Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-761/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hüquqi şəxsə vurulan zərər, pulun tutulması) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“icarəyə verən”) ilə cavabdeh1 (“icarəçi”) arasında ##.##.2021-ci il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10 m2 hissəsini icarəçiyə verməyi, icarəçi isə hər ay ƏDV ilə birlikdə 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (icarəyə verən) ilə cavabdeh1 (icarəçi) arasında ##.##.2022-ci il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10 m2 hissəsini icarəçiyə verməyi, icarəçi isə hər ay ƏDV ilə birlikdə 200 manat icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC tərəfindən cavabdeh cavabdeh1 ödənilmədiyi iddia edilən, ümumi dəyəri 2 200 manat təşkil edən 11 elektron qaimə-faktura göndərilmişdir.
4. İddiaçı ASC-dən verilmiş kassa mədaxil orderi qəbzlərinə əsasən cavabdeh1 tərəfindən ##.##.2021-ci il tarixdə 200 manat, ##.##.2021-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat pul müvafiq aylar üçün icarə haqqı qismində ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2 200 manat pulun, həmçinin göstərilmiş hüquqi yardıma görə ödənilmiş 700 manat və dövlət rüsumu kimi ödənilmiş 47,70 manat pulun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərlik etdiyi dövrdə iddiaçının müxtəlif hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələrdə, habelə maliyyə, mühasibat və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bununla əlaqədar cavabdehdən mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, elektron məlumat daşıyıcılarının, anbar, bina və digər sahələrə aid açar və giriş vasitələrinin, video müşahidə sistemlərinə giriş imkanlarının, eləcə də iddiaçıya məxsus əsas vəsaitlərin təhvil verilməsi tələb edilmiş, lakin həmin tələblər yerinə yetirilməmişdir. Bundan başqa, cavabdehin rəhbərlik etdiyi dövrdə rəsmiləşdirilmiş elektron qaimələr üzrə ödənilməli olan icarə haqları hazırkı vaxtadək iddiaçının hesabına daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan kassa mədaxil orderləri ilə cavabdeh1 iddiaçı qarşısında 2 200 manat məbləğində icarə haqqı borcunun olmadığı təsdiq edilir və iddiaçı da iddia tələbinin azaldılması barədə ərizəsində bunu etiraf etmişdir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə keçmiş direktor cavabdeh2 zərərin əvəzinin tutulması və cavabdeh1 icarə haqqının tutulması barədə iki müstəqil tələb irəli sürülmüşdür. cavabdeh2 direktor vəzifəsini təsdiq edən təsis sənədləri təqdim edilməmişdir. Iddiaçının istinad etdiyi hallar isə Mülki Məcəllənin 49.4.5-ci maddəsi ilə tənzimlənən hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi ilə bağlıdır. Iş materiallarından icarəçilər tərəfindən ödənilmiş vəsaitlərin kassa mədaxil orderləri əsasında iddiaçının kassasına qəbul edildiyi müəyyən olunur. Həmin vəsaitlərin sonradan mənimsənilməsi və ya israf edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı zərərin mövcudluğunu müəyyən etmək məqsədilə audit keçirmək imkanına malik olduğu halda bunu etməmişdir. Buna görə də iddia tələbinin sübuta yetirilmədiyi qənaətinə gələrək onun təmin edilməməsi nəticəsinə gəlmişdir.
9. Iddiaçı İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi cavabdeh cavabdeh2 icarə haqqının tutulması ilə deyil, onun İddiaçı ASC-nin direktoru kimi hüquqi şəxsə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3 və 49.4.5-ci maddələri tətbiq edilməli idi. Məhkəmə cavabdehin hüquqi şəxsin əmlakının qorunması, maliyyə vəsaitlərinin idarə olunması və vicdanlı, ehtiyatlı davranmaq öhdəliklərinə hüquqi qiymət verməmiş, kassaya daxil olduğu iddia edilən vəsaitlərin cəmiyyətin bank hesabına köçürülməməsi, cəmiyyətdə faktiki olaraq kassa aparatının olmaması, bank çıxarışları ilə kassa mədaxil orderləri arasındakı ziddiyyətləri araşdırmamışdır. Formal kassa mədaxil orderlərinə üstünlük verilməklə bank çıxarışlarına lazımi sübut əhəmiyyəti verilməmiş, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, sübutetmə yükü əsassız olaraq iddiaçının üzərinə qoyulmuş, nəticədə maddi və prosessual hüquq normaları, o cümlədən Mülki Məcəllənin 49.3-49.5-ci və MPM-in 14.2-ci maddələrinin tələbləri pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçı və digər cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, digər cavabdeh cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 49. Hüquqi şəxsin orqanları ... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. ... 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. Iştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. Iştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.
Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; ... 107.6. Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni yalnız cavabdeh cavabdeh2 münasibətdə iddianın rədd edilməsinə dair hissədə mübahisələndirir və şikayətin dəlilləri də həmin hissəyə aiddir. Buna görə də məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində iddianın cavabdeh2 pulun tutulması hissəsinin rəddinə dair hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh cavabdeh2 iddiaçının direktoru olduğu dövrdə icarəçidən nağd qaydada qəbul edilmiş icarə haqlarının cəmiyyətin bank hesabına köçürülməsini təmin etməmiş, həmin vəsaitlərin hüquqi şəxsin maliyyə uçotunda və aktivlərində əks olunmasına nəzarət göstərməmiş və nəticədə cəmiyyətə zərər vurmuşdur. Iddiaçı bu halların Mülki Məcəllənin 49.3 və 49.4.5-ci maddələri üzrə cavabdehin məsuliyyətinə səbəb olduğunu bildirir.
23. Iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, icarə münasibətləri ##.##.2022-ci il tarixli müqavilə əsasında davam etdirilmişdir. cavabdeh1 tərəfindən müxtəlif tarixlərdə hər biri 200 manat olmaqla icarə haqları ödənilmiş və bu ödənişlər iddiaçının adından verilmiş kassa mədaxil orderi qəbzləri ilə rəsmiləşdirilmişdir.
24. Həmin qəbzlərdə hüquqi şəxsin adı və möhürü, habelə rəhbər və baş mühasib adından imzalar mövcuddur. Iddiaçı icarəçinin ödəniş etməsi faktını mübahisələndirmir və pulun təkrarən cavabdeh1 tutulmasını tələb etmir. Iddiaçının mövqeyi ondan ibarətdir ki, kassaya qəbul edilmiş vəsaitlər sonradan cəmiyyətin bank hesabına köçürülmədiyindən və hüquqi şəxsin maliyyə sənədlərində lazımi qaydada əks olunmadığından, həmin məbləğ cəmiyyətə dəymiş zərər kimi keçmiş direktor cavabdeh2 tutulmalıdır.
25. Cavabdeh cavabdeh2 mübahisəli dövrdə iddiaçı hüquqi şəxsin direktoru olması barədə sənədlər iş materiallarında olmasa da, bu fakt iş üzrə tərəflər arasında mübahisə doğurmur. Buna görə də həmin halın ayrıca təsis sənədləri ilə təsdiq edilməməsi şikayətin digər dəlillərinin mahiyyəti üzrə yoxlanılmasına mane olmur.
26. Mülki Məcəllənin 49.3-cü maddəsi hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxsin mənafeləri üçün vicdanla, peşəkar qaydada, məntiqlə və ehtiyatla hərəkət etmək, hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq vəzifəsini müəyyən edir.
27. Bununla yanaşı, hüquqi şəxsin fəaliyyətində maliyyə uyğunsuzluğunun və ya mənfi nəticənin aşkar edilməsi özlüyündə həmin dövrdə fəaliyyət göstərmiş rəhbərin şəxsi əmlak məsuliyyətinin yaranması üçün kifayət deyil. Rəhbərin hüquqi şəxsə vurulmuş zərərə görə məsuliyyətə cəlb edilməsi üçün Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan konkret hallardan birinin mövcudluğu, hüquqi şəxsə real zərər dəyməsi, rəhbərin hüquqa zidd hərəkəti və ya hərəkətsizliyi ilə həmin zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.
28. Iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 49.4.5-ci maddəsinə istinad edir. Həmin normaya görə, hüquqi şəxs adından çıxış edən şəxs özü, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün əmlak nemətlərinin təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakını mənimsədikdə və ya israf etdikdə vurulmuş zərərə görə məsuliyyət daşıyır.
29. Buna görə də hazırkı mübahisədə yalnız icarə haqlarının bank hesabına daxil olubolmaması deyil, kassaya qəbul edilmiş vəsaitlərin sonrakı hərəkəti, onların hüquqi şəxsin aktivləri tərkibində saxlanılıb-saxlanılmaması, cəmiyyətin fəaliyyəti üçün istifadə edilibedilməməsi, cavabdehin həmin vəsaitlər üzərində faktiki sərəncam verib-verməməsi və onların cavabdehin özü və ya digər şəxslər üçün əmlak neməti təmin edilməsi məqsədilə cəmiyyətin əmlakından çıxarılıb-çıxarılmaması müəyyən edilməlidir.
30. Iş materiallarından mübahisəli vəsaitlərin cavabdeh1 tərəfindən iddiaçının adından verilmiş kassa mədaxil orderi qəbzləri əsasında nağd qaydada ödənildiyi görünür. Beləliklə, həmin sənədlər pulun icarəçi tərəfindən verilməsini və iddiaçının kassasına qəbul edilməsinin rəsmiləşdirilməsini təsdiq edir. Lakin bu sənədlər pulun sonradan cavabdeh cavabdeh2 tərəfindən götürüldüyünü, onun şəxsi sərəncamına keçdiyini və ya cəmiyyətin mənafeyinə zidd istifadə edildiyini təsdiq etmir.
31. Pul vəsaitlərinin iddiaçının bank hesabında əks olunmaması da özlüyündə onların cavabdeh tərəfindən mənimsənilməsi və ya israf edilməsi nəticəsinə gəlmək üçün kifayət deyildir. Nağd qəbul edilmiş pul vəsaitinin bank hesabına köçürülməməsi həmin vəsaitin hüquqi şəxsin kassasında saxlanılması, təsərrüfat fəaliyyəti ilə bağlı xərclərə yönəldilməsi və ya başqa qaydada hərəkət etməsi imkanlarını istisna etmir.
32. Iddiaçının tələbinin təmin edilməsi üçün mübahisəli məbləğin hüquqi şəxsin əmlakından faktiki olaraq çıxdığı, cəmiyyətin mənafeyi üçün istifadə edilmədiyi, həmin vəsait üzərində məhz cavabdehin qanunsuz sərəncam verdiyi və bunun nəticəsində cəmiyyətin aktivlərinin müvafiq məbləğdə azaldığı mötəbər sübutlarla müəyyən edilməli idi.
33. Lakin iddiaçı tərəfindən mübahisəli dövr üzrə kassa kitabı, kassa qalığının inventarizasiyasına dair sənədlər, pul vəsaitlərinin mədaxil və məxaricini əks etdirən mühasibat registrləri, maliyyə hesabatları, təhvil-təslim aktları, mühasibat və ya audit yoxlamasının nəticələri, eləcə də pulun cavabdeh və ya digər şəxslər tərəfindən götürüldüyünü və hüquqi şəxsin fəaliyyəti üçün istifadə olunmadığını təsdiq edən başqa sübutlar təqdim edilməmişdir.
34. Kollegiya nəzərə alır ki, konkret bir sübutun təqdim edilməsi belə xarakterli tələbin təmin olunmasının məcburi şərti deyil. Bununla belə, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq istinad etdiyi zərərin mövcudluğunu, onun məbləğini, cavabdehin hüquqa zidd davranışını və həmin davranışla zərər arasındakı səbəbli əlaqəni audit rəyi və ya digər mötəbər maliyyə-mühasibat sübutları ilə təsdiq etməli idi.
35. Iddiaçının cəmiyyətdə nəzarət-kassa aparatının olmaması və mübahisəli ödənişlərin bank hesabında əks edilməməsi barədə dəlilləri də fərqli nəticəyə gəlməyə əsas vermir. Nəzarət-kassa aparatından istifadə edilməməsi vergi və maliyyə intizamı baxımından ayrıca hüquqi nəticələr yarada bilər. Lakin bu hal kassa mədaxil orderlərini avtomatik olaraq etibarsız etmir və kassaya qəbul edilmiş pulun direktor tərəfindən mənimsənildiyini sübut etmir. Həmin sənədlərin sübut əhəmiyyəti iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
36. Direktorun hüquqi şəxsin maliyyə fəaliyyətinə ümumi rəhbərlik və nəzarət etməsi onun rəhbərlik etdiyi dövrdə yaranmış hər bir mühasibat uyğunsuzluğuna, uçot pozuntusuna və ya bank hesabında əks olunmayan hər bir əməliyyata görə avtomatik olaraq şəxsi əmlak məsuliyyəti daşıması demək deyildir. Belə məsuliyyət yalnız qanunda nəzərdə tutulan əsasların və mülki məsuliyyətin zəruri elementlərinin konkret sübutlarla təsdiq edildiyi halda yarana bilər.
37. Hazırkı işdə isə mübahisəli pul vəsaitlərinin cavabdeh cavabdeh2 faktiki sərəncamına keçməsi, onun özü və ya digər şəxslər üçün əmlak neməti təmin edilməsi məqsədilə cəmiyyətin əmlakından çıxarılması, israf edilməsi və ya başqa formada cəmiyyətin mənafeyinə zidd istifadə olunması müəyyən edilməmişdir.
38. Beləliklə, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 Mülki Məcəllənin 49.4.5-ci maddəsi üzrə məsuliyyət daşıması üçün zəruri olan hallar, o cümlədən hüquqa zidd hərəkət, real zərər və səbəbli əlaqə sübuta yetirilməmişdir.
39. Buna görə də birinci instansiya məhkəməsi iddianın cavabdeh cavabdeh2 qarşı hissəsini rədd etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
40. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.
42. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.