Məhkəmə qərarları › İş №e-2-2(3-6)-751/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-751/2026

28.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-751/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmət oğlunun cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: korporativ mübahisə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı İsmət oğlunun cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən verilmiş ##.##.2019-cu il tarixli, **************** nömrəli çıxarışa əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ##.##.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, **************** nömrəli çıxarışa əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi (VÖEN: **********) üzrə təsisçilərin nizamnamə kapitalındakı pay bölgüsü aşağıdakı kimidir: X1 20%, İddiaçı İsmət oğlu 30%, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İsmayıl oğlu 10%, X2 20% və Qanuni nümayəndə 20%. ##.##.2019-cu il tarixli çıxarışa görə, kooperativin qanuni təmsilçisi Qanuni nümayəndə hesab edilir.

3. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 2-ci girişindəki 2, 50, 52 və ** nömrəli mənzillərə, habelə həmin binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyriyaşayış sahəsinə dair iddiaçı İddiaçı İsmət oğlunun adına tərtib edilmiş "xxxx" MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin təqdim edilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı İddiaçı İsmət oğlu (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra – cavabdeh) qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanda, çoxmərtəbəli binada 2-ci giriş, 2, 50, 52 və 76-cı mənzillərə və ünvan 1 ünvanda, çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinə dair iddiaçının adına tərtib edilmiş Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-nın 30 % paya münasibətdə payçısıdır. Kooperativ fəaliyyətə başladığı dövrdən etibarən payçı kimi mütləq və əlavə pay haqqını ödəmiş, kooperativin fəaliyyətinin genişləndirilməsində və təşkilində iştirak etmiş, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini və öhdəliklərini yerinə yetirmişdir. Eyni zamanda, iddiaçı İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli binada 2-ci giriş, 2, 50, 52 və 76-cı mənzillərin, habelə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsiev 17 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinin müqabilində Cavabdeh MTK-ya 1.500.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh MTK təsisçi-üzvləri tərəndən də qeyd edilən əmlakların iddiaçıya verilməsinə dair ümumi yığıncaqda qərar qəbuledilmişdir. Bundan sonra iddiaçı uzun müddət Azərbaycan Respublikasında olmamış, xarici ölkədə yaşamışdır. Son dövrdə kooperativ rəhbərliyi ilə iddiaçı arasında mübahisə yaranmış, belə ki, iddiaçı kooperativdən əldə etdiyi əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş sənədləri tələb etsə də, Cavabdeh MTK-nın sədri tərəfindən onun müraciətlərinə heç bir əhəmiyyət verilməmişdir. Hal-hazırda iddiaçı hesab edir ki, ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli binada 2-ci giriş, 2, 50, 52 və 76-cı mənzillərin, habelə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,Abbasqulu Abbaszadə küçəsiev 17 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş sənədlər, yəni ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının əsilləri ona təqdim edilməlidir. Ona görə də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ## ###### 2026-cı il tarixli, **/**-P nömrəli məktubda cavabdehin iddia tələbləri üzrə qeyd edilən sənədlərin əsllərinin texniki cəhətdən iddiaçıya təqdim edilməsinin mümkün olmadığını, lakin iddia ərizəsində qeyd edilənlərin həqiqət olduğunu bəyan etmiş və irəli sürülən iddianı etiraf etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddianın təmin edilməməsi qət edilmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili nümayəndə3 məhkəmə iclasındakı izahatında iddia ərizəsində göstərilən mənzillərin və qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi (ayrılması) barədə cavabdeh MTK tərəfindən keçirilmiş ümumi yığıncaqda qərar qəbul edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ümumi yığıncağın hansı tarixdə (il, ay, gün) keçirilməsi barədə məlumat verə bilməmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş ümumi yığıncağın qərarları arasında belə bir qərar aşkar edilməmişdir.

10. Cavabdeh tərəf məhkəməyə yazılı ərizə verib iddianı qəbul etdiyini bildirsə də, məhkəmə cavabdehin bu hərəkətini qəbul etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 əvvəlki məhkəmə iclasında adıçəkilən sənədlərin əsillərinin rəhbərliyin dəyişməsi səbəbindən hazırda cavabdehdə olmadığını, yalnız surətlərinin onlarda olmasını göstərmiş, məhkəmənin həmin sənədlərin məhkəməyə təqdim edilməsi barədə təklifi ilə razılaşda da, cavabdeh tərəf məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, kooperativin fəaliyyətinə dair məlumat almaq, onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvü kimi iddiaçının hüququ olsa da, iddia ərizəsində göstərilən və cavabdehdən tələb edilən sənədlərin ümumiyyətlə mövcudluğunu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün məhkəmə hesab etmişdir ki, irəli sürülən iddia tələbi təmin edilə bilməz.

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MTK məhkəməyə ünvanladığı ## ###### 2026-cı il tarixli, **/**-P nömrəli məktubunda iddia ərizəsində qeyd edilənlərin həqiqət olduğunu bəyan etmiş və irəli sürülən iddianı etiraf etmişdir. Cavabdeh həmin məktubda iddiaçı tərəfindən tələb olunan sənədlərin əsillərinin texniki cəhətdən iddiaçıya təqdim edilməsinin mümkün olmadığını bildirsə də, iddia ərizəsində göstərilən halların həqiqət olduğunu və iddianı etiraf etdiyini açıq şəkildə qeyd etmişdir. Cavabdeh tərəf iddianı etiraf etdiyi halda, məhkəmə bu etirafı əsassız olaraq qəbul etməmişdir. Məhkəmə iddianın rədd edilməsini tələb olunan sənədlərin mövcudluğunun təsdiq olunmaması ilə əsaslandırmışdır. Halbuki həmin sənədlərin mövcudluğu və iddia ərizəsində göstərilən faktların həqiqiliyi cavabdehin öz yazılı ərizəsi ilə təsdiq edilmişdir. İddiaçıCavabdeh MTK-da 30 faiz paya malik olan kooperativ üzvüdür. Bu hal məhkəmə tərəfindən də müəyyən edilmişdir. Kooperativ üzvü olan iddiaçının kooperativin fəaliyyəti, maliyyə və digər sənədləri ilə tanış olmaq, habelə onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri tələb etmək hüququ vardır. Məhkəmə iddiaçının kooperativ üzvü kimi hüququnu tanısa da, həmin hüququn real həyata keçirilməsini təmin etməmişdir. Məhkəmə bir tərəfdən iddiaçının kooperativ üzvü kimi sənədlərlə tanış olmaq hüququnun olduğunu qeyd etmiş, digər tərəfdən isə həmin hüququn təmin edilməsinə dair iddianı rədd etmişdir. Bu isə qətnamənin daxili ziddiyyətli olduğunu göstərir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

16. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. ...

Maddə 109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

Maddə 109-2. Kooperativin üzvləri ... 109-2.3. Kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər. ...

Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri ... 109-4.1.3. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır. ...

Maddə 111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. ...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. ... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları ... 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi ... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativində 30 faiz paya malik üzv olsa da, hazırkı iddianın predmeti ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 2-ci girişindəki 2, 50, 52 və ** nömrəli mənzillərin, habelə həmin binanın birinci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsinə dair onun adına tərtib edilmiş ümumi yığıncaq protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin təqdim edilməsindən ibarətdir.

24. Kollegiya qeyd edir ki, mübahisənin düzgün həlli üçün yalnız iddiaçının kooperativ üzvü olmasının müəyyən edilməsi kifayət deyil. İddianın təmin edilməsi üçün, ilk növbədə göstərilən daşınmaz əmlakların iddiaçıya ayrılması barədə müvafiq qərarın qəbul edilməsinin, həmin əmlakların əldə edilməsinə dair maliyyə arayışının verilməsini şərtləndirən ödənişin mövcudluğunun mötəbər sübutlarla təsdiq edilməsi tələb olunur.

25. Hazırkı halda iddiaçı iddiasının əsası kimi konkret mənzillərin və qeyri-yaşayış sahəsinin ona ayrıldığını və həmin əmlaklara görə cavabdehə 1.500.000 manat pul vəsaiti ödədiyini bildirmişdir. Lakin bu halları təsdiq edən müqavilə, ödəniş qəbzi, bank sənədi, ümumi yığıncağın müvafiq qərarı və yaxud digər mötəbər sübut təqdim edilməmişdir.

26. Birinci instansiya məhkəməsinin araşdırması zamanı da iddiaçının nümayəndəsi əmlakların iddiaçıya ayrılması barədə ümumi yığıncaq qərarının qəbul edildiyini bildirsə də, həmin qərarı təqdim edə bilməmiş, hətta ümumi yığıncağın keçirildiyi tarixi göstərə bilməmişdir. Dövlət Vergi Xidmətindən əldə edilmiş kooperativin ümumi yığıncaq protokolları arasında da mübahisə predmeti olan əmlakların iddiaçıya ayrılmasına dair qərarın mövcudluğu müəyyən edilməmişdir.

27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz mövqeyini mahiyyət etibarilə cavabdehin ## ###### 2026-cı il tarixli məktubunda iddianı etiraf etməsi ilə əsaslandırmışdır.

28. Mülki Prosessual Məcəllənin 52-ci maddəsinin mənasına görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi tərəfin iradəsinin təzahürü olsa da, belə etiraf məhkəmə üçün mübahisəsiz və birmənalı olaraq məcburi xarakter daşımır. Məhkəmə etirafın qanuna uyğunluğunu və onun başqa şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə təsirini yoxlamalıdır.

29. Hazırkı mübahisədə cavabdehin etirafının xüsusiyyəti ondan ibarətdir ki, həmin etiraf iddiaçının konkret daşınmaz əmlaklara dair hüquqlarının yaranmasına əsas ola biləcək sənədlərin mövcudluğu və onların iddiaçıya verilməsi ilə bağlı olsa da iş materiallarında bu münasibətin yaranmasını təsdiq edən sənədlər mövcud deyildir.

30. Bundan başqa, cavabdehin ## ###### 2026-cı il tarixli məktubunda bir tərəfdən iddia ərizəsində göstərilənlərin həqiqət olduğu və iddianın etiraf edildiyi bildirilsə də, digər tərəfdən tələb olunan sənədlərin əsillərinin texniki cəhətdən təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində sənədlərin əsillərinin rəhbərliyin dəyişməsi səbəbindən cavabdehdə olmadığını, yalnız surətlərinin mövcud olduğunu bildirsə də, məhkəmənin təklifinə baxmayaraq həmin surətləri də təqdim etməmişdir.

31. Belə olduğu təqdirdə cavabdehin ümumi xarakterli etirafında tələb olunan konkret sənədlərin həqiqətən tərtib edildiyini və onların mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin etirafının qəbul edilməməsi iddiaçının kooperativ üzvü olmasının və kooperativin fəaliyyəti barədə məlumat almaq hüququnun olduğunu inkar etmir. Başqa sözlə, iddiaçının kooperativ üzvlüyündən irəli gələn sənədlərlə tanış olmaq hüququnun mövcudluğu ilə hazırkı iddianın predmeti olan konkret mənzillərə və qeyriyaşayış

33. sahəsinə dair məhz iddiaçının adına tərtib edilmiş protokoldan çıxarış və maliyyə arayışının mövcudluğu ayrı-ayrı hüquqi məsələlərdir.

34. İş üçün mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmaması barədə dəlil də apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Əksinə, birinci instansiya məhkəməsi Dövlət Vergi Xidmətindən kooperativin ümumi yığıncaq protokollarını tələb etmiş, həmin sənədləri araşdırmış və onların arasında mübahisəli əmlakların iddiaçıya ayrılması barədə qərarın olmadığını müəyyən etmişdir. Apellyasiya instansiyasında da iddiaçı tərəfə öz tələbinin əsaslarını təsdiq edən sübutları təqdim etmək imkanı verilmiş, lakin belə sübutlar təqdim edilməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. İddiaçı öz tələbinin faktiki əsasını təşkil edən halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübut etməmiş, apellyasiya icraatında da bu nəticəni dəyişdirə biləcək mötəbər sübut təqdim etməmişdir.

36. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı İsmət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar