Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-945/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. “xxxx” QSC (kredit verən) ilə cavabdeh1 (kredit alan) arasında bağlanmış ##.##.2025-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh1 120 ay müddətinə 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır. cavabdeh3 və cavabdeh2 zamin kimi müqaviləni imzalayaraq kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər.
2. Həmin müqavilənin: - 1.4-cü bəndinə əsasən aktiv kredit xətti və girov barədə qarışıqlı razılaşma bu müqavilənin 5-ci hissəsinə uyğun olaraq Bank, kredit alana kredit sazişində razılaşdırılmış şərtlərlə aktiv kredit xətti açmağı və kredit limiti çərçivəsində kredit verməyi, kredit alan isə krediti tam və ya hissə-hissə istifadə etməyi, krediti və kredit faizini və aktiv kredit xətti və girov barədə qarışıq razılaşmadan, o cümlədən bu müqavilədən irəli gələn digər ödənişləri banka ödəməyi öz öhdəsinə götürür, eyni zamanda xüsusi girov predmetini aktiv kredit xətti və girov barədə qarışıqlı razılaşma əsasında öhdəliklərinin icrasını təmin etmək üçün banka girov qoyur. - 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. - 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qayda qaytarmadıqda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş kredit borcunun 0.02% məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. - 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. - 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. - 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. - 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Müqavilə bankın imzası və möhürü, borc alan və zaminlərin imzaları ilə təsdiq edilmişdir.
3. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 İddiaçı QSC ilə ##.##.2025-ci il tarixli ***R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarşılıqlı razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % оlmaqla (illik 19 %), ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində krеdit götürmüşdür.
4. ##.##.2025-ci il tarixli kreditin verilməsi barədə köçürmə qəbzinə əsasən cavabdeh1 hesabına 50.000 manat məbləğində köçürmə edilmişdir. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2025-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ***R********** saylı kredit sazişi üzrə mövcud borcun restrukturizasiyası aparılmış, yeni ödəniş planı müəyyən edilmiş və kredit alan həmin ödəniş planına uyğun öhdəlikləri qəbul etmişdir.
6. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, OUT-****/**/**-** saylı maliyyə arayışına əsasən cavabdeh1 “xxxx” QSC-yə ##.##.2026-cı il tarixə əsas borcu 48.273,39 manat, faiz borcu 2.302,15 manat, (gecikdirilən günlərin sayı 68 gün) cərimə borcu 656,53 manat olmaqla, cəmi borc 51.232,07 manat təşkil edir.
7. ***R********** saylı kredit razılaşmasının yeni ödəniş planına əsasən cavabdeh1 tərəfindən kredit razılaşması üzrə 50.000 manat əsas məbləğlə yanaşı 10.073,02 manat faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş planı bankın imzası və möhürü, kredit alanın isə imzası ilə təsdiq edilmişdir.
8. Kredit Sazişi və ödəniş planı zaminlər tərəfindən imzalanmasa da, Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş və bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarlarındakı hüquqi mövqeyə uyğun hallar olmamışdır. Belə ki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir.
9. Iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh cavabdeh1 sonuncu dəfə ##.##.2025-ci il tarixdə kredit ödənişi etmişdir.
10. İddiaçı QSC-nin cavabdeh1 və zaminlər cavabdeh2 və cavabdeh3 ünvanladığı ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
11. Iş materiallarında olan ##.##.2026-cı i tarixli, ************ saylı ödəniş qəbzinə əsasən iddiaçı “xxxx” QSC 243,70 manat dövlət rüsumu ödəmişdir
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. Iddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh1, cavabdeh2, cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 48273.39 manat məbləğində krеdit bоrcu, 2302.15 manat məbləğində faiz bоrcu və 656.53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51232.07 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 243.7 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh1 və zaminlər cavabdeh2, cavabdeh3 arasında bağlanmış ##.##.2025-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 1000000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 İddiaçı QSC ilə ##.##.2025-ci il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları ##.##.2025-ci il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. cavabdeh1 götürdüyü krеdit bоrcundan 1726.61 manat ödəmiş, onun 48273.39 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2026-cı il tarixə 68 gün üçün hesablanmış faiz borcu 2302.15 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2026-cı il tarixə 68 gün üçün hеsablanmış cərimə 656.53 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
14. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, borclu tərəfindən keçən müddət ərzində hansısa ödəniş həyata keçirilmədiyinə görə iddia tələbində heç bir dəyişiklik baş verməmişdir. Cavabdehin əlavə saziş müqaviləsi əsasında yeni faiz şərtlərinə razılaşması imzası ilə təsdiqlənir.
15. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, cavabdeh3 anası, cavabdeh2 isə qardaşıdır. ##.##.2025-ci il tarixində kredit müqaviləsi imzalanarkən İddiaçı QSC-nin əməkdaşı onlara başqa faiz dərəcəsi təklif etsə də, sonradan qrafikdə daha yüksək faiz dərəcəsinin nəzərdə tutulduğunu gördülər. O bununla əlaqədar olaraq həmin kreditdən imtina etmək istədiyini bildirdi. Kredit xətti açıldıqdan sonra bundan imtinanın mümkün olmadığını bildirərək, yeni qrafik barədə əlavə saziş imzalatdılar. Lakin ordakı faiz dərəcəsi də ona uyğun olmamışdır. O sahibkarlıq fəaliyyətilə məşğul olurdu. Kommersiya fəaliyyətini maliyyələşdirmək məqsədilə 4 müxtəlif bankdan kreditlər götürmüşdür. Onlardan 2-ni bağlasa da, 2-i hələ də açıq qalıb. Ödənişlərdə gecikmələrin yaranması biznes fəaliyyətində müəyyən problemlərin mövcud olması ilə bağlıdır. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, borc sahibinin o olmasına baxmayaraq, iddiaçı tərəfin əsassız şəkildə müxtəlif qohumlarını zəng vasitəsilə narahat etməsindən narazıdır. Bu məsələni məhkəmə qaydasında mübahisələndirməsə də, Mərkəzi Banka zəng vuraraq şikayətini bildirmişdir. Borcun mövcudluğundan boyun qaçırmasa da, hal-hazırda onu ödəməyə maddi imkanı çatmır. Lakin borc məbləği digər zaminlərin əmək haqqından tutmaya yönəldilə bilər. Bu barədə onların hansısa narazılığı yoxdur.
17. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, borcun mövcudluğundan xəbəri var, sadəcə maddi vəziyyətinə görə ödəməkdə çətinlik çəkir. Qarşı tərəf güzəşt edərək faiz borcunu azaltsa, borc məbləğini tam ödəyə bilər. 1 ay üçün 2.503 manat ödəsə də, həmin ödənişi faiz borcundan siliblər.
18. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, borcalan kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilə üzrə öhdəliyini pozmuşdur. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər isə zamin kimi borcalanın kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Eyni zamanda cavabdeh cavabdeh1 məhkəmə iclasında borc məbləğini qəbul etdiyini, lakin maddi vəziyyətinə görə ödəyə bilmədiyini bildirmişdir.
21. Tədqiq edilən sübutlarla müəyyən edilir ki, göstərilən kredit sazişi üzrə əsas borca görə 48.273,39 manat, faiz borcuna görə 2.302,15 manat borc yaranmışdır. Bu səbəbdən də, yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin pozuntusu halıında cərimənin ödənilməsi nəzərdə tutulduğundan və tələb edilən cərimə əsas borc məbləğinə mütənasib olduğundan, 656,53 manat dəbbə pulu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
23. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 740.1, 740.2, 740.4, 741.1, 743.1, 743.2, 745.4, -ci maddələrini maddələrini tətbiq etmişdir.
24. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kreditin verilməsi ilə bağlı ilkin danışıqlar zamanı daha aşağı faiz dərəcəsi təklif edilsə də, sonradan daha yüksək faiz tətbiq edilmiş, kreditin 24 aylıq qaytarılma müddəti başa çatmadan qalıq borcun vaxtından əvvəl tutulması tələb olunmuşdur. Həmçinin cavabdehin etdiyi 2.503 manat ödənişin tam olaraq faiz borcuna silinməsinə düzgün hüquqi qiymət verilmədiyi, onun digər kredit öhdəlikləri və maddi vəziyyəti nəzərə alınmadığı, digər cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilmədən işə baxıldığı və nəticədə işin əhəmiyyətli halları tam araşdırılmadan qətnamə qəbul edildiyi göstərilmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
26. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
33. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır
34. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
39. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
43. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
46. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
57. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
58. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında kredit münasibətləri yaranmış, cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixli kredit sazişi əsasında 50.000 manat məbləğində kredit verilmiş və həmin vəsait onun hesabına köçürülmüşdür. Sonradan tərəflər arasında ##.##.2025-ci il tarixli əlavə saziş bağlanaraq mövcud borcun restrukturizasiyası aparılmış və yeni ödəniş planı müəyyən edilmişdir. Cavabdeh kredit vəsaitinin alınmasını və borcun mövcudluğunu mübahisələndirməmiş, əksinə, birinci instansiya məhkəməsində borcun olduğunu qəbul edərək maddi vəziyyətinə görə ödəniş etməkdə çətinlik çəkdiyini bildirmişdir.
59. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlərin vaxtında həyata keçirilməməsi borclunun öhdəliyi pozması kimi qiymətləndirilir və qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş əsaslar mövcud olduqda kreditorun qalan borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yarana bilər.
60. Hazırkı işdə də cavabdeh ödəniş planı üzrə üzərinə düşən öhdəlikləri vaxtında icra etməmiş, sonuncu ödənişi ##.##.2025-ci il tarixdə həyata keçirmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 12.1.2-ci bəndində kreditin və faizlərin qaytarma planına uyğun ödənilməməsi halında kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faiz borcunu və hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulmuşdur.
61. Odur ki, kredit müqaviləsinin ümumi müddətinin ##.##.2027-ci il tarixdə başa çatmasının nəzərdə tutulması özlüyündə iddiaçının qalıq borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnu istisna etmir.
62. Apellyasiya şikayətinin cavabdehin ödədiyi 2.503 manat məbləğin faiz borcuna yönəldilməsinə dair dəlili də qətnamənin ləğvinə əsas vermir. Iş materiallarında olan hesabdan çıxarış və borc hesablaması ilə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla qalıq borc müəyyən edilmişdir. Apellyator isə bank tərəfindən aparılmış hesablamanın müqavilə şərtlərinə zidd olduğunu, ödənişin başqa qaydada silinməli olduğunu və bunun nəticəsində iddia edilən əsas və ya faiz borcunun məbləğinin düzgün müəyyən edilmədiyini təsdiq edən sübut təqdim etməmişdir.
63. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
64. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
65. Kollegiya apellyatorun kreditin verilməsindən əvvəl aparılan danışıqlarda daha aşağı faiz dərəcəsinin təklif olunmasına dair dəlilini də əsaslı hesab etmir. Kredit münasibətlərinin konkret şərtləri tərəflərin sonradan imzaladıqları yazılı müqavilə ilə müəyyən edilmiş, kreditin məbləği, müddəti və faiz dərəcəsi müqavilədə aydın şəkildə təsbit edilmişdir. Cavabdeh həmin şərtlərlə müqaviləni imzalamış, kredit vəsaitini qəbul etmiş, habelə sonradan borcun restrukturizasiyası və yeni ödəniş planı ilə bağlı əlavə saziş bağlamışdır.
66. Kollegiya qeyd edir ki, cavabdehin digər kredit təşkilatları qarşısında öhdəliklərinin olması, sahibkarlıq fəaliyyətində yaranmış çətinliklər və maddi vəziyyətinin pisləşməsi də kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Borclunun maliyyə imkanları və sahibkarlıq fəaliyyətindən irəli gələn risklər onun öz risk dairəsinə aid olduğundan həmin hallar kreditor qarşısında götürdüyü müqavilə öhdəliklərini aradan qaldırmır.
67. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 49).
68. Iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehlərin ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
71. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.