Məhkəmə qərarları › İş №e-2-2(3-6)-930/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-930/2026

09.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-930/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icra edilməməsi, güzəştli kredit ödənişinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X2, cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakları ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli AS**** saylı müqavilə bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 40% hissəsini ödəməyi öhdəsinə götürür. 3.3-cü bəndinə əsasən bəndinə əsasən fərmana əsasən malların razılaşdırılmış dəyərinin 60% hissəsi satıcıya subsidiya formasında İddiaçı tərəfindən Müvəkkil Kredit Təşkilatının hesabına ödənilir.

2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli AS**** saylı müqavilə bağlanmışdır. 2.1-ci bəndinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 40% hissəsini ödəməyi öhdəsinə götürür. 3.3-cü bəndinə əsasən bəndinə əsasən fərmana əsasən malların razılaşdırılmış dəyərinin 60% hissəsi satıcıya subsidiya formasında İddiaçı tərəfindən Müvəkkil Kredit Təşkilatının hesabına ödənilir.

3. ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli iltizamlara əsasən cavabdeh1, müvafiq olaarq 41 və 24 baş damazlıq düyə simmental cinsli heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyini, damazlıq heyvanın verilməsinə dair bağlamış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyini, ölkə hüdudlarından kənara çıxarmayacağını, yuxarıda qeyd olunan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini bildirmişdir.

4. Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən təsərrüfat sahibinin bütün heyvanları satdığı məlum olmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 214 263,26 (iki yüz ön dörd min iki yüz altmış üç manat 26 qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat xərcinin, cəmi 214 839,54 (iki yüz ön dörd min səkkiz yüz otuz doqquz manat 54 qəpik) manat pul vəsaitinin cavabdeh cavabdeh1tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2021-ci il tarixində (AS**** №-li müqavilə) və ##.##.2021-ci il tarixində (AS**** №-li müqavilə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 41 (qırx bir) baş "Simmental" cinsli iri buynuzlu mal-qara və 24 (iyirmi dörd) baş "Simmental" cinsli iri buynuzlu mal-qara əldə etmişdir. Damazlıq heyvanların alınması üçün sizə AS**** №-li müqavilə üzrə cavabdeh cavabdeh1 134 766,88 (bir yüz otuz dörd min yeddi yüz altmış altı manat 88 qəpik) manat və AS**** №-li müqavilə üzrə 79 496,38 (yetmiş doqquz min dörd yüz doxsan altı manat 38 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində ##.##.2021-ci il tarixli AS**** №-li müqaviləyə əsasən güzəşt (subsidiya) ayrılmış 41 baş heyvanın və ##.##.2021-ci il tarixli AS**** №-li müqaviləyə əsasən güzəşt (subsidiya) ayrılmış 24 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir və Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən təsərrüfat sahibinin bütün heyvanları satdığı məlum olmuşdur. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə AS**** №-li müqavilə üzrə 134 766,88 (bir yüz otuz dörd min yeddi yüz altmış altı manat 88 qəpik) manat və AS**** №-li müqavilə üzrə 79 496,38 (yetmiş doqquz min dörd yüz doxsan altı manat 38 qəpik) manat, cəmi olaraq 214 263,26 (iki yüz ön dörd min iki yüz altmış üç manat 26 qəpik) manat ziyan vurmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi üzrə aparılan səmərəlilik auditinin nəqticələri haqqında” hesabat arayışdan görünür ki, bu auditin keçirilməsi əsası məhz Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il ## ##### *- */*-*-**/**** nömrəli qərarı ilə təsdiq edilmiş proqram olmuşdur.  Göründüyü kimi, auditin keçirilməsinə əsas olmuş ## ##### 2024-cü il tarixli qərar belə, yuxarıda qeyd edilmiş iltizamlar üzrə nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra (birində ##.##.2024-cü il tarixdə, digərində ##.##.2024-cü il tarixdə bitmişdir) qəbul edilmişdir.  Həmçinin iş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktlar tərtib olunan zaman da, artıq yuxarıda qeyd edilmiş iltizamların qüvvəsi olmamışdır.  Bu xüsusda, Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilələr üzrə öhdəlik məhz 3 illə məhdudlaşdırılmışdır. Qeyd edilmiş 3 illik müddət isə 2024-cü ilin yanvar-fevral ayında bitmişdir. Bu müddətdən sonra cavabdeh tərəf istənilən satışı sərbəst olaraq həyata keçirə bilərdi.  Yəni iddiaçı tərəf, cavabdeh tərəfin 3 illik müddətdə, iltizamların şərtini pozması halını sübuta yetirə bilməmişdir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 390.1, 390.4, 442, 443.1, 443.2-ci maddələrinə istinad etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi (vəkili) isə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1-ci maddəsinə əsasən müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.

18. Maddə 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

20. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

21. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları:

24. Bənd 2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; 2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi; 2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi.

25. Bənd 5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər və lizinq vəsaiti verilə bilər: 5.1.1. 15 000 manatadək mikrokreditlər; 5.1.2. 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər; 5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər; 5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər; 5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti. 5.4. Kredit və lizinq müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir.

26. Bənd 6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir; 6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; 6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər.

27. Bənd 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

28. Bənd 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş maddi-prosessual hüquq normalarına uyğundur.

39. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

40. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

41. Belə ki, iş materiallarından müəyyən edilir ki, “xxxx” MMC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2021-ci il tarixli AS1573 və ##.##.2021-ci il tarixli AS**** saylı müqavilələr bağlanmış, həmin müqavilələr üzrə damazlıq heyvanların razılaşdırılmış dəyərinin 60 faizi subsidiya formasında dövlət vəsaiti hesabına ödənilmişdir.

42. Cavabdehin imzaladığı iltizamlara əsasən o, əldə etdiyi müvafiq olaraq 41 və 24 baş damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməmək, habelə ölkə hüdudlarından kənara çıxarmamaq öhdəliyi götürmüş, həmin tələblərin pozulması halında ona ödənilmiş güzəşt məbləğinin geri qaytarılması nəzərdə tutulmuşdur.

43. Beləliklə, tərəflər arasındakı münasibətlərdən irəli gələn məhdudiyyət müddətsiz xarakter daşımamış, konkret olaraq 3 illik müddətlə məhdudlaşdırılmışdır. Müvafiq olaraq, həmin öhdəliklər ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərində başa çatmışdır. Buna görə güzəşt məbləğinin geri qaytarılması üçün təkcə heyvanların sonradan cavabdehin təsərrüfatında olmamasının deyil, onların məhz qeyd edilən 3 illik müddət ərzində özgəninkiləşdirilməsinin və ya başqa formada üçüncü şəxslərin istifadəsinə verilməsinin müəyyən edilməsi zəruridir.

44. Iddiaçı tələbinin əsası kimi Hesablama Palatasının apardığı auditin nəticələrinə və ##.##.2025-ci il tarixli monitorinq aktına istinad etmişdir. Həmin sənədlərdən 65 baş damazlıq heyvanın yoxlama zamanı cavabdehin təsərrüfatında olmadığı müəyyən edilsə də, heyvanların təsərrüfatdan hansı tarixdə çıxarıldığı və ya satıldığı müəyyən edilmir. Nəzərə alınmalıdır ki, sözügedən yoxlama və monitorinq müqavilələr üzrə 3 illik məhdudiyyət müddətinin başa çatmasından sonra aparılmışdır.

45. Bu baxımdan, heyvanların yoxlama zamanı təsərrüfatda olmaması faktı onların məhz iltizamların qüvvədə olduğu dövrdə satılması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Iş materiallarında heyvanların ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərinədək satıldığını, üçüncü şəxslərə verildiyini və ya digər formada iltizam şərtlərinin həmin müddət ərzində pozulduğunu təsdiq edən müqavilə, ödəniş sənədi, təhvil-təslim sənədi və ya digər mötəbər sübut mövcud deyildir.

46. Apellyasiya şikayətinin cavabdehin heyvanları 3 illik müddət başa çatdıqdan sonra satmasını təsdiq edən sənəd təqdim etməməsinə dair dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

47. Hazırkı halda iddianın əsasını cavabdehin üzərinə götürdüyü iltizamı 3 illik müddət ərzində pozaraq damazlıq heyvanları özgəninkiləşdirməsi təşkil etdiyindən, məhz həmin halın sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçı isə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

48. qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar