Məhkəmə qərarları › İş №e-2-2(3-6)-779/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-779/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-779/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: alğı-satqı müqaviləsi, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətinə qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilə üzrə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixli *** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə "Satıcı" Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan * saylı Əlavədə göstərilən malları (bundan sonra "Mal" adlanacaq) "Alıcıya" satmağı, "Alıcı" isə Malı qəbul edib onun dəyərini "Satıcıya" ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.3.1-ci bəndinə əsasən "Satıcı" tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarına və bu müqavilənin şərtlərinə uyğun gəlməyən Mal verildikdə həmin Malı dərhal "Satıcıya" geri qaytarır və yenisi ilə əvəz olunmasını tələb edir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixli EBDJ seriyalı ****** nömrəli 1893,9 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli 58025 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli 34455,15 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2401 seriyalı ******** nömrəli 4620 manat məbləğində e-qaimələr göndərilmişdir.

4. Köçürmələrin aparılması barədə bildirişə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin ƏDV hesabına ##.##.2023-cü il tarixində 288,90 manat məbləğində, ##.##.2023-cü il tarixində 8851,27 manat məbləğində, ##.##.2024-cü il tarixində 704,75 manat məbləğində, ##.##.2026-cı il tarixində isə 2627,94 manat məbləğində ödənişlər edilmişdir.

5. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ##.##.2023-cü il tarixli ödəniş tapşırığına təyinatı ##.##.2023-cü il tarixli EBDJ seriyalı ****** nömrəli e-qaimə göstərilməklə əsasən 1605 manat məbləğində, ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən təyinatı ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə göstərilməklə 49173,74 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən təyinatı ##.##.2024-cü il tarixli MT2401 seriyalı ******** nömrəli e-qaimə göstərilməklə 3915,28 manat məbləğində, ##.##.2026-cı il tarixli ödəniş tapşırığına əsasən təyinatı ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə göstərilməklə 14599,64 manat məbləğində ödəniş edilmişdir.

6. Cavabdeh MMC ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi PHŞ arasında ****/TS-** nömrəli mallar üzrə satınalınma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərini yerinə yetirərək, Sifarişçiyə təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər) İcraçının təkliflər sorğusu təklifinə və Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların Müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Cavabdeh MMC Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi PHŞnə ##.##.2023-cü

7. il tarixli təhvil-təslim aktına əsasən 391302,16 manat məbləğində, ##.##.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 378895,40 manat məbləğində, ##.##.2024cü il tarixli təhvil təslim aktına əsasən 163123,55 manat məbləğində, ##.##.2024-cü il tarixli təhvi-təslim aktına əsasən 95637,82 manat məbləğində mallar təhvil vermişdir.

8. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi PHŞ-nə ünvanlanan şifahi sorğuya ##.##.2026-cı il tarixdə cavab olaraq bildirilmişdir ki, təchiz edilmiş mallar istifadə olunmamış, yeni vəziyyətdə olmuş və zavod istehsalı olan orjinal qablaşdırmada təqdim edilmişdir. Sözügedən avadanlıqların quraşdırılması və istismara hazırlanması işləri tərəflərindən həyata keçirilməmiş, həmin işlər mövcüd müqavilə münasibətlərinə uyğun olaraq qarşı tərəfin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən yerinə yetirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş mallar üzrə 29199,28 manat əsas borcun, 5255,87 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə hesablanmış 3302 manat faiz borcu məbləği olmaqla, ümumilikdə 37757,15 (otuz yeddi min yeddi yüz əlli yeddi manat 15 qəpik) pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 (iki yüz altı) manat məbləğində pulun, müvəqqəti təminat tədbirinin verilməsinə görə ödənilmiş 59 (əlli doqquz) manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMCyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixli, *** saylı müqavilə ilə elektrik məhsullarının alğı-satqısı üzrə uzunmüddətli əməkdaşlıq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ilkin olaraq ##.##.2023-cü il tarixli, *** saylı alğı-satqı müqaviləsi əsasında satılmış mallarla bağlı ##.##.2023-ü il tarixli, EBDJ seriyalı ****** nömrəli e-qaimə üzrə 1893,90 manat məbləğində (1605 manat əsas məbləğ, 288.90 manat məbləğində ƏDV ödənişi edilmiş), ##.##.2023-cü il tarixli, EBDT seriyalı ****** nömrəli e-qaiməyə əsasən 58025,01 manat məbləğində (49173,74 manat əsas məbləğ, 8851,27 manat məbləğində ƏDV ödənişi edilmiş), ##.##.2024-cü il tarixli, MT2401 seriyalı, ******** nömrəli e-qaimə üzrə 4620,0304 manat məbləğində (3915,28 manat əsas məbləğ, 704.75 manat məbləğində ƏDV ödənişi edilmiş) elektron qaimə fakturalar göndərilmişdir. Göründüyü kimi cavabdeh MMC ilə olan razılaşmaya əsasən malların alqı-satqısını həyata keçirilməsi inkar edilməmiş, ona göndərilmiş elektron qaimələr üzrə ödənişlər edilmişdir. Aralarında yaranmış işgüzar münasibətlər bu formada davam etmişdir. ##.##.2023-cü il tarixli *** saylı müqavilə üzrə cavabdehə ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli 34455,15 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin 34455,15 manatın məbləğin 29199,28 manat hissəsi əsas borc, 5255,87 manat hissəsi isə ƏDV borcu olmuşdur. Lakin, ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli elektron qaimə ilə bağlı cavabdeh tərəfindən səbəbsiz olaraq ödəniş yerinə yetirilməmiş, heç bir etiraz edilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı da, hər hansı irad bildirilməmişdir. Sonradan bəlli olmuşdur ki, cavabdehin yuxarıda istinad edilən müqaviləni imzalamaması təsadüf olmamış, bu üsulla öhdəliklərin tam icrasından yayınmaq məqsədi güdülmüşdür. Lakin, cavabdehin müqavilədə imzasının olmaması onu müqavilə öhdəliklərindən azad edə bilməz. Elektron qaimə-fakturalardan da aydın şəkildə göründüyü kimi fakturaların Əlavə qeydlər başlıqlı hissəsində müqavilə nömrəsi 179, tarix isə ## #### 2023 kimi göstərilmişdir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilənin (##.##.2023-cü il tarixli EBDT****** saylı eqaimə istinad olunan) 2.4.3-cü bəndinə əsasən cavabdehin iddiaçıdan qəbul etdiyi malın müqavilənin 3.1ci bəndi ilə müəyyən edilmiş dəyərini müqavilənin 3.2-ci bəndində göstərilən müddətə və qaydada ödəməsi vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı müqavilənin ümumi dəyərininin 100%-ni müqavilə imzalandıqdan sonra 10 gün ərzində satıcıya ödəyir.. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 3.10-cu bəndinə əsasən, elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Qeyd edilən qaydaların müddəalarının qarşılıqlı təhlilindən də anlaşıldığı kimi cavabdeh ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı bununla bağlı öz etirazlarını bildirə bilərdi. Lakin, bu halların da heç biri baş verməmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Vurğulanmalıdır ki, əgər həqiqətən də cavabdehə heç bir mal təhvil verilməsəydi, ##.##.2023-cü il tarixli, digər EBDT seriyalı ****** nömrəli e-qaimə üzrə göndərilmiş 58025,01 manat məbləğində mallar ilə bağlı borc məbləği ödənilməzdi. Lakin, yaranmış borc məbləği barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş ədilməmişdir. Sonuncu dəfə MMC-yə 34455,15 manat əsas borcun (ƏDV daxil), gecikdirilmiş əsas borca illik 5 faizlə hesablanmış 3302 manat borc məbləğinin, 237739 manat penya məbləğinin qısa zaman ərzində Cavabdeh MMC-yə ödənilməsi barədə pretenziya məktubu ünvanlanmış, lakin məktuba bu günə kimi heç bir məhəl qoyulmamışdır.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən müqavilə üzrə təchiz edilmiş mallar üzrə 29199,28 manat əsas borcun, 5255,87 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə hesablanmış 3742 manat faiz borcu məbləği olmaqla, ümumilikdə 38197,15 (otuz səkkiz min bir yüz doxsan yeddi manat 15 qəpik) pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olaraq 206 (iki yüz altı) manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun, ##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat pulun, ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbirinin görülməsinə dair ikinci ərizənin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 22 (iyirmi iki) manat pulun və iddia tələbinin həcminin artırılmasına dair ərizənin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir manat) manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC -yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə təchiz edilmiş mallara görə yaranmış borcun bir hissəsi cavabdeh tərəfindən artıq ödənilmişdir. Belə ki, təchiz edilmiş mallara görə 29.199,28 manat əsas borcun, 5.255,87 manat ƏDV borcunun yarısı ##.##.2026-cı il tarixli ödəniş tapşırığı, yəni 14599.67 manat əsas məbləğ və 2627.94 manat ƏDV borcu tərəfimizdən iddiaçının bank hesabına köçürülmüşdür. Həmin Ödəniş müqavilə öhdəliyinin icrası istiqamətində edilmiş real ödəniş olmaqla borcun müvafiq hissəsinin artıq mövcud olmadığını təsdiq edir. Müqavilə üzrə cavabdehə təqdim edilmiş malların bir hissəsi keyfiyyətsiz və texniki tələblərə cavab verməyən vəziyyətdə olmuşdur. Halbuki tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli *** nömrəli alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən satıcının alıcıya satdığı malların keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının şərtlərinə uyğun olmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin ən vacib şərtlərindən biri pozulmuşdur. Bunu sübutedən fakt isə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən cavabdehə ünvanlanmış məktubdur. Həmin ##.##.2025ci il tarixli məktubda qeyd edilir ki, Agentlik ilə Cavabdeh MMC arasında Agentliyə məxsus mobil bazaların salınması işlərinin yerinə yetirilməsi barədə satınalma müqaviləsi bağlanılmışdır. Bildirilir ki, sözügedən müqavilələr çərçivəsində təhvil verilmiş avadanlıqlarda nasazlıqlar müəyyən edilmişdir. (##.##.2025-ci il tarixli məktub əlavə olunur). Daha sonra tərəflərindən həmin qüsurların aradan qaldırılması üçün İddiaçı MMC-yə ##.##.2025-cİ il tarixli məktub ünvanlanmşdır. Həmin məktubda sadalanan avadanlıqlarda yaranmış nazaslıqların 2 (iki) gün ərzində aradan qaldırılmasını tələb edilmişdir. Lakin iddiaçı tərəfindən həmin məktuba heç bir müsbət və ya mənfi bir cavab verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Belə olan halda, qüsurlu və istifadəyə yararsız mallara görə cavabdehdən ödəniş tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı öz öhdəliyini lazımi qaydada icra etmədiyindən, həmin hissə üzrə pul tələbi təmin oluna bilməz. Eyni zamanda qeyd edilməlidir ki, borcun bir hissəsi artıq ödənildiyindən, həmin məbləğ üzrə iddia tələbi predmetdən düşmüş hesab olunmalıdır. Buna uyğun olaraq, ödənilmiş məbləğə görə faiz və ya digər maliyyə sanksiyalarının hesablanması da hüquqi əsasdan məhrumdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsini xahiş edir.

10. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ##.##.2023-cü il tarixli *** nömrəli müqaviləyə əsasən ##.##.2023cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə üzrə təchiz edilmiş mallar üzrə 14599,64 manat əsas borcun, 2627,93 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə hesablanmış 3742 manat faiz borcu məbləği olmaqla, ümumilikdə 20969,57 (iyirmi min doqquz yüz altmış doqquz manat 57 qəpik) pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olaraq 206 (iki yüz altı) manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun, ##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat pulun, ##.##.2026-cı il tarixli (məhkəməyə daxil olma tarixi: ##.##.2026) müvəqqəti təminat tədbirinin görülməsinə dair ikinci ərizənin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 22 (iyirmi iki) manat pulun və iddia tələbinin həcminin artırılmasına dair ərizənin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə üzrə ədv daxil 17227,57 manat əsas borc məbləği, borcun ödənişin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 2082 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 19309,57 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 231 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, göründüyü kimi iddiaçının tələbi dəqiq olaraq bir e-qaimə üzrədir və həmin e-qaimə üzrə təxminən 50% ödəniş belə cavabdeh tərəfindən həyata keçirilib. Hazırkı iddianın məhkəməyə verilməsinə qədər cavabdeh tərəfindən iddiaçıya qüsurların aradan qaldırılması və ya qüsurlu malların dəyişdirilməsi barədə iki il ərzində hər-hansı iddia məhkəməyə verilməmiş, hazırkı iddia veriləndən sonra cavabdeh tərəfindən ödənişlər belə həyata keçirilmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil 17.227,57 manat ödənilməmiş borcu qalmışdır.

13. İddiaçı tərəfindən cavabdehə ##.##.2023-cü il tarixli e-qaimə əsasında mallar verilsə də, həmin malların bir qisminin ödənişləri bu günə kimi tamamlanmadığı üçün, borcun (17227,57 manat) ödənişinin gecikdirilməsinə görə illik 5% ilə (2 il 5 ay üçün) hesablanmaqla 2082 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə malların faktiki təhvil verilmə vaxtı, onların istifadə olunma vəziyyəti, qüsurların hansı mərhələdə yarandığı, eləcə də bu qüsurların kim tərəfindən aradan qaldırıldığı kimi mühüm faktiki halları da aydınlaşdırmamışdır. Halbuki üçüncü şəxs olan qurumun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda malların qüsurlu olduğunu və həmin qüsurların cavabdeh tərəfindən aradan qaldırıldığını təsdiq etmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən borcun bir hissəsinin ödənilməsi faktı nəzərə alınsa da, məhkəmə həmin ödənişin hüquqi nəticələrini, yəni iddia tələbinin bu hissədə predmetdən düşməsini və buna uyğun olaraq faiz hesablanmasının yolverilməzliyini tam araşdırmamışdır. Məhkəmə cavabdeh tərəfindən irəli sürülmüş əsaslı etirazları, xüsusilə də təchiz edilmiş malların keyfiyyətsiz olması ilə bağlı təqdim edilmiş sübutları lazımi qaydada qiymətləndirməmişdir. İş üzrə ekspertiza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda təhvil verilmiş avadanlıqlarda nasazlıqların mövcudluğu açıq şəkildə göstərilsə də, məhkəmə həmin sübutun hüquqi əhəmiyyətini nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mallar cavabdehə tam qüsursuz təhvil verilib. Məhkəmədə icraat gedən zaman cavabdeh tərəf məbləğin bir hissəsini ödəmişdir. Bu da borcun olduğunu subut edir. Cavabdehin keçmiş qanuni təmsilçi ilə onlar arasında olan “whatsapp” tətbiqi üzərindən yazışmalarında borcun etirafı sübut olunur. Malların qüsurlu olması ilə bağlı heç bir qüsur aktı tərtib olunmamışdır.

18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, ##.##.2025-ci il tarixdə Cavabdeh MMC-yə məktub göndərilmiş, avadanlıqların nasaz vəziyyətdə olunması qeyd olunmuşdur. Cavabdeh MMC tərəfindən əməkdaşlar gəlmiş və qeyd olunan nasazlıqlar aradan qaldırılmışdır.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi-vəkili vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bimədiyini və bu səbəbdən iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə ərizəsinə münasibətdə kollegiya qeyd edir ki, nümayəndə səhhətində yaranmış problemə istinad etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, həmçinin məhkəmə iclasında açıqlamaq istədiyi mühüm məsələlərin konkret nədən ibarət olduğunu göstərməmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ...

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...

Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. ...

Maddə 579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. ...

Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında malların alğısatqısına

26. dair müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəlikləri tam olaraq yerinə yetirilməmişdir.

27. Cavabdehin malların qüsurlu olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsn ##.##.2025-ci il tarixli məktubu və cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktub mövcuddur. Buna baxmayaraq, həmin sənədlər mübahisəli malların cavabdehə verildiyi anda qüsurlu olduğunu və ya sonradan aşkar edilmiş nasazlıqların məhz satıcının məsuliyyət dairəsinə aid səbəblərdən yarandığını təsdiq etmir.

28. Müqavilənin 2.3.1-ci bəndinə əsasən satıcı tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarına və müqavilənin şərtlərinə uyğun gəlməyən mal verildikdə alıcı həmin malı dərhal satıcıya geri qaytarmalı və yenisi ilə əvəz olunmasını tələb etməlidir. İş materiallarından isə mübahisəli ##.##.2023-cü il tarixli e-qaimə üzrə malların bu qaydada dərhal iddiaçıya qaytarılması və onların yenisi ilə əvəz olunmasının tələb edilməsi müəyyən edilmir. Cavabdehin uzun müddətdəm sonra, yəni ##.##.2025-ci il tarixli məktubunda nasazlıqların iki gün ərzində aradan qaldırılması tələb edilsə də, bu müraciət müqavilədə nəzərdə tutulan dərhal geri qaytarma və dəyişdirmə mexanizminin həyata keçirildiyini müəyyəm etmir.

29. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026-cı il tarixli məlumatında təchiz edilmiş malların istifadə olunmamış, yeni vəziyyətdə və zavod istehsalı olan orijinal qablaşdırmada təqdim edildiyi, avadanlıqların quraşdırılması və istismara hazırlanmasının isə Agentlik tərəfindən deyil, müqavilə münasibətlərinə uyğun olaraq qarşı tərəfin ixtisaslaşmış mütəxəssisləri tərəfindən həyata keçirildiyi göstərilmişdir. Kollegiya hesab edir ki, malların yeni və orijinal qablaşdırmada təqdim edilməsi onların əvvəlcədən istifadə olunmadığını göstərsə də, bu hal malların satıcı tərəfindən təhvil verilərkən istehsal və ya digər qüsura malik olduğunu sübut etmir. Eyni zamanda, sonradan müəyyən edilmiş nasazlığın səbəbinin istehsal qüsuru, daşınma, saxlanma, quraşdırma və ya başqa hal olması işdə olan sənədlərlə müəyyən edilməmişdir.

30. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh mübahisəli malların məhz satıcı tərəfindən keyfiyyətsiz verildiyini, sonradan aşkar edilmiş nasazlıqların malın təhvil verildiyi vaxt mövcud olduğunu və ya həmin vaxtadək yaranmış səbəblərdən irəli gəldiyini mötəbər sübutlarla təsdiq etməmişdir.

31. Bundan başqa, cavabdehin sonrakı davranışı da onun etirazı ilə birlikdə qiymətləndirilməlidir. Belə ki, cavabdeh hazırkı iddia qaldırıldıqdan sonra ##.##.2026-cı il tarixdə məhz mübahisəli ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə üzrə 14.599,64 manat əsas məbləği, habelə 2.627,94 manat ƏDV-ni ödəmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında da həmin ödənişi müqavilə öhdəliyinin icrası istiqamətində edilmiş real ödəniş kimi xarakterizə etmişdir. Bu hal cavabdehin malların dəyərinin ödənilməsi öhdəliyinin ümumiyyətlə mövcud olmadığı barədə mövqe ilə uyğun gəlmir.

32. Beləliklə, müqavilə üzrə malların cavabdehə verilməsi və onların qəbul edilməsi, mübahisəli e-qaimə üzrə ödənişin bir hissəsinin həyata keçirilməsi, qüsurlu olduğu iddia edilən malların müqavilənin 2.3.1-ci bəndində nəzərdə tutulmuş qaydada dərhal geri qaytarılmaması və dəyişdirilməsinin tələb edilməməsi, eləcə də aşkar edilmiş nasazlıqların satıcının məsuliyyətinə aid olduğunu təsdiq edən mötəbər sübutların təqdim olunmaması nəzərə alındıqda, cavabdehin qüsurlu mallara görə qalan borcunu ödəmək öhdəliyinin olmadığı barədə dəlili əsaslı hesab edilə bilməz. Buna görə ##.##.2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 17.227,57 manat ödənilməmiş borcun tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgündür.

33. Həmçinin kollegiya hesab edir ki, cavabdehin borcun bir hissəsinin ödənilməsinə baxmayaraq həmin məbləğ üzrə faiz hesablanması barədə dəlili də qətnamənin ləğvinə əsas vermir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi azaldıldıqdan sonra yalnız ödənilməmiş qalan 17.227,57 manat borcu əsas götürmüş və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə 2.082 manat tutulmasını müəyyən etmişdir. Odur ki, artıq ödənilmiş məbləğin təkrar tutulması iş materiallarından müəyyən edilmir.

34. İş üzrə ekspertiza təyin edilməsi barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, ekspertiza xüsusi bilik tələb edən faktiki halların müəyyən edilməsi vasitəsidir və tərəfin üzərinə düşən sübutetmə vəzifəsini əvəz etmir. Hazırkı halda cavabdeh qüsurlu hesab etdiyi malları müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq dərhal geri qaytarmamış, onların dəyişdirilməsini tələb etməmiş, nasazlıqların satıcının məsuliyyətinə aid səbəblərdən yarandığını göstərən ilkin texniki sənəd və ya qüsur aktı təqdim etməmişdir. Bundan əlavə, üçüncü şəxsin nümayəndəsinin izahatından nasazlıqların sonradan cavabdeh tərəfindən aradan qaldırıldığı görünür. Belə olan təqdirdə ekspertizanın keçirilməsi malların təhvil verildiyi vaxtdakı texniki vəziyyətini və sonradan aradan qaldırılmış nasazlıqların ilkin səbəbini müəyyən etməyə imkan verməyəcəkdir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayət verən cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar