tarixli ərizə ilə İddiaçı müraciət edərək, 50 baş “Morkaraman” cinsli xırdabuynuzlu heyvanın satış dəyərinin 40 faizinin onun tərəfindən ödənilməsi, gömrük dəyərinin 60 faizinə uyğun olan 23 224,50 manat məbləğində vəsaitin isə Agentliyin vəsaiti hesabına güzəşt edilməsini və “xxxx” QSC-də açılmış bank hesabına köçürülməsini xahiş etmişdir.
6. ##.##.2024-cü il tarixli akta əsasən, X4 qrupunun təqdim etdiyi siyahı üzrə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Cavabdeh məxsus heyvandarlıq təsərrüfatına monitorinq məqsədilə baxış keçirilmiş, baxış zamanı təsərrüfatda 200 baş ana qoyun, 35 baş törədici qoç və 95 baş quzudan ibarət “Morkaraman” cinsli xırdabuynuzlu heyvanların saxlanıldığı müəyyən edilmişdir.
7. ##.##.2025-ci il tarixli akta əsasən (aktın tərtib olunduğu yer Şamaxı rayonu kimi göstərilmişdir), Cavabdeh ayrılmış 23 224,50 manat məbləğində subsidiya vəsaitindən istifadə vəziyyətinin yoxlanılması məqsədilə monitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Lakin monitorinq zamanı Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılarkən, o, heyvanlara baxış keçirilməsi üçün hər hansı hüququn olmadığını bildirmiş, nəticədə təsərrüfata yerində baxış keçirilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 23 224,50 manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 576,28 manat olmaqla, cəmi 23 800,78 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2020-ci il tarixli iltizama əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə Agentliyə 23 224,50 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehə həmin pulun ödənilməsi məqsədilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan məbləği ödəməmişdir.
10. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iltizam üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, iddiaçı isə üçillik müddət başa çatdıqdan sonra iddia qaldırmışdır. O, qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli aktla onun təsərrüfatında “Morkaraman” cinsli 200 baş ana qoyun, 25 baş törədici qoç və 95 baş quzunun saxlanıldığı müəyyən edilmiş, bununla da öhdəlik müddəti ərzində heyvanları qoruyub saxladığı təsdiq olunmuşdur. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş digər aktın həqiqiliyini qəbul etməmiş, həmin aktın tərtibində iştirak etmədiyini və Şamaxı rayonunda təsərrüfatının olmadığını bildirmişdir. Həmin akt mötəbər hesab edilsə belə, onun fikrincə, üçillik öhdəlik müddəti başa çatdıqdan sonra tərtib edildiyindən hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir. Bu əsaslarla iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Hesablama Palatası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsinə dair yazılı mülahizəsində bildirmişdir ki, Palata tərəfindən AKIA-da damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə audit aparılmışdır. Audit zamanı “X1” MMC tərəfindən Cavabdeh satılmış 50 baş “Morkaraman” cinsli xırdabuynuzlu heyvanların alınmasına görə AKIA tərəfindən 23 224,50 manat məbləğində güzəşt vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Audit çərçivəsində aparılmış monitorinqlər zamanı ##.##.2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində təsərrüfata baxışın mümkün olmadığı, heyvanların Şamaxı rayonuna köçürüldüyünün bildirildiyi, ##.##.2024-cü il tarixdə isə təsərrüfata baxış zamanı 200 baş ana qoyun, 35 baş törədici qoç və 95 baş quzunun saxlanıldığı müəyyən edilmişdir. Lakin həmin heyvanların birka nömrələri müəyyən edilmədiyindən onların dövlət dəstəyi hesabına alınmış damazlıq heyvanlar olması təsdiq edilməmişdir. Palatanın ##.##.2024-cü il tarixli Qərarı ilə mövcudluğu təsdiq edilməyən damazlıq heyvanlar üzrə ayrılmış güzəşt vəsaitlərinin bərpası məqsədilə AKIA tərəfindən müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı ##.##.2025-ci il tarixdə Cavabdeh ayrılmış subsidiya vəsaitindən istifadənin vəziyyəti üzrə monitorinq keçirilmiş, lakin cavabdeh tərəfindən təsərrüfata baxış keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2020-ci il tarixli iltizam ##.##.2023-cü il tarixədək qüvvədə olmuşdur. Iş materiallarından və tərəflərin izahatlarından həmin müddət ərzində cavabdehin üzərinə götürdüyü öhdəliklərin icrasına dair hər hansı monitorinqin keçirilmədiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli aktı da mötəbər sübut kimi qiymətləndirsə belə, həmin aktın iltizamla müəyyən edilmiş üçillik müddət başa çatdıqdan sonra tərtib edildiyini qeyd etmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehin ##.##.2020-ci il tarixli iltizam üzrə öhdəlikləri pozması və həmin pozuntu nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
15. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları tam araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Iş materiallarından müəyyən olunur ki, 50 baş “Morkaraman” cinsli xırdabuynuzlu heyvana görə 23 224,50 manat subsidiya məbləği ##.##.2021-ci il tarixdə müvəkkil kredit təşkilatının hesabına köçürülmüşdür. Cavabdehin müqavilə və iltizamdan irəli gələn öhdəlikləri subsidiya vəsaitinin ayrıldığı tarixdən yaranmış və həmin tarixdən üçillik müddət hesablanmalıdır. Cavabdeh damazlıq heyvanların saxlanılması, qorunması və istifadəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, heyvanların ölümü, məcburi kəsimi və ya digər səbəblərdən təsərrüfatda olmamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəticədə Agentliyə 23 224,50 manat məbləğində zərər dəymişdir. Birinci instansiya məhkəməsi subsidiya vəsaitinin köçürülməsi faktını, monitorinq aktlarını, eləcə də digər sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir. Həmçinin, təsərrüfatda heyvanların identikləşdirilməsinin mümkün olmaması və birkasız heyvanların aşkar edilməsi ilə bağlı hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə qətnaməsinin faktiki hallara və qanunvericiliyin tələblərinə uyğun olmadığı, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi bildirilərək qətnamənin ləğv edilməsi tələb olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində nümayəndəsi (vəkili) olmuş vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
Maddə 367. Müddət anlayışı və müddətin müəyyənləşdirilməsi 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
Maddə 368. Müddətin başlanması Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
Maddə 369. Müddətin qurtardığını bildirən vaxt 369.1. Illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı aya bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməli və ya müəyyən hərəkətdən çəkinməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olmalıdır.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Maddə 405. Müqavilənin mühüm şərtləri 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtlərin pozulması başa düşülür.
23. Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş redaksiya) 4.1. Sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). 4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. 4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil təşkilata rəsmi məlumat verir. 4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti vəsaitdən istifadə edir. ... 6.2.2. Idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. ... 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyə rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində məqsədyönlü monitorinqlər aparır. 7.2. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; ... Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh dövlət vəsaiti hesabına damazlıq heyvanların alınmasına tətbiq edilən güzəştdən istifadə etmək məqsədilə müvəkkil kredit təşkilatı vasitəsilə Agentliyə müraciət etmiş, ərizəsinə dövlət dəstəyindən istifadənin şərtlərini qəbul etməsini təsdiq edən ##.##.2020-ci il tarixli iltizamı əlavə etmişdir. Müvəkkil kredit təşkilatı təqdim edilmiş sənədlərin ilkin uyğunluğunu yoxlayaraq onları Agentliyə göndərmiş, Agentlik isə müraciətə baxaraq güzəştin verilməsi barədə qərar qəbul etmiş və güzəşt məbləğinin müvəkkil kredit təşkilatı vasitəsilə ödənilməsini təmin etmişdir.
31. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh fərdi sahibkar olmaqla mübahisəli güzəştdən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə etmişdir. Mübahisə həmin sahibkarlıq fəaliyyəti üçün verilmiş güzəşt məbləğinin geri qaytarılmasından irəli gəldiyinə görə MPM-in 24.2 və 26.1-ci maddələri baxımından kommersiya mübahisəsidir.
32. Iş materiallarından görünür ki, cavabdeh dövlət vəsaiti hesabına tətbiq edilən güzəştdən istifadə etmək üçün Agentliyə ünvanlanmış ərizə və iltizam təqdim etmiş, Agentlik isə həmin müraciəti təmin edərək güzəşt məbləğinin müvəkkil kredit təşkilatı vasitəsilə ödənilməsini təmin etmişdir. Cavabdehin güzəştin müəyyən şərtlərlə verilməsinə dair iradəsini ifadə etməsi və Agentliyin həmin şərtlərlə maliyyələşdirməni həyata keçirməsi tərəflərin qarşılıqlı və uzlaşan iradə ifadələrini təşkil etmişdir. Bununla Agentliklə cavabdeh arasında Mülki Məcəllənin 389.1 və 390.1, 405.1 və 406.3-cü maddələrinin mənasında məqsədli güzəştin verilməsinə və ondan istifadə şərtlərinə dair, qanunvericilikdə ayrıca müqavilə növü kimi nəzərdə tutulmayan müqavilə bağlanmışdır. Müvəkkil kredit təşkilatının güzəştin verilməsi mexanizmində iştirak etməsi Agentliklə cavabdeh arasında yaranmış birbaşa müqavilə əlaqəsini istisna etmir.
33. Qaydanın mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 7.2-ci bəndi kredit müqaviləsinin şərtlərinin pozulması halında müvəkkil kredit təşkilatı tərəfindən kredit və faiz borcunun vaxtından əvvəl tələb edilməsini nəzərdə tutmuşdur. Hazırkı mübahisənin predmetini isə kredit və ya faiz borcu deyil, damazlıq heyvanların gömrük dəyərinin müəyyən hissəsinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi formasında tətbiq edilmiş güzəşt təşkil edir. Buna görə Agentliyin güzəşt məbləğinin geri qaytarılmasına dair tələb hüququ Qaydanın 7.2-ci bəndindən deyil, Agentliklə cavabdeh arasında bağlanmış müqavilədən və cavabdehin həmin müqavilə üzrə qəbul etdiyi öhdəliklərdən irəli gəlir.
34. Həmin müqaviləyə əsasən Agentlik damazlıq heyvanların əldə edilməsi üçün güzəşt məbləğini dövlət vəsaiti hesabına maliyyələşdirmiş, cavabdeh isə heyvanlara saxlanma və qidalanma normalarına uyğun qulluq etməyi, onlarla bağlı müqavilələr üzrə öhdəliklərini icra etməyi, heyvanları üç il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi, ölkə hüdudlarından kənara çıxarmamağı və baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliklərin pozulması güzəşt məbləğinin Agentliyə qaytarılması ilə əlaqələndirilmişdir. Buna görə iddiaçı tələbini maddi ziyanın əvəzinin ödənilməsi kimi ifadə etsə də, iddianın faktiki əsasını cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, hüquqi mahiyyətini isə həmin pozuntu nəticəsində güzəşt məbləğinin müqavilə əsasında geri qaytarılması təşkil edir.
35. Beləliklə, güzəşt normal icra şəraitində geri qaytarılmayan maliyyələşdirmə xarakteri daşısa da, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini pozması güzəşt məbləğinin Agentliyə qaytarılması barədə pul öhdəliyinin yaranmasına səbəb olur. Iddiaçı tələbini dəymiş maddi ziyanın əvəzinin ödənilməsi kimi ifadə etsə də, iddianın faktiki əsasını cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, hüquqi mahiyyətini isə həmin pozuntu nəticəsində güzəşt məbləğinin müqavilə əsasında geri qaytarılması təşkil edir. Buna görə iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün cavabdehin iltizamda nəzərdə tutulan konkret öhdəliklərdən hər hansı birini həmin öhdəliyin qüvvədə olduğu müddətdə pozub-pozmadığı araşdırılmalıdır.
36. Iltizamda üçillik müddətin başlanğıcı ayrıca təqvim tarixi ilə müəyyən edilməmişdir. Iltizamın məzmunu və üzərinə götürülmüş öhdəliklərin xarakteri nəzərə alındıqda həmin müddət güzəşt hesabına alınmış heyvanların cavabdehə təhvil verildiyi və onun faktiki sahibliyinə keçdiyi vaxtdan hesablanmalıdır. Belə ki, heyvanlara qulluq edilməsi, onların üçüncü şəxslərə verilməməsi, ölkədən çıxarılmaması və kəsilməməsi barədə öhdəliklərin heyvanların cavabdehə təhvil verilməsindən əvvəl icrası mümkün deyildir. Lakin iş materiallarından heyvanların cavabdehə konkret hansı tarixdə verildiyini müəyyən etmək mümkün deyildir.
37. Iddiaçı apellyasiya şikayətində güzəşt məbləğinin ##.##.2021-ci il tarixdə müvəkkil kredit təşkilatının hesabına köçürüldüyünü və cavabdehin iltizam üzrə öhdəliklərinin məhz həmin tarixdən yarandığını bildirmişdir. Bununla belə, iddiaçı həmin halın təsdiqi üçün apellyasiya şikayətinə əlavə etdiyi sənədin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bundan əlavə, həmin sənədin üzərində ödəniş tapşırığının bank tərəfindən icra edildiyini, vəsaitin müvafiq hesabdan silindiyini və təyinatı üzrə köçürüldüyünü təsdiq edən məlumatlar olmadığından, sənəd ##.##.2021-ci il tarixdə ödənişin faktiki həyata keçirildiyini təsdiq etmir.
38. Bununla belə, hətta iddiaçının özünün irəli sürdüyü və birinci instansiya məhkəməsinin qəbul etdiyi tarixdən daha gec olan ##.##.2021-ci il tarixi üçillik müddətin başlanğıcı kimi qəbul edilsə belə, həmin müddət ##.##.2024-cü il tarixdə başa çatmış olur. Müddətin müqavilənin bağlandığı və iltizamın verildiyi ##.##.2020-ci il tarixdən hesablanması isə onun ##.##.2023-cü il tarixdə başa çatması nəticəsini doğurardı.
39. Beləliklə, iddiaçının özünün irəli sürdüyü daha gec başlanğıc tarixi əsas götürüldükdə də, cavabdehin iltizamla üzərinə götürdüyü xüsusi davranış öhdəlikləri ən geci ##.##.2024-cü il tarixdə başa çatmışdır.
40. Iş materiallarından görünür ki, cavabdehin təsərrüfatı ilə bağlı ilk monitorinq cəhdi ##.##.2024-cü il tarixdə, yəni hətta iddiaçının göstərdiyi başlanğıc tarixinə əsasən hesablanan üçillik müddət başa çatdıqdan sonra həyata keçirilmişdir. Həmin vaxt heyvanların Şamaxı rayonuna köçürüldüyünün bildirilməsi də özlüyündə iltizam üzrə öhdəliklərin pozulmasını təsdiq etmir. Iltizam heyvanların ölkə daxilində başqa təsərrüfat yerinə aparılmasını qadağan etməmiş, onların üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verilməməsini və ölkə hüdudlarından kənara çıxarılmamasını nəzərdə tutmuşdur.
41. ##.##.2024-cü il tarixli aktla cavabdehə məxsus təsərrüfatda 200 baş ana qoyun, 35 baş törədici qoç və 95 baş quzunun saxlanıldığı müəyyən edilmiş, lakin onların birka nömrələri yoxlanılmadığından güzəşt hesabına alınmış heyvanlarla eyniləşdirmə aparılmamışdır. Həmin akt iltizam üzrə müddət başa çatdıqdan sonra tərtib olunduğuna görə cavabdehin üçillik müddət ərzində heyvanları üçüncü şəxslərə verdiyini, ölkədən çıxardığını, baytar rəyi olmadan kəsdiyini və ya digər formada iltizam üzrə öhdəliklərini pozduğunu təsdiq etmir. Birka nömrələri üzrə eyniləşdirmənin aparılmamasının birkaların olmamasından və ya cavabdehin hər hansı hərəkətindən, yaxud hərəkətsizliyindən irəli gəldiyi aktda göstərilmədiyindən, bu hal cavabdehin əleyhinə şərh oluna bilməz. Hətta təsərrüfatdakı heyvanların birka nömrələrinin müqavilənin * nömrəli Əlavəsində göstərilmiş birka nömrələri ilə üst-üstə düşmədiyi müəyyən edilsəydi belə, öhdəlik müddəti başa çatdıqdan sonra aparılmış monitorinq əvvəlki dövrdə iltizam üzrə öhdəliklərin pozulduğuna dair nəticə çıxarmaq üçün əsas ola bilməz.
42. Iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli akt da üçillik müddətin başa çatmasından uzun müddət sonra tərtib edilmişdir. Cavabdehin həmin tarixdə təsərrüfata baxış keçirilməsinə şərait yaratmaması da əvvəlki dövrdə iltizamın pozulduğunu təsdiq etmir. Belə ki, iltizamda cavabdehin üçillik müddət başa çatdıqdan sonra monitorinqə şərait yaratmaq öhdəliyi və bu öhdəliyin pozulmasının güzəşt məbləğinin qaytarılması nəticəsini doğurması nəzərdə tutulmamışdır.
43. Apellyasiya şikayətində cavabdehin heyvanların ölümü, məcburi kəsimi və ya digər səbəblərlə təsərrüfatda olmamasını təsdiq edən sübut təqdim etmədiyinə istinad edilməsi də əsaslı deyil. MPM-in 77.1-ci maddəsinə əsasən, cavabdehin iltizamda nəzərdə tutulmuş konkret öhdəliklərdən hər hansı birini üçillik müddət ərzində pozduğunu və güzəşt məbləğinin geri qaytarılması öhdəliyini doğuran halın baş verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdehin pozuntu baş vermədiyini sübut etməməsi iddiaçını öz tələbinin faktiki əsaslarını sübut etmək vəzifəsindən azad etmir.
44. Iddiaçı cavabdehin üçillik müddət ərzində heyvanlara lazımi qaydada qulluq etmədiyini, heyvanlarla bağlı müqavilə öhdəliklərini icra etmədiyini, heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verdiyini, ölkə hüdudlarından kənara çıxardığını, baytarın müsbət rəyi olmadan kəsdiyini və ya iltizamda güzəşt məbləğinin qaytarılması ilə əlaqələndirilmiş başqa konkret öhdəliyi pozduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Iddiaçının istinad etdiyi hallar isə üçillik müddət başa çatdıqdan sonra müəyyən edilmiş və əvvəlki dövrdə pozuntunun mövcudluğunu təsdiq etməmişdir.
45. Beləliklə, cavabdehin güzəştdən istifadə ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini üçillik müddət ərzində pozduğu və bununla güzəşt məbləğinin geri qaytarılması öhdəliyini doğuran halın baş verdiyi sübuta yetirilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir.
46. Iddia tələbi təmin edilmədiyindən, iddiaçının hüquqi yardıma görə çəkdiyini bildirdiyi 576,28 manat məbləğində xərcin cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.