Məhkəmə qərarları › İş №e-2-2(3-6)-956/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-956/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-956/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4 MMC-yə, cavabdeh1 MMC-yə, cavabdeh3 və Əliyev İntiqam Akif oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, cavabdeh cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4 MMC-yə, cavabdeh1 MMC-yə, cavabdeh3 və Əliyev İntiqam Akif oğluna qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ASC-nin X1 ilə cavabdeh4 MMC arasında bağlanmış “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair” № ****** Ümumi Şərtlərin 4.1-ci bəndinə əsasən Bank Müştərinin yazılı və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş digər qaydada edilmiş müraciəti nəzərə alınmaqla öz mülahizəsinə əsasən Müştəriyə kredit məhsulları verə bilər. Müştəri kredit üzrə əsas borcu və hesablanmış faizləri, xərci, komisyon haqqı, zərəri, öhdəliyin icra edilməməsinə, lazımmca icra edilməməsinə və ya gecikdirilməsinə görə hesablanan faizi, əldən çıxmış faydanı Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada, Müqavilə ilə belə müddət və ya qayda müəyyən olunmadıqda isə Bankın müəyyən etdiyi müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.

2. Həmin razılaşmanın 4.18-ci bəndinə əsasən Bank bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda gecikdirihnə faizi və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər: 4.18.1. Müştəri ona verilmiş kreditin və/və ya onun faizinin Kreditin Ödəniş Cədvəli üzrə ödənişini 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin və/və ya onun faizinin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla).

3. İddiaçı ASC-nin X1 (Borc verən) və cavabdeh4 MMC (Borc alan) arasında imzalanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit məbləği 30 000 manat, 1.2-ci bəndinə əsasən illik faiz dərəcəsi 19%, 1.6-cı bəndə əsasən təyinatı dövriyyə vəsaitinin artırılması, 1.7-ci bəndə əsasən müddət 12 ay, 1.8-ci bəndə əsasən FİFD 20,95%. 3.1-ci bəndinə əsasən müştəri aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndə əsasən bu razılaşma üzrə verilmiş kreditin müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin gecikmə faizi müqavilənin 1.2-ci bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot dərəcəsi əlavə edilərək borc tam ödənilən günədək hesablanır.

4. İddiaçı ASC-nin X1 (Borc verən) və cavabdeh3 (Zamin) arasında imzalanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı, Əliyev İntiqam Akif oğlu ilə imzalanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı, cavabdeh1 MMC ilə imzalanmış ## #### 2025-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti ****** nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə ##.##.2024 tarixli Kredit verilməsinə dair Əsas şərtlər”- Razılaşma Na RB/BM-00751, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara əsasən bankdan kredit götürmüş cavabdeh4 MMC, cavabdeh3 tərəfindən Kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. 4.1-ci bəndə əsasən Zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

5. İddiaçı ASC (girov saxlayan) ilə cavabdeh4 MMC şəxsində cavabdeh3 (girov qoyan) arasında imzalanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı girov müqaviləsinin 1.1-ci bəndinə əsasən Girov Qoyan bu Müqavilənin 3.1-ci bəndində qeyd edilmiş, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı RB/BM-***** saylı, “30“ Avqust 2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov Saxlayana (Girov saxlayan, həmçinin əsas öhdəlik üzrə kreditordur) girova verir. 2.1.1-ci bəndinə əsasən 30 000 AZN təşkil edən kredit məbləği. Qeyd olunan məbləğ girovla təmin edilmişdir. 3.1-ci bəndə əsasən öhdəliyin yuxarı həddini ifadə edir. Girova verilən əmlak aşağıdakı kimidir: 3.1.1. Əmlakın təsviri; dövriyyə malları, 3.1.2. Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 50 000 (əlli min) AZN dəyərində müəyyən edilmişdir.

6. ##.##.2025-ci il tarixli iddiaçı İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, ##.##.2025-ci il tarixə cavabdeh cavabdeh4 MMC-nin 11 433,36 manat məbləğində əsas, 817,5 manat məbləğində faiz və 0 manat məbləğində cərimə, cəmi 12 250,86 manat borcu vardır.

7. cavabdeh4 MMC ilə bağlanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 30 000 manat olan illik faiz dərəcəsi 19 % olan kredit üzrə cavabdeh4 MMC ## ####### 2024-cü il tarixdə 2 812,13 manat, ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixinə qədər hər ayın 03-ü 2 764,64 manat, sonuncu ay 2 765,06 manat ödəməlidir.

8. ## ###### 2024-cü il tarixli sərəncam-orderin surətindən görünür ki, cavabdeh4 MMCnin hesabına müvafiq olaraq 30.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** saylı ekspert rəyində qeyd olunmuşdur ki, ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh cavabdeh4 MMC-nin iddiaçı İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir: ##.##.2025-ci il tarixə: əsas borcu 11.980,81 manat; faiz borcu 316,16 manat. ##.##.2025-ci il tarixə: əsas borcu 11.980,81 manat; faiz borcu 335,13 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat qeyd olunmuşdur.

10. ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 127 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, Əliyev İntiqam Akif oğlundan, cavabdeh1 MMC-dən və cavabdeh4 MMC-dən ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 11.433,36 manat, faiz borcuna görə 817,5 manat, cəmi 12250,86 manat məbləğində pulun və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin X1 ilə cavabdeh – cavabdeh4 MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinə əsasən illik 19 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 30 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq ## ###### 2024-cü il tarixdə İddiaçıASC-nin X1 ilə digər cavabdeh cavabdeh3, Əliyev İntiqam Akif oğlu, cavabdeh1 MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan cavabdeh4 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dən gec olmayaraq hər ay 2 764,7 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh cavabdeh4 MMC-nin ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11433,36 manat, faiz borcuna görə 817,5 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 12 250,86 manat təşkil edir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər cavabdeh4 MMC, cavabdeh1 MMC, cavabdeh3 və Əliyev İntiqam Akif oğlundan müştərək qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 11 433,36 manat əsas borc, 316,16 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 11 749 manat 52 qəpik borcun və ödənilmiş 125 manat, 25 qəpik dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 96 manatının cavabdehlər cavabdeh4 MMC, cavabdeh1 MMC, cavabdeh3 və Əliyev İntiqam Akif oğlundan müştərək qaydada, 04 manatın isə iddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh4 MMC arasında ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən illik 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 30 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təminatı kimi digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. İş materialları ilə təsdiq olunub ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, kredit məbləğini borcalanın hesabına köçürmüşdür. Lakin borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə kredit üzrə borc yaranmışdır. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilib ki, cavabdehin iddiaçı qarşısında borcu ##.##.2025ci il tarixə əsas borc üzrə 11980,81 manat, faiz borcu üzrə 316,16 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyi əsaslı, ardıcıl və iş materialları ilə uzlaşan sübut olmaqla mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq qeyd edib ki, əsas borc üzrə iddia tələbi ekspert rəyində müəyyən edilən məbləğdən az olduğundan, əsas borc iddia tələbi həddində — 11433,36 manat məbləğində müəyyən edilməlidir. Faiz borcuna münasibətdə isə məhkəmə ekspert rəyini əsas götürərək və iddiaçının tələbinin də həmin tarix üzrə irəli sürüldüyünü nəzərə alaraq, faiz borcunu 316,16 manat məbləğində müəyyən edib. Beləliklə, cavabdehlərdən iddiaçının xeyrinə 11433,36 manat əsas borc və 316,16 manat faiz borcu olmaqla, cəmi 11749,52 manat məbləğində pul tutulmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 127 manat dövlət rüsumunun mütənasib olaraq 125,25 manatının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 96 manatı cavabdehlər cavabdeh4 MMC, cavabdeh1 MMC, cavabdeh3 və Əliyev İntiqam Akif oğlundan müştərək qaydada, 4 manatı isəiddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir.

16. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəlləsinin 442, 448.1, 470, 472, 739.1, 740.1, 740.4, 740.8, 742.1, 743-cü maddələrinə istinad etmişdir.

17. Cavabdeh cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh4 MMC-nin mövqeyindən baxdıqda, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi həm maddi hüquq, həm də prosessual hüquq normaları baxımından mübahisəlidir və ləğv olunması üçün əsaslar mövcuddur. Qətnamədə məhkəmə cavabdehin etirazlarını formal qeyd etsə də, həmin etirazlara hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. İlk növbədə, cavabdeh cavabdeh4 MMC məhkəmədə açıq şəkildə bildirmişdir ki, kredit üzrə faktiki olaraq daha artıq ödənişlər edilmiş, lakin bank həmin ödənişləri əsas borca deyil, faiz borclarına silmişdir. Buna baxmayaraq, məhkəmə həmin etirazın araşdırılması üçün ödənişlərin hərəkəti, bank çıxarışları, hesablaşma mexanizmi və ödənişlərin hansı qaydada silinməsi məsələsini araşdırmamışdır. Məhkəmə yalnız ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Lakin ekspert rəyi özü də iddiaçı bankın təqdim etdiyi maliyyə sənədləri əsasında hazırlanmışdır və cavabdehin irəli sürdüyü “ödənişlərin düzgün silinməməsi” arqumentinə ayrıca hüquqi qiymət verilməmişdir. Bundan əlavə, ekspert rəyində müəyyən edilmiş faiz borcu ilə bankın tələb etdiyi faiz borcu arasında ciddi fərq mövcuddur. Belə ki, bank 817,50 manat faiz tələb etdiyi halda, ekspert yalnız 316,16 manat faiz borcu müəyyən etmişdir. Bu fakt özü göstərir ki, bankın təqdim etdiyi hesablamalar etibarlı və dəqiq olmamışdır. Əgər faiz hesablamasında bu qədər ciddi uyğunsuzluq varsa, əsas borcun hesablanmasının da düzgünlüyü şübhə altındadır. Digər mühüm məqam ondan ibarətdir ki, məhkəmə girov müqaviləsinin mövcudluğunu müəyyən etsə də, həmin təminat vasitəsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, kredit öhdəliyinin təminatı üçün bazar dəyəri 50.000 manat olan dövriyyə malları girov qoyulmuşdur. Halbuki tələb edilən borc məbləği bundan dəfələrlə azdır. Məhkəmə ilk növbədə girov predmetinə yönəlmənin mümkünlüyünü araşdırmadan birbaşa bütün cavabdehlərdən müştərək qaydada pul tutulmasına qərar vermişdir. Bu isə təminat institutunun mahiyyətinə ziddir və cavabdehin əmlak hüquqlarına müdaxilədir. Bundan başqa, məhkəmə kredit müqaviləsində nəzərdə tutulan vaxtından əvvəl tələb hüququnun yaranıb-yaranmadığını da tam araşdırmamışdır. Müqavilənin 4.18.1-ci bəndinə əsasən bank yalnız kredit və ya faiz ödənişləri 90 gündən artıq gecikdirildikdə və ya ardıcıl iki dəfə pozuntu olduqda krediti vaxtından əvvəl tələb edə bilər. Lakin qətnamədə həmin şərtlərin konkret olaraq necə yarandığı, hansı tarixlərdə gecikmə olduğu, neçə gün davam etdiyi müəyyən edilməmişdir. Sadəcə ümumi formada “öhdəlik icra edilməmişdir” deyilməklə kifayətlənilmişdir. Bu isə qətnamənin əsaslandırma hissəsini natamam edir. Məhkəmə həmçinincavabdehlərin məhkəmə iclasında iştirak etməməsini əsas götürərək işə onların iştirakı olmadan baxmışdır. Lakin iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi əvvəlki iclaslarda iştirak etmiş və ciddi etirazlar vermişdir. Buna baxmayaraq, həmin etirazların cavablandırılması və əlavə sübutların tələb olunması təmin edilməmişdir. Bu isə çəkişmə prinsipinin və tərəflərin bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 740.4 və 742.1-ci maddələrinin tələblərini iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən kredit öhdəliyi üzrə edilmiş ödənişlərin hansı qaydada əsas borca və faiz borcuna silinməsini, ödənilmiş məbləğlərin borcun qalıq hissəsinə təsirini, eləcə də faizlərin yalnız ödənilməmiş əsas borc qalığına hesablanmalı olmasını tam və hərtərəfli araşdırmamışdır. Halbuki MM-in 740.4-cü maddəsinin tələbinə əsasən faizlər yalnız ödənilməmiş əsas borc qalığına hesablanmalıdır. Məhkəmə isə cavabdehin etdiyi ödənişlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin faizlərə yönəldildiyini müəyyən etmədən, bankın təqdim etdiyi hesablamaları formal şəkildə əsas götürmüşdür. Eyni zamanda MM-in 742.1-ci maddəsinin tələblərinə baxmayaraq, məhkəmə tərəfindən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin banka faktiki daxil olma tarixləri və həmin ödənişlərin borcun hesablanmasına təsiri araşdırılmamışdır. Bundan əlavə, MM-in 442ci maddəsinə istinad edilməsinə baxmayaraq, məhkəmə öhdəliyin konkret olaraq hansı hissədə, hansı məbləğdə və hansı dövr üzrə pozulduğunu tam müəyyən etmədən nəticəyə gəlmiş, işin faktiki hallarını tam araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflərin çəkişmə və bərabərlik prinsipləri tam təmin edilməmişdir. Belə ki, cavabdeh tərəfin iştirakı olmadan işə baxılmış, cavabdehin etirazları və təqdim etdiyi mövqe tam araşdırılmamış, həmin etirazlara qətnamədə əsaslandırılmış hüquqi qiymət verilməmişdir. Bu isə cavabdehin müdafiə hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə qətnaməsində cavabdehin əvvəlki iclaslarda kredit üzrə edilmiş ödənişlərin düzgün silinməməsi, ödənilmiş məbləğlərin əsas borca deyil faizlərə yönəldilməsi ilə bağlı etirazlarının mövcudluğu qeyd olunsa da, həmin etirazların araşdırılması təmin edilməmiş, bank hesablaşmaları tam yoxlanılmamışdır. Eyni zamanda cavabdeh tərəf məhkəmə ekspertizasının rəyi ilə razı deyildir. Belə ki, ekspert rəyi yalnız iddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə sənədlərinə əsaslanmaqla tərtib edilmiş, cavabdehin etirazları, ödənişlərin təyinatı, ödənilmiş vəsaitlərin əsas borca təsiri və hesablamaların düzgünlüyü tam araşdırılmamışdır. Məhkəmə isə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə tam qiymətləndirmədən, formal olaraq mötəbər sübut kimi qəbul etmişdir. Halbuki ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş üstün sübut qüvvəsinə malik deyildir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə olan halda iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmadan qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Cavabdehcavabdeh4 MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etdi.

21. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. -742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -742.5-ci maddəsinə görə qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: -742.5.2-ci maddəsinə görə borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla);

23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni əsas və faiz borcun tutulmasına dair iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC-nin X1 ilə cavabdeh cavabdeh4 MMC arasında “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair” № ****** Ümumi Şərtlər çərçivəsində bağlanmış ## ###### 2024-cü il tarixli, RB/BM-***** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh cavabdeh4 MMC-yə illik faiz dərəcəsi 19% olmaqla 12 ay müddətinə 30.000 manat kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq digər cavabdehlər cavabdeh3, Əliyev İntiqam Akif oğlu və cavabdeh1 MMC ilə zaminlik müqavilələri bağlanmışdır.

29. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisələndirilən hissədə, yəni kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743.1 və 742.5-ci maddələri təşkil edir.

30. Hazırkı halda cavabdeh cavabdeh4 MMC kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gündən daha çox müddətə gecikdirdiyindən iddiaçı bank ##.##.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərməklə müqaviləni birtərəfli qaydada ləğv etməkdə və Mülki Məcəllənin 742.5-ci maddəsinə əsasən borcun vaxtından əvvəl geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

31. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas və faiz borcunun məbləğinə gəldikdə kollegiya qeyd edir ki, həmin məbləği müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə, yəni pretenziyanın göndərildiyi tarixə banka olan əsas borcunun 11.980,81 manat, faiz borcunun 316,16 manat məbləğində olması müəyyən edilmişdir.

32. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına ala biləcək konkret faktiki hallara istinad etməmişdir.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcunun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir

34. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən əsas borc məbləğinin iddia ərizəsində tələb edilən əsas borc məbləğindən yüksək olduğunu nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq iddianı əsas borc hissəsində tam təmin etməklə cavabdehdən tutulacaq əsas borc məbləğini 11.433,36 manat məbləğində müəyyənləşdirməkdə də haqlı olmuşdur.

35. Bununla yanaşı o da vurğulanmalıdır ki, cavabdeh tərəfindən ödənişlərin əsas borca deyil, faiz borcuna silinməsi barədə dəlillər irəli sürülsə də, iş üzrə alınmış ekspert rəyində əks olunmuş hesablama cədvəlindən ödənişlərin müqavilə üzrə ödəniş qrafikinə və cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödənişlərə uyğun olaraq silindiyi müəyyən olunur. Həmçinin o da görünür ki, rəydə ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində kredit müqaviləsi üzrə faiz borcu iddiaçı tərəfindən tələb ediləndən (817,50 manat) daha az məbləğdə - 316,16 manat məbləğində olması hesablanmışdır. Göstərilən hal isə ona dəlalət edir ki, məhkəmə iş üzrə obyektiv araşdırmanın təmin edilməsi məqsədilə yalnız iddiaçının təqdim etdiyi hesablamalara deyil, xüsusi biliyə malik ekspert tərəfindən aparılmış hesablamalara əsaslanaraq əsas və faiz borcunun məbləğini müəyyən etmişdir. Kredit verənin tələbinin girov predmetinə yönəldilməli olması ilə bağlı irəli sürülən dəlillərə münasibətdə kollegiya göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295ci maddəsinə

36. əsasən girov predmetinə tutma borclunun girovla təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi halda yönəldilə bilər. Eyni zamanda, girov predmetinə tutmanın yönəldilməsi kreditorun hüququ olmaqla, onun tərəfindən belə tələb irəli sürülmədiyi halda məhkəmə öz təşəbbüsü ilə girov predmetinə tutma yönəldə bilməz. Hazırkı iş üzrə iddiaçı tərəfindən girov predmetinə tutmanın yönəldilməsi barədə tələb irəli sürülmədiyindən, məhkəmənin həmin məsələ üzrə araşdırma aparması və girov predmetinə tutmanın yönəldilməsi barədə nəticəyə gəlməsi üçün əsas mövcud olmamışdır.

37. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar