Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-764/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ##.##.2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsi üzrə 11 433,36 manat əsas borc, 817,5 manat faiz borcu olmaqla, cəmi 12 250,86 manat məbləğində pulun və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 11 433,36 manat əsas borc, 316,16 manat faiz borcu olmaqla, cəmi 11 749,52 manat məbləğində pulun və ödənilmiş 125,25 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
3. Qətnamədən cavabdehlər cavabdeh4 MMC və cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi zamanı dövlət rüsumu ödənilməmişdir. Belə ki, şikayətə əlavə edilmiş ********** nömrəli qəbz digər cavabdeh cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə aid olmuşdur. Halbuki, cavabdeh cavabdeh3 apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsi üzrə müəyyən edilmiş 127 manat dövlət rüsumunun 50 faizi miqdarında, yəni 63,50 manat dövlət rüsumu ödəməli idi.
6. Cavabdeh cavabdeh3 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilərək işə apellyasiya qaydasında baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir
7. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti cavabdeh4 MMC və onun direktoru cavabdeh3 tərəfindən eyni məhkəmə aktından və eyni hüquqi əsaslarla verilmişdir. Dövlət rüsumunun yalnız hüquqi şəxsin adına ödənilməsinə görə şikayətin geri qaytarılması əsassız formal yanaşmadır. Belə ki, tərəflərin vahid hüquqi marağı və prosessual vəziyyəti nəzərə alınaraq ödənilmiş dövlət rüsumu kifayət hesab edilməli idi. Əks yanaşma şəxslərin məhkəməyə çıxış hüququnu məhdudlaşdırır.
8. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 361. Apellyasiya şikayətinin məzmunu ... 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. ... Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Iş materiallarından görünür ki, qətnamədən ilk olaraq cavabdeh cavabdeh4 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayətin verilməsi ilə bağlı 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz № **********). Daha sonra digər cavabdeh cavabdeh3 tərəfindən də qətnamədən apellyasiya şikayəti verilmiş, lakin həmin şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən ayrıca sənəd deyil, cavabdeh4 MMC tərəfindən təqdim edilmiş eyni qəbz əlavə olunmuşdur.
13. Cavabdeh cavabdeh3 şikayətində onun cavabdeh4 MMC-nin direktoru olması, tərəflərin vahid hüquqi maraq çərçivəsində çıxış etməsi və eyni prosessual mövqeyə malik olması nəzərə alınmaqla, cavabdeh4 MMC tərəfindən ödənilmiş dövlət rüsumunun onun verdiyi apellyasiya şikayəti üzrə də yetərli hesab edilməli olduğunu qeyd etmişdir.
14. Kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar cavabdeh3 tərəfindən ayrıca verilmiş apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsini təsdiq etmir. cavabdeh3 cavabdeh4 MMC-nin direktoru olması onun hazırkı işdə ayrıca cavabdeh və müstəqil prosessual subyekt kimi iştirak etməsini aradan qaldırmır. Nəzərə alınmalıdır ki, cavabdeh3 həmin apellyasiya şikayətini hüquqi şəxsin qanuni təmsilçisi kimi yox, maddi hüquq münasibətlərində zamin olmaqla, hazırkı iş üzrə də müstəqil cavabdeh kimi vermişdir.
15. Bununla yanaşı, hazırkı məsələnin həlli baxımından həlledici hal dövlət rüsumunun məhz hansı şəxsin hesabından ödənilməsi deyil, təqdim edilmiş ödəniş sənədinin konkret apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənildiyini təsdiq edib-etməməsidir. Iş materiallarından müəyyən olunur ki, ********** nömrəli qəbz üzrə 64 manat məbləğində ödəniş cavabdeh4 MMC tərəfindən daha əvvəl verilmiş apellyasiya şikayətinə aid edilmiş və həmin şikayətə əlavə olunmuşdur.
16. cavabdeh4 MMC və cavabdeh3 qətnamədən birgə deyil, ayrı-ayrılıqda apellyasiya şikayətləri verdiklərindən, həmin şikayətlərin hər biri MPM-in 361-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə ayrıca cavab verməlidir. Bir apellyasiya şikayətinə aid edilmiş ödəniş sənədi eyni zamanda digər şəxsin ayrıca verdiyi apellyasiya şikayəti üzrə də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz.
17. Cavabdehlərin qətnamənin ləğvində üst-üstə düşən hüquqi marağa malik olmaları və apellyasiya şikayətlərini oxşar, yaxud eyni dəlillərlə əsaslandırmaları bu nəticəni dəyişmir. Belə marağın mövcudluğu onların ayrı-ayrılıqda təqdim etdikləri apellyasiya şikayətlərini vahid prosessual müraciətə çevirmir və yalnız bir şikayətə görə edilmiş dövlət rüsumu ödənişinin digər şikayət üzrə də ödənilmiş hesab edilməsinə əsas vermir.
18. Beləliklə, cavabdeh4 MMC-nin apellyasiya şikayətinə əlavə edilmiş ********** nömrəli qəbz yalnız həmin şikayət üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edir. cavabdeh3 ayrıca verdiyi apellyasiya şikayətinə isə həmin şikayət üzrə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə birinci instansiya məhkəməsinin apellyasiya şikayətini MPM-in 363.1.2-ci maddəsinə əsasən geri qaytarması qanuni və əsaslı olmuşdur. MPM-in 363.4-cü maddəsi qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən apellyasiya şikayəti verilməsini istisna etmir. Bu səbəbdən şikayətin məhkəməyə çıxış hüququnun əsassız məhdudlaşdırılması barədə dəlili qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
19. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.