Məhkəmə qərarları › İş №e-2-2(3-6)-954/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-954/2026

09.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-954/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, çəkişmə prinsipi) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi X2, nümayəndəsi nümayəndə1 iştirakları ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, MS **-**/** saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesıfikasıya(lar)da göstərilən tərkibdə, həcmdə və layihəyə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malın (bundan sonra “Mal” adlandırılacaq) satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. - 2.2-ci bəndinə əsasən bu Muqavilə üzrə malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesıfikasıya(lar)da müəyyən edilir. - 2.3-cü bəndinə əsasən Qiymətin ödəniş forması və qaydası bu Müqaviləyə Spesifıkasiya(lar)da müəyyən edilir. - 4.4.2-ci bəndinə əsasən Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 8.7-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. ##.##.2023-cü il tarixli, MS **-**/** saylı alğı-satqı müqaviləsinə ##.##.2023-cü il tarixli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 89208 manat məbləğində malın verilməsi razılaşdırılmış, 50000 manat əvvəlcədən avans şəklində, qalan hissəsi isə mallar təhvil verildikdən sonra 10 gün ərzində ödənilməlidir.

3. ##.##.2023-cü il tarixli, MS **-**/** saylı alğı-satqı müqaviləsinə ##.##.2023-cü il tarixli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 43542 manat məbləğində malın verilməsi razılaşdırılmış, ümumi məbləğin 70% əvvəlcədən avans şəklində, qalan hissəsi isə mallar təhvil verildikdən sonra 10 gün ərzində ödənilməlidir.

4. ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 75600 manat məbləğində mal təhvil verilmişdir.

5. ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 36900 manat məbləğində mal təhvil verilmişdir.

6. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 21000 manat ödənilmişdir.

7. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 30000 manat ödənilmişdir.

8. ##.##.2024-cü il tarixli ödəniş tapşrığına əsasən cavabdeh tərəfindən iddiaçıya 4500 manat ƏDV öənilmişdir.

9. ##.##.2023-cü il tarixli ödəniş tapşrığına əsasən cavabdeh tərəfindən iddiaçıya 5400 manat ƏDV ödənilmişdir.

10. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya olan 132750 manat borcunu təsdiq etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud MəsuliyyətlI Cəmiyyətindən alğı-satqı müqaviləsinə görə yaranmış və ödənilməmiş 61500 manat əsas və 10350 manat ƏDV olmaqla cəmi 71850 (yetmiş bir min səkkiz yüz əlli) manat məbləğində pulun, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməli pulun gecikdirilmiş vaxt üçün illik 5(beş) faiz olmaqla hesablanmış 4868,75 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş 321.48 (üç yüz iyirmi bir) manat 48 qəpik məbləğində dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilən 1000 (bir min) manat xidmət haqqı ödənişinin cavabdehdən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli, MS **-**/** nömrəli alq-satqı müqaviləsinə əsasən Alıcı(Cavabdeh MMC) müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və layihəyə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları Satıcıdan (“xxxx” MMC) alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti(haqqı) ödəyir. Alqısatqı müqaviləsi 1 il müddətinə bağlanılmışdır. ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə ** nömrəli əlavəyə əsasən satıcı “xxxx” MMC alıcı Cavabdeh MMC-yə 84 ədəd, ölçüsü 2400x1125x500x150 mm olan bardyur qəlibinin rekonstuksiyasını bir ədədinin qiyməti 900 manat olmaqla alıcıya satmağı və alıcı malı qəbul edib satıcıya (75600 manat + ƏDV 18% 13608 manat) ümumilikdə 89208 manat pul ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2023-cü il tarixli Təhvil-təslim Aktına əsasən satıcı “xxxx” MMC 84 ədəd, ölçüsü 2400x1125x500x150 mm olan bardyur qəlibinin rekonstuksiyasını bir ədədinin qiyməti 900 manat olmaqla malı Cavabdeh MMC-yə təhvil vermişdir. ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə ** nömrəli əlavəyə əsasən satıcı “xxxx” MMC alıcı Cavabdeh MMC-yə 41 ədəd, ölçüsü 2400x1125x500x150 mm olan bardyur qəlibinin rekonstuksiyasını bir ədədinin qiyməti 900 manat olmaqla alıcıya satmağı və alıcı malı qəbul edib satıcıya (36900 manat + ƏDV 18% 6642 manat) ümumilikdə 43542 manat pul ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2023-cü il tarixli Təhvil-təslim Aktına əsasən satıcı “xxxx” MMC 41 ədəd, ölçüsü 2400x1125x500x150 mm olan bardyur qəlibinin rekonstuksiyasını bir ədədinin qiyməti 900 manat olmaqla malı Cavabdeh MMC-yə təhvil vermişdir. 30.082023-cü il tarixli Üzləşmə Aktına əsasən ##.##.2023-cü il tarixinə Cavabdeh MMC-nin “xxxx” MMC-yə 112.500 (bir yüz on iki min beş yüz) manat əsas və 20250 (iyirmi min iki yüz əlli) manat ƏDV olmaqla cəmi 132.750 (bir yüz otuz iki min yeddi yüz əlli) manat borcu olduğu təsdiqlənmişdir. ##.##.2023-cü il tarixli, MS **-**/** nömrəli alq-satqı müqaviləsi 1 il müddətinə bağlanıldığından müqavilənin müddətinin sonunadək təhvil verilən malların dəyərinin (ƏDV daxil olmaqla) Cavabdeh MMC tərəfindən ##.##.2023-cü il tarixində ƏDV daxil 35400 manat və ##.##.2024-cü il tarixində 25500 manat ödəniş olunmuşdur. Halhazıradək ##.##.2023-cü il tarixli, MS **-**/** nömrəli alq-satqı müqaviləsi (01 və ** nömrəli əlavələrlə) üzrə alıcı Cavabdeh MMC-nin satıcı “xxxx” MMC-yə 61500 manat əsas və 10350 manat ƏDV olmaqla cəmi 71850 manat borcu yaranmış və ödənilməmişdir. Cavabdeh şəxs Cavabdeh MMC-yə iddiaçı “xxxx” MMC-yə alq-satqı müqaviləsi əsasında yaranmış borcunun ödənilməsi barədə müqavilənin müddəti ərzində və sonra dəfələrlə rəsmi qaydada məktub göndərilmiş, əlaqə saxlanılmış lakin bütün bunlara baxmayaraq borc məbləği ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 61500 manat məbləğində əsas borc, 10350 manat məbləğində ƏDV, cəmi 71850 manat əsas borcun, illik 5 %-lə hesablanmış 4868.75 manat məbləğində faiz borcu, 300 manat məbləğində hüquqi xidmət haqqı və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 321.05 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Işin məhkəmə iclasında müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Iddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, təhviltəslim aktları və ödəniş tapşırıqları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Belə ki, cavabdehin iddiaçıya ədv daxil 71850 manat borcunun olması iş materiallarında olan sübutlarla tam təsdiqini tapır. Belə ki, ##.##.2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya olan 132750 manat borcunu qəbul etmiş, ondan sonraki tarixlərdə cəmi 60900 manat pul ödəmiş, 71850 manat borcu qalmışdır.  Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 71850 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən 71850 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.  Bundan əlavə illik 5 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 4868.75 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.  Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ, gecikdirilən vaxt nəzərə alınmaqla illik 5%lə 4868.75 manat hesablanmalı, həmin hissədə iddia təmin edilməlidir.  Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 321.05 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 567-ci maddələrini, Avropa Insan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair maddə 6-nı tətbiq etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olduğu hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarını tam və hərtərəfli araşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini və cavabdehin məhkəmə iclasında iştirakının təm edilmədiyini irəli sürmüşdür.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

29. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

30. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

31. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni iddianın təmin olduğu hissədə mübahisələndirdiyindən qətnamənin qanuni və əsaslığı qismən yoxlanılır. Belə ki, iddiaçı iddianın təmin edilmədiyi hissəsindən apellyasiya şikayəti verməmiş, cavabdeh isə iddia tələbi təmin olunan hissəsində qətnaməni mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Ilk öncə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyi araşdırılmalıdır.

45. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

46. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

47. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 35).

48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir; habelə ##.##.2026-cı il tarixli telefonoqram ilə məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-nin direktoruna məlumat verilmişdir.

49. Bundan əlavə, ##.##.2026-cı il tarixli hazırlıq iclasının protokolundan cavabdehin səlahiyyətli nümayəndəsi nümayəndə1 məhkəmə iclasında iştirak etdiyi, onun prosessual hüquq və vəzifələrinin izah edildiyi müəyyən edilir.

50. Bu hal cavabdehin məhkəmə icraatı barədə məlumatlı olmaqla yanaşı, öz nümayəndəsi vasitəsilə prosesdə faktiki iştirak etdiyini və müdafiə hüququnu həyata keçirmək üçün real prosessual imkana malik olduğunu göstərir.

51. Cavabdehə belə imkan yaradıldığı halda onun sonrakı iclaslarda iştirak etməməsi və ya verilmiş prosessual imkanlardan istifadə etməməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin pozulması kimi qiymətləndirilə bilməz.

52. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

54. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

55. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, təhviltəslim aktları və ödəniş tapşırıqları ilə təsdiq edilir.

56. Bundan əlavə, tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya 132.750 manat məbləğində borcunun olması cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 60.900 manat ödəniş edildiyi nəzərə alındıqda, ödənilməmiş borcun 71.850 manat təşkil etməsi iş materiallarında olan sübutların məcmusu ilə təsdiq olunur.

57. Cavabdeh tərəfindən isə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına borcun mövcudluğu faktını təkzib edən sübut təqdim edilməmişdir.

58. Iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.868,75 manat məbləğində pulun tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin müqavilədən irəli gələn pul öhdəliyini müəyyən edilmiş müddətdə icra etmədiyi iş materialları ilə təsdiq olunur. Pul öhdəliyinin icrasının gecikdirilməsi kreditorun həmin pul vəsaitindən vaxtında istifadə etmək imkanından məhrum olması ilə nəticələndiyindən, gecikdirilmiş dövr üçün faiz tələb etmək hüququ yaranır.

59. Bu baxımdan, əsas borcun mövcudluğu və onun vaxtında ödənilməməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 4.868,75 manatın cavabdehdən tutulması əsaslıdır.

60. Kollegiya onu da qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələbləri baxımından işin xarakteri, mübahisənin məbləği, nümayəndə tərəfindən göstərilmiş hüquqi yardımın həcmi və iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin 300 manat vəkil xərcinin cavabdehdən tutulması barədə nəticəsi ağlabatan və mütənasibdir.

61. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar