Məhkəmə qərarları › İş №e-2-2(3-6)-936/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-936/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-936/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. “Tərəflər arasında ##.##.2023-cü il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi (bundan sonra – alqı-satqı müqaviləsi) bağlanmışdır.

2. Müqavilənin: 1.1. 1 və 2-ci bəndlərinə əsasən, Tərəflər elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə "Elektrik enerjisindən istifadə qaydaları"nı rəhbər tuturlar. Subabonentə (cavabdehə) aylıq veriləcək elektrik enerjisinin miqdarı (kVts) və dəyəri (manatla) sayğacın göstəriciləri əsasında müəyyən edilir və bildirilir.

3. 5-7-ci bəndlərinə əsasən, Abonent (iddiaçı) bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricisinə uyğun olaraq Subabonenti elektrik enerjisi ilə təchiz edir. Hesablaşma elektrik sayğacları: 0.4 kV gərginlik tərəfində elektrik sayğaca quraşdırılır. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Elektrik enerjisinə görə hesablaşmalar Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qeyriəhali istehlakçı qrupu (ticarət və xidmət) üçün müəyyən edilmiş tarif üzrə aparılır.

4. 11-ci bəndinə əsasən, Subabonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda va ya ləğv edildikdə, o 10 (on) gün əvvəl Abonentə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir.

5. ##.##.2023-cü il tarixdə mqaviləyə dəyişiklik edilməsi barədə * saylı Razılaşma imzalanmış, Razılaşmaya əsasən, müqavilənin 13-cü bəndi dəyişdirilərək müqavilənin qüvvədə olması ##.##.2023-cü il tarixinədək uzadılmışdır. 3

6. İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək aylıq olaraq abonent tərəfindən istifadə edilən enerji sərfiyyatına dair aktlar, həmçinin həmin aktlar üzrə sərfiyyata əsasən hesablanmış elektrik enerjisinin haqqına dair ümumilikdə 156784,7 manat məbləğində hesab fakturalar və elektron-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

7. ##.##.2026-cı il tarixli Üzləşdirmə Aktından görünür ki, tərəflər ##.##.2026-cı il tarixinə elektrik enerjisinin alqı-satqısı üzrə qarşılıqlı üzləşmə aparmış və həmin tarixə cavabdehin 150473,99 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfdən imza və cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı onun tərəfindən elektrik enerjisinin satılması nəticəsində yaranmış 150 473,99 manat əsas borc, 7449,66 manat faiz borcu, cəmi 157 923, 65 manat və 448 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (ADY), (Abonent) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh MMC (Subabonent) arasında ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli Elektrik enerjisinin alqı-satqı müqaviləsi (Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Müqavilənin 2-ci bəndinə əsasən Subabonentə aylıq veriləcək elektrik enerjisinin miqdarı (kVts) və dəyəri (manatla) sayğacın göstəriciləri əsasında müəyyən edilir və bildirilir. Müqavilənin 5-ci bəndinə əsasən Abonent bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq Subabonenti elektrik enerjisi ilə təchiz edir. Müqavilənin 6-cı bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Müqavilənin 7-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar Azərbaycan Respublikasının Tarif Şurasının qeyriəhali istehlakçı qrupu (ticarət və xidmət) üçün müəyyən edilmiş tarif üzrə aparılır. Müqavilənin 8-ci bəndinə əsasən yaranan elektrik enerjisi itkilərinin qarşılanması məqsədi ilə Subabonentə hər 1 kvt/s üçün 10% elektrik enerjisi itkisi və əlavə olaraq hər 1 kvt/s üçün 0.2 qəpik (ƏDV daxil) xidmət haqqı tətbiq edilir. Eyni zamanda, ADY ilə Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli Elektrik enerjisinin alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Müqavilənin 13-cü maddəsi aşağıdakı redaksiyada verilsin: - Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və ##.##.2023cü il tarixinə qədər qüvvədədir. Razılaşma tərəflər arasında ##.##.2023-cü il tarixindən yaranan münasibətlərə şamil edilir. Müqaviləyə və razılaşmaya uyğun olaraq 2023-cü ilin noyabr və dekabr aylarında, 2024-cü ilin yanvar-dekabr aylarında, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında cavabdehə elektrik enerjisi təqdim edilmişdir. Təqdim edilmiş elektrik enerjisinə görə cavabdeh Cavabdeh MMC-nin 150 473,99 (yüz əlli min dörd yüz yetmiş üç manat 99 qəpik) manat məbləğində borcu yaranmışdır. Qeyd edirik ki, göstərilən dövr üzrə elektrik enerjisinin faktiki istehlakını təsdiq edən aylıq aktlar tərəflər arasında imzalanmış, habelə yaranmış borcun ödənilməsi məqsədilə cavabdehə elektron qaimə - fakturalar göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bununla bağlı, cavabdeh Cavabdeh MMC-yə ##.##.2025ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Həmçinin, ##.##.2026-cı il tarixli Üzləşdirmə aktına əsasən ADY tərəfindən Cavabdeh MMC-yə 2023cü ilin noyabr və dekabr aylarında, 2024-cü ilin yanvar-dekabr aylarında, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında elektrik enerjisi təqdim edildiyi üçün Cavabdeh MMC-nin ADY-yə 150 473,99 manat borcu vardır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh MMC tərəfindən elektrik enerjisinin alqı - satqısı nəticəsində yaranmış 150 473,99 manat borcun ödənilməsinin gecikdirilməsi səbəbindən 7449,66 manat əlavə olaraq faiz hesablanmışdır

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməsi qət edilmişdir.

11. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli Elektrik enerjisinin alqı-satqı-müqaviləsinə edilmiş ##.##.2023-cü il tarixli * saylı Razılaşmaya əsasən, müqavilənin qüvvədə olma müddəti ##.##.2023-cü il tarixinədək müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən iddialar və hesab fakturalar ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək olan dövrü əhatə edir. Müqavilənin müddəti bitdikdən sonra tərəflər arasında hüquqi münasibətlərin rəsmiləşdirilməməsi və müqavilənin uzadılmaması faktı məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliklərinin pozulmasına görə faiz hesablanması qanunsuzdur. Lakin tərəflər arasındakı müqavilə münasibətlərinin xüsusiyyəti, iddiaçının pretenziya göndərmə tarixi (##.##.2025) və faktiki gecikmə dövrləri düzgün təhlil edilməmiş, faizlərin birtərəfli və şişirdilmiş qaydada hesablanmasına göz yumulmuşdur. Məhkəmə cavabdeh tərəfin iclasda iştirak etməməsini əsas gətirərək işə onun iştirakı olmadan baxmışdır. Lakin cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildirişlərin çatdırılmasında ciddi qüsurlar olmuş, nəticədə cavabdehin öz etirazlarını və sübutlarını təqdim etmək hüququ məhdudlaşdırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəm iclasında iştrak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, , cavabdehin nümayəndəsi vəkili ərizə ünvanlayaraq məhkmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

21. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

22. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

23. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

24. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

25. 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.

26. 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında ##.##.2023-cü il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Belə ki, müqavilənin predmetinə əsasən iddiaçının əsas öhdəliyi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricisinə uyğun olaraq cavabdehi elektrik enerjisi ilə təchiz etmək, cavabdehin əsas öhdəliyi isə həmin elektrik enerjisinin dəyərini müəyyən edilmiş müvafiq tarif əsasında ödəməkdən ibarət olmuşdur.

35. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək aylıq olaraq abonent tərəfindən istifadə edilən enerji sərfiyyatına dair aktlar, həmçinin həmin aktlar üzrə sərfiyyata əsasən hesablanmış elektrik enerjisinin haqqına dair, ümumilikdə 156784,7 manat məbləğində hesab fakturalar və elektronqaimələr tərtib edilərək cavabdehə göndərilmiş, ##.##.2026-cı il tarixli Üzləşdirmə Aktı ilə cavabdeh ##.##.2026-cı il tarixinə 150473,99 manat borcu olduğunu təsdiq etmişdir. Akt hər iki tərəfdən imza və cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

36. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin cavabdehin məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə dəlili də bağlı münasibət bildirməyi zəruri hesab edir.

37. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

38. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

39. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir

40. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVİS kabinetinə yerləşdirilmiş və ünvanına göndərilməklə ona məlumat verilmişdir. Cavabdehin nümayəndəsi, vəkili 24.06ş2026-cl il tarixli məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir.

41. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarında iştirak etməmiş, etiraz və sübutalrını təqdim etməmişdir.

42. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.

43. Eyni zamanda apellyator apellyasiya şikayətində bildirir ki, müqavilənin müddəti bitsədə, hüquqi münasibətlərinin yenidən rəsmiləşdirilməmiş, həmin dövr üçün faiz hesablanması əsassız olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektrik enerjisinin faktiki olaraq verilməsi davam etdirilmiş, cavabdeh isə həmin enerjidən istifadə etmişdir. Elektrik enerjisinin faktiki istehlakı və bunun müqabilində ödəniş öhdəliyinin yaranması tərəflər arasındakı yazılı müqavilənin formal qüvvədə olma müddəti ilə məhdudlaşdırıla bilməz.

45. Göründüyü kimi ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək dövrü əhatə edən aylıq elektrik enerjisi sərfiyyatı aktları, həmin aktlar əsasında tərtib edilmiş hesabfakturalar və elektron qaimələr iddiaçı tərəfindən cavabdehə elektrik enerjisinin faktiki təchiz edildiyini və sonuncu tərəfindən istehlak edildiyini təsdiq edən sübutlar kimi qiymətləndirillməlidir.

46. Həmçinin qeyd olunmamılıdr ki, cavabdeh həmin sənədlərdə əks etdirilmiş elektrik enerjisi sərfiyyatının ona aid olmaması, enerjinin faktiki istehlak edilməməsi və ya hesablanmış məbləğlərin düzgün müəyyən edilməməsini mübahisələndirməmişdir.

47. Kollegiya qeyd edir ki, cavabdeh ##.##.2026-cı il tarixl üzləşmə aktı ilə iddiaçı qarşısında 150473,99 manat məbləğində borcunu qəbul etmişdir. Lakin cavabdehin sonradan özünün imzaladığı və möhürü ilə təsdiq etdiyi üzləşdirmə aktında borcun mövcudluğunu təsdiq etdikdən sonra həmin borcun mövcudluğunu mübahisələndirmək vicdanlı davranışı istisna edir.

48. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

49. Kollegiya faiz hesablanması dəlilinə münasibətdə qeyd edir ki, borcun əsas məbləğinin mövcudluğu və cavabdeh tərəfindən vaxtında ödənilməməsi müəyyən edildiyiyindən birnici instansiya məhkəməsi tərəfindən faizin hesablanması əsaslı olmuşdur.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini

51. rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar