Məhkəmə qərarları › İş №e-2-2(3-6)-889/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-889/2026

02.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-889/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI açar sözlər: əsassız hesablanmış borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. Iddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2025-ci ilin yanvar ayında 17325,44 manat, mart ayında 4410,09 manat, aprel ayında 2205,05 manat, may ayında 602,49 manat, iyun ayında 583,11 manat, oktyabr ayında 7596,39 manat, dekabr ayında 969,58 manat olmaqla aktlar əsasında borc (ümumilikdə 33692,15 manat) hesablanmışdır.

2. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 61033 m3 qaz sərfiyyatı hesablanmışdır.

3. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 15474 m3 qaz sərfiyyatı hesablanmışdır.

4. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 7737 m3 qaz sərfiyyatı hesablanmışdır.

5. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 2114 m3 qaz sərfiyyatı hesablanmışdır.

6. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 2046 m3 qaz sərfiyyatı hesablanmışdır.

7. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş baxış zamanı 2665 m3 qaz sərfiyyatı hesablanmışdır.

8. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilmiş, baxış zamanı 583 m3 qaz sərfiyyatı hesablanmışdır.

9. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, “Reyestrə Cavabdeh Istehsalat Birliyi tərəfindən adıçəkilən sahibkarda hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır”.

10. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardına müvafiq olaraq verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırma dövründə MMC-yə məxsus sənədlər təhlil olunarkən məlum olmuşdur ki, istehlakçıya məxsus Elster tipli G-65 markalı ******** nömrəli qaz sayğacının elektron hissəsi 2019-cu ilin sentyabrından 2025-ci ilin dekabrına qədər ışləməməmişdir. Elektron tipli qaz sayğaclarından istifadə edən istehlakçının istifadə etdiyi qazın həcmi sayğacın elektron göstəricilərinə əsasən hesablanır. Belə ki, elektron korrektorla təchiz edilmiş qaz sayğaclarında qazın sərfiyyatı sayğacın mexaniki hissəsində qeydə alınır və impuls xətləri vasitəsi ilə elektron korrektora ötürülərək Respublika ərazisində bu sahədə qüvvədə olan ГОСТ 2939-63 “Газы. Условия для определения объема” dövlətlərəarası standartın tələblərinə uyğun olaraq standart şəraitə (T=20°C, P=101,325 Kpa) gətirilərək hesablanır. Bu göstəricilər Vbt (temperatura və təzyiqə görə korreksiya olunmuş həcm) göstəricisi kimi korrektorun ekranında əks olunur. Sayğac göstəricilərinin götürülməsi zamanı elektron korrektorlu sayğaclarda elektron hissənin işləmədiyi müəyyən olunduqda, sayğacın mexaniki göstəricisi (qeydiyyat aparırsa) götürülür və mexaniki göstərici keçən qazın yalnız işçi şəraitdə (korreksiya olunmamış) sərfini qeyd etdiyindən qaz həcmlərinin hesablanması üzrə qəbul olunmuş standartın tələbləri yerinə yetirilmir, həmçinin qazın uçotunun dəqiq aparılması təmin edilmir. Belə hallarda elektron hissəsi işləməyən (nasaz olan) sayğacların mexaniki hissəsində qeydə alınan göstəricilərinə, sayğacın işlək dövründə elektron korrektor tərəfindən faktiki qeydə alınan korreksiya əmsalı tətbiq edilməklə standart şəraitə (T=20°C, P=101,325 Kpa) gətirilmiş qaz həcmi yenidən hesablanır. Qaz sayğacının elektron göstəricisinin işlək vəziyyətdə olmadığı müddət ərzinə (2019-cu ilin sentyabrından 2025-ci ilin dekabrına qədər) sayğacın mexaniki hissəsindən 65236 m3 qaz keçmişdir. MMCnin abonent saldosunun son 3 ilin təhlili qaz sayğacının işlək dövründə olan korreksiya əmsalının orta göstəricisin 1.6 olduğunu müəyyən etmişdir. Beləliklə həmin dövr ərzində iMMC-n istehlak etdiyi qazın həcmi 65236 x 1.6+ 104377,6 m3 , dəyəri isə 31313,28 manat dəyəri təşkil edə bilərdi.##.##.2019-cu il tarixə qazdan istifadə görə MMC-n kreditor borcunun 1496,60 manat təşkil etdiyini, sözügedən dövr ərzinə 23025,65 manat ödəniş edildiyini nəzərə alsaq, 2025-ci ilin dekabr ayının sonuna MMCnin borcu 1496,6+31313.28 -23025,65 = 9784.23 manat təşkil edə bilər. Istehlakçının qaz sayğacına baxış keçirilməsi Cavabdeh Istehsalat Birliyinin səlahiyyətinə aiddir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, cavabdeh təşkilatda böyük mühəndis vəzifəsində işləyir, əmək funksiyası əraziyə baxmaqdır. Hazırda Xəzər rayonunda sahələrə baxış keçirir. Tərtib edilən akta qol çəkmiş və həmin aktı abonentə imzalatmışlar. Həmin sahəyə akt yazılan dövr getmiş və inventar etmişdir. Sayğac 2024 və 2025-ci il tarixdə işləməmişdir. Detalları ətraflı bilmir. Aktı baş idarə hesablayıb yazmışdır. Bu işlə bağlı başqa məlumatı yoxdur.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 2010cu il tarixindən etibarən Cavabdeh IB-də işləyir, hazırda sayğacların əməliyyat şöbəsində sənayə obyektlərinə baxış keçirir və Xəzər rayonunda Zirə və Pirallahı ərazilərinə nəzarət edir. İddiaçı MMC-yə 2020-ci ilin oktyabr ayından etibarən baxış keçirir, həmin vaxt obyekt üçün sayğac var idi, lakin sayğacın elektron hissəsi işləmirdi, mexaniki hissəsi işləyirdi. Əmsalı Cavabdeh IB-in nəzarət şöbəsi tərtib edirdi və onlar mexaniki göstəricini baş idarəyə verirdilər, göstəricinin keçən aya nisbətdə fərqi çıxardılır və fərq əmsala vurulurdu. Əmsal da elektron və mexaniki göstəricinin nisbətidir, əmsal təzyiqə görə dəyişilmir, lakin İddiaçı MMC-yə verilən təzyiq 0.6 həcmdə olduğu üçün, mexaniki hissənin fərqi 1.6 əmsala vurulurdu. Baş idarə onlara əmsal aktı yazırdı və akt abonent tərəfindən imzalandıqdan sonra baş idarəyə aktı yenidən göndərirdilər, onlar aktı bazaya yerləşdirirlər və daha sonra hesab-fakturanı gedib təhvil verirdilər. Obyektdə işlədici böyük qazanlar sonradan qoyulmuş və həmin dövrdə sayğac olmamışdır, bu qazanlar istilik üçün istifadə olunur. 2020-ci il tarixdə qazanlar olmamış, lakin kombilər olmuşdur. Sayğacın ümumiyyətlə işləməmə halı olmuşdur, bu zaman, müvafiq dövrün müvafiq ayına uyğun qaz sərfiyyatını müəyyən etmişlər və normativ aktı tərtib etmişlər; hər ay baxış keçirirdi və görürdü ki, sərfiyyat 0 göstərir. 65-lik sayğac onlarda həmin vaxt olmadığı üçün 64-lük sayğacı əvəz edə bilmədikləri hallar olur, dəmir ötürücü qoymağa da icazə vermədilər, onlar dedilər ki, “bizim sayğaca əl vurmayın”. Onlar məlumat vermişdilər ki, yeni sayğac alınmalıdır. Şahid sayğacın birbaşa qoşulmasını təklif etdiyini bildirdi, lakin onlar razı olmurdular. 1.6 əmsal qismən minimum hesablanmışdır, onlar nisbətən illər üzrə daha az yazmışdılar. Sayğacın işləmədiyi dövr üzrə 17325 manat məbləğ sərfiyyat müəyyən olunmalı idi və yazılan aktlar çıxarılmışdır. Sayğac işləsə idi əlavə 17325 manat ödənilməli idi, bu da 2019-2024-cü illər üzrə olan borcdur və sayğac yoxlanandan sonra müəyyən edilmiş borcdur. 2025-ci ilin fevral və mart ayları üzrə sayğac işləməmişdir, bu göstəricilər eyni qaydada hesablanmışdır, eyni aktlar tərtib olunmuşdur və aktları nəzarət şöbəsi yazmışdır. Hesab fakturalar tərtib olunmuşdur. Təzə sayğac aldılar, lakin o da işləməmişdir, təzə sayğac işlənmiş idi, təzə sayğac 1-2 gün sərfiyyat borcu yazdı və sıradan çıxdı, əvəzlənmə daha sonra yenidən oldu, onların xəttində nəsə problem var, məsələ sayğaclıq deyil. Hazırda orada sayğac yoxdur. Təzyiqlər fərqinə əsasən xəttdə problem yarana bilir. 2 ədəd 700 ml kilokalori istilik qazanı, 3 ədəd kombi, restoran tipli tg2 dvoxkasız 1 ədəd, kürə iki girişimli 1 ədəd, təndir 2 ədəd hazırda orada mövcuddur. Restoranda bu istilik qazanlarından binaları isitmək üçün istifadə olunur. Inzibati bina da mövcuddur. Pk4 4 ədəd mövcuddur. 2025-ci ilin oktyabr ayında yenidən sayğacın qeydə almadığı dövr üzrə köhnə borc laborator yoxlanışda müəyyən olunmuşdur. Kənar qoşulma ilə əlaqədar akt yazılmamışdır. Sərfiyyat sayğacın köhnə işlədiyi dövr üzrə yəni, ötən ay üzrə müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

13. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh IB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, abonent kodu 100321102600260 olan müəssisəyə görə hesablanmış 32722,18 manat borcun silinməsi və 189 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, abonent kodu 100321102600260 olan müəssisə fəaliyyət göstərir. X4 məxsus müəssisədə istehlak olunan qazın hesabatı hal hazırda Cavabdeh IB tərəfindən sayğacsız normativlə aparılır. Müəssisə cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təmin edilmiş, müəssisədə istifadə edilən təbii qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Lakin Cavabdeh IB qaz sayğacı olmadığı müddətdə “Qazdan istifadə Qaydaları”nın 5.4. bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Buna baxmayaraq Cavabdeh IB tərəfindən sayğacsız 2025ci il yanvar ayında 17.325,44 manat, 2025-ci il mart ayında 4.410,09 manat, 2025-ci il aprel ayında 2.205,05 manat, 2025-ci il may ayında 602,49 manat, 2025-ci il iyun ayında 583,11 manat olmaqla aylıq qaz sərflərinə uyğun olmayan əlavə aktlar işləmişdir. Saldoya baxdıqda illik qaz istifadəsi 2-5 min manat aralığında olan müəssisəyə 2025-ci il ilin ilk 6 ayı ərzində 25.126,18 manat dəyərində borc hesablamışdır. Bundan başqa əsassız yazılan qaz sərflərinə əlavə olaraq Cavabdeh IB tərəfindən 2019-cu ildən bu yana sayğacın düz işləmədiyini bildirərək 2025-ci il sentybar ayında 7596 manat dəyərində əlavə itirilmiş qaz dəyəri tələb edir. Ümumilikdə 32.722,18 manat məbləğində əsassız borc hesablamış, sonradan əsassız borcun silinəcəyini vəd etsə də, əksinə həmin borcu qazın dayandırılması xəbərdarlığı ilə tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda müəssisənin müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borcu əsassız hesab etsək də, hissə-hissə ödəmək məcburiyyətində qalmışıq. Illər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsaq da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Müəssisənin saldosundan da göründüyü kimi sayğacın göstəricisi aylıq mütəmadi dəyişdiyini və hesabatı apardığı halda, ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş, yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim etmişdir. Həmin aktlarda qeyd edilir ki, sayğacın işləmədiyi üçün yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Qaz sayğacının işləmədiyi halda, hansı səbəbdən çıxarılaraq təmirə göndərilmədiyi və ya yenisi ilə əvəzlənmədiyi məlum deyil. Qaz sayğacı müəssisədən kənarda, mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən məsul nümayəndəmizin iştirakı olmadan götürülür. Saldodan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən edərək qanunsuz tətbiq etmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh IB tərəfindən 2019-cu ildən 2025-ci ilin may ayınadək X4 məxsus müəssisəyə *************** nömrəli abonent kodu üzrə 32.722,18 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Bizim qaz sayğacları ilə bağlı məlumatımızın olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərini ödəmişik. Ödənilmədiyi təqdirdə qaz təminatının qaynaqla dayandırılacağını bildirmişlər.

15. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, abonent kodu 100321102600260 olan müəssisəyə hesablanmış 33691,74 manat məbləğində borcun silinməsi, 191,08 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırda ona yalnız 2025- ci il tarixlərdə yazılmış borcları mübahisələndirir, belə ki, yay ayları istisna olmaqla ilin qalan aylarında iddiaçı təbii qazdan istifadə etsə də, cavabdeh tərəfindən hesablanmış borclar ağlabatan deyildir, belə ki, əvvəlki illər üzrə sərfiyyat borclarına nəzər yetirildikdə, iddiaçının həmin məbləğdə sərfiyyatının olmadığı müəyyən edilir. Iddiaçıya əvvəlki illərdə (yəni qaz sayğacının olmadığı və ya işləmədiyi dövrlərdə) də ötən dövrün sərfiyyatına uyğun borc hesablanmış, həmin borclar ağlabatan olduğu üçün tərəflərindən mübahisələndirilməmiş və ödənilmişdir. Lakin 2025-ci il üzrə yazılmış borclar real sərfiyyatdan qat-qat artıqdır. Bu səbəbdən həmin borcların silinməsi xahiş olunur.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ilin avqust ayından 2024-cü ilin sentyabr ayına qədər iddiaçıya məxsus olan qaz sayğacının elektron hissəsi işləməmiş, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayına qədər isə qaz sayğacı olmadan təbii qazdan istifadə edilmiş, 2025-ci ilin sentyabr ayında yeni sayğac quraşdırılsa da, qısa müddət sonra sıradan çıxmışdır. Sayğacın olmadığı, işləmədiyi dövrdə abonentə əvvəlki illərin müvafiq dövrlərinə uyğun sərfiyyat borcu hesablanmışdır.

18. Birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq iddiaçı İddiaçı MMC-yə (abonent kodu: 100321102600260) əsassız olaraq hesablanmış 24926,74 (iyirmi dörd min doqquz yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Cavabdeh IB-yə həvalə edilməsi, cavabdeh Cavabdeh IB-dən 164,78 (bir yüz altmış dörd manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 26,30 (iyirmi altı manat otuz qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı MMC-yə məxsus sahədə təbii qazdan istifadə ilə bağlı qaz sayğacı quraşdırılmasına baxmayaraq sayğac 2019-cu ilin oktyabr ayından sıradan çıxmış, yaranmış texniki qüsur nəticəsində sərfiyyatı qeydə alına bilməmişdir. 2024-cü ilin sentyabr ayından isə ümumiyyətlə iddiaçı qaz sayğacı olmadan təbii qazdan istifadə etmişdir.  Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2025-ci il tarixli aktlarda aylıq sərfiyyat borcunun ötən ilin müvafiq ayına uyğun müəyyən edilməsi göstərilsə də, abonent haqqında məlumatdan görünür ki, 2025-ci il üzrə müəyyən edilmiş həmin borclar ötən ilin müvafiq ayında yazılmış borclardan əhəmiyyətli dərəcədə artıqdır, bunun səbəbini isə cavabdeh tərəf ağlabatan şəkildə izah edə bilməmiş, aktlarda göstərilmiş qaz sərfinin hansı qaydada hesablanması isə ümumiyyətlə müəyyən edilmir və aktlarda hesablama qaydası göstərilməmişdir.  Abonent haqqında məlumatdan görünür ki, iddiaçıya 2024-cü ilin yanvar ayında ümumilikdə 3233,50 manat, fevral ayında 3052 manat, mart ayında 816,50 manat, aprel ayında 141,75 manat, oktyabr ayında 768 manat, dekabr ayında isə 753,25 manat sərfiyyat borcu hesablanmış, həmin borclar iddiaçı tərəfindən mübahisələndirilməmiş və ödənilmişdir.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qaz sayğacının olmadığı mübahisəli dövr üzrə iddiaçıya ötən ilin müvafiq aylarında göstərilmiş borclar (yanvar ayı üzrə 3233,50 manat, fevral ayı üzrə 3052 manat, mart ayı üzrə 816,50 manat, aprel ayı üzrə 141,75 manat, oktyabr ayı üzrə 768 manat, dekabr ayı üzrə 753,25 manat) nəzərə alınmaqla hesablanmalı olan borclar çıxılmaqla qalan borclar əsassız olduğu üçün silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.  Iddiaçı 2025-ci il üzrə hesablanmış borcun tam silinməsini xahiş etsə də, məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır, belə ki, 2025-ci ildə qaz sayğacı olmasa da, təbii qazdan istifadə edildiyini iddiaçı tərəf özü də məhkəmədə təsdiq etmişdir.  Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 24926,74 manat (33691,74 manat – 8765 manat) borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 4.9, 5.4, 5.6-cı bəndlərinə istinad etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi iddiaçıya 2025-ci il ərzində hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən və qaz sayğacı olmadığı müddət ərzində qanunvericiliyin tələblərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Həmin qaydaların 4.8-ci bəndi Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd etmək lazımdır ki, iddiaçının istifadəsində olan qaz sayğacı işləmədiyi üçün çıxarılaraq texniki müainəyə göndərilmişdir. Yuxarıda qeyd edilən normanın tələbinə görə isə qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı:

26. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

27. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.

28. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

29. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

30. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

31. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

32. Bənd 6.5-1.1. Istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır.

33. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

45. Iş materiallarından müəyyən edilir ki, iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış qaz sayğacının elektron korrektor hissəsi 2019-cu ildən 2024-cü ilin sentyabr ayınadək işləməmiş, həmin müddətdə sayğacın mexaniki hissəsi vasitəsilə qaz sərfiyyatının göstəriciləri qeydə alınmışdır. 2024-cü ilin sentyabr ayında isə sayğac obyektdən çıxarılmış və 2025-ci ilin avqust ayınadək obyektdə ümumiyyətlə qaz sayğacı olmamışdır.

46. Beləliklə, hazırkı mübahisə baxımından bir-birindən fərqləndirilməli olan iki faktiki vəziyyət mövcuddur. Birinci dövrdə qaz sayğacı mövcud olmuş, lakin onun elektron korrektor hissəsi işləməmiş, ikinci dövrdə isə qazın istehlak edildiyi obyektdə ümumiyyətlə sayğac olmamışdır.

47. Mübahisələndirilən 2025-ci ilin yanvar, mart, aprel, may və iyun aylarının məhz ikinci dövrə, yəni obyektdə qaz sayğacının olmadığı müddətə təsadüf etdiyi nəzərə alınmalıdır. Bu səbəbdən həmin aylar üzrə sərfiyyatın müəyyən edilməsinə münasibətdə sayğacın mexaniki göstəricilərinin elektron korrektor vasitəsilə korrektə edilməsi qaydasına istinad edilməsi əsaslı hesab edilə bilməz. Çünki mübahisəli dövrdə obyektdə göstəriciləri əsas götürülə biləcək qaz sayğacı mövcud olmamışdır.

48. Qaz sayğacının olmadığı müddətdə istehlak edilmiş qazın həcminin müəyyən edilməsi zamanı isə istehlakçının fəaliyyətinin xarakteri nəzərə alınmalı, fəaliyyət mövsümi xarakter daşıdığı halda sərfiyyatın əvvəlki ilin müvafiq ayının göstəricilərinə uyğun müəyyən edilməsi mümkündür.

49. Kollegiya hesab edir ki, bu qaydanın mahiyyəti sayğac vasitəsilə faktiki sərfiyyatın müəyyən edilməsinin mümkün olmadığı şəraitdə istehlakçının fəaliyyət xüsusiyyətlərinə mümkün qədər uyğun olan müqayisəli göstəricidən istifadə edilməsini təmin etməkdən ibarətdir. Bu baxımdan fəaliyyətində mövsümi dəyişikliklər olan obyekt üzrə ilin müxtəlif aylarında qaz sərfiyyatının eyni səviyyədə olmasının ehtimal edilməsi və ya yalnız sayğac çıxarılmazdan əvvəlki dövrün sərfiyyatının bütün sonrakı aylara mexaniki şəkildə tətbiq edilməsi faktiki istehlakı düzgün əks etdirməyə bilər.

50. Hazırkı işdə də iddiaçının fəaliyyətinin xarakteri nəzərə alındıqda, mübahisəli ayların hər biri üzrə əvvəlki ilin məhz müvafiq ayındakı qaz sərfiyyatının müqayisə göstəricisi kimi götürülməsi həmin ayların mövsümi xüsusiyyətlərinin nəzərə alınmasına imkan verən daha obyektiv meyar kimi qiymətləndirilməlidir.

51. Iş materiallarından görünür ki, əvvəlki ilin müvafiq aylarında iddiaçıya hesablanmış qaz sərfiyyatı və onun dəyəri ilə cavabdehin 2025-ci ilin eyni ayları üzrə müəyyən etdiyi göstəricilər arasında əhəmiyyətli fərq mövcuddur. Xüsusilə, əvvəlki ilin müvafiq aylarında mövcud olmuş istehlak göstəriciləri ilə müqayisədə 2025-ci ilin ayrı-ayrı aylarında cavabdeh tərəfindən dəfələrlə artıq qaz sərfiyyatı müəyyən edilmişdir.

52. Cavabdehin istinad etdiyi aktlar isə hesablamanın aparıldığını təsdiq etsə də, əvvəlki ilin müvafiq aylarının göstəricilərindən bu dərəcədə fərqlənən sərfiyyatın faktiki əsasını özlüyündə müəyyən etmir. Həmin fərqin obyektiv səbəbləri digər sübutlarla təsdiq edilmədiyindən, aktlarda göstərilmiş bütün qaz həcminin iddiaçı tərəfindən faktiki istehlak edildiyi barədə nəticəyə gəlmək mümkün deyildir.

53. Cavabdeh apellyasiya şikayətində əvvəlki ilin müvafiq aylarının göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənən sərfiyyatın hansı obyektiv səbəblərlə bağlı olduğunu göstərən və birinci instansiya məhkəməsinin müqayisəli qiymətləndirməsini təkzib edən sübut təqdim etməmişdir.

54. Kollegiya onu da qeyd edir ki, iddiaçının Qaydaların 4.8-ci bəndindən irəli gələn məsuliyyəti cavabdehi sayğacın olmadığı dövr üçün qaz sərfiyyatını Qaydalarda nəzərdə tutulmuş hesablama mexanizminə uyğun müəyyən etmək vəzifəsindən azad etmir və istehlakçının üzərinə faktiki və hüquqi əsası müəyyən edilməmiş həcmdə qaz sərfiyyatının qoyulmasına əsas vermir.

55. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi halları və gəldiyi nəticəni təkzib etmir, maddi və prosessual hüquq normalarının qətnamənin ləğvinə səbəb ola biləcək pozuntusunu təsdiq etmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

57. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar