Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-809/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 Ayıtma Sanayi ve Ticaret Limited Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, icranın gecikdirilməsi) Hakimlər X2 sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı X1 Ayıtma Sanayi ve Ticaret Limited Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları
1. Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında ## ### 2018-ci il tarixli, ******** nömrəli satış və satın alma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusu satıcı tərəfindən satılan və alıcı tərəfindən alınan Cavabdeh LLC üçün nəzərdə tutulmuş istixana suvarma sistemi su təmizləmə qurğusudur (sökülmüş vəziyyətdə). - 1.3-ci bəndinə əsasən istixana suvarma sistemi üçün su təmizləmə qurğusunun (sökülmüş vəziyyətdə) ümumi dəyəri 175.300 avro təşkil edir. - 4.1-ci bəndinə əsasən ödəniş qaydası sifariş zamanı 43.825 avro, malın təhvilindən sonra 43.825 avro, ##.##.2018-ci il tarixinədək 20.000 avro, ##.##.2019-cu il tarixinədək 10.000 avro, ##.##.2022-ci il tarixinədək 57.650 avro təşkil edir. - 6-cı maddəsinə əsasən, satıcı gömrük bəyannaməsini, hesab-fakturanı, yüklənmə siyahısını və mənşə sertifikatını təqdim etməyə borcludur.
2. ## ###### 2019-cu il tarixli qəbzdən görünür ki, ## ####### 2018-ci il tarixdə İddiaçı 20 000 avro ödəniş edilmişdir.
3. ## ###### 2019-cu il tarixli qəbzdən görünür ki, ## #### 2018-ci il tarixdə İddiaçı 43.825 avro ödəniş edilmişdir.
4. ## #### 2019-cu il tarixli qəbzdən görünür ki, ## ###### 2019-cu il tarixdə İddiaçı 10.000 avro ödəniş edilmişdir.
5. ## #### 2018-ci il tarixli qəbzdən görünür ki, ## ### 2018-ci il tarixdə İddiaçı 43.825 avro ödəniş edilmişdir.
6. ## #### 2018-ci il tarixli A seriyalı ****** saylı hesab-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh LLC-yə ümumi məbləği 87.650 avro olan mal satılmışdır.
7. ## ###### 2018-ci il tarixli A seriyalı ***** saylı hesab-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh LLC-yə ümumi məbləği 87.650 avro olan mal satılmışdır.
8. ## ###### 2018-ci il tarixli çəki listindən görünür ki, Cavabdeh LLC-yə 32 ədəd olmaqla net çəkisi 21.600 kq olan “sera sulama sistemi arıtma tesisatı” adlı mal göndərilmişdir.
9. ## #### 2018-ci il tarixli çəki listindən görünür ki, Cavabdeh LLC-yə 16 ədəd olmaqla net çəkisi 9600 kq olan “sera sulama sistemi arıtma tesisatı” adlı mal göndərilmişdir.
10. Tələb edilən 57.650 avro məbləğinin iddiaçıya ödənilməsinə dair məhkəmə icraatının gedişində təqdim olunmuş ödəniş sənədləri iş materiallarına əlavə edilmişdir.
11. Iddiaçı tərəfindən həmçinin iş materiallarına gömrük bəyannamələri, mənşə şəhadətnaməsi, məktublar, bank çıxarışları əlavə olunmuşdur.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ## ###### 2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, ## ###### 2022-ci il tarixə mal göndərənlə aralarında müəyyən edilmiş, lakin ödənilməmiş qalıq 57.650 avro məbləğində borcun İddiaçı bank hesabına 5 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranarsa, borc, peniya və sonra yarana biləcək digər xərclər qanuna uyğun qaydada tələb ediləcəyi barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
13. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 57.650 avro əsas və ona hesablanmış 8.167 avro faiz məbləğinin (ödəniş gününə məzənnəyə uyğun manatla), hüquqi xidmətə görə ödənilmiş 500 manat və 420 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mal alan Cavabdeh MMC ilə malı təchiz edən (satan) İddiaçı arasında ## ### 2018-ci il tarixdə ******** nömrəli satış və satın alma müqaviləsi (sözləşmə) bağlanmışdır. Həmin müqavilənin 3-cü maddəsində malın dəyəri 175.300 avro müəyyən edilmiş, 4-cü maddəsinə görə “Alıcı” malı təhvil aldıqdan sonra dəyərini təqdim edilmiş hesab faktura və ya qaimə fakturaya əsasən beş ardıcıl hissədə, o cümlədən 43.825 avro avans, 43.825 mal təslimindən sonra, 20.000 avro ##.##.2018-ci il, 10.000 avro ##.##.2019-cu il, 57.650 avronun ##.##.2022-ci il tarixə kimi köçürmə yolu ilə icrasının təmin etməsi şərtləndirilmişdir. Tərəflər arasında malın alqı-satqısı müqaviləsində razılaşmaya əsasən satıcı tərəfindən alıcıya göndərilmiş və qəbul edilmiş malın ümumi dəyəri olan 175.300 avro məbləğindən son ödəniş hissəsi olan 57.650 avro məbləğin ödənişi təmin edilməmişdir. Halbuki həmin məbləğin cavabdeh tərəfindən son olaraq ##.##.2022-ci il tarixə kimi ödənilməsi müqavilədə şərtləndirilmişdir. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq edilmiş, daha sonra da prenteziya göndərilmiş, lakin cavabdehin hərəkətsizliyi üzündən məsələnin məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyi müddət ərzində təqdim edilmiş hesablara əsasən iddiaçı tərəfindən verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş malın ##.##.2022-ci il tarixinə ümumi məbləğindən ödənilməmiş 57.650 avro cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, müqavilə şərtinə görə cavabdeh 57.650 avro məbləğini ##.##.2022-ci il tarixə kimi ödəməli olduğu halda ödəməyib, həmin məbləği özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə etməklə ondan faydalanır. 2022-2023-ci illər üzrə bank uçot dərəcəsi 5 - 9 faiz müəyyən edildiyindən, ödənilməsi vaxtında təmin etməmiş 57.650 avro (113.715 manat) məbləğə görə, 2 il 10 ay üçün 5 faizə nisbətdə hesablanılan məbləğ 8.167 avro (16.111 manat) təşkil edir. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün iddiaçı istifadə etdiyi hüquqi xidmətə görə (vəkil xidməti haqqı) 500 manat və məhkəməyə müraciət üçün 420 manat əlavə xərc çəkmişdir. Qeyd olunan əlavə xərc məbləğləri də tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunur.
15. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 449.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
16. Cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixdə yazılı vəsatət daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2018 tarixli ******** nömrəli satış və satınalma müqaviləsinə istinad etməklə cavabdehdən 57.650 avro əsas borc, 8.167 avro faiz məbləği, habelə digər xərclərin tutulmasını xahiş edir. 1. Iddia müddəti ilə bağlı vəsatət 1.1. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə ümumi iddia müddəti 3 ildir. 1.2. Azərbaycan Respublikası MM-in 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımı, tələb hüququnun yarandığı (pozuntunun məlum olduğu) tarixdən başlanır. 1.3. Iddia ərizəsindən və əlavə olunmuş müqavilədən görünür ki, tərəflər arasında hüquq və öhdəliklər 2018-ci ilin may ayından yaranmışdır. Iddiaçı iddia tələbi ilə 2025-ci ilin noyabrında məhkəməyə müraciət etmişdir. Qeyd olunan dövr ərzində (2025-ci il noyabr ayı istisna olmaqla) iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı rəsmi pretenziya ünvanlanmamışdır. 1.4. Məhkəmə araşdırması nəticəsində iddiaçının tələbinin (tam və ya qismən) iddia müddəti bitdikdən sonra irəli sürüldüyü müəyyən edildiyi halda, MM-in 375.2-ci maddəsinə uyğun olaraq cavabdehin ərizəsi əsasında iddia müddətinin tətbiq edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilir. Bu vəsatətin iddia müddətinin tətbiq olunması üçün ərizə kimi qəbul edilməsi xahiş olunur. 2. Malın təhvil-təsliminin sübut olunmaması 2.1. Iddiaçı “malın göndərildiyini və qəbul edildiyini” qeyd etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında malın faktiki təhvilini təsdiq edən sənəd paketi (məs., təhvil-təslim aktı, qaimə üzrə qəbul, CMR/daşıma qaiməsi, anbar təhvil sənədləri, səlahiyyətli şəxsin imzası ilə qəbul təsdiqi) təqdim edilmir. 2.2. Azərbaycan Respublikası MPM-ə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir (MPM 77.1) və sübutların təqdim edilməsi/tələb olunması mexanizmi var (MPM 78.2). 2.3. Bu səbəbdən məhkəmədən xahiş olunur ki, Azərbaycan Respublikası MPM-in 78.2-ci maddəsi əsasında iddiaçıdan malların cavabdehə təhvil verilməsini təsdiq edən bütün ilkin sənədlərin (təhvil-təslim aktı, qaimə üzrə qəbul, CMR/daşıma sənədi, anbar sənədləri və s.) məhkəməyə təqdim etməsi tələb olunsun. 2.4. Qeyd olunan sübutlar təqdim olunmadığı halda iddia tələblərinin “təhvil-təslim faktı və borcun yaranma əsasları sübut edilmədiyinə görə” təmin edilməməsi xahiş olunur. 3. Vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi (tələbin “gec xatırlanması” arqumentinin hüquqi çərçivəsi) 3.1. Mülki hüquqlardan sui-istifadə edilməsinə yol verilmir (MM 16.1). 3.2. Öhdəliklərin icrası zamanı tərəflər vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir (MM 425.1 yanaşması məhkəmə təcrübəsində də vurğulanır). 3.3. Bu işdə iddiaçı “dəfələrlə xəbərdarlıq edildiyini və pretensiya göndərildiyini” qeyd etsə də, həmin iddiaları tarix, çatdırılma və məzmun üzrə sübut edən sənədləri iş materiallarına tam və aydın şəkildə əlavə etmir. Bu isə iddiaçının tələbini uzun müddət sonra irəli sürməsi kontekstində, məhkəmənin sübutları tələb etməsini və sübut təqdim edilmədiyi halda tələbi təmin etməməsini hüquqi baxımdan əsaslandırır. Yuxarıdakıları nəzərə alaraq, məhkəmədən xahiş olunur: MM-in 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsinə dair vəsatətin təmin olunması; sübutlar təqdim edilmədiyi təqdirdə iddia tələblərinin təmin edilməməsi.
17. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca hesablanmış 8.167 avro faiz məbləğinin (ödəniş gününə məzənnəyə uyğun manatla), hüquqi xidmətə görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 420 manat məbləğin tutulub, iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə məhkəmədə baxılan zaman mübahisəli məsələnin həllində ortaya çıxmış hallara görə iddia həcmini azaltmaqla, iddianın dəyişdirilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, hazırda cavabdeh tərəfindən müqavilə əsasında yaranmış borc üzrə 57.650 avro məbləği iddiaçının hesabına ödənilmişdir. Ona görə də hazırkı vəziyyətdə mübahisə ilə bağlı tələbin həcmi, həmin hissədə azaldılmaqla iddia dəqiqləşdirilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin qeyd olunan tələbi onu göstərir ki, pul öhdəliyinin müəyyən edilmiş müddətdə icra olunmaması, yəni gecikdirmə faktı artıq özlüyündə faiz öhdəliyinin yaranması üçün hüquqi əsas hesab olunur. Hazırkı mübahisə üzrə isə iddiaçı tərəfindən tələb edilən 8.167 avro məbləğində faiz borcu cavabdehin pul öhdəliyini vaxtında icra etməməsi nəticəsində yaranmış, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmışdır. Həmin tələb hüquqi və faktiki baxımdan əsaslı olmaqla yanaşı, iddiaçının pozulmuş əmlak maraqlarının bərpasına yönəlmiş qanuni müdafiə vasitəsidir.
19. ## ### 2026-cı il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək əsas borcun tam ödənildiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən əsas borc məbləği, yəni 57.650 avro məbləğində borc tam olaraq iddiaçıya ödənilmişdir. Iddiaçının iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmədə göstərdiyi faiz məbləğinə görə hesablanmış borc ilə razı deyil və iddianı bu hissədə qəbul etmir. Fəaliyyətin aqro sahəsi olduğunu nəzərə alaraq, məhkəmədən xahiş edilir ki, hesablanan faiz borcunun tutulması hissəsində iddia təmin etməsin. O ki qaldı, hüquqi xidmətə görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 420 manat məbləğin iddiaçı tərəflə daha öncə razılaşdığı kimi ödəməyə hazırdırlar, o halda ki, qarşı tərəf faizlə bağlı iddiasını geri götürsün.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 8167 avro faiz məbləği manatın ödəniş gününə olan məzənnəsi ilə, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138,97 manat pulun iddiaçıİddiaçı xeyrinə tutulması qət edilmişdir.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmədiyini, ona görə də iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlərin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 8167 avro faiz məbləği manatın ödəniş gününə olan məzənnəsi ilə iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı həmin məbləği gecikdirilmiş 2 il 10 ay üçün 5 faizə nisbətdə hesablamışdır (57.650 avro x5:100x2il=5765 avro+(57.650 avrox5:100:12x10ay=2402)= 8167 avro).
22. Cavabdeh faiz məbləğinin ödənilməsinə dair iddianı qəbul etməsə də, iddiaçı qanunvericiliyin tələblərinə əsasən göstərilən əsasla faiz məbləğinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. 57.650 avro məbləğində borcu iddiaçı məhkəmə icraatının gedişində ödəmişdir. Əsas borcun sonradan ödənilməsi borclunun gecikdirilmiş icraya görə məsuliyyətini aradan qaldırmır və kreditorun həmin dövr üçün faiz tələb etmək hüququnu istisna etmir. Buna görə də məhkəmə cavabdehin faiz tələbinin rədd olunmasına dair etirazını əsassız hesab edir. Həmçinin ilkin olaraq cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etsə də, sonradan borcu ödəmişdir, eləcə də iddiaçı müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 439.1, 439.2, 442, 448.1, 449.1, 567, 598.1 və 598.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
24. Həmin qətnamədən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 77-ci və MM-in 449-cu maddələrinin tətbiqində səhvə yol vermiş, normaları səhv təfsir etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2009-cu il tarixli Qərarında da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Lakin qeyd edilən maddəyə əsasən borcludan faizlərin tutulması üçün əsas şərt borclunun ödənilməsini gecikdirdiyi vəsaitdən faydalanmasıdır. Həmin maddədə qeyd olunan "ondan faydalanmağa görə" müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı tələblərinə əsasən, borclunun ödəməsini gecikdirdiyi vəsaitdən faydalandığını sübutetmə yükü iddiaçının üzərindədir. Lakin iddiaçı qeyd olunan halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, ümumi mülahizələrdən çıxış etmişdir. Halbuki cavabdeh qeyd olunan vəsaiti maddi vəziyyəti ilə bağlı ödəyə bilməmiş, həmin məbləğdə vəsaitə malik olmamışdır. Yəni, cavabdeh malik olmadığı vəsaitdən faydalana da bilməzdi. Lakin iddiaçı qeyd olunan halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, ümumi mülahizələrdən çıxış etmişdir. Halbuki cavabdeh qeyd olunan vəsaiti maddi vəziyyəti ilə bağlı ödəyə bilməmiş, həmin məbləğdə vəsaitə malik olmamışdır. Məhkəmə iş üzrə bütün faktiki halları araşdırmamış, iddiaçının həm əsas həm faiz borcun ödənilməsi barədə iddiasına baxarkən bütün proses boyunca cavabdehin aqro sahəsində fəaliyyətinin olması, yetişdirdiyi məhsulu satdıqca borcu hissə-hissə qaytarılmasına dair davranışını nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
28. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, eyni zamanda apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
31. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir; 1.3-cü maddəsinə görə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir; 24.1 və 24.3-cü maddələrinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələri, müqavilənin icrası və icra edilməməsinin nəticələri tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir və belə seçim müqavilə bağlandıqdan sonra da edilə bilər. -25.1.1-ci maddəsinə əsasən tərəflər müqaviləyə tətbiq edilməli hüququ seçmədikdə alqı-satqı müqaviləsinə satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Bu norma tərəflərin hüquq seçimi olmadığı halda tətbiq edilən subsidiar kolliziya normasıdır.
32. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarının (## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla): -5.6, 5.9 və 5.10-cu bəndlərinə əsasən tətbiq edilməli maddi hüququn müəyyən edilməsində tərəflərin hüquq seçiminə dair razılığı əsas hüquqi meyarlardan biridir; tərəflər tətbiq olunmalı hüququ müqavilə bağlandıqdan sonra da seçə bilərlər; tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edir və qarşı tərəf buna etiraz etmirsə, mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. -5.18-ci bəndinə əsasən xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq ediləcəyi müəyyənləşdirilərkən ilk növbədə tərəflərin hüquq seçimi barədə razılaşmasının və ya Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu yoxlanılmalıdır. Yalnız belə seçim olmadıqda sonrakı kolliziya meyarlarına keçilir.
33. Hazırkı işdə iddia icrası qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş və həyata keçirilməli olan alqı-satqı müqaviləsindən irəli gəldiyindən MPM-in 443.0.7-ci maddəsində nəzərdə tutulan xüsusi beynəlxalq səlahiyyət əsası mövcuddur. Tətbiq ediləcək maddi hüquq isə aşağıda göstərilən səbəblərə görə Azərbaycan Respublikasının milli qanunvericiliyidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə məcmu halda qiymətləndirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirmədiyindən, onun qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçı X1 Ayıtma Sanayi ve Ticaret Limited Şirkəti Türkiyə Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli kommersiya mübahisəsidir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikasının məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması və tətbiq edilməli maddi hüquq normaları müəyyən edilməlidir.
40. Kollegiya qeyd edir ki, hazırkı mübahisə alıcının Azərbaycan Respublikasında yerləşdiyi və müqavilə üzrə malların Azərbaycan Respublikasına göndərilib burada istifadə üçün nəzərdə tutulduğu beynəlxalq alqı-satqı münasibətindən irəli gəlir. Buna görə MPM-in 443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mübahisəyə baxmağa beynəlxalq səlahiyyətlidir.
41. Tətbiq edilməli maddi hüquqa münasibətdə kollegiya nəzərə alır ki, tərəflər müqavilədə tətbiq ediləcək hüququ əvvəlcədən ayrıca müəyyən etməsələr də, həm iddiaçı, həm də cavabdeh məhkəmə icraatı boyunca tələb və etirazlarını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə əsaslandırmış, başqa dövlətin hüququnun tətbiqini tələb etməmiş və Azərbaycan hüququnun tətbiqinə etiraz bildirməmişlər. Tərəflərin bu üst-üstə düşən prosessual mövqeyi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3, 24.1 və 24.3cü maddələri, habelə Ali Məhkəmə Plenumunun **/**** nömrəli Qərarının 5.9, 5.10 və 5.18-ci bəndləri baxımından mübahisəyə Azərbaycan Respublikasının maddi hüququnun tətbiqinə dair sonrakı hüquq seçimi kimi qiymətləndirilməlidir.
42. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ## ### 2018-ci il tarixli, ******** nömrəli satış və satınalma müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə malı göndərmiş, cavabdeh isə müqavilə qiymətinin böyük hissəsini ödəmişdir. Son ödəniş kimi ##.##.2022-ci il tarixədək ödənilməli olan 57.650 avro məbləğində borc vaxtında ödənilməmiş, həmin məbləğ yalnız məhkəmə icraatının gedişində iddiaçıya ödənilmişdir. Buna görə əsas borcun mövcudluğu və ödənişin gecikdirilməsi faktı artıq tərəflər arasında mübahisə predmeti deyildir.
43. Iddiaçı əsas borcun məhkəmə icraatı zamanı ödənilməsini nəzərə alaraq tələbini azaltmış və cavabdehdən gecikdirilmiş dövr üçün 8.167 avro faiz, 500 manat hüquqi yardım xərci və dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası faiz tələbinə yalnız iddiaçının müəyyən etdiyi predmet və məbləğ həddində qiymət verir.
44. Beləliklə, tərəflərin Azərbaycan Respublikası hüququnun tətbiqinə dair sonrakı və qarşılıqlı iradəsi müəyyən edildiyindən müqavilədən irəli gələn hüquq və vəzifələrə, pul öhdəliyinin icrasına və onun gecikdirilməsinin nəticələrinə Azərbaycan Respublikasının milli maddi hüquq normaları tətbiq edilməlidir. Bu halda “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 25.1.1-ci maddəsində nəzərdə tutulan, hüquq seçimi olmadıqda alqı-satqı müqaviləsinə satıcının ölkəsi hüququnun tətbiqini müəyyən edən subsidiar kolliziya normasına keçməyə ehtiyac qalmır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alıcı qəbul etdiyi malın müəyyənləşdirilmiş qiymətini ödəməyə borcludur. Həmin Məcəllənin 598.1 və 598.3-cü maddələrinə əsasən alıcının malın qiymətini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməsi öhdəliyin gecikdirilməsi kimi qiymətləndirilir və satıcıya ödənilməmiş məbləğin tutulmasını, habelə pul öhdəliyinin gecikdirilməsindən irəli gələn qanuni nəticələrin tətbiqini tələb etmək hüququ verir. Hazırkı işdə 57.650 avro məbləğində son ödənişin##.##.2022-ci il tarixədək həyata keçirilməməsi tərəflər arasında mübahisəsizdir.
46. Birinci instansiya məhkəməsi faiz tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsini göstərmişdir. Halbuki həmin norma özgəsinin pul vəsaitindən faydalanmağa görə faizlərin ödənilməsini tənzimləyir və onun tətbiqi üçün təkcə ödənişin gecikdirilməsi faktı kifayət etmir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarında da “ondan faydalanmağa görə” müddəasının gəlir, artım, bəhər və ya sair maddi xeyirin əmələ gəlməsi ilə bağlı olduğu izah edilmişdir. Hazırkı işdə iddiaçı cavabdehin gecikdirilmiş vəsaitdən konkret gəlir və ya digər maddi xeyir əldə etməsini sübut etməmişdir. Buna görə cavabdehin Mülki Məcəllənin 449.1ci maddəsinin
47. tətbiqinə dair apellyasiya dəlili bu hissədə əsaslıdır. Lakin bu nəticə faiz tələbinin rədd edilməsini tələb etmir. Çünki tərəflərin seçdiyi Azərbaycan Respublikasının milli hüququnda müqavilədən irəli gələn pul öhdəliyinin gecikdirilməsinin ayrıca hüquqi nəticəsi Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmişdir.
48. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Iş materiallarında tərəflərin gecikdirməyə görə ayrıca faiz və ya cərimə dərəcəsi razılaşdırdıqları müəyyən edilmədiyindən, tələb edilən dövr üçün illik 5 faiz dərəcəsinin tətbiqi əsaslıdır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ilkin olaraq faiz tələbini Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırması məhkəməni həmin hüquqi kvalifikasiya ilə bağlamır. MPM-in 217.3 və 218.3-cü maddələrinin mənasına görə məhkəmə tərəflərin irəli sürdükləri faktiki hallara və tələbə düzgün hüquqi norma tətbiq etməlidir; bu zaman iddianın predmeti və məbləği dəyişdirilməməlidir. Hazırkı halda 445.7-ci maddənin tətbiqi tələb olunan 8.167 avro faiz məbləğinin predmetini və faktiki əsasını dəyişdirmir.
50. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqini haqlı olaraq mübahisələndirsə də, onun maddi vəziyyətinin ağır olması və ya aqrar sahədə fəaliyyət göstərməsi pul öhdəliyinin gecikdirilməsinin hüquqi nəticələrini aradan qaldırmır. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz borclunun faktiki gəlir əldə etməsinin sübutundan deyil, pul öhdəliyinin müəyyən edilmiş müddətdə icra edilməməsi faktından irəli gəlir.
51. Iddiaçı 57.650 avro əsas borca gecikdirilmiş 2 il 10 ay üçün illik 5 faiz hesablayaraq 8.167 avro tələb etmişdir: 57.650 avro × 5% × 2 il = 5.765 avro; 57.650 avro × 5% ÷ 12 × 10 ay = 2.402 avro; cəmi 8.167 avro. Hesablama Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan dərəcəyə uyğundur və məhkəmə iddia tələbinin məbləği ilə bağlı olduğundan, əsas borcun daha sonrakı tarixdə ödənilməsi iddiaçı tərəfindən artırılmayan dövr üzrə əlavə faiz tutulmasına əsas vermir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin ödəməsini gecikdirdiyi vəsaiti maddi vəziyyəti ilə bağlı ödəyə bilməməsi dəlilini əsassız hesab edir. Pul öhdəliyinin icrası üçün müqavilədə konkret müddət müəyyən edilmiş, cavabdeh həmin müddətdə ödənişi həyata keçirməmişdir. Maliyyə çətinliyi, müqavilədə və ya qanunda ayrıca istisna nəzərdə tutulmadıqca, pul öhdəliyinin gecikdirilməsinin nəticələrini aradan qaldırmır.
53. Apellyasiya şikayətinin cavabdehin aqro sahədə fəaliyyət göstərməsi və borcu imkan yarandıqca hissə-hissə ödəməsi dəlili də nəticəni dəyişmir. Müqavilə tərəflərin sərbəst iradəsi ilə bağlanmış və son ödəniş tarixi ##.##.2022-ci il kimi müəyyən edilmişdir. Bundan əlavə, iddia həmin tarixdən hesablanan üçillik müqavilə iddia müddəti bitmədən 2025-ci ilin noyabrında qaldırılmışdır. Əsas borcun sonradan məhkəmə icraatının gedişində ödənilməsi artıq baş vermiş gecikmənin hüquqi nəticələrini aradan qaldırmır.
54. Beləliklə, birinci instansiya məhkəməsi faiz tələbini təmin etməkdə nəticə etibarilə düzgün qənaətə gəlsə də, mübahisənin xarici elementini nəzərə alaraq tətbiq edilməli hüququ “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun və Ali Məhkəmə Plenumunun müəyyən etdiyi ardıcıllıqla əsaslandırmamış, eyni zamanda pul öhdəliyinin gecikdirilməsinə Mülki Məcəllənin 445.7-ci maddəsi əvəzinə 449.1-ci maddəsini tətbiq etməklə maddi hüquq normasının seçimində səhvə yol vermişdir. Tərəflərin Azərbaycan hüququnun tətbiqinə dair sonrakı razılığı nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının milli maddi hüquq normaları əsasında həll edilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda apellyasiya instansiyası iş üzrə müəyyən edilmiş faktiki hallara düzgün hüquqi qiymət verməklə yeni qətnamə qəbul edə bilər.
56. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X1 Ayıtma Sanayi ve Ticaret Limited Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməli və cavabdehdən 8.167 avro faiz məbləği manatın ödəniş gününə olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulmalıdır.
57. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 500 manatın, habelə iddia ərizəsinin verilməsinə görə çəkilmiş dövlət rüsumu xərcinin cavabdehdən tutulmasını tələb etmişdir.
58. Iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 500 manat hüquqi yardım xərci və yekun təmin edilmiş 8.167 avro məbləğində əmlak xarakterli tələbə mütənasib olaraq birinci instansiya məhkəməsinin düzgün hesabladığı 138,97 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əsas borcun məhkəmə icraatı zamanı ödənilməsi nəticəsində iddia həcminin azalması nəzərə alınmaqla, ilkin ödənilmiş dövlət rüsumunun qalan hissəsi cavabdehin üzərinə qoyula bilməz.
59. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı X1 Ayıtma Sanayi ve Ticaret Limited Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 8.167 (səkkiz min yüz altmış yeddi) avro faiz məbləği manatın ödəniş gününə olan məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi yardım xərci, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138,97 manat (yüz otuz səkkiz manat doxsan yeddi qəpik) pul iddiaçı İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.