Məhkəmə qərarları › İş №e-2-2(3-6)-849/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-849/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-849/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Elşən Uğur oğlu Abdullayevin məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, İddiaçı Turan Özbahcecinin cavabdehlər cavabdeh3, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və “Grove İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “müəssisənin investisiya müsabiqəsi vasitəsilə satışına dair müraciətin və onun əsasında bağlanmış razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qərardadından cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: 1.İddiaçı Turan Özbahceci cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və “Grove İnvestments” MMC cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 MMC ilə digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti arasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 23- cü km, 8X ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin investisiya müsabiqəsi vasitəsilə satışına dair İM-04 nömrəli, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə hüquqların ötürülməsinə dair cavabdeh3 MMC-nin ##.##.2025-ci il tarixində etdiyi müraciətin və onun əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ilə digər cavabdeh "xxxx” MMC arasında bağlanmış ##.##.2025ci il tarixli Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 3.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, ərizə baxılmamış saxlanılmalıdır.

4. Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili nümayəndə1 qərardaddan şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. 5.Cavabdeh tərəf şikayətini onunla əsaslandırmışdır ki, MPM-in 259.0.11-ci maddəsi yalnız cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi hallarda tətbiq edilə bilər. İş üzrə aylarla davam edən məhkəmə prosesindən sonra məhkəmə tərəflərin, xüsusilə də cavabdehlərin iştirakı olmadan qərardad qəbul etmiş, iddiaçının ərizəsinə münasibətdə cavabdehlərin mövqeyini öyrənməmişdir. Cavabdeh qeyd edir ki, onlar işin mahiyyəti üzrə baxılmasını birmənalı olaraq tələb edirlər və məhkəmənin bu addımı iddiaçıya gələcəkdə yenidən iddia qaldırmaq imkanı yaratmaqla cavabdehlərin hüquqlarını kobud şəkildə pozmuşdur. 6.Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 7.Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ləğv edilməli və kommersiya işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 8.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ...

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ... 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ...

9. Şikayətin dəlilləri araşdırılarkən müəyyən edilmişdir ki: - iddiaçı ## ### 2026-cı il tarixdə kağız daşıyıcıda ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. - məhkəmənin növbəti baxış iclası ##.##.2026-cı il tarixə, saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmişdir. - ##.##.2026-cı il tarixli ərizə ##.##.2026-cı il tarixdə, saat 18:06-da hakim tərəfindən təhvil alınmışdır. 10.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə ərizəyə qiymət verərkən cavabdeh tərəfin ərizəyə münasibətini öyrənməmişdir.

11. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması yalnız iki şərtin eyni vaxtda mövcud olduğu halda mümkündür: iddiaçı bu barədə ərizə verməli və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməməlidir. 12.Həmin normanın məzmunundan görünür ki, cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsi məhkəmə tərəfindən ehtimala əsasən deyil, cavabdehə bu hüququ reallaşdırmaq üçün real imkan yaradıldıqdan sonra müəyyən edilə bilərdi. Başqa sözlə, cavabdeh iddiaçının ərizəsi barədə məlumatlandırılmadan onun bu hüquqdan istifadə etmədiyi qənaətinə gəlmək mümkün deyildir. 13.Hazırkı iş materiallarından görünür ki, iddiaçının iddianın baxılmamış saxlanılması barədə ərizəsi məhkəmə iclası başa çatdıqdan sonra “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Bu səbəbdən cavabdehin həmin ərizə ilə məhkəmə baxışı başa çatanadək tanış olmaq, ona münasibət bildirmək və MPM-in 259.0.11-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək işin mahiyyəti üzrə baxılmasını tələb etmək imkanı obyektiv olaraq olmamışdır. Bu hal cavabdehin prosessual hüquqlarının həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmişdir. 14.Birinci instansiya məhkəməsi isə cavabdehin həmin ərizə barədə məlumatlandırılıb-məlumatlandırılmadığını, ona münasibət bildirmək üçün real imkanın yaradılıb-yaradılmadığını müəyyən etmədən yalnız cavabdehin belə tələb irəli sürməməsinə istinad etmişdir. Halbuki cavabdehin tələb irəli sürməməsi yalnız ona belə imkan yaradıldığı halda hüquqi nəticə doğura bilər.

15. Bundan əlavə kollegiya qeyd edir ki, MPM-in tərəflərin bərabərliyi və çəkişmə prinsiplərindən irəli gələn tələblərinə əsasən məhkəmə hər bir tərəfə digər tərəfin təqdim etdiyi ərizə və vəsatətlər barədə məlumat verməli, onlara münasibət bildirmək üçün real və səmərəli imkan yaratmalıdır. Bu prinsip həm prosessual bərabərliyin, həm də ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz elementidir. 16.Hazırkı halda iddiaçının ərizəsi üzrə məsələ cavabdehin iştirakı və mövqeyi öyrənilmədən həll edilmiş, nəticədə cavabdeh MPM-in 259.0.11-ci maddəsinin ona verdiyi hüquqdan faktiki istifadə edə bilməmişdir. Belə şəraitdə məhkəmənin "cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir" nəticəsi cavabdehə yaradılmamış imkanın nəticəsinə əsaslanmışdır. 17.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin prosessual hüquqlarının bu cür məhdudlaşdırılması birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın qanuniliyinə və əsaslılığına təsir göstərən ciddi prosessual pozuntu təşkil edir. Belə pozuntu nəticəsində cavabdeh mübahisənin mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum edilmiş, bununla da MPM-in 259.0.11-ci maddəsinin tətbiqi üçün zəruri olan şərtlər tam müəyyən edilmədən iddia baxılmamış saxlanılmışdır.

18. Bundan əlavə, iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılması barədə ərizə ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim olunsa da ##.##.2026cı il tarixli qərardadda həmin ərizənin ##.##.2026-cı il tarixdə göndərildiyinin müəyyən edilməsi kollegiya üçün anlaşılan deyil. 19.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Buna görə də qərardad ləğv edilməli, iddiaçının ərizəsinə cavabdehlərin mövqeyi öyrənildikdən və onlara MPM-in 259.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirmək üçün real imkan yaradıldıqdan sonra yenidən hüquqi qiymət verilməsi təmin edilməlidir.

20. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh cavabdeh2 MMC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iddiaçı Turan Özbahcecinin cavabdehlər cavabdeh3, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və “Grove İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “müəssisənin investisiya müsabiqəsi vasitəsilə satışına dair müraciətin və onun əsasında bağlanmış razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair” kommersiya işi həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar