Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-953/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, məcburi köçkün, dövlət rüsumu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******- CNS***** saylı kredit müqaviləsinə görə bank fərdi sahibkar olan Cavabdeh mal material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması təyinatı üzrə illik 25 faizlə, 36 ay müddətinə 7.000 manat kredit vermişdir.
2. Bankın təqdim etdiyi maliyyə arayışına görə borcalanın ##.##.2026-cı il tarixə əsas borc üzrə 6.309,19 manat, faiz borcu üzrə 814,41 manat borcu yaranmışdır və müqavilə üzrə öhdəliyin ##.##.2025-ci il tarixdən icra edilmədiyi göstərilmişdir.
3. ##.##.2026-cı il tarixdə mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı Bank tərəfindən borcalana pretenziya göndərilmiş və 3 iş günü ərzində kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi tələb edilmişdir.
4. AR Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, cavabdeh məcburi köçkündür.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******-CNS- ***** saylı kredit müqaviləsinə əsasən ##.##.2026-cı il tarixə Banka borclu olduğu 6309.19 manat məbləğində əsas borc, 814.41 manat məbləğində faiz borcu ümumilikdə isə 7123.60 manat və ödənilmiş 91.24 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh (bundan sonra mətndə Cavabdeh və ya cavabdeh) arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******-CNS***** saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh ##.##.2025-ci il tarixli, 455292- CNS-67958saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini ##.##.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 7123.60 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 91.24 manat təşkil edir. Eyni zamanda, “Bank Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri”- nin 13.1 hissəsinə əsasən “qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir.” Hesab edir ki, cavabdeh Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: dövriyyə vəsaitlərinin artırılması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. ##.##.2025-ci il tarixli, ******-CNS***** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6.309,19 manat, faiz borcuna görə 814,41 manat olmaqla, cəmi 7.123,60 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, borcalan kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilə üzrə öhdəliyini pozmuşdur. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Tədqiq edilmiş sübutlarla da borcun mövcudluğu təsdiq edilir və onun əsassızlığı ilə bağlı hər hansı şübhə doğuran hal müəyyən edilmir. Odur ki, ##.##.2025-ci il tarixli, ******-CNS***** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6.309,19 manat, faiz borcuna görə 814,41 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edib ki, iddia təmin edilməli, ##.##.2025-ci il tarixli, ******-CNS***** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6.309,19 manat, faiz borcuna görə 814,41 manat olmaqla, cəmi 7.123,60 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Eyni zamanda “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə cavabdeh məcburi köçkün olduğundan ödənilmiş 91,24 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 743.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dövlət rüsumunun tutulması hissəsində ləğv edilməsi, ödənilmiş 91.24 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı İddiaçıASC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi hallarında dövlət rüsumu tutulur. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edilən hüquq normasını yanlış təfsir və tətbiq edərək düzgün nəticəyə gəlməmiş, məhkəmə xərclərini uyğun olaraq bölüşdürməmişdir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə İddiaçı ASC müraciət etmişdir. Cavabdeh Cavabdeh isə iş üzrə cavabdehdir. Qaçqın və məcburi köçkünlər iddiaçı olduqları ərizələr üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh qismində tərəf olduqda iddia tələbi təmin olunarsa dövlət rüsumu da həmin nisbətdə onlardan tutulmalıdır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, cavabdehin hüquqazidd hərəkətləri, müqavilə tələblərini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Bankı hazırki iddia ilə məhkəməyə müraciət etməyə vadar etməklə, Banka zərər vurmuşdur. Belə ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə öhdəliklərinə riayət olunsaydı, Bank da məhkəməyə müraciət etməz və dövlət rüsumunun ödənilməsinə lüzum olmazdı. Bankın iddia ərizəsində tələb etdiyi 91.24 manat isə artıq ödənilmiş dövlət rüsumunun əvəzinin ona qaytarılması barədədir. Yəni Bank ona vurulmuş zərəri cavabdehdən tələb edir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda da göstərdiyi kimi, cavabdeh tərəf şəxs olaraq güzəştli kateqoriyaya aid olub məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad olunsa da, hazırki işdə tərəf olaraq dövlət rüsumunu ödəməkdən azad edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı şikayətə təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyasının: 16-cı maddəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 124.3-ci maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun: 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş və iddiaçı apellyasiya şikayətində qətnaməni məhz dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC (bank) ilə cavabdeh Cavabdeh (kredit alan) arasında ##.##.2025-ci il tarixli, ******-CNS***** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdeh kredit razılaşması üzrə illik 25 faizlə, 36 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı bank cavabdehdən ümumilikdə 7123,60 manat borcun və 91,24 manat dövlət rüsumunun tutulmasını tələb edir.
23. İddiaçı apellyasiya şikayətində dövlət rüsumunun cavabdehdən tutulmalı olması barədə mövqeyini onunla əsaslandırır ki, cavabdeh məcburi köçkün statusuna malik olsa da, iş üzrə iddiaçı deyil, cavabdeh qismində çıxış edir, belə olan halda isə iddianın təmin edildiyi təqdirdə dövlət rüsumunun ödənilməsi ilə bağlı çəkilmiş xərclər ondan tutulmalıdır.
24. Bununla bağlı qeyd edilir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin məzmunundan görünür ki, qanunverici şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər kimi sosial baxımdan həssas kateqoriyaya aid şəxsləri məhkəmədə verilən iddialar üzrə dövlət rüsumundan azad etmişdir. Həmin normada güzəştdən yararlanan şəxslər dairəsinin yalnız iddiaçı statusunda olan şəxslərlə məhdudlaşdırılması barədə hər hansı qeyd yoxdur. Həmçinin sözügedən maddənin bu formada şərh edilməsi maddənin daşıdığı sosial əhəmiyyəti səmərəsiz edir.
25. İkincisi, MPM-in 124.3-ci maddəsində iddia qismən təmin edildiyi və cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunduğu halda, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclərin məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutulmalı olmasını müəyyən edən norma yer almışdır. Göründüyü kimi prosessual qanunvericilik cavabdehin məhkəmə xərclərindən azad edilməsi imkanını təsbit etməklə yanaşı həmin halda iddianın təmin edilmiş hissəsinə münasibətdə də məhkəmə xərclərinin iddiaçıya aid edilməli olmasını müəyyən etmişdir.
26. Bu baxımdan, hazırkı iş üzrə cavabdeh Cavabdeh məcburi köçkün statusuna malik olması müəyyən edildiyindən, ondan həmin iddia üzrə ödənilmiş rüsumunun əvəzi olaraq pul tutula bilməz. Odur ki, birinci instansiya məhkəməsinin ödənilmiş 91,24 manat dövlət rüsumunu iddiaçının özünə aid etməsi qanuni və əsaslı olmuşdur.
27. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov