Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-932/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” X2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: borcun silinməsi) hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, “xxxx” PHŞ-nin nümayəndəsi X3, “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə iddiaçı “xxxx” X2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə Bağlar Sukanal Idarəsinin Fatmayı kəndində yerləşən nasosxanaya baxış keçirilmiş, baxış zamanı sayğacın B fazasından keçən yükü qeydə almadığı müəyyən edilərək ##.##.2025-ci il tarixli NIQ ****** nömrəli akt (akt No: 004985) tərtib edilmişdir.
2. ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən ##.##.2024-cü il tarixdən (sayğac göstəricisi: 12687) hesablanmaqla 6794,3 manat məbləğində borc iddiaçıya məxsus *************** nömrəli abunə koduna daxil edilmişdir.
3. “xxxx” PHŞ tərəfindən “xxxx” ASC–yə borcun könüllü silinməsi tələbi barədə ## ####### 2025-ci il tarixdə *-**-*-**/*-***/**** saylı pretenziya məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Iddiaçı “xxxx” X2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 6794,28 manat məbləğində borcun silinməsi və 87,95 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisi xidməti göstərilir. Iddaçı cavabdeh ilə bağlanmış elektrik enerji sərfiyyatına görə ödənişləri vaxtında və tam şəkildə həyata keçirmişdir. Lakin cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixində Bağlar Sukanal Idarəsinin Fatmayı kəndində yerləşən nasosxanasında cərəyan transformatorunun sıradan çıxması səbəbi ilə akt (akt No: 004985) tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib olunan akta əsasən cərayan transformatoru ## #### 2025-ci il tarixdə sıradan çıxmasına baxmayaraq, ## ###### 2025-ci il tarixində dörd aylıq sərfiyyatla 6794,28 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən təqdim olunan hesablamalarda sayğac göstəricilərinə istinad edilməmiş, qanunsuz akt tərtib edilmiş, aktda vəfat etmiş şəxsin adı qeyd edilmiş və imzası olmamışdır. Ötən aylar ərzində iddiaçının Bağlar Sukanal Idarəsi tərəfindən borcun silinməsi tələbi ilə cavabdehin ünvanına bildirişlər göndərilmiş, eyni zamanda borcun könüllü silinməsi tələbi barədə ## ####### 2025-ci il tarixdə *-**-*-**/*-***/**** saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi əsas borcun tam silinməsini təmin etməmişdir.
6. Iddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, elektrik enerjisindən istifadə üzrə haqq iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmişdir. Lakin ## #### 2025-ci il tarixində transformator sıradan çıxmış, ##.##.2025-ci il tarixdə cavabdeh bu barədə akt tərtib etmiş, daha sonra ##.##.2024-cü il tarixdən hesablanmaqla əsassız borc müəyyən etmişdir. Halbuki transformator sıradan çıxana qədər iddiaçıya hər ay sayğac göstəricisi əsasında borc hesablanmış, həmin borc ödənilmişdir.
7. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etmiş və eyni zamanda göstərmişdir ki, hesablama müddətinin əvvəli sonuncu baxış tarixindən götürülmüşdür. Təqdim edilən videogörüntüdən də göründüyü kimi, baxış keçirilərkən sayğacın B fazasından keçə yükü qeydə almadığı müəyyən edilmişdir.
8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdır.
9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
- Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istifadə edilmiş elektrik enerjisinin dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur. - ##.##.2023-cü il tarixdə qəbul edilmiş və ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. - Maddənin məzmunundan da aydın olduğu kimi, ##.##.2024-cü il tarixdən sonra sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - Beləliklə, istehlakçının sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. - Hazırkı iş üzrə bu kateqoriyadan olan sübutlar, yəni iddiaçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə hər hansı sənəd mövcud deyildir. - Hazırda iddiaçının təqsiri müəyyən olunmadığından cavabdeh tərəfindən uçotun pozulması ilə bağlı istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun yalnız bir aydan artıq olmayan dövr üçün hesablama aparılması mümkün idi. Iş materiallarında olan abunə haqqında məlumata əsasən isə cavabdeh tərəfindən iddiaçıya hər ay üçün sərfiyyat hesablanmışdır. Başqa sözlə, uçotun hər hansı müddətə pozulması aydın olmamışdır. Bu mənada nəzərə alınmalıdır ki, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - Beləliklə, məhkəmə hesab edir ki, ##.##.2025-ci il tarixli NIQ ****** nömrəli akt əsasında hesablanmış 6794,28 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. - Iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 87,95 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 19.16, 29.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1, 8, 8.2, 8.3, 8.16-cı bəndlərinə istinad etmişdir.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüş və şikayətini belə əsaslandırmışdır ki, “Baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektrik sayğacının B fazasından keçən yükü qeydə almır. Bu səbəbdən «xxxx» ASC-nin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixli NIQ ****** saylı müvafiq akt tərtib olunmuşdur. “xxxx” ASC-nin Aktların Uçotu və Icrasına Nəzərət şöbəsinin qərarına əsasən ##.##.2026-ci il tarixli NIQ ****** saylı akt əsasən verilmiş ##.##.2026-cı il tarixli icra vərəqəsinə əsasən itirilmiş elektrik enerjisinin dəyəri 6794.30 manat məbləğində müəyyən edilməklə abonentin (kod: 291930831120001) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir..
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
13. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun
14. Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
15. Maddə 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. Istehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın
16. Bənd 7.1. dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
17. Bənd 8.2. elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Bənd 8.3. ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.
19. Bənd 8.16. istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas vermir.
30. Iş materiallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus obyektdə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın B fazasından keçən yükü qeydə almadığı müəyyən edilərək NIQ ****** nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün 6.794,28 manat məbləğində əlavə borc hesablanmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisə ##.##.2025-ci il tarixdə sayğacda nasazlığın mövcud olub-olmaması ilə deyil, həmin nasazlıq əsasında əvvəlki dövr üçün aparılmış hesablamanın əsaslı olub-olmaması ilə bağlıdır.
32. Belə ki, ##.##.2025-ci il tarixli akt və baxış zamanı qeydə alınmış videogörüntü həmin tarixdə sayğacın B fazasından keçən yükü qeydə almamasını təsdiq etsə də, həmin sübutlar nasazlığın məhz ##.##.2024-cü il tarixdən mövcud olduğunu təsdiq etmir. Başqa sözlə, sayğacda ##.##.2025-ci il tarixdə nasazlığın aşkar edilməsi özlüyündə həmin nasazlığın əvvəlki təxminən on aylıq dövr ərzində də mövcud olması barədə nəticəyə gəlməyə əsas vermir.
33. Eyni zamanda, iş materiallarından görünür ki, mübahisələndirilən dövr ərzində cavabdeh tərəfindən sayğac göstəriciləri mütəmadi olaraq qeydə alınmış, həmin göstəricilər əsasında iddiaçıya elektrik enerjisi üzrə hesablar təqdim edilmiş və iddiaçı tərəfindən həmin hesablar ödənilmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən sayğacın düzgün işləməməsi, onun göstəricilərinin faktiki istehlakı əks etdirməməsi və ya uçotun pozulması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir.
34. Bununla yanaşı, iş materiallarında iddiaçının sayğaca müdaxilə etməsi, plombu pozması, uçot qurğusunun işinə təsir göstərməsi və yaxud elektrik enerjisindən qanunsuz istifadə etməsi barədə mötəbər sübut mövcud deyildir. Sayğacdakı nasazlığın iddiaçının hərəkətləri nəticəsində yaranması da müəyyən edilməmişdir.
35. Bu baxımdan, ##.##.2025-ci il tarixdə aşkar edilmiş nasazlığın əvvəlki dövrə şamil olunaraq ##.##.2024-cü il tarixdən etibarən əlavə elektrik enerjisi sərfinin hesablanması üçün həmin nasazlığın göstərilən tarixdən mövcud olduğunu təsdiq edən mötəbər sübutların olması tələb edilirdi. Belə sübutlar isə cavabdeh tərəfindən təqdim edilməmişdir.
36. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının təqsiri olmadan uçot pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsi ilə istehlakçının razılığı əsasında uçot pozulana qədərki və uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü isə bir aydan artıq olmamalıdır.
37. Hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən edilməməsi şəraitində cavabdehin sayğacda aşkar edilmiş nasazlığa əsaslanaraq bir aydan artıq dövr üçün, özü də nasazlığın başlanma tarixini təsdiq edən sübut olmadan əlavə istehlak hesablaması aparması qeyd olunan qaydanın mahiyyətinə uyğun hesab edilə bilməz.
38. Apellyasiya şikayətinin ##.##.2025-ci il tarixli NIQ ****** nömrəli aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi və 6.794,28 manat məbləğində borcun həmin akt əsasında hesablanması barədə dəlili də qətnamənin ləğvinə əsas vermir. Belə ki, aktın müəyyən edilmiş prosedura uyğun tərtib edilməsi həmin akt əsasında aparılmış hesablamanın dövrünün və məbləğinin əsaslı olması nəticəsinə gətirib çıxarmır.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə 6.794,28 manat məbləğində əlavə borcun hesablanmasının hüquqi və faktiki əsasları sübuta yetirilməmişdir.
40. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmış, təqdim edilmiş sübutlara onların məcmusu üzrə hüquqi qiymət vermiş və ##.##.2025-ci il tarixli NIQ ****** nömrəli akt əsasında hesablanmış 6.794,28 manat məbləğində borcun silinməsi barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticəni təkzib edən və qətnamənin ləğvini şərtləndirən halları təsdiq etmir.
41. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
43. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.